Məhkəmə qərarları › İş №2(103)-2091/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2091/2024

30.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2091/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz açılmış qapının bağlanması və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2200/2023 nömrəli 27 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində istifadədə olan 0,245 ha torpaq sahəsində yerləşən 73 nömrəli, 1 mərtəbəli binada, 23,56 kv.m ümumi sahədən ibarət 1 otaqlı 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 904 nömrəli reyestr kitabının 8400+ nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 13 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 171 nömrəli arayışda göstərilmişdir ki, Baxışova X2 qəsəbəsi, Yəhya Hüseynov küçəsi 73 saylı evin 6 nömrəli mənzilində qeydiyyatdadır. 2016-cı ildən etibarən mənzilin böyük maşın girən darvazasından əlavə həyət sahəyə girib-çıxmaq üçün balaca qapısı vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki sahibliyində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin darvazasına bitişik qapının cavabdehin hesabına bağlanması və hasarın təmir olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 160 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi sahibliyində və istifadəsindədir. Qonşuluqda yaşayan cavabdeh öz sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin ümumi yola çıxış hissəsində böyük bir darvaza qoysa da, sonradan onun evinin darvazasına bitişik hissədə növbəti bir qapı qoymaqla faktiki olaraq onun evinin darvazasının tam şəkildə açılmasına maneə yaratmaqdadır. Həmçinin, cavabdeh ortaq hasarın özünə aid hissəsinin aşağısına su axıdaraq ona maddi ziyan vurur. Bir neçə dəfə hasarını təmir etdirmiş, lakin hal-hazırda da suyun axıdılması davam edir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2200/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin giriş hissəsinin sərhədləri müəyyən olunmalıdır. Bu isə sözügedən sahəyə dair heç bir hüquqmüəyyənedici sənədlər olmadığından mümkün deyil. Belə ki, işin müəyyən edilmiş halları ilə sözügedən sahənin iddiaçının mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, habelə torpaq sahəsinin qonşu sərhədlərini əks etdirən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş plan və ölçünün mövcud olmadığı müəyyən edilir.

7. Məhkəmə qeyd etmişdir ki, mübahisəli qapının iddiaçı tərəfindən həmin fərdi yaşayış evi əldə olunan zaman (yəni 2022-ci ilin oktyabr ayında) artıq mövcud olduğunu iddiaçı özü də etiraf edir, lakin iddia ərizəsində bu qapının tikinti norma və qaydalarına zidd olaraq açıldığını qeyd etmişdir. Halbuki, 06 iyul 2023-cü il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçının giriş darvazasının tam açıq vəziyyətdə olduğu zaman mübahisəli qapıdan giriş-çıxış tam məhdudlaşır.

8. Məhkəmə göstərmişdir ki, hazırkı halda iddiaçı tələbində cavabdeh tərəfindən açılmış qapının onun hüquqlarını pozduğunu bildirsə də buna dair mötəbər sübutlar təqdim edə bilməmiş, belə halın baş verməsi işin məhkəmə araşdırılması ilə də öz təsdiqini tapmamışdır. Həmçinin tələbin “cavabdeh tərəfindən ortaq hasarın özünə aid hissəsinin aşağısına su axıdaraq iddiaçıya maddi ziyan vurulması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, belə bir halın baş verməsi iş üzrə keçirilmiş yerində müayinə zamanı aşkar edilməməklə yanaşı iddiaçı tələbini formal mülahizələrlərə əsaslandırmış və bu faktı da təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.3, 152.3, 157.4, 170.1, 170.2, 171.1, 171.3, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 62.1 və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, o, 2021-ci ilin noyabr ayında qeyd edilən fərdi yaşayış evini Fazil Vahabovdan alan zaman həmin hissədə əlavə qapı quraşdırılmadığını və cavabdehə məxsus evin yalnız bir giriş darvazası, darvazanın içərisində giriş qapısı olduğunu məhkəmədə bildirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

18. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

19. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

28. Göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir: faktiki sahibliyində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin darvazasına bitişik qapının cavabdehin hesabına bağlanması və hasarın təmir olunması.

29. İşin müəyyən edilmiş hallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində istifadədə olan 0,245 ha. torpaq sahəsində yerləşən 73 nömrəli, 1 mərtəbəli binada, 23,56 kv.metr ümumi sahədən ibarət 1 otaqlı 6 nömrəli mənzil Cavabdeh mülkiyyətindədir.

30. ünvan 1 ünvanındakı 160 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi iddiaçının sahibliyi və istifadəsindədir.

31. Sözügedən sahə iddiaçının mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, habelə torpaq sahəsinin qonşu sərhədlərini əks etdirən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş plan və ölçü mövcud deyildir.

32. İddiaçı mübahisəli qapının onun evinin darvazasının tam şəkildə açılmasına maneə yaratdığını bildirir.

33. Kollegiya tərəfindən mübahisəli sahəyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin darvazası cavabdehin istifadəsində olan torpaq sahəsinin darvazasından sağ tərəfə 3 metr məsafədə yerləşir. Sökülməsi tələb edilən giriş qapısı cavabdehə aid divarın iddiaçıya məxsus darvazasına bitişikdir. Həmin giriş qapısından həyətə daxil olduqda sol istiqamətdə ensiz (təxminən 1 metr) yol mövcuddur. Yolun sağ tərəfi cavabdehin istifadəsində olan həyətin və evin divarı, sol tərəfi isə iddiaçının həyətinin divarıdır. Cavabdehin istifadəsində olan su xətti iddiaçının divarında olmuş, lakin hazırda bağlanmışdır. Hazırda istifadə üçün xarakterik hər hansı əlaməti görsənmir. Təxminən 15 metrlik yolun sonunda olan sahədə cavabdehin kirayə verdiyi 3 ev mövcuddur. İddiaçı və cavabdeh qapının iddiaçıdan əvvəl açıldığını, lakin əvvəllər gediş-gəlişin cavabdehin həyətindən keçdiyini bildirdilər.

34. Göründüyü kimi iddiaçı tərəfindən fərdi yaşayış evi əldə olunan zaman artıq mübahisəli qapı mövcud olmuşdur, bu halı iddiaçı özü də etiraf edir.

35. Kollegiya hesab edir ki, məhkəmə bu hissədə iddianın rədd edilməsi barədə əsaslı nəticəyə gəlmişdir, iddiaçı evi alan zaman həmin qapının mövcudluğunu bilmişdir.

36. İddiaçının tələbinin bir hissəsi hasarın təmir olunmasıdır və tələbini onunla əsaslandırmışdır ki, həyətinin hasarının (əks tərəfi cavabdehin həyətinə düşür) aşağı hissəsinə su axıdaraq cavabdeh ona maddi ziyan vurur. Bir neçə dəfə hasarı təmir etdirmiş, lakin hazırda da hasarına suyun axıdılması davam edir.

37. Göründüyü kimi yerində müayinə zamanı cavabdehin istifadəsində olan su xəttinin iddiaçının divarında olması, lakin hazırda bağlanması, istifadə üçün xarakterik hər hansı əlaməti olmadığı müəyyən edilmişdir.

38. İddia tələbinin bu hissəsinin araşdırılması məqsədi ilə Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan yaşayış evlərinin planlı yerləşməsini, yəni yanaşı torpaq sahələrində yerləşdiyini, həyətyanı sahələr arasında ortaq sərhəd hasarı mövcud olduğunu, sərhəd hasarının iddiaçıya məxsus evə tərəf olan hissəsində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, sərhəd hasarının digər tərəfində, yəni cavabdehə məxsus yaşayış evinə tərəf olan hissəsində divarın suvaq qatının altı ilə istilik və su boru xətlərinin çəkildiyini, su borularının keçdiyi sahələrdə nəmlik əlamətləri olduğunu, suvaq qatının töküldüyün, bəzi yerlərdə sökülərək yenidən mala çəkildiyini nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən yaşayış evinin ortaq sərhəd hasarına su sızma nəticəsində ziyan dəydiyi və dəymiş ziyanın sərhəd hasarının 73 saylı yaşayış evi tərəfdə olan hissəsində cavabdeh tərəfindən divarın suvaq qatının altı ilə çəkilmiş istilik və ya su boru xətlərində yaranmış qəza (borunun çatlaması, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsi və s.) nəticəsində əmələ gəldiyi müəyyən olunmuşdur. ünvan 3 ünvanlarda yerləşən yaşayış evlərinin həyətlərini ayıran ortaq hasarın iddiaçının həyətinə baxan tərəfində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 240,0 manat məbləğində müəyyən olunmuşdur.

39. Göründüyü kimi keçirilmiş ekspertiza nəticəsində iddiaçının sahiblik və istifadəsində olan yaşayış evinin ortaq sərhəd hasarına su sızması nəticəsində ziyan dəydiyi və dəymiş ziyanın sərhəd hasarının 73 saylı yaşayış evi tərəfdə olan hissəsində cavabdeh tərəfindən divarın suvaq qatının altı ilə çəkilmiş istilik və ya su boru xətlərində yaranmış qəza (borunun çatlaması, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsi və s.) nəticəsində əmələ gəldiyi müəyyən olunmuşdur.

40. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

41. Qanunvericiliyin tələbinə əsasən məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzinin naturada ödənilməsi və ya vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyini qoya bilər.

42. İddiaçı hazırda hasarın təmir olunmasını tələb etmişdir.

43. Kollegiya işin müəyyən edilmiş hallarını, tərəflərin münaqişəli vəziyyətdə olduğunu nəzərə alaraq, hesab edir ki, iddianın “hasarın təmir olunması” şəklində təmin edilməsi qətnamənin icrasında çətinliklər yarada bilər, ona görə də qanunvericiliyin tələbinə görə vurulmuş zərərin əvəzinin ödənilməsi formasında iddia tələbi təmin edilməlidir.

44. Ekpsert rəyinə görə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 240,0 manat müəyyən edildiyindən Kollegiya ekspert rəyini əsas götürərək, belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və vurulmuş zərərin əvəzi olaraq 240 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2200/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi qismən (hasarın təmir olunmasına aid hissədə iddia tələbinin təmin edilməməsi hissəsində) ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 240 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar