Məhkəmə qərarları › İş №2(103)-2088/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2088/2024

19.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2088/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ evinə verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Eminov Əziz Mürsəl oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı, ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 736 “Q” ünvanında yerləşən bağ evinə dair cavabdeh DƏDKR X16 1 saylı Bakı Əİ tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli “Reyestrdən çıxarışın” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli bağ evi iddiaçının atası X8 mülkiyyətində olmuşdur. Bütün ailə 2008-ci ildən bu günə kimi həmin mübahisəli bağ evində yaşayır. İddiaçının atası 2020-ci ilə qədər onlarla mübahisəli bağ evində yaşamış, sonradan Gülmirə adlı qadınla ailə quraraq başqa evə köçmüş və orada yaşamışdır. xx.xx.2021-ci il tarixdə atası şübhəli şəraitdə vəfat etmişdir. Ötən müddət ərzində mübahisəli bağ evi orada yaşamalarına baxmayaraq onların xəbəri olmadan müxtəlif adamların adına sənədləşdirilmişdir. Mübahisəli bağ evi “Alğısatqı müqaviləsinə” əsasən xx.xx.2021-ci il tarixdə X2 və xx.xx.2021-ci il tarixdə həmin şəxs tərəfindən “Reyestrdən çıxarış” alınmışdır. Bundan 11 gün sonra yəni xx.xx.2021-ci il tarixdə iddiaçının atası naməlum səbəbdən vəfat etmiş və sonradan naməlum şəkildə mübahisəli bağ evi yenidən iddiaçının əmisi X6 adına keçirilərək xx.xx.2022-ci il tarixdə isə iddiaçının bibisi olan Cavabdeh1 adına sənədləşdirilmişdir. Göründüyü kimi faktiki olaraq iddiaçının ailəsi mübahisəli bağ evində yaşayaraq istifadə hüququ əldə etdiklərinə baxmayaraq atasının yaxın qohumları iddiaçıdan qalan miras əmlakı istədikləri kimi istifadə edərək qısa müddət ərzində bir neçə şəxsin adına sənədləşdirərək onların hüquqlarını pozmuşlar. İddiaçının atası mübahisəli bağ evini alğı-satqı yolu ilə əldə etmiş və onları yaşamaq üçün ora köçürmüşdür. b) birinci instansiya məhkəməsində icraat zamanı verilmiş izahatlar barədə məlumat

3. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) Vəkil iddia tələbini müdafiə edərək, məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mübahisəli bağ evi qardaşı Qabil Cəfərov tərəfindən alınmış və əvvəldən onun adına qeydiyyatdan keçmişdir. Qabil Cəfərov biznes işinə görə pul lazım olduğundan həmin bağı Rüfət adlı şəxsin adına girov qismində keçirmiş, sonradan öz adına qaytarmışdır. Daha sonra Qabil Cəfərov həmin bağ evini onun adına bağışlamışdır. Həmin bağ evi mərhum qardaşı Faiq Cəfərova məxsus olmamış, onun tərəfindən alınmamışdır. Ona görə də iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

5. İşə baxmış Rayon Məhkəməsi X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işin baxılmasına cəlb etmişdir.

6. Qabil Cəfərov iddiaya etiraz edərək Rayon Məhkəməsinə bildirmişdir ki, mübahisəli bağ evi əvvəldən ona məxsus olmuşdur. Mərhum qardaşı (iddiaçının atası) Faiq Cəfərov onun verdiyi etibarnamə əsasında yalnız alğı-satqı zamanı onu təmsil etmişdir. Bağ evinin pulunu özü vermişdir. Bizneslə məşğul olduğundan Rüfət adlı şəxsdən pul götürmüş və bağ evini onun adına keçirmişdir. Sonradan Rüfətin pulunu geri qaytardığından bağ evini öz adına qaytarmışdır. Bundan sonra o, həmin bağ evini bacısına – iş üzrə Cavabdeh1 bağışlamışdır. Mübahisəli bağ evi heç zaman mərhum qardaşı Faiq Cəfərovun mülkiyyətində olmamışdır. Bu səbəbdən də iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş edir.

7. Cavabdeh DƏDKR X16 1 saylı Bakı Əİ məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə həmin İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd edilən “Reyestrdən çıxarışın” etibarsızlığı tələbi irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair, yəni mübahisəli daşınmaz əmlakın onun atasının mülkiyyətində olmasını təsdiq edə biləcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də iddia əsassız hesab edilərək, təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

10. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

11. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, iddiaçının bibisi olan Cavabdeh1 mübahisəli evdə yaşamamışdır. Mübahisəli bağ evini iddiaçının atası öz şəxsi vəsaiti hesabına almışdır. Hansısa səbəbdən öz adına deyil, qardaşı (iddiaçının əmisi) Qabil Cəfərovun adına sənədləşdirmişdir. İddiaçının əmisinin və bibisinin bağ evi ala bilməsi üçün vəsaiti olmamışdır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi təqdim edilmiş sənədlərə və üçüncü şəxs Qabil Cəfərovun evin Faiq Cəfərov tərəfindən alınması barədə səs yazısına hüquqi qiymət verməmiş, cavabdehlərin Faiq Cəfərovun vərəsələrinə qarşı münasibətlərində olan qərəzli mövqeyə münasibət bildirməmiş, bağ evi addan-ada keçərkən evdə kimin faktiki yaşadığını araşdırmamış, şahidlərin dindirilməsini təmin etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın təmin edilməməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. İddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

13. Apellyasiya baxışında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.

14. İş üzrə digər cavabdeh DƏDKR X16 1 saylı Bakı Əİ-nin nümayəndəsi və üçüncü şəxs Qabil Cəfərov işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, mübahisəli bağ evinə dair verilmiş 1********** nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Reyestrdən çıxarışından” və “Texniki pasportundan” görünür ki, bağ evi və evin yerləşdiyi 0,12 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.

17. DƏDKR X16 1 saylı Bakı Əİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-39582/2023 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisəli bağ evi ********** nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən X13 məxsus olmuş və sonuncu həmin bağı xx.xx.2013-cü il tarixli ******* saylı “Alğı-satqı müqaviləsinə” əsasən X1. X4 həmin bağ evini xx.xx.2021-ci il tarixli 496187 saylı “Alğı-satqı müqaviləsinə” əsasən X3 və sonuncu tərəfindən ********** nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Daha sonra X14 ilə X7 arasında bağlanmış xx.xx.2022ci il tarixli 496187 nömrəli “müqavilənin ləğvinə dair” müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli 496187 saylı “Alğı-satqı müqaviləsi” ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən hazırki iş üzrə mübahisəli bağ sahəsi X14 tərəfindən Cavabdeh1 bağışlanmış və sonuncuya xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir.

18. Göstərilənləri və iş üzrə tərəflərin bildirdiklərini nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərindən görünür ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər (maddə 157.2.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.).

19. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

21. Hazırkı mübahisədə mübahisəli bağ sahəsi ilə bağlı Cavabdeh1 adına verilmiş “Çıxarışın” etibarsız olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

22. Əksinə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mübahisəli bağ evinin atasına məxsus olmasını və qanunsuz olaraq Cavabdeh1 mülkiyyətinə verilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı həmin bağ sahəsinin ümumiyyətlə heç zaman atasının mülkiyyətində olmadığı müəyyən olunmuşdur.

23. İş materiallarından görünür ki, mübahisəli bağ evi “Bağışlama müqaviləsi” əsasında Cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə olan halda, hədiyyəni qəbul edən şəxs kimi cavabdehin mübahisəli bağ evində yaşayış-yaşamaması faktı hazırki mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.

24. İddiaçı apellyasiya şikayətində mübahisəli bağ evinin onun atasının öz şəxsi vəsaiti hesabına alındığını bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçının atasının hansısa səbəbdən mübahisəli bağ evini öz adına deyil, iddiaçının əmisi Qabil Cəfərovun adına sənədləşdirməsi dəlilinin Cavabdeh1 adına olan “Çıxarışın” etibarsızlığı tələbi ilə bağlı hazırki mübahisəyə aidiyyəti yoxdur.

25. İddiaçının əmisinin və bibisinin bağ evi ala bilməsi üçün vəsaitinin olmaması dəlili ilə bağlı Məhkəmə bildirir ki, hazırki iş üzrə iddiaçının əmisi Qabil Cəfərovun adına olan “Çıxarış” və onun verilməsinə əsas olmuş müqavilə mübahisələndirilmir. Digər tərəfdən Cavabdeh1 mübahisəli bağ evini bağışlama müqaviləsi əsasında əvəzsiz qaydada əldə etmişdir. Mülki Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.

26. Məhkəmə apellyasiya şikayətinin üçüncü şəxs Qabil Cəfərovun evin Faiq Cəfərov tərəfindən alınması barədə səs yazısı ilə bağlı bildirir ki, məhkəmə iclas protokollarından belə bir səs yazısının təqdim edilməsi müəyyən edilmir. İddiaçı və onun vəkili tərəfindən məhkəmə iclas protokollarına qeydlər verilməmiş, bununla da onlar protokollarda yanlışlıq və ya natamamlıq olmaması ilə razılaşmışlar. MPM-in 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Digər tərəfdən məhkəmə iclasının audio-video yazısına baxış keçirilmiş və məhkəmə iclasında səs yazısı olan maddi sübutun məhkəməyə təqdim edilməsi müəyyən edilməmişdir. Apellyasiya şikayətində iddiaçı tərəf səs yazısının mövcud olduğunu bildirsə də, belə bir sübut apellyasiya şikayətinə də əlavə edilməmişdir. Belə olan halda, apellyasiya şikayətinin müzakirə edilən dəlili sübuta yetirilməmiş və əsassız dəlil hesab edilir.

27. Apellyasiya şikayətinin cavabdehlərin Faiq Cəfərovun vərəsələrinə qarşı münasibətlərində olan qərəzli mövqeyə münasibət bildirilməməsi barədə dəlili də Rayon Məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil edə bilməz. Əvvəla iddiaçının mərhum Faiq Cəfərovun digər vərəsələrinin adından çıxış etmək üçün subyektiv hüququ yoxdur. O, hazırki iş üzrə yeganə iddiaçı olmaqla öz adından dəlillər irəli sürmək hüququna malikdir. Digər tərəfdən iddiaçı ona qarşı qərəzli mövqenin nədən ibarət olmasını və bu halın çıxarışın etibarsızlığına səbəb olmasının hüquqi əsaslarını göstərməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.

28. Mübahisəli bağ evinin addan-ada keçirilməsi zamanı mübahisəli bağ evində kimin yaşaması faktının araşdırılmaması dəlilinə münasibətdə isə bir daha bildirilir ki, Cavabdeh1 bağışlama müqaviləsi əsasında hədiyyə alan şəxsdir. Onun hədiyyəni qəbul etməsi üçün mübahisəli bağ evində yaşayıb-yaşamaması əhəmiyyət kəsb etmir. Digər şəxslərin isə daşınmaz əmlakın Dövlət reyestrində adlarına aparılmış qeydlər mübahisələndirilmədiyi üçün bağ evində yaşayıb-yaşamamasının hazırki mübahisəyə aidiyyəti yoxdur.

29. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. g) apelyasiyanın nəticəsi

30. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

34. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdehlər və üçüncü şəxs hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

35. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

36. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən işdə iştirak edən digər şəxslər tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar