Məhkəmə qərarları › İş №2(103)-2094/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2094/2020

26.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2094/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2566/2019 saylı, 25 noyabr 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Suraxanı Rayon İcra və Probasiya Şöbəsi, ləğv prosesində olan «xxxx» ASC və AR ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb edilməklə cavabdeh “xxxx” MMC-yə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən 05 iyun 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2566/2019 saylı, 25 noyabr 2019cu il tarixli qətnaməsi ilə iddiatələbi rədd edilmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı apelyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında ipoteka ilə yüklü edilmiş əmlak qanunsuz olaraq dörd dəfə hərraca çıxarılmış və ən son 05 iyun 2014-cü il tarixdə ilkin satış qiymətinin enmiş faizi 25% olmaqla son qiyməti 82875 manata “xxxx” ASC-yə satılmışdır. Bundan əlavə, iddiaçı qeyd edir ki, o, hərracda iştirak etməmiş və hərracın keçirilməsinə dair heç bir məlumat əldə etməmişdir. Buna görə də qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Z.Bədəlov apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi F.Cabbarov apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: ünvan 1 cavabdeh İddiaçı “xxxx” ASC ilə bağlamış olduğu kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklüedilmiş, Sabunçu rayon Məhkəməsinin 2(008)-1463/2010 saylı, 18.06.2010-cu il tarixli tarixli qətnaməsinə əsasən iddiaçı «xxxx» ASC-nin iddia tələbi qismən təmin edilərək, «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış 30 aprel 2008-ci il tarixli, 4251 №-li kredit müqaviləsi ləğv edilmiş, 155000 manat əsas borc, 14437 manat faiz borcu, ümumilikdə 169437 manat pul vəsaitinin və 20 manat dövlət rüsumunun İddiaçı alınaraq «xxxx» ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində istifadədə olan 0,01335 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 54,5 kv.metr yaşayış,190,4 kv.metr köməkçi sahədən ibarət 15 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, X4, X5 və X7 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəssindəki 15 A №-li fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması qət edilmişdir. Mülki iş materiallarından aydın olur ki, sözügedən icra sənədinin icrası ilə əlaqədar Suraxanı rayon icra şöbəsinin 17/73 № 3696 saylı, 28.09.2012-ci il tarixli sifariş məktubuna əsasən Sabuncu rayon Məhkəməsinin 2(008)-1463/2010 saylı, 03.10.2011-ci il tarixli və Səbail rayon Məhkəməsinin 2(009)-193/2014 saylı, 04.02.2014-cü il tarixli icra sənədinə əsasən ilkin satış qiyməti 130000 manat miqdarında müəyyən edilmiş borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən hərracın keçirilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 16025 saylı, 26.11.2012-ci il tarixli, 15677 saylı, 22.10.2012- ci il tarixli, 512 saylı 01.03.2014-cü il tarixli və 770 saylı 05.04.2014-cü il tarixli hərrac bildirişlərindən görünür ki, “xxxx” MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini göstərməklə həmin bildirişi həm İddiaçı (borclu), həm də “xxxx” ASC-nə (tələbkar) göndərilmişdir. Bundan başqa aydın olmuşdur ki, mübahisəsi gedən evlə bağlı ilkin hərrac baş tutmadığından evin ilkin satış qiymətindən 15% aşağı, yəni 130000 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın 05.06.2014- cü il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək bildiriş borcluya və tələbkara göndərilmişdir. Poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Eləcə də, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-158 saylı protokol tərtib edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipotekaqoyana verilməsini təsdiqetmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərrac keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə: hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə: hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmus qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəsi gedən evin hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə İddiaçı xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2566/2019 saylı, 25 noyabr 2019cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar