Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2082/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 3248-ci məhəllə, S.Məmmədova küçəsi, ev 4A, mənzil 15 ünvanında yerləşən üç otaqlı, 119 kv.m. sahədən ibarət mənzilin tamamilə tərəfindən təmir edilməsi ilə bağlı çəkilmiş xərclə bağlı 40.000 manat və mənəvi zərərə görə 2000 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmini tədbiri haqqında ərizə verərək, sözügedən mənzilin üzərinə həbs qoyulması və hər hansı bir hərəkətin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini qəbul edilənədək mənzilin özgəninkiləşdirilməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh1, şikayət verərək, qərardadın ləğv, iddianın təmin tədbiri barədə ərizənin tam rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslanıdırlmışdır ki, ərizənin surəti ona təqdim olunmadığından, cavabdehə ərizənin mətni ilə tanış ola bilməmişdir. Qərardadın mətnindən isə görünür ki, belə tədbirin görülməsinin zəruriliyi əsaslandırılmamış və buna dair heç bir dəlil göstərilməmişdir. İddia tələbi ilə tətbiq olunan təmin tədbiri arasında heç bir əlaqə mövcud deyil. Nəsimi Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştiak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya vurğulayır ki, qərardadı şikayət verənin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, birinci instaniya məhkəməsinin qərardadı baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Odur ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə, qeyri-mümkün və ya əhəmiyyətsiz edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırkı işdə iddiaçının vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi haqlı sayılacağı halda qətnamənin icrasının təmin edilməsi üçün borcun sözügedən mənzilə yönəldilməsi mümkündür. Odur ki, sözügedən daşınmaz əşyanın vicdanlı üçüncü şəxslərə keçməsinin qarşısınının alınması üçün mənzilin özgəninkiləşdirilməsi cavabdehə qadağan olunmalıdır. Ərizənin bu həddə təmin edilməsi, iddianın təmini tədbiri institutunun mahiyyəti və məqsədi ilə də uzlaşır. Yəni bu tədbir, iddia haqlı sayılacağı halda qətnamənin icrasının çətinləşməsinin qarşısını alacaqdır. Kollegiya onu da nəzərə alır ki, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında MPM-in 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.” MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5825/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı baxlan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2082/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2082/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver