Məhkəmə qərarları › İş №2(103)-2086/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2086/2025

16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2086/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi”, “iddia müddətinin tətbiqi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-508/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" Mənzil Koorperativinin Nizamnaməsindən görünür ki, İddiaçı adı payçılar siyahısında yoxdur. Nizamnamənin 4.5- ci bəndindən görünür ki, koorperativin pay fondu koorperativ dövlət qeydiyyatına alındıqdan sonra 1 il ərzində ödənilməlidir. Göstərilən müddətdə mütləq pay haqqını ödəməyən kooorperativ üzvü ümumi yığıncağın qərarı ilə üzvlükdən çıxarılırhüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Hacı zadə Elnur Eldar oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında 11 aprel 2023-cü il tarixdə qeydə alınmışdır. Mənzilin sahəsi 111.03 kv.m təşkil edir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

3. 5 nömrəli qəbzdən görünür ki, İddiaçı "xxxx" saylı MTK-ya 07 iyun 1991-ci il tarixdə 8000 rubl məbləğində pul ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun adının, yəni İddiaçı adının "xxxx" MTK-nın payçılarının siyahısında bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolundan çıxarışın verilməsi vəzifəsinin "xxxx" MTK-nın rəhbərliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci il tarixdə kooperativ mənzil alınması üçün "xxxx" Mənzil-Tikinti Kooperativində 3 (üç) otaqlı mənzilin alınması üçün növbəyə durmuşdur. Növbəyə durduqdan sonra onun növbəsinin çatması ilə maraqlanmış və ona məlum olmuşdur ki, 1989-cu ildə min nəfərdən çox insan mənzil ilə təmin edilmiş, bundan sonra 1990-cı ildə yenə də min nəfərdən çox insan mənzillə təmin edilmiş və nəhayət onun növbəsinin çatması ilə əlaqədar 1991-ci ildə ona kooperativə üzvlük ilə bağlı ödəniş etmək təklif edilmişdir və o, öz növbəsində 1991-ci ildə mənzilə görə ilkin ödəniş olaraq 8000 rubl ödəniş etmişdir. Bundan sonra binanın və mənzilinin tikintisini gözləmişdir. Bir qədər keçdikdən sonra binanın tikintisi dayandırılmışdır. Paycıların hamısı, yəni 50-60 nəfərdən çox payçı yığışaraq Bakı şəhəri sovetinə getmişlər. Orada gəlməklərinin səbəbini bildikdən sonra polis əməkdaşları onları dövriyəyə almış və Bakı şəhər sovetinin nümayəndələri onları qarşılayaraq bildirmişlər ki, bir daha bura yığışmasınlar və bina tikiləndə onlara xəbər edəcəklər. Bundan sonra o, vaxt aşırı Bakı şəhər sovetinə gedib maraqlanmışdır ki, tikinti necə oldu və hər dəfə ona bildirmişlər ki, bina hələ tikilməyib, gözləyin. 1998-ci ildə o, iş yeri üzrə mənzil növbəsinə durmaq üçün sənədləri toplayıb təqdim etmişdir, lakin ona rədd cavabı gəlmişdir. Ona bildirmişlər ki, o, iki mənzil ala bilməz. Bundan sonra o, dəfələrlə İcra hakimiyyətinə, Bakı şəhər sovetinə müraciət etmiş və hər dəfə onu müxtəlif instansiyalara yönləndirirdilər. Hətta pul ödəyib yeni mənzil üçün növbəyə durmağı belə məsləhət görümüşdülər. Uzun sürən uğursuzluqlardan sonra o, Mehriban xanım Əliyevanın adına və “Neft fonduna” məktub ünvanlamış və məktuba cavab olaraq ona bildirmişlər ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ona mənzil veriləcəkdir. Bundan sonra o, "xxxx" Mənzil-Tikinti Kooperativini axtarmağa başlamış və Dadaş Bünyadzadə küşəsi 55 ünvanında yerləşdiyini öyrənmişdir. Lakin həmin ünvan düzgün deyildi. Həmin ünvanda yaşayış evi yerləşirdi. Təkrar axtarış apardıqdan sonra (070) 688- 62-78 nömrəli telefonu tapa bilmiş və nömrənin sahibi Məmməd adlı şəxs idi. Həmin şəxs onu küçədə qarşılamış və ofislərinin harada yerləşməsini soruşduqda Rəşad adlı şəxsin telefon nömrəsini vermişdir. Telefon nomrəsi (070) ***-**-** Rəşad ilə o, çayxanada görüşmüşdü. O, sənədlərin surətlərini ondan almış və bildirmişdir ki, bina 2006-cı ildə inşa edilmişdir, lakin iddiacıya heç bir mənzil verilməmişdir. O, artıq 32 ildir ki, mənzilini gözləyir. Bakı şəhər İcraiyyə Komitəsinin Mənzilkooperativ təsərrüfat idarəsinin ******* nömrəli hesab üzrə 5 nömrəli qəbzindən görünür ki, İddiaçı xx.xx.1991- ci il tarixdə MTK üzvünün 30% həcmində pay ödənişi 8000 rubl ödəniş etmişdir. 198 saylı MTK-nın xx.xx.2006-cı il tarixli 0106-P269-47128 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 4.4-cü bəndinə əsasən müəyyən olunur ki, kooperativin ilkin pay fondu 5500 manat müəyyən edilmişdir, lakin və 55 (əlli beş) nəfər payçı (kooperativ üzvü) arasında onun, yəni İddiaçı adı yoxdur. Göründüyü kimi o, 1991-ci il tarixdə MTK üzvülüyünə görə 30% həcmində pay ödənişi, yəni 8000 rubl ödəniş etmiş, hansı ki, MTKnın nizamnaməsində ilkin pay fondu minimum olaraq 5500 ödənişin edilməsi kifayət idi. Lakin ona məlum olmayan hansısa səbəbdən onun adı MTK-nın payçıları sırasında, yəni 55 nəfərin siyahısında yoxdur. Bu məsələ ilə bağlı cənab X4 müraciət etmiş, onu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qəbul etmiş və ona bildirmişdir ki, ona həmin mənzil verilməlidir və nəticəsi barədə də özünə məlumat etməyini bildirmişdir.

6. Cavabdehin vəkili və nümayəndəsi etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. 198 saylı MTK-nın xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş Nizamnaməsinin surətindən görünür ki, kooperativ Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 3/103 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış 198 saylı MTK-nın bazasında yaradılmışdır və onun hüquqi varisidir. Amma buna baxmayaraq kooperativin 55 nəfər üzvünün sırasında iddiaçının adı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı payçıların siyahısında olmadığı aşkardır və MTK-nın yaşayış binasının inşası payçıların öz vəsaiti hesabına aparılmışdır. İddiaçı özünün 198 saylı MTK-nın payçısı kimi təqdim etsə də, iddia ərizəsinə əlavə edilən sənədlərdə bunu təsdiq edən hər hansı sübut yoxdur. Eyni zamanda, mövcud qanunvericiliyin tələbləri baxımından, iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar da yoxdur. Çünki, qanunvericiliyin tələbləri baxımından iddia tələbinin təmin edilməsi üçün, həmin MTK-da payçı olmaqla yanaşı, eyni zamanda mənzilin dəyəri də ödənilməlidir. Göründüyü kimi, iddiaçı iddia etdiyi mənzilin nəinki dəyərini ödəməmişdir, eyni zamanda nə üçün 198 saylı MTK tərəfindən tikilmiş binanın dəyərini payçıların siyahısına daxil edilməsini əsaslandırmamışdır. İddiaçı adının "xxxx" MTK-nın payçılarının siyahısında bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolundan çıxarışın verilməsi vəzifəsinin "xxxx" MTK-nın rəhbərliyinin üzərinə qoyulması tələbi əslində mümkünsüzdür. Çünki, bina çoxdan tikilib təhvil verilib. İddiaçı özü isə iddia ərizəsində etiraf edir ki, 40 il bundan qabaq payın 30 faizini ödəyib. O zaman sual olunur ki, niyə 100 faiz pay ödəməyə ödəməyə payçı olmaq istəyir iddiaçı. Ən yaxşı halda iddiaçı 40 il bundan qabaq ödədiyi 8000 min rublun əvəzini tələb edə bilər ki, bu tələbdə iddia müddəti baxımından və əsasslılıq baxımından uğursuz görünür. Həmçinin hesab edir ki, iddia tələbi əsassız olmaqla yanaşı iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Həmçinin hazırkı tələblə oxşar tələb qaldırılıb, qətnamə çıxarılb və qanununi qüvvəyə minib. Hesab edir ki, məhkəmə diqqətə alacaq bu xüsusatları. Yuxarıda göstərilənlərə əsasən, iddiaçının İddiaçı adının "xxxx" MTK-nın payçılarının siyahısında bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolundan çıxarışın verilməsi vəzifəsinin "xxxx" MTK-nın rəhbərliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin (tələbinin) təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq, iddia müddətinin ötməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 508/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim X2).

9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarında olan 198 saylı Mənzil Kooperativinin 09 noyabr 2006-cı ildə qeydə alınmış Nizamnaməsində göstərilən 55 nəfər payçı siyahıda payçı qismində iddiaçının adı qeyd olunmamışdır. İddiaçı iddiasında 09 noyabr 2006-cı ildə qeydə alınmış 198 saylı Mənzil Kooperativinin payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsini tələb etmiş, əsas kimi pay haqqını xx.xx.1991ci ildə ödəməsi ilə əsaslandırmışdır. Ancaq məhkəmə qeyd edir ki, Nizamnamədən də görünür ki, Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/359 saylı qərarı ilə təsdiq edilmiş 198 saylı kooperativinin üzvlərinin sıyahısında iddiaçının adının aşkarlanmamışdır. Bu cür vəziyyətdə iddiaçı həmin MTK-nın bazasında yaradılmış və hüquqi varisi olan 198 saylı Mənzil Kooperativinin də məhkəmə aktı ilə payçı siyahısında adının bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi tələbi təmin edilə bilməz. İşin materiallarından görünür ki, İddiaçı "xxxx" saylı MTKya 8000 rubl məbləğində pulu məhz 07 iyun 1991-ci il tarixində ödəmişdir. Belə ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (10 ildən çox müddət ötürülmüş) iddia ərizəsi ilə 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə iddia müddəti də ötürülmüşdür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı “payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, 373-cü, 375.2-ci, 377.1-ci 385.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiacı 1988-ci il tarixdə kooperativ mənzil alınması üçün "xxxx" Mənzil-Tikinti Kooperativində 3 (üç) otaqlı mənzilin alınması üçün növbəyə durmuş, növbəyə durduqdan sonra onun növbəsinin çatması ilə maraqlanmış və ona məlum olmuşdur ki, 1989-cu ildə min nəfərdən çox insan mənzil ilə təmin edilmiş, bundan sonra 1990-cı ildə yenə də min nəfərdən çox insan mənzillə təmin edilmiş və nəhayət onun növbəsinin çatması ilə əlaqədar 1991-cu ildə ona kooperativə üzvlük ilə bağlı ödəniş etmək təklif edilmişdir və o, öz növbəsində 1991-ci ildə mənzilə görə ilkin ödəniş olaraq 8000 min ödəniş etmişdir. Bundan sonra binanın və mənzilinin tikintisini gözləmiş, bir qədər keçdikdən sonra binanın tikintisi dayandırılmışdır. Paycıların hamısı, yəni 50-60 nəfərdən çox payçı yığışaraq Bakı şəhər sovetinə getmişlər. Orada gəlməklərinin səbəbini bildikdən sonra polis əməkdaşları onları dövriyəyə almışlar və Bakı şəhər sovetinin nümayəndələri bildirmişdirlər ki, bir daha bura yığışmasınlar və bina tikiləndə onlara xəbər edəcəklər. Bundan sonra o, vaxt aşırı Bakı şəhər sovetinə gedib maraqlanmışdır ki, tikinti neçə oldu və hər dəfə ona bildirmişlər ki, bina hələ tikilməyib, gözləyin. 1998-ci ildə o iş yeri üzrə mənzil növbəsinə durmaq üçün sənədləri toplayıb təqdim etmişəm, lakin ona rədd cavabı gəlmişdir. Ona bildirmişlər ki, o iki mənzil ala bilməz. Bundan sonra o dəfələrlə İcra hakimiyyətinə, Bakı şəhər sovetinə müraciət etmiş və hər dəfə onu müxtəlif instansiyalara yönləndirirdilər. Hətta pul ödəyib yeni mənzil üçün növbəyə durmağı belə məsləhət görümüşdülər. Uzun sürən uğursuzluqlardan sonra o, Mehriban xanım Əliyevanın adına və “Neft fonduna” məktub ünvanlamış və məktuba cavab olaraq bildirmişlər ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ona mənzil veriləcəkdir. Bundan sonra mən "xxxx" Mənzil-Tikinti Kooperativini axtarmağa başlamış və Dadaş Bünyadzadə küşəsi 55 ünvanında yerləşdiyini öyrənmişdir. Lakin həmin ünvan düzgün deyildir. Həmin ünvanda yaşayış evi yerləşirdi. Təkrar axtarış apardıqdan sonra (070) 688- 62-78 nömrəli telefonu tapa bilmiş və nömrənin sahibi Məmməd adlı şəxs idi. Həmin şəxs məni küçədə qarşılamış və ofislərinin harada yerləşməsini soruşduqda Rəşad adlı şəxsin telefon nömrəsini vermişdir. Telefon nomrəsi (070) ***-**-** Rəşad ilə mən çayxanada görüşmüşdüm. Sənədlərin surətlərini ondan almış və bildirmişdir ki, bina 2006cı ildə inşa edilmişdir, lakin iddiacıya heç bir mənzil verilməmişdir. İddiaçı artıq 32 ildir ki, mənzilini gözləyir. İşin materiallarından görünür ki, İddiaçı "xxxx" saylı MTKya 8000 rubl məbləğində pulu məhz 07 iyun 1991-ci il tarixində ödəmişdir. Belə ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (10 ildən çox müddət ötürülmüş) iddia ərizəsi ilə 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə iddia müddəti də ötürülmüşdür. Hesab edirik ki, məhkəmənin bu nəticəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə ziddir. Belə ki, Həmin Məcəlləninn 384.0.4-cü maddəsində göstərilmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Belə ki, birinci instansiya məhkəmənin qeyd etdiyi kimi, hazırki işin faktiki halları ilə müəyyən edilmişdir ki, 198 saylı Mənzil Kooperativinin 09 noyabr 2006-cı ildə qeydə alınmış Nizamnaməsində göstərilən 55 nəfər payçı siyahıda payçı qismində iddiaçının adı qeyd olunmamışdır. İddiaçı iddiasında 09 noyabr 2006-cı ildə qeydə alınmış 198 saylı Mənzil Kooperativinin payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsini tələb etmiş, əsas kimi pay haqqını xx.xx.1991-ci ildə ödəməsi ilə əsaslandırmışdır. Ancaq məhkəmə qeyd edir ki, Nizamnamədən də görünür ki, Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/359 saylı qərarı ilə təsdiq edilmiş 198 saylı kooperativinin üzvlərinin sıyahısında iddiaçının adının aşkarlanmamışdır. Bu cür vəziyyətdə iddiaçı həmin MTK-nın bazasında yaradılmış və hüquqi varisi olan 198 saylı Mənzil Kooperativinin də məhkəmə aktı ilə payçı siyahısında adının bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi tələbi təmin edilə bilməz. Həmçinin, İddiaçı "xxxx" saylı MTK-ya 8000 rubl məbləğində pulu məhz 07 iyun 1991-ci il tarixində ödəmişdir. Belə ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (10 ildən çox müddət ötürülmüş) iddia ərizəsi ilə 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

23. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır

24. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

25. İşin hallarına əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür və cavabdeh tərəf də iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi də iddianın irəli sürülməsi müddətinin ötürülməsi qənaətinə gəlməklə düzgün olaraq iddianı təmin etməmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətində irəli sürdükləri dəlillər təkzib edilməklə yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 508/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar