Məhkəmə qərarları › İş №2(103)-2098/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2098/2022

11.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2098/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “fərdi yaşayış evinə məxsus qarajların istifadəyə tanınması və qarajdan özbaşına istifadə etmənin cavabdehə qadağan edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2678/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh1 qarşı fərdi yaşayış evinə məxsus qarajların istifadə tanınması və qarajdan özbaşına istifadə etmənin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi, 2 nömrəli fərdi yaşayış evinin qarajlarının iddiaçının istifadəsinə tanınması və qarajlardan özbaşına istifadə etmənin Cavabdeh1 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi, 22 nömrəli fərdi yaşayış evində 1989-cu ildən 7 nəfərdən ibarət öz ailə üzvləri ilə yaşayırlar. Onların qonşuluqlarında yerləşən X1 ailəsinin qeydiyyatsız yaşadığı 7-ci Buxta küçəsi 2 nömrəli özbaşına tikili 09.03.1995-ci ildə yanaraq sıradan çıxmışdır. X1 həyat yoldaşı X15 yanmış boş mənzili və mənzilə məxsus olan 2 qarajı 1998-ci ildə ona satmış və bununla bağlı mənzilin hüquq müəyyənedici sənədləri olmadığından alqı-satqını rəsmiləşdirə bilməmişlər. Sonra onun atası yanmış mənzili X1 həyat yoldaşı X7 razılığı ilə bərpa edərək tikintinin öz adlarına sənədləşdirilməsi üçün ərizə ilə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısına müraciət etmişlər. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının mənzil məsələlərinə dair komissiyasının 22.04.1994-cü il tarixli pr12 nömrəli rəyi ilə təsdiq edilərək onu mənzil növbəsinə götürmüşlər. Sonra mənzil Səbail RİH-nin yaşayış fonduna daxil edilmiş və ona sığınacaq kimi verilmişdir. Mənzilin və mənzilə məxsus olan 2 qarajın da onlara mənzillə birlikdə satılması mənzilin ilkin sahibi X2 həyat yoldaşı X7 yazdığı ərizədə öz əksini tapmışdır. Belə ki, X2 həyat yoldaşı X15 mənzilin onlara satılması ilə bağlı ərizəsində göstərmişdir ki, o, yaşadığı evin, yəni Bayıl qəsəbəsi, Buxta küçəsi, ev 2 və evin qarşısında olan 2 qarajı ilə birlikdə ona satıb pulunu da almışdır. Yaşadığı ev və 2 qaraj ona məxsusdur. Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi, 2 nömrəli fərdi yaşayış evi və evlə birlikdə qaraj mənzilin əsl sahibi X1 həyat yoldaşı X15 tərəfindən ona satılmış və mənzil onun valideynləri tərəfindən təmir edilərək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.04.1998-ci il 557 nömrəli sərəncamı ilə ona verilmişdir. Amma buna baxmayaraq iş üzrə cavabdeh hansı ki, mənzilə və qaraja heç bir aidiyyəti olmayan Cavabdeh1 qanunsuz olaraq qaraja daxil olaraq qarajdan istifadə edir. Bununla belə dəfələrlə cavabdehə irad bildirsələr də, lakin bu heç bir nəticə vermir. Cavabdeh daha da bu məsələni ciddiləşdirərək üzərlərinə güc tətbiq etmək istəmişdir. Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi, 2 nömrəli fərdi yaşayış evi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.04.1998-ci il 557 nömrəli sərəncamı ilə ona verilməsinin göstərilməsinə baxmayaraq, evə məxsus qarajın ona verilməsi sərəncamda göstərilməmişdir. Amma buna baxmayaraq evlə birlikdə qarajın da onlara satılması ilə iş üzrə üçüncü şəxs qismində cavabdeh olaraq göstərilmiş şəxs mənzilin əsl sahibi X1 həyat yoldaşı X15 tərəfindən yazılmış ərizədə mənzillə birlikdə 2 qarajında onlara satıldığı göstərilmişdir. Onlar artıq 1998-ci ildən bu günədək 23 ildir ki, qeyd olunan mənzildən və qarajdan fasiləsiz və etirazsız istifadə edirlər, amma buna baxmayaraq son 5-6 ay müddətdir ki, iş üzrə cavabdeh əsassız və qanunsuz olaraq onların qarajdan istifadə etməsinə maneə yaradır. 23 ildir ki, aldıqları mənzillə birlikdə mənzilə məxsus qarajlardan fasiləsiz etirazsız istifadə etdikləri üçün və qarajlar mənzilin əsl sahibi tərəfindən ona satıldığı üçün onun istifadəsinə tanınmalı və cavabdeh tərəfindən qarajlardan özbaşına istifadə etməsinə qadağan edilməlidir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2678/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Şahin Abdullayev).

4. Həmin qətnamədən narazı qalan iddiaçı iddia tələbinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları:

5. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi.

6. Kollegiya iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmi edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

7. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

8. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, anadan olduğu 1966-cı ildən İradə gilin qonşuluğunda yaşayır, ağılı kəsdiyi vaxtdan qarajı İradənin atasına məxsus olmasını görmüş, qarajda İradənin atası ölən günədək öz avtomaşını saxlamışdır. Arzu evi Mayagülə satmışdır, orada evin altında bir qaraj, evdən kənarda isə iki qaraj var, biri Arzunun atasının, biri isə Taqib kişinin.

9. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, İradə gilin qonşuluğunda yaşayır, oraya 2001-ci ildən gəlmişdir, gəldiyi vaxtdan qarajdan İradənin atası Taqib kişinin istifadə etdiyini və avtomaşını saxladığını görmüşdür, rəhmətə getdikdən sonra qarajın açarı İradədə olmuş, İradə fiziki qüsurlu olduğu üçün avtomaşını ilə birlikdə onu müvafiq yerlərə aparıb gətirir, bir il olar ki, İradə həmin qarajda ona məxsus avtomaşını saxlamağa icazə vermişdir, heç bir təmənna olmadan.

10. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının 22.04.1998-ci il tarixli, 557 nömrəli sərəncamın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, M.Yolçuyeva 1989-cu ildən 7 nəfər ailə üzvü ilə (özü, atası, anası, 3 qardaşı, bacısı) 7-ci Buxta döngəsi, y/sahəsi 34,6 kv.m. olan 22 No-li özbaşına tikilidə yaşayır. Onların qonşuluğunda yerləşən əvvəllər mərhum X3 ailəsinin qeydiyyatsız yaşadığı 7-ci Buxta küçəsi, 2 No-li özbaşına tikili 09.03.1995-ci ildə baş vermiş yanğın nəticəsində tam yanmışdır. Mərhumun h/yoldaşının razılığı ilə M.Yolçuyeva atası tərəfindən bərpa edilmiş tikilinin öz adına sənədləşdirilməsini xahiş etmişdir.Səbail rayon İHB-nın mənzil məsələlərinə dair komissiyasının 22.04.1998-ci il tarixli (pr.No12) rəyin təsdiq edilməsi və M.Yolçuyeva yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi, 7- ci Buxta küçəsi, 2 No-li özbaşına tikili rayon İH-nin yaşayış fonduna daxil edilməsi, 7-ci Buxta küçəsi, 2 No-li evi sığınacaq kimi X8 verilməsi qərara alınmışdır.

11. İş üzrə X12 tərəfindən yazılmış ərizədən görünür ki, o, yaşadığı evi, yəni (Bayıl qəsəbəsi, 7-ci Buxta, ev 2) şəxsi evini, evin qarşısındakı 2 qarajı ilə birlikdə X6 1998-ci ildə satıb pulunu da almışdır. Yaşadığı şəxsi ev və 2 qaraj Yolçuyeva Mayagülə məxsusdur. Hüquqi dəyərləndirmə:

12. Kollegiya iş materialları əsasında və məhkəmə prosesi zamanı müəyyən etmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.04.1998-ci il tarixli 557 saylı sərəncamı ilə iddiaçı ailəsi ilə birlikdə (7 nəfər – özü, atası, anası, 3 qardaşı, bacısı) Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta döngəsi, yaşayış sahəsi 34,6 kv.m olan 22 No-li özbaşına tikilidə yaşamışlar. Onun qonşuluğunda yerləşən əvvəllər mərhum X3 ailəsinin qeydiyyatsız yaşadığı 7-ci Buxta küçəsi, 2№-li özbaşına tikili 09.03.1995-ci il tarixdə baş vermiş yanğın nəticəsində tam yanmışdır. X14 həyat yoldaşının razılığı ilə iddiaçı atası tərəfindən bərpa edilmiş tikilinin öz adına sənədləşdirilməsini xahiş etmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.04.1998-ci il tarixli 447 saylı sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinin mənzil məsələlərinə dair komissiyanın 22.04.1998-ci il tarixli 12 №-li rəyi təsdiq edilərək iddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş, 7-ci Buxta küçəsi, 2№-li özbaşına tikili rayon icra hakimiyyətinin yaşayış fonduna daxil edilmiş və həmin evi sığınacaq kimi iddiaçıya verilmişdir. İddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta küçəsi, 2№-li evin qarşısında özbaşına inşa edilmiş qarajlar yerləşir və həmin qarajlardan biri hazırda cavabdehin istifadəsindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən və apellyasiya şikayətinin məzmunundan görünür ki, 2 qaraj hazırda yaşadığı evin sahibi olmuş mərhum Qurban Hümbətov tərəfindən 1998-ci ildə ona satılmışdır. Lakin, cavabdeh onun razılığı və icazəsi olmadan həmin qarajları zəbt etmişdir. Bu səbəbdən iddiaçı həmin qarajlara onun istifadə hüququnun tanınması və həmin qarajlardan özbaşına istifadənin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Kollegiya ilk növbədə mübahisəli qarajlara iddiaçının istifadə hüququnun tanınması tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə onun tələbinin əsassız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət doğru olmuşdur.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

15. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

16. Həmin Məcəllənin 152.1-ci maddəsiən əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

18. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və qeyd edilən hüquq normalarının tələblərinə əsasən vurğulayır edir ki, qanunun tələbinə əsasən istifadə hüququ mülkiyyət hüququnun ünsürü olmaqla əmlakdan istifadənin bir formasıdır. Hazırki mübahisə üzrə mübahisəli əmlaklar – qarajlar daşınmaz əmlaklar olduğu üçün həmin əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Nəzərə alsaq ki, mübahisəli qarajlar özbaşına tikilidir və qanun özbaşına tikili üzərində hər hansı hüququn tanınmasına yol vermir, həmin əmlak üzərində iddiaçının istifadə hüququnun tanınması yolverilməzdir. Bu səbəbdən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia tələbinin mübahisəli qarajlar üzərində iddiaçının istifadəsinin (istifadə hüququnun) tanınması hissəsində rədd edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

19. Kollegiya iddia tələbinin apellyasiya şikayətinin mübahisəli qarajdan cavabdehin özbaşına istifadəsinin qadağan edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələbinin əsassız hesab edilməsi doğru olmuşdur. Belə ki, AR Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır.

20. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur.

21. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.

22. Kollegiya qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli qarajlar eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və onlar özbaşına tikili statusuna malik olması, onlardan istifadə ilə əlaqədar məhkəmədə iddia qaldırmağı məhdudlaşdıran hal kimi qəbul edilə bilməz.

23. AR Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir.

24. Həmin Məcəllənin 158.1-ci maddəsiən əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

25. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən bu hüquqların xüsusiyyəti ondadır ki, onlar mülkiyyətçi olmayan şəxslərə də mənsub olurlar. Mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Bununla yanaşı kollegiya qeyd edir ki, hər hansı əşya barəsində onun öz sahibləri istifadə etmək səlahiyyətlərini həyata keçirə bilərlər və bu səbəbdən əmlakın həqiqi sahibi digər şəxsin həmin əmlak barəsində həyata keçirtdiyi özbaşına istifadəyə son qoyulmasını tələb edə bilər.

26. Kollegiya qeyd edir ki, iddiaçı mübahisəli qarajların X9 pul ödənilməklə almasını iddia tələbində və apellyasiya şikayətində bildirsə də, həmin qarajın aldığı vaxtdan cavabdehin atasının istifadəsində olması iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsindəki izahatı ilə etiraf edilmişdir.

27. Kollegiya əvəzli surətdə alınan əmlak üzərində uzun müddət ərzində iddiaçının sahiblik hüququnun həyata keçirilməməsini onun həmin əmlak üzərində sahiblik hüquqlarına malik olmaması kimi qiymətləndirir və əmlakın əvəzli surətdə əldə olunması barədə iddiaçının dəlillərini ağlabatan və məntiqli hesab etmir.

28. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş şəxslər mübahisəli qarajın məhz cavabdehin atasına məxsus olması və həmin qarajdan yalnız onun istifadə etməsini göstərmişlər.

29. AR Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Qanunun tələbindən də göründüyü kimi sahibilk hüququ əmlaka faktiki sahibliyin həyata keçirilməsidir. İş materialları və məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, mübahisəli qaraj uzun müddətdir ki, cavabdehin sahibliyindədir. İddiaçı həmin qarajların cavabdehin qanunsuz sahibliyində olmasını iddia tələbində və apellyasiya şikayətində bildirsə də, bu halları da təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

31. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Beləliklə, kollegiya hesab edir ki, fərdi yaşayış evinə məxsus qarajların istifadəyə tanınması və qarajdan özbaşına istifadə etmənin cavabdehə qadağan edilməsi tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

34. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan ləğv edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

37. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2678/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar