Məhkəmə qərarları › İş №2(103)-209/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-209/2021

22.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-209/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı “X4” şirkətinin nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9667/2017 saylı, 07 iyul 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “X4” şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə şirkətin saziş hüdudları, 1 saylı mədənin 4-cü sahəsində yerləşən, neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9667/2017 saylı, 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı “X4” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “müəyyənetmə və tanınma” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Həmin məhkəmənin 17.03.21-ci il tarixli qərardadı ilə iddiaçı “X4” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “müəyyənetmə və tanınma” tələbinə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin göstərdi ki, rayon məhkəməsi işə baxarkən ona məlumat verməmiş, onun iştirakı olmadan və onu dinləmədən qərar vermiş, həmin torpaq sahəsi və ordakı tikili onun deyil, Binəqədi qəsəbə Bələdiyyəsinin 2479 saylı, 29 dekabr 2007-ci il tarixli sərəncamına əsasən Məmmədova (İsmayılova) Rəşadət Əli qızına ayrılmışdır, hazırkı iddia tələbinin isə əsl olmayan cavabdehə qarşı sürüldüyünü qeyd etdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Z.Məmmədov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin 2479 saylı, 29 dekabr 2007-ci il tarixli sərəncamına əsasən Məmmədova (İsmayılova) Rəşadət Əli qızına ayrılmış, hazırkı iddia tələbi isə əsl olmayan cavabdehə qarşı sürülmüş, eləcə də cavabdehə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumat verilməmiş və onun iştirakı təmin olunmamışdır. Nümayəndə həmçinin də bildirdi ki, həmin tikili müvafiq sənədlərə əsasən ayrılmış torpaq sahəsində inşa olunmuşdur, bu səbəbdən də bu tikili özbaşına tikili sayıla bilməz. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi K.Hacıyev apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi, ki, onlar ilkin olaraq iddia tələbində cavabdeh kimi Məmmədova (İsmayılova) Rəşadət Əli qızını qoymuşlar, sonradan hazırkı Cavabdeh şifahi olaraq həmin torpağın sahibinin özü olduğunu bildirdiyinə görə, onlar Cavabdeh əsl olan cavabdeh kimi işə cəlb etmişlər, apellyasiya şikayətinin dəlilləri formal xarakterlidir, göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Binəqədi qəsəbə Bələdiyyəsinin 2479 saylı, 29 dekabr 2007-ci il tarixli sərəncamına əsasən, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazi hüdudlarında 100 kv/m torpaq sahəsi Məmmədova (İsmayılova) Rəşadət Əli qızına ayrılmışdır. Torpaq sahəsinin eskizi də sərəncama əlavə edilmişdir (i/v 75-76). Bakı İnzibati Məhkəməsindən 02.07.2021-ci il tarixdə daxil olmuş 2-1(112)- 541/2021 saylı, 24.06.2021-ci il tarixli məktub və ona əlavə edilmiş məhkəmə aktından müəyyən olunur ki, iddiaçı “X4” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “sərəncamın qanunsuzluğunun tanınması” tələbinə dair mülki iş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 541/2021 saylı, 17.03.2021-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Kollegiya qeyd edir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 2479 saylı, 29 dekabr 2007-ci il tarixli sərəncamına əsasən, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazi hüdudlarında 100 kv/m torpaq sahəsi Məmmədova (İsmayılova) Rəşadət Əli qızına ayrılmışdır. Torpaq sahəsinin eskizi də sərəncama əlavə edilmişdir (i/v 75-76). Həmin torpaq sahəsi və onun üzərində tikilmiş evə dair Cavabdeh subyektiv hüququnun olması müəyyən olunmur. Buna baxmarayaq, hazırkı halda iddiaçı tələbə cavab verməli olmayan şəxsə qarşı, başqa sözlə əsl olmayan cavabdehə qarşı tələb irəli sürmüşdür. Rayon məhkəməsi isə işin bu mühüm halına düzgün qiymət verə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Hazırkı mülki işin materialları ilə də müəyyən olunur ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 2479 saylı, 29 dekabr 2007-ci il tarixli sərəncamına əsasən, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazi hüdudlarında 100 kv/m torpaq sahəsi Məmmədova (İsmayılova) Rəşadət Əli qızına ayrıldığından, iddiaçının tələbi əsl olmayan cavabdehə, yəni Cavabdeh qarşı irəli sürülmüşdür. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl olmayan cavabdehə verildiyindən rədd edilməli, iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu tərəfə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9667/2017 saylı, 07 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İddiaçıya, əsl cavabdehə qarşı hazırkı iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar