Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2098/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2159/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Əliyeva (Rəhimova) Gülnarə Elman qızı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC və “X1 Mərkəzi” MMC qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “X1 Mərkəzi” MMC-nin Hərrac yekunları barədə Y-835 saylı, xx.xx.2012-ci il tarixli Protokolun surətini ona xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Hərrac sənədləri ilə tanış olarkən məlum olmuşdur ki, “X1 Mərkəzi” MMC ona xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli bildirişlər göndərmiş və həmin bildirişləri onun rəsmi qeydiyyata alındığı ünvana deyil, ipoteka predmeti olan evə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilinə göndərmişdir. Halbuki o, həmin mənzildə heç vaxt yaşamamışdır və bu gün də yaşamır. Həmin mənzildə 1993-cü ildən mənzilini zəbt edib orada məskunlaşmış Şuşa rayonundan məcburi köçkün X11 və onun ailə üzvləri yaşayır. Hərracın keçirilməsini təşkil edən cavabdeh MMC hüquq normalarının tələblərinə əməl etməmiş, hərracın keçirilmə vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi barədə onu məlumatlandırmamış, hərracı gizli keçirərək onunla mübahisəli tərəf olan Cavabdeh2 ASC tərəfindən mənzilin alınmasına dair olmuşdur. Bu səbəbdən, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 11.317 No-li, xx.xx.2011-ci il tarixli hesabatın və “X1 Mərkəzi” MMC-nin hərracın yekunları barədə Y-835 saylı, xx.xx.2012-ci il tarixli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2159/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzilinin 28688 manata “xxxx” ASC-yə satılması haqqında «X1 Mərkəzi» MMC tərəfindən xx xxxx 2012-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-835 saylı protokol bağlandığı andan etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi, «X1 Mərkəzi» MMC tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli hərracın yekunları barədə Y- 835 saylı protokol əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilin Cavabdeh2 ASC-nin mülkiyyətinə keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı qətnamədən və hərrac hərəkətlərindən məlumatlı olmuş, son çarə kimi hazırkı addımı atmışdır. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, onlar 9000 ABŞ dolları məbləğində krediti “xxxx” ASC-dən 2005-ci ildə götürmüşdülər, 7-8 ay ödəniş etmişlər, sonradan bank bağlandığı üçün bankı tapa bilməmişlər. Sonradan onlara məlum olub ki, bu kredit tələbi hazırkı banka güzəşt olunmuşdur. Onların mülkiyyətində olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzil isə 1993-cü ildən qaçqınlar tərəfindən zəbt olunmuşdur. Buna görə də onlar kirayədə qalırdılar, elə krediti də kirayə haqqını ödəmək üçün götürmüşdülər. O, 2019-cu ildə Qaçqın və X13 üzrə Komitəyə qaçqınların onun mənziliindən çıxarılması üçün müracət etmiş, onlar da ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər, məhkəməyə müraciət edəndə isə həmin mənzilin hərracdan satılmasından xəbər tutublar. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriyalı 120906 nömrəli qeydiyyat vəsiqəsinin kserosurətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 19 saylı evin 41 saylı mənzili tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətində olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2-1750/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin kserosurətindən görünür ki, cavabdeh X2 əsas və faiz borcu cəmi 8166,19 ABŞ dolları, dəbbə pulu və hüquqi yardıma görə 2358 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun müqabilində 19,80 manat məbləğində pul alınıb Cavabdeh2 ASC-nə verilməsi, cavabdeh X2 tutulmalı olan məbləğ ipoteka qoyulmuş Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 19 saylı evin 41 saylı mənzilə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq, tələb əldə edilən məbləğ hesabına ödənilməsi qət edilmişdir. “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2011-ci il tarixli 11-317 saylı hesabata əsasən X6 məxsus olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı evin 41 saylı mənzilinin dəyəri - 45.000 manat qiymətləndirilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon İcra Şöbəsinə, tələbkar Cavabdeh2 ASC-yə, borclu X6 göndərilmiş xx.xx.2011-ci il tarixli bildirişdən görünür ki, onlara Suraxanı rayon icraçıları şöbəsinin xx/xx-2319 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri,Yeni Günəşli, “V” yaşayış sahəsində yerləşən 19 saylı evin 41 saylı mənzilinin ilkin satış qiyməti 45.000 manata satılması ilə bağlı xx.xx.2011-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon İcra Şöbəsinə, tələbkar Cavabdeh2 ASC-yə, borclu X6 göndərilmiş xx.xx.2011-ci il tarixli bildirişdən görünür ki, onlara Suraxanı rayon icraçıları şöbəsinin xx/xx-2319 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri,Yeni Günəşli, “V” yaşayış sahəsində yerləşən 19 saylı evin 41 saylı mənzilinin ilkin satış qiyməti 45.000 manata satılması ilə bağlı xx.xx.2011-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. X6 göndərilmiş zərflərin kserosurətindən görünür ki, Gülnarə Rəhimovaya göndərilmiş məktublar “Bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışlar. “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın yekunları barədə Y-835 No-li, xx.xx.2012 protokolun kserosurətinə əsasən Suraxanı Rayon Məhkəməsinin 2-1750/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin icrası ilə əlaqədar Suraxanı rayon İcra Şöbəsinin 17/73No2319 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubuna əsasən X3 mükiyyətində olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı evin 41 saylı mənzili ilkin satış qiyməti 45.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 28.688 manata “xxxx” ASC-yə təklif olunmuş və bank həmin mənzili 28.688 manata almışdır. Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak keçirilən hərraclar zamanı satıldığına görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-1750/2006 saylı, xx.xx.2006cı il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1700/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı cavabdehlər X7 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddianın təmin edilməsi, X4, X12, X8, X9, X5, X10 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzilindən çıxarılması və mənzil İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzili xx.xx.2002-ci il tarixdən X3 mülkiyyətindədir. Həmin mənzil 1992-ci ildən Şuşa şəhərindən məcburi köçkün X11 və ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Həmin vaxtdan 26 il keçməsinə baxmayaraq, cavabdehlər mənzili tərk etməmişlər və hazırda da etmək istəmirlər. Əliyeva (Rəhimova) Gülnarə Elman qızı tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, “X1 Mərkəzi” MMC-nin hərracın yekunlarına dair xx.xx.2012-ci il tarixli, Y-835 No-li Protokoluna əsasən ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzilinin “xxxx” ASC-nə 28.688 manata satılması qərara alınmışdır. “X1 Mərkəzi” MMC-nin Hərracın yekunlarına dair xx.xx.2012-ci il tarixli, Y-835 No-li Protokolunu ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1750/2006 saylı qətnaməsi ilə X2 əsas və faiz borcu cəmi 8166,19 ABŞ dolları, dəbbə pulu və hüquqi yardıma görə 2358 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun müqabilində 19,80 manat məbləğində pul alınıb Cavabdeh2 ASC-nə verilməsi, cavabdeh X2 tutulmalı olan məbləğ ipoteka qoyulmuş Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 19 saylı evin 41 saylı mənzilə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq tələb əldə edilən məbləğ hesabına ödənilməsi qət edilmişdir. Bundan sonra, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2011-ci il tarixli hesabata əsasən iddiaçının mülkiyyətində olan mənzilin dəyəri 45.000 manat qiymətləndirilmiş və mənzil açıq hərracdan satılması üçün “X1 Mərkəzi” MMC-yə təqdim edilmişdir. Mülki iş materiallarından, həmçinin iddiaçının nümayəndəsinin izahatları ilə müəyyən edilmişdir ki, «X1 Mərkəzi» MMC tərəfindən hərrac keçirilərkən iddiaçıya hərracın vaxtı və yeri barədə rəsmi bildirişlər göndərilsə də, həmin bildirişlər ona çatdırılmamış və hərrac onun iştirakı olmadan həyata keçirilmişdir. Cavabdeh bank apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddiaçı hərracdan məlumatlı olmuşdur. “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti “İpoteka haqqında” Qanunun 42-ci maddəsi ilə tənzimlənir. «İpoteka haqqında» AR Qanununun həmin vaxt qüvvədə 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda eləcə də ipoteka saxlayan və ipoteka qoyanın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, onlar krediti “xxxx” ASC-dən götürmüş, 7-8 ay ödəniş etmişlər, sonra həmin bankı tapa bilməmişlər. İndi məlum olub ki, bu kredit tələbi hazırkı banka güzəşt olunmuşdur. İpotekada olan əmlakları 1993-cü ildən qaçqınlar tərəfindən zəbt olunduğu üçün o, 2019-cu ildə Qaçqın və X13 üzrə Komitəyə qaçqınların onun mənziliindən çıxarılması üçün müracət etmiş, onlar da ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər, məhkəməyə müraciət edəndə isə həmin mənzilin hərracdan satılmasından xəbər tutublar. Eyni zamanda iş materiallarından görünür ki, icra sənədinin verilməsinə əsas olmuş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi çıxarılarkən, cavabdeh Gülnarə Rəhimova məhkəmə iclasında iştirak etməmişdir. Bütün bu hallar onu göstərir ki, iddiaçının nə hərracın keçirilməsinə əsas olmuş qətnamənin qəbul edilməsindən, nə də ki, hərracın keçirilməsindən xəbəri olmamışdır. “İpoteka haqqında” Qanunun 43.7-43.9-cu maddəsinə əsasən Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Rayon məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixə təyin edilmiş təkrar hərrac alıcı olmadığı üçün həmin tarixdə baş tutmamış elan edilsə də, ipoteka predmeti yalnız xx.xx.2012-ci il tarixdə tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. Halbuki Qanunun yuxarıda göstərilən tələbinə əsasən ipoteka saxlayan həmin əmlakı 30 gün müddətində, yəni xx.xx.2011-ci il tarixədək əldə edə bilərdi. Hazırkı işdə ipoteka saxlayan isə əmlakı 6 aydan sonra əldə etmişdir. Bundan başqa, rayon məhkəməsi müəyyən etmişdir ki, hərrac təşkilatı eyni zamanda 47.4-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, “İpoteka haqqında” AR Qanununun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçıdan bankın xeyrinə cəmi 10524,19 ABŞ dolları məbləğində pul tutulmuşdur. Həmin dövrün məzənənsinə görə (mənzil banka satılan vaxt - 2012-ci ilin mart ayı) 1 ABŞ dolları təxminə 0,78-0,80 manat təşkil edirdi. Belə olan halda Gülnarə Rəhimovadan tutulmalı olan borc 8000-8500 manat arası təşkil edirdi. Lakin hərracın yekunları barədə protokoldan görünür ki, mənzil 28688 manata satılsa da, borc çıxıldıqdan sonra yerdə qalan məbləğin ipoteka qoyana qaytarılması müəyyən olunmur. Yəni mənzil banka 28688 manata satılsa da, iddiaçının bank qarşısında borcu cəmi 8000-8500 manat təşkil edir. Bu səbəbdən həmin borc məbləği mənzilin satış qiymətindən çıxıldıqdan sonra yerdə qalan məbləğ bank tərəfindən iddiaçıya qaytarılmalı idi, lakin bank bu vəsait iddiaçıya qaytarmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya hərracın keçirilməsinə dair bildiriş çatdırılmadığından və onun hərracda iştirak etmək imkanı təmin olunmadığından rayon məhkəməsi hazırkı iddia tələbinin qismən təmin edilməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili üzrə bank biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2159/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2098/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2098/2021
31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver