Məhkəmə qərarları › İş №2(103)-2084/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2084/2022

10.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2084/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2006-cı il buraxılışlı, «Audi Q7» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona satılması üçün aralarında şifahi şəkildə razılaşdırılmış dəyəri kimi 30.000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdən mülkiyyətində 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuşdur. Cavabdeh onun bacısı Yeganə Quliyevanın həyat yoldaşı olmuşdur. 2020-ci ilin mart ayında cavabdeh cəzacəkmə müəssisəsindən çıxdıqdan sonra həmin nəqliyyat vasitəsini 2020-ci ilin may ayında yalnız müvəqqəti idarə etmək məqsədilə sonuncuya etibarnamə vermişdir. Cavabdeh 2020-ci ilin oktyabr ayınadək sözügedən avtomaşını yalnız sürmək hüququ üçün verilmiş etibarnamə əsasında idarə etmişdir. 2020ci ilin oktyabr ayında cavabdeh ona bildirmişdir ki, avtomobili satırsa, ondan almaq istəyir. Onlar aralarında 3 ay müddətinə ödəmək şərtilə 30.000 manata avtomobili sonuncuya satmaq barədə razılaşmışlar. Belə olduqda Cavabdeh ona avtomobil üçün baş etibarnamə verməsini xahiş etmişdir. Həmin zaman aralarında qohumluq münasibəti olduğu üçün sonuncuya inanaraq 11.10.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda Nazimə baş etibarnamə vermişdir. Cavabdehə baş etibarnamə verildikdən 3 ay keçdikdən sonra cavabdehin ona avtomobil üçün razılaşdıqları pulun ödənilməsini gözləmişdir. 2020-ci ilin fevral ayının sonuna yaxın ona məlum olmuşdur ki, Cavabdeh baş etibarnamə verdiyi gündən bir gün sonra həmin avtomobili bacısı oğlu X10 baş etibarnamə ilə etibar etmiş, bundan sonra 12.10.2020-ci il tarixdə cavabdeh avtomobili öz adına rəsmiləşdirmişdir. 21.10.2020-ci il tarixdə Cavabdeh həmin avtomobili X4 adlı şəxsə satmışdır. Bundan sonra Dəyanət Qurbanov da həmin avtomobili başqa şəxsə satmışdır. Avtomobillə əlaqədar cavabdehin ona olan etibarından sui-istifadə nəticəsində əmlakının ələ keçirilməsi ilə bağlı Abşeron və Nəsimi rayon polis idarələrinə şikayət ərizələri ilə müraciət etmişdir. Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsi işi aiddiyatı üzrə araşdırılması məqsədilə Abşeron rayon Polis idarəsinə göndərmişdir. Abşeron rayon polis idarəsinin 15.05.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarla hazırkı mübahisə üzrə mülki mübahisə qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qeyd etmək istəyir ki, avtomobilin qeydiyyat hərəkəti barədə etdikləri sorğuya 07.04.2021-ci il tarixli cavab məktubu ilə də yuxarıda bildirdiyi xüsusatlar təsdiq olunmaqdadır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və va müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırda cavabdeh ona məxsus olmuş avtomobilin aralarında razılaşdırılmış 30.000 manat dəyərini əsassız yerə ödəməkdən imtina etməkdədir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «Cavabdeh 2006-cı il buraxılışlı, «Audi Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin ona satılması üçün aralarında şifahi şəkildə razılaşdırılmış dəyəri kimi 30.000 manatın alınaraq ona verilməsi» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 10 manat dövlət rüsumumum iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-4499/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəlcədən məqsədi iddiaçının əmlakını ələ keçirmək olmuşdur. Belə ki, iş materiallarından da görünür ki, Cavabdeh 11.10.2020–ci il tarixdə ona baş etibarnamə verdiyi gündən bir gün sonra o, avtomobili bacısı oğlu X10 baş etibarnamə ilə etibar etmiş, bundan sonra elə həmin gün 12.10.2020–ci il tarixdə cavabdeh avtomobili öz adına rəsmiləşdirmişdir. Buradan tam aydın olur ki, cavabdeh ona tərəfindən verilmiş etibarnamə ilə etibar edilmiş əmlakı öz mənafeyinə uyğun istifadə etmişdir. Eyni zamanda qeyd edilən maddi hüquq normasının tələbinə görə, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Cavabdeh ona etibar edilən etibarnaməni başqa şəxsə etibar etməsi barədə iddiaçıya ümumiyyətlə məlumat verməmişdir. Məhkəmə işin bu hallarını ümumiyyətlə nəzərə almamış və tətbiq olunmalı olan maddi hüquq normasını tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X9 29 mart 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işini başlanması rədd edilmişdir. İş materiallarında olan Abşeron RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X6 15 may 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işini başlanması rədd edilmişdir. İş materiallarında olan 27.05.2015-ci il tarixli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətinidən görünür ki, 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı **-RS- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur. İş materiallarında olan 02.02.2017-ci il tarixli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətindən görünür ki, 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı **-KR- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur. İş materiallarında olan ƏN-Vİİ № 481302 saylı etibarnamənin surətindən görünür ki, 12.10.2020-ci il tarixdə İddiaçı 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair X11 11 ay 29 gün müddətinə özündə müəyyən səlahiyyətləri əks etdirən etibarnamə vermişdir. İş materiallarında olan 12.10.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı **- KR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 15.000 manata Cavabdeh satmışdır. Müqaviləni etibarnaməyə əsasən X14 imzalamışdır. İş materiallarında olan 12.10.2020-ci il tarixli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətindən görünür ki, 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı **-TY- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Cavabdehdur. İş materiallarında olan ƏN-Vİİ № 407424 saylı etibarnamənin surətindən görünür ki, 21.10.2021-ci il tarixdə Cavabdeh 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı **-TY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair özündə müəyyən səlahiyyətləri əks etdirən X3 1 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan 09.11.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı **-TY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 13.500 manata X1. Müqaviləni etibarnaməyə əsasən X4 imzalamışdır. Birinci instansiya məhkəməsində şahid X12 verdiyi ifadəsində bildirmişdir ki, «Audi Q7» markalı avtomobil Cavabdeh şəxsi avtomaşını olmuşdur. Qardaşı Bəhruz idarə edirdi. Onun bank və vergi problemləri var idi, ona görə də avtomobili Əlinin adına keçirmişdir. Daha sonra Əlinin də maliyyə problemləri olduğuna görə avtomobil onun adına keçirilmişdir. Avtomobil qiyabi qətnamə ilə girovda idi. Sonra ona deyilmişdir ki, avtomobili Nazim müəllim cəzaçəkmə müəssisəsində olarkən əmisi oğlu Rafiqin adına keçirsin ki, usaqları məktəbə aparıb gətirə bilsin. Bundan sonra olanlar barədə məlumatı yoxdur. Avtomobilin mülkiyyətçisi kimi Nazim müəllimi tanıyır. Ona nə etmək lazım olduğunu Yeganə xanım deyirdi. Əmlak onun deyildir, sahibi nə deyib, onu etmişdir. Avtomobil satılarkən imzanı kimin çəkməsindən məlumatlı deyil. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisə edilən avtomobilin 2020-ci ilin oktyabr ayında cavabdehə onun xahişi ilə satılmasını və 3 ay müddətinə ödəmək şərtilə 30.000 manata avtomobili sonuncuya satmaq barədə razılığa gəlmələrinə, aralarında qohumluq münasibəti olduğu üçün sonuncuya inanaraq 11.10.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda Nazimə baş etibarnamə verməsinə, avtomobili başqa şəxsə də satmasına baxmayaraq, cavabdehin ona məxsus olmuş avtomobilin aralarında razılaşdırılmış 30.000 manat dəyərini əsassız yerə ödəməkdən imtina etməsini göstərərək bu məbləğin ondan tutulmalı olmasını iddia edir. Cavabdeh isə mübahisə edilən avtomobilin onun mülkiyyətində olan avtomobil olmaqla həmin avtomobilin həmişə özünün faktiki sahibliyində olmasını, avtomobilə dair bütün rəsmiləşdirmə işlərinin də onun göstərişi ilə həyata keçirilməsini, iddiaçının bu və ya digər şəkildə qeyd olunan avtomobilə aidiyyəti olmamasını, onun tapşırıqlarını icra etməsini, aralarında avtomobilə dair hər hansı sövdələşmə olmamasını, beləliklə də, iddia tələbinin əsassız olmasını göstərmişdir. İş materiallarından görünür ki, tərəflər arasında qohumluq əlaqəsi mövcuddur. Yəni, cavabdeh iddiaçının bacısı Yeganə Quliyevanın həyat yoldaşı olmuşdur. İddiaçı mübahisəli nəqliyyat vasitəsini müvəqqəti idarə etmək məqsədilə 2020-ci ilin may ayında cavabdehin adına etibarnamə vermiş, 2020-ci ilin oktyabr ayının 11-də isə baş etibarnamə vermişdir. Daha sonra 12.10.2020-ci il tarixdə İddiaçı həmin avtomobilə dair X11 etibarnamə vermiş, həmin tarixdə də etibarnaməyə əsasən X14 avtomaşını İddiaçı adından 15000 manata Cavabdeh adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmişdir. Daha sonra isə 09.11.2020-ci il tarixdə nəqliyyat vasitəsi Cavabdeh tərəfindən (etibarnamə əsasında X2 imzaladığı) alqı-satqı müqaviləsinə əsasən 13.500 manata X5 adına rəsmiləşdirilmiş, avtomaşın hazırda sonuncunun mülkiyyətindədir. Hazırda iddiaçı iddia tələbində mübahisəli avtomobilin satılması ilə əlaqədar cavabdehlə razılaşdırılmış 30.000 manat pul tələbini irəli sürür. İş materiallarından görünür ki, iddiaçı avtomobillə əlaqədar cavabdehin ona olan etibarından sui-istifadə nəticəsində əmlakının ələ keçirilməsi, ona vəd verdiyi 30.000 manatı verməməsi ilə bağlı Abşeron və Nəsimi Rayon Polis İdarələrinə şikayət ərizələri ilə müraciət etmiş, Abşeron RPİ tərəfindən qəbul edilmiş qərarlara əsasən isə aparılmış araşdırma zamanı Cavabdeh İddiaçı məxsus olmuş «AUDİ Q7» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qeyri-qanuni yolla ələ keçirməsi xüsusatı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işin araşdırması zamanı da Cavabdeh mübahisəli avtomobilin qeyri-qanuni yolla ələ keçirməsi xüsusatı öz təsdiqini tapmamışdır. Belə ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomaşının mülkiyyətçinin adından verilmiş etibarnamə əsasında özgəninkiləşdirilməsi faktı öz təsdiqini tapsa da, tərəflər arasında həmin avtomaşının satışı ilə bağlı 30000 manat verilməsinə dair razılaşmanın olması təsdiq edilməmişdir. Belə ki, iddiaçı bu faktı təsdiq edən heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tələbinin əsaslı olmasna dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli avtomaşınla bağlı əqdlər təmsilçi vasitəsilə bağlanmış və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, məhkəmənin qənaətinə görə X8 avtomaşının Cavabdeh şəxsi avtomaşını olmasına dair ifadəsində göstərilənlər hazırki iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etmir. Həmçinin, şahid ifadəsində tərəflər arasında mübahisəli avtomobilin satılması üçün şifahi şəkildə 30.000 manatın razılaşdırılması ilə bağlı heç nə göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yuxarıda qeyd edilən əqd əsasında cavabdehin ona 30.000 manat ödəməsinə dair razılıqlarının olmasını sübut edə bilmədiyi üçün iddia tələbi əsaslı sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşad Həsənov Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar