Məhkəmə qərarları › İş №2(103)-2084/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2084/2021

17.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2084/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə onun paylı mülkiyyətdə olan 1/6 hissədəki payının naturada ayrılmasına, “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsinə, onun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin “V” literli tikiliyə aid həyətyanı torpaq sahəsi kimi onun istifadəsinə verilməsinə və bununla da paylı mülkiyyət hüququna xitam verilməsinə dair müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsəgova, iş № 2(005)-246/20) iddia qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair İddiaçı 1/6 hissədəki payın naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 qətnamədən apellyasiya qaydasında şikayət verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli evin 1/6 hissəsi iddiaçının, qalan 4/6 və 1/6 hissələr isə cavabdehlərin paylı mülkiyyətindədir. İddiaçının payı ona anasından qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Anası isə həmin əmlakdakı payı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin vaxt əmlak üç tikilidən və doqquz paydan ibarət olmuşdur. Nə o, nə də anası indiyədək orada hər hansı tikinti işləri aparmamışlar. Anasının bu məsələlərdən anlayışı olmadığından məharətlə yararlanmış cavabdehin əmisi, alqı-satqı müqaviləsi bağladıqdan sonra anasının sahibliyinə və istifadəsinə əmlakdakı payının əvəzinə qanunsuz tikililər vermişdir. Onun hazırda istifadə etdiyi sahə qanunsuz tikilidir. Cavabdeh1 ona qarşı “mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə çıxış etdikdə ona məlum olmuşdur ki, anasından ona vərəsəlik qaydasında keçən ümumi mülkiyyətdə olan əmlakdakı 1/6 hissədə olan payı Cavabdeh1 fiktiki istifadəsindədir. Dövlət reyestrindən verilmiş çıxarışa və texniki pasporta əsasən mübahisəli paylı mülkiyyət “A” və “V” literli tikililərdən ibarətdir. Onun faktiki istifadə etdiyi sahə bu tikililərin heç birində deyil. “V” literli tikili və “A” literli tikilinin balaca bir hissəsi istisna olmaqla bütünlüklə Cavabdeh1 istifadəsindədir. “A” literli tikilinin müəyyən hissəsi isə digər Cavabdeh2 istifadəsindədir. O, mübahisəli əmlakın həyətyanı sahəsində inşa edilmiş faktiki istifadəsində olan tikililərə hər hansı bir hüquq əldə etmir. O, paylı mülkiyyətində olan əmlakını Cavabdeh1 qanunsuz sahibliyindən geri tələb edə bilər. Onun hazırda istifadəsində olan sahəyə “V” literli tikili bitişik olduğundan, cavabdeh heç vaxt “V” literli tikilidən yaşayış sahəsi kimi istifadə etmədiyindən və onun istifadəsinə verilməsi üçün təcrid olunmuş digər tikilinin olmadığından həmin “V” literli tikili ümumi əmlakdakı payı kimi onun istifadəsinə verilməlidir. Qeyd etdiyi kimi, mübahisəli əmlak “A” və “V” literli tikililərdən ibarətdir. “A” literli tikili 2 mərtəbədən, 177,90 kv.metr ümumi, 95,80 kv.metr yaşayış sahəsindən ibarətdir. Həmin tikilinin digər Cavabdeh2 istifadəsində olan az bir hissə istisna olmaqla bütünlüklə Cavabdeh1 istifadəsindədir. “V” literli tikili isə 1 mərtəbədən, 10,80 kv.metr ümumi, 7,40 kv.metr yaşayış sahəsindən ibarətdir. Son günlərədək başqa şəxslərin qanunsuz istifadəsində olub, hazırda isə Cavabdeh1 istifadəsindədir. Onun ümumi əmlakdakı payını və ümumi əmlakın həcmi nəzərə alınsa, “V” tikilisi öz həcminə görə onun ümumi əmlakdakı payını təmin etmir. Digər qaydada da bölgü aparılması mümkün olmadığından, hesab edir ki, “V” literli tikilinin həcminin az olduğu səbəbindən tənasübsüzlüyü aradan qaldırmaq üçün, kompensasiya şəklində, onun faktiki istifadəsində olan sahəsinin “V” tikilisinə həyətyanı sahə kimi ayrılaraq onun istifadəsinə verilməlidir. Ona naturada ayrılan “V” literli tikilinin onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə onun faktiki istifadəsində olan sahənin “V” tikilisinə həyətyanı sahə kimi ayrılaraq istifadəsinə verilməsi ilə aradan qaldırıla bilər. Odur ki, o ümumi əmlakdakı payının məhkəmə qaydasında naturada ayrılmasını istəyir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 51 nömrəli evin 1/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh2 və 4/6 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlətə məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 450 nömrəli reyestr kitabının 42223 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020- ci il tarixli, 3073 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən “V” literli yaşayış evinin digər tikililərdən təcrid olduğu və həmin tikiliyə ayrıca giriş-çıxış yolunun olduğu müəyyən edilir. ünvan 1 ünvanında yerləşən “V” literli yaşayış evində yardımçı mətbəx-dəhliz və hamam-ayaqyolu tikililəri vardır. ünvan 1 ünvanında yerləşən yaşayış evinin “V” literli tikilisinin sahəsi İddiaçı ümümi əmlakdakı payına uyğun olmadığı, yəni 1/6 paya düşən sahədən 33,8 kv.metr (47,4-13,6) az olduğu müəyyən edilmişdir. Tədqiq olunan “V” literli tikilinin daxilində yaşayış və yardımçı tikililərin olduğunu, eləcə də yaşayış evinin ayrıca giriş-çıxış yolunun olduğunu nəzərə alaraq, “V” literli tikilinin İddiaçı ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspertiza rəylərindən də göründüyü kimi, iddiaçının ümumi paylı mülkiyyətindən ayrılaraq onun mülkiyyətinə verilməsini istədiyi ünvan 2 ünvanda yerləşən yaşayış evinin “V” literli tikilisinin sahəsinin İddiaçı ümumi əmlakdakı payına uyğun olmadığı, yəni 1/6 paya düşən sahədən 33,8 kv.m (47,4-13,6) az olduğu müəyyən edildiyi halda, məhkəmə Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair İddiaçı 1/6 hissəsindəki payının naturada ayrılması, sahəsi 33,8 kv.m olan “V” literli tikilini ümumi paylı mülkiyyətdən ayırıb İddiaçı mülkiyyətinə verməklə yanlış və icrası mümkün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh1 və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. Nə digər cavabdeh, nə də tələbi qismən təmin olunmasına baxmayaraq iddiaçı apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin ev işdə olan hüquqmüəyyənedici sənədlərə (çıxarış, texniki pasport) əsasən “A” və “V” literli tikililərdən ibarət olmaqla 0,01548 ha torpaq sahəsində yerləşir. Evin ümumi sahəsi 188,7 kvm, yaşayış sahəsi 102,5 kvm, yaşayış otaqlarının sayı 6-dır. “A” tikilisi 1955-ci ildə, “V” tikilisi isə 1958-ci ildə inşa olunmuşdur. Evin 1/6 hissəsi Cavabdeh2, 4/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Hazırda evin 1/6 hissəsinin mülkiyyətçisi olan İddiaçı məhkəmədə iddia qaldırararaq payının naturada ayrılmasını, “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsini, onun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin “V” literli tikiliyə aid həyətyanı torpaq sahəsi kimi onun istifadəsinə verilməsini və bununla da paylı mülkiyyət hüququna xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı sayaraq iddiaçıya məxsus 1/6 hissədəki payın naturada ayrılmasını və sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq iddiaçının mülkiyyətinə verilməsini qət etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 213, 220-ci maddələri ilə əsaslandırmışdır. Hazırda qətnaməni apellyasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi apelyator faktiki olaraq qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə ünvan 4 ünvanında yerləşən yaşayış evinin “V” literli tikilisinin sahəsinin İddiaçı ümumi əmlakdakı payına uyğun olmadığı, yəni 1/6 paya düşən sahədən 33,8 kv.m (47,4-13,6) az olduğunu müəyyən etdiyi halda, iddiaçının payının naturada ayrılmasını və sahəsi 33,8 kv.m olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq iddiaçının mülkiyyətinə verilməsini qət etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən “V” literli tikilinin sahəsinin iddiaçının payına düşən 1/6-dən 33,8 kv.m (47,4-13,6) az olması müəyyən edilsə də, pay ayrılarkən “V” literli tikilinin daxilində yaşayış və yardımçı tikililərin olduğu, eləcə də yaşayış evinin ayrıca giriş-çıxış yolunun olduğu nəzərə alınmışdır. Həmçinin ekspert rəyi ilə bu formada ayrılmış əmlakın 33,8 kv.m (47,4-13,6) az olması Cavabdeh1 hüquqlarını pozmur, mənafelərinə xələl gətirmir, bu əslində iddiaçının hüquq mənafelərinə aid bir haldır ki, iddiaçı da bunu mübahisələndirməmişdir. Yəni, iddiaçı payın bu formada ayrılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar