Məhkəmə qərarları › İş №2(103)-2091/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2091/2021

17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2091/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Arif oğlunun iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 1180/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulan maddi zərərə görə 53000 (əlli üç min) manat, dövlət rüsumuna görə 30 (otuz) manat və mənəvi zərərə görə 30000 (otuz min) manat olmaqla, cəmi 83030 (səksən üç min otuz) manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-1180/20) iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh hüquqlarını müdafiə etdiyi İddiaçı qarşı müxtəlif instansiyalara şikayət edərək 152000 (yüz əlli iki min) manat məbləğində pul tələb etmişdir. Cavabdeh birgə fəaliyyət (ortaq heyvandarlıq təsərrüfatı) üçün verdiyi pul vəsaitlərini İddiaçı vermədiyini, onun kürəkəni Natiq adlı şəxsə verdiyini ifadə etsə də, şikayətə və iddialara baxan hüquq-mühafizə orqanları buna əhəmiyyət verməmişdir. Nəticə etibarilə Cavabdeh iddia etdiyi 152000 azn vəsaiti İddiaçı almaq üçün polisin iştirakı ilə Füzuli rayonuna gəlmiş və 310 baş xırda buynuzlu (yanında balası olan) heyvanları aktlaşdıraraq borcun tamamına qarşılıq alıb götürmüşdür. Cavabdeh iddia etdiyi 152000 manata qarşılıq aldığı bütün heyvanları (310 baş) heç kimin iştirakı olmadan özbaşına aparıb öz qohumuna aid olan Azərtoxum MMCyə təhvil vermiş və həmin heyvanları ümumilikdə 40000 (qırx min) manata satdığı barədə xx.xx.2015-ci il tarixli saxta arayış gətirib təqdim etmişdir. Bundan başqa, dəfələrlə iddiaçı tərəfindən Azərtoxum MMC-nin verdiyi xx.xx.2015-ci il tarixli arayış mübahisələndirilsə də, 152000 manat pulun cavabdehə ödənilməsini qət edən həmin məhkəmələrdə obyektivliyi şübhə altında olan hardan gəldiyi bilinməyən bu arayış (əlavə təqdim olunan elektron çıxarışda Azərtoxum MMC-nin qanuni təmsilçisi X1 olduğu qeyd olunur lakin arayış fərqli şəxs tərəfindən imzalanmışdır) araşdırılmamış, eləcə də buna qiymət verilməmişdir. Halbuki, lazımı sorğular göndərilərək həm arayışın mötəbərliyi, həm də is üzrə 310 baş xırda buynuzlu (yanı balalı) heyvanların dəyəri barədə ekspertiza qurumlarında qiymətləndirmə keçirilsəydi arayışın etibarsızlığı, eləcə də heyvanların dəyərinin ifadə olunan məbləğdən iki qat artıq olduğu müəyyənləşdirilə bilərdi. 310 baş xırda buynuzlu və yanında balası olan heyvanın həmin tarixə satış dəyəri minimum 300- 350 azn idi və bu da ümumi hesabla 300 azn, 310 ədəd 93000 (doxsan üç min) manat təşkil edirdi. Lakin cavabdeh həmin heyvanları ümumilikdə 40000 (qırx min) azn qiymətləndirməklə, heyvanlardan hər birini 129 manata (40000 azn 310, 129 azn) satdığını bildirmiş və borc məbləğindən həmin miqdarda azaltdığını ifadə etmişdir. Həmçinin qeyd edir ki, Füzuli rayonunda heyvan satışının təşkil olunduğu ticarət mərkəzi (“Tam ortaqlı Şamil Firması” bazarı) tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəsmi arayışda 2015-2016-cı illərdə 1 baş ana qoyunun bazar qiyməti 300-350 manat olduğu bildirilir. Belə olan halda Cavabdeh iddiaçıya aid olan 310 baş ana qoyunu (yanında balası ilə) 93000 manat əvəzinə 40000 manata qiymətləndirib satmaqla, iddiaçını 53000 (əlli üç min) manat məbləğində zərərə məruz qoymuşdur. Halbuki, həmin dövrdə iddiaçı özünə məxsus olan 310 baş yanı balalı qoyunu özü satmış olsaydı azı 93000 manat vəsait əldə edəcəkdi. Lakin cavabdeh buna imkan verməmiş, həmçinin iddiaçının iştirakı olmadan “qeyri-müəyyən şəraitdə” qoyunları cəmi 40000 azn müqabilində sata bildiyini, daha çox vermədiklərini bildirmişdir. İddiaçıya məxsus heyvanları dəyərindən hardasa 3 qat aşağı qiymətləndirərək özünə borclu saxlayan Cavabdeh hal-hazırda məhkəmə vasitəsilə geri qalan borc məbləğlərini tələb edir. Lakin hesab edir ki, 310 baş xırda buyunuzlu heyvanın 2015-ci il üçün satış qiymətləri öyrənilməli və cavabdehin ona vurduğu zərər hesablanmalıdır. Cavabdeh uzun illər haqsız və qanunsuz əsaslarla iddiaçının məhkəmə və hüquq- mühafizə orqanlarında süründürmüş, iddiaçını dələduzluqla ittiham edib işgüzar nüfuzunu zədələyərək ciddi mənəvi zərər və sarsıntılar keçirməsinə səbəbiyyət vermişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəf ona borclu olduğu 102500 manatı ödəmişdir. İddiaçıya məxsus olan 310 baş heyvanın məbləği 40000 manat qiymətləndirilib və iddiaçı özü onun bu qədər qiymətləndirilməsini qəbul edib. Sonradan həmin puldan qalan 49500 manat hissəsi ödənilmədiyindən Cavabdeh Füzuli rayon Məhkəməsində iddia qaldırmış və İddiaçı və onun vəkili həmin məhkəmə proseslərində iştirak etmiş və orada 310 baş qoyunun qiymətləndirilməsini mübahisələndirməmişdir. Füzuli Rayon Məhkəməsi tərəfindən İddiaçı 49500 manat pulun tutularaq Cavabdeh verilməsi təmin olunmuşdur. Bundan sonra İddiaçı yenidən iddia qaldıraraq qoyunların qiymətini mübahisələndirmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və şikayət təmin edilməmişdir. Daha sonra iddiaçı həmin apellyasiya şikayətindən kassasiya şikayəti vermiş və kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Lakin iddiaçı tərəf verdiyi bütün apellyasiya və kassasiya şikayətlərində həmin arayışı mübahisələndirdiyindən eyni predmet, eyni əsas olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də iddia tələbi əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə qərarlarından müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 49500 manat miqdarında pulun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, obyektivliyi şübhə altında olan arayış araşdırılsa, bu sənədin saxta yollarla, cavabdeh tərəfindən bilərək hazırlandığını və məqsədinin də iddiaçıdan daha çox pul vəsaiti əldə etmək, ona zərər yetirmək məqsədilə əldə olduğunu görmək olar. Bundan başqa, məhkəmə özü də lazımi sorğular göndərməklə həm arayışın mötəbərliyini, həm də iş üzrə 310 baş xırda buynuzlu heyvanların dəyəri barədə ekspertiza qurumlarında qiymətləndirilməsini həyata keçirə, heyvanların dəyərinin arayışda ifadə olunan məbləğdən iki qat artıq olduğunu müəyyən edə bilər. Hakim öz qətnaməsində sübutlara hər hansı münasibət bildirməmişdir. Eyni zamanda cavabdeh uzun illər haqsız və qanunsuz əsaslarla iddiaçını məhkəmə və hüquq-mühafizə orqanlarında süründürmüş, iddiaçını dələduzluqla ittiham edib işgüzar nüfuzunu zədələyərək ciddi mənəvi zərər və sarsıntılar keçirməsinə səbəb olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən ona vurulan maddi zərərə görə 53000 (əlli üç min) manatın və mənəvi zərərə görə 30000 (otuz min) manatın tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər ferma yaratmaq məqsədilə razılığa gəlmişlər və bununla bağlı olaraq müxtəlif vaxtlarda cavabdeh iddiaçıya ümumilikdə 152000 manat məbləğində pul vermişdir. Sonradan aralarında yaranmış narazılıqlar üzündən borcun bir hissəsi fermada olan qoyunların natura şəklində verilməsi ilə birlikdə cəmisi 102500 manat pul qaytarılmış və nəticədə iddiaçının cavabdehə 49500 manat borcu qalmışdır. Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı 49500 manat miqdarında pulun tutulub Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə artıq hazırkı mübahisə ilə bağlı fermada olan qoyunlar naturada verilməklə, onun dəyəri hazırkı iddiaçı tərəfindən mübahisələndirilməmiş, dolayı yolla həmin qoyunların dəyəri ilə tərəf razılaşmışdır. Həmin iş üzrə apellyasiya və kassasiya şikayətlərində İddiaçı heyvanların dəyərini və bununla bağlı arayışı, aktı mübahisələndirsə də, yuxarı məhkəmələr tərəfindən şikayət əsassız sayılmışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə həmin işdə xx.xx.2015-ci il tarixli akt məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmiş, bu akta və digər sübutlara istinad olunaraq qalan məbləğ 49500 manat müəyyən edilməklə pulun tutulması barədə qətnamə çıxarılmışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mənəvi zərərlə bağlı isə qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X3 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddiaçı istər əmlak, istərsə də qeyri əmlak xarakterli zərərə məruz qalmasını, iztirab və sarsıntı keçirməsini sübuta yetirməlidir. Lakin işdən göründüyü kimi, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, maddi və mənəvi zərərə məruz qalmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar