Məhkəmə qərarları › İş №2(103)-2099/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2099/2023

12.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2099/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 Acıq Səhimdar Cəmiyyəti ("xxxx" Acıq Səhimdar Cəmiyyəti), Cavabdeh1, Azərbaycan Respublikası Mərkəzi Banka və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komissiyası yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: ipoteka yüklülüyünə xitam verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Arifli Şamxal Mehdi oğlunun iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(006)- 152/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "Aqana Servis” MMC ilə İddiaçı Ağazər oğlu arasında 15 yanvar 2010-cu ildə MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr. 558.566-cı məhəllə L.İmanov-5 ünvanda tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsi bağlanmışdır.

2. "Aqana Servis” MMC tərəfindən 31 mart 2011-ci ildə verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr. 558.566-cı məhəllə L.İmanov-5 ünvanda inşa edilən yaşayış binası "Aqana Servis” MMC-yə məxsusdur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 864 kv metrolan qeyriyaşayış sahəsinə görə İddiaçı Ağazər oğlunun "Aqana Servis” MMC-yə maliyyə borcu yoxdur.

3. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2 (82)-2370/2013 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində sahəsi 864 kv metrolan qeyriyaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınaraq reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci il tarixli 2-1(103)-2688/2018 saylı qərardadı ilə İddiaçı Ağazər oğlunun ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati iş üzrə İddiaçı Ağazər oğlu 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 3-cü şəxs İddiaçı Ağazər oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2in(82)- 2370/2013 saylı qərarı ləğv edilmiş, iş üzrə qərardad qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 mat 2019-cu il tarixli 2-1(81)- 2011/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (3-cü şəxs İddiaçı) ünvan 2 ünvanında yerləşən çoxmərtəbəliyaşayış binasının birinci mərtəbəsində sahəsi 864 kv metr olan qeyri-yaşayış sahəsinə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(81)-2011/2019 saylı işi üzrə icraata xitam verilmişdir.

6. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 18 iyul 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Sözügedən əmlak 25 oktyabr 2013-cü il tarixində "Bank Silk Way” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)- 2370/2013 saylı 15 avqust 2013-cü il tarixli qərarına əsasən daşınmaz əmlak dövlət reyestrində Cavabdeh1 adına olan mülkiyyət hüququna 17 iyul 2019-cu ildə xitam verilmişdir.

7. ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində arxiv materiallarına əsasən ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və "Bank Silk Way ” ASC-nin (hazırkı Premium Bank) 24 oktyabr 20136-cü il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir.

8. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "Bank Silk Way” ASC arasında 07 oktyabr 2013-cü ildə kredit müqaviləsi bağlanmışdır. 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüquqi ilə məxsus, ünvan 5 ünvanında yerləşən 835,7 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur.

9. ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, reyestr kitabına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2- 1(81)2011/2019 saylı qərardadı ilə ərizə qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2370/20136 saylı 15 avqust 2013-cü il tarixli qərarın icrasına geriyə dönüş edilmişdir. Sözügedən ünvanın üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatı (çıxarış) ləğv edlmişdir.

10. Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli mənzil tikintisi və alqısatqısına dair müqavilə etibarsız hesab edilmişdir.

11. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 150/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2-1 (81 )- 2011 /2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013cü il tarixli 2in(82)-2370/2013 saylı qərarının icrasına geriyə dönüş edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi 5 ünvanında yerləşən, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki sahəsi 864 kv metr olan qeyriyaşayış sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı (çıxarış) ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra–“iddiaçı”) iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 6 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində 25 oktyabr 2013-cü il tarixdə "Bank Silk Way” ASC-nin xeyrinə yüklü edilmiş ipotekaya xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və "Bank Silk Way” ASC-nin 24 oktyabr 2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə bağladığı alqı-satqı müqaviləsi əsasında ünvan 7 ünvanında yerləşən 5 nömrəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini ******* manat müqabilində həmin şirkətdən satın almışdır. Müqavilənin dəyərini hissə-hissə olmaqla xx.xx.2011-ci il tarixədək ödəmiş və bundan sonra həmin əmlaka görə şirkətə hər hansı borcunun olmaması barədə "xxxx" MMC tərəfindən ona 02/04 nömrəli maliyyə arayışı verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə əlaqədar bütün danışıqlar "xxxx" MMCnin direktoru olan Cavabdeh1 ilə aparılmış, sənədləşmə işləri onun tərəfindən həyata keçirilmiş, müqaviləni və maliyyə arayışını Cavabdeh1 imzalayaraq ödənişləri o, qəbul etmişdir. Həmin vaxtdan bu günə kimi qeyri- yaşayış sahəsi onun sahibliyində olmuşdur və qeyri-yaşayış sahəsini tam təmirsiz vəziyyətdə almışdır. 2016-cı ilin yay aylarından həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmağa başlamış, təmir işləri 2017-ci ilin dekabr ayında başa çatmışdır. Həmin obyektin təmirinə o, külli miqdarda vəsait xərcləmişdir. Obyekt istifadəyə verildiyi gündən bu günə kimi restoran kimi fəaliyyət göstərir. Satıcı şirkətlə onun arasında olan razılaşmalara əsasən qeyri-yaşayış sahəsinin sənədləşmə işləri "xxxx" MMC tərəfindən həyata keçirilməli, bina istismara qəbul edildikdən sonra bu barədə ona müvafiq sənədlər təqdim edilməli və bundan sonra o, DƏDRX-ə müraciət edib çıxarış almalı idi. Bununla əlaqədar olaraq Cavabdeh1lə dəfələrlə əlaqə saxlasa da o, kifayət qədər pul olmadığına görə binanın istismara qəbul edilməsinin hələki mümkün olmadığını bildirmiş, lakin tezliklə bu məsələni həll edəcəyinə dair vədlər versə də, sənədləşmə işi hələ də həll edilməmişdir. 2018-ci ilin aprel ayında "xxxx" ASC-nin (bundan sonra – “Bank”) (əvvəlki adı "xxxx" ASC) əməkdaşları sözügedən qeyri-yaşayış sahəsinə gələrək obyektə baxış keçirmək istədiklərini bildirmişdir. O isə əmlakın ona məxsus olduğunu onlara demiş və buna görə də obyektə baxış keçirilməsinə etiraz etmişdir. Həmin şəxslər isə ona bildirmişdir ki, onların əlində olan sənədlərə əsasən bu əmlak ona yox, Cavabdeh1 adlı şəxsə məxsusdur, Cavabdeh1 tərəfindən bu əmlak Bankda ipoteka ilə yüklü edilmişdir. Bundan sonra isə dərhal bu məsələyə aydınlıq gətirmək üçün "xxxx" MMC-nin direktoru Cavabdeh1lə əlaqə saxlayaraq onunla görüşmüşdür. Həmin vaxt Cavabdeh1 hər şeyi ona etiraf edərək göstərmişdir ki, onun yüksək məbləğdə pula ehtiyacı olub. Təminatsız heç bir bank ona pul vermədiyinə görə məcbur qalıb "xxxx" MMC ilə sözügedən qeyri-yaşayış sahəsinə dair formal olaraq müqavilə bağlamış və sonra məhkəmə qərarı əsasında həmin əmlaka Çıxarış almışdır. Bundan sonra isə yenidən Banka müraciət edərək və həmin obyekti adıçəkilən bankda ipoteka ilə yüklü edərək bankdan yüksək məbləğdə kredit götürməyə nail olmuşdur. Bankın əməkdaşları da bu məqsədlə girovda olan əmlaka baxış keçirməyə gəlmişdir. Bu danışıqların sonunda isə Cavabdeh1 ona söz vermişdir ki, qısa müddət ərzində krediti ödəyib borcu bağlayacaq, obyekti girovdan çıxarıb onun adına keçirəcəkdir. Lakin 2018-ci ilin noyabr ayında yenidən qiymətləndirmə şirkətinin əməkdaşları obyektə gələrək əmlaka baxış keçirmək istəmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh1 hələ də banka olan kreditini ödəməmiş, hətta bank buna görə məhkəməyə də müraciət etmişdir. Cavabdeh1 tərəfindən bu qanunsuzluqlar aradan qaldırılmadığına görə o, hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, "Aqana Servis” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alqısatqısına dair müqavilə etibarsız əqddir. Buna görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa "Aqana Servis” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilənin etibarsız əqd olmasını təsdiq edən hallardan biri də həmin müqaviləni formal olaraq hər iki tərəfdən eyni şəxsin (Cavabdeh1) imzalaması və real bazar dəyəri ******* manat olan əmlakın qiymətinin mübahisələndirilən müqavilədə 367000 manat göstərilməsidir. Yəni MMC-nin direktoru olan Cavabdeh1 hər iki tərəfdən müqaviləni imzalamaqla daha əvvəl satılmış və dəyəri ******* manat olan əmlakı 367000 manata yenidən öz adına sənədləşdirmişdir.

16. Cavabdeh Bankın nümayəndəsi Vəlişova Leyla Nazim qızı iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətrnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatını onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli, KBO13-1545 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən ASC-yə 718 gün müddətinə, illik 5,25 faiz ödəməklə ******* (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun xx.xx.2015-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək əsas borcun ödənilmə tarixi xx.xx.2016-cı iı tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik faiz 3,7 faiz müəyyən edilmiş, kredit üzrə əsas borcun 2016-cı ilin aprel ayının sonundan başlayaraq hər ay bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi barəsində xx.xx.2013- cü il tarixli, İBO13- 1545/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqavilələri qanunvericiliyə müvafiq qaydada notarius tərəfindən təsdiq edilmiş və ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır (İpoteka yüklülüyünə dair Çıxarış: Seriya RX, N° 0268630). Həmin əmlak üzrə iddiaçı Bankda da ipoteka saxlayan olduğundan cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın sonrakı ipoteka predmetlərinə yönəldilməsi və qeyri-yaşayış sahələrinin boşaldılmaşı” tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, Mərkəzi Bank isə ipoteka predmetləri barədə ilkin ipoteka saxlayan olduğundan müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulmuşdur. İş hazırda həmin məhkəmənin icraatındadır.

18. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilərək, ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və ASC-nin xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə «Aqana Servis” MMC arasında bağlanmış 15 yanvar 2010-cu il tarixli müqaviləyə əsasən «Aqana Servis” MMC iddiaçıya müqaviləyə əsasən ünvan 7 ünvanında inşa edilən, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 864 kv metr qeyri - yaşayış sahəsi “Sifarişçi”-yə verməyi, “Sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 558.566-cı məhəllə L.İmanov 5 ünvanında inşa edilən yaşayış binası binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 864 kv metr olan qeyri-yaşayış sahəsinə görə İddiaçı "xxxx" MMCyə maliyyə borcu yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMCnin direktoru Cavabdeh1 qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə xx.xx.2010-cu il tarixdə müqavilə bağladıqdan və şərtləşdirilmiş məbləği tam aldıqdan sonra, həmin qeyri-yaşayış sahəsinin satılması ilə bağlı 02 dekabr 2011- ci il tarixdə yeni müqavilə bağlamışdır. Eyni zamanda müqavilə formal olaraq hər iki tərəfdən eyni şəxs (Cavabdeh1) tərəfindən imzalanmışdır. Bu səbəbdən Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli mənzil tikintisi və alqısatqısına dair müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi etibarsız hesab olunan xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında bağlanmışdır. Alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi təqdirdə sonrakı əqdlərin hamısı etibarsız sayılır. Belə ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə; maddə 337.4.). Həmin ipoteka müqavilələri xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin nəticəsi kimi çıxış edir. Alğı-satqı müqaviləsi etibarsız olduğuna görə onun heç bir qanuni nəticələri ola bilməz. Bundan başqa iş materiallarında qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur ki, iddiaçının tələbi tam aydın, əsaslı və qanuna müvafiqdir.

20. 22.05.2019-cu il tarixli, 2(006)-1950/2019 saylı xüsusi qərardadı ilə (hakim Səməd Cəfərov) "Aqana Servis” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə ilə əlaqədar Cavabdeh1, habelə digər şəxslərin əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi və bu məqsədlə qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cü, Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 331.1, 337.2, 337.4, 337.5, 339.3, 405.1, 406.3 və 407.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. Qətnamədən narazı qalan "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi, təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə qeyd olunan maddi sübuta heç bir münasibət bildirməmiş və bununla MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş və qətnamənin nəticə hissəsində qeyd etmişdir ki, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda, formal mülahizələrə əsasən qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Belə olan təqdirdə birinci instansiyası məhkəməsi sübutları məcmu halda qiymətləndirərək, məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli monitorinq aktına dair sübut qismində heç bir istinad verməmişdir. Məhkəmə qətnamənin hallarını əsaslandırarkən yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad etmiş və bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə riayət etməmişdir. Eyni zamanda, ipoteka saxlayan kimi Cavabdeh3 ASC-nin (əvvəlki adı "xxxx" ASC) maraqlarının pozulmasına səbəb olan şəraitin yaradılmasına səbəb olmuşdur. İddia ərizəsində qeyd edilənlərlə bağlı qeyd edilmişdir ki, Cavabdeh3 ASC ilə hazırki iş üzrə tərəf olmayan Nağıyev Azad Xanlar oğlu ilə bağlanılmış xx.xx.2013-cü il tarixli, 161/MB-KM0013 saylı “kredit müqaviləsinə” əsasən, ona illik 6.25%-lə, 24 ay müddətinə, 2.500.000 manat məbləğində kredit verilmiş, təminatı olaraq xx.xx.2013-cü il tarixli, 161/MB-SİM1-0013 saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh1a məxsus olan və ünvan 10 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 835.7kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi Bank tərəfindən yüklü edilməmişdən əvvəl xx.xx.2013cü il tarixli, İBO13-1545/2 saylı ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Öhdəliklərin lazimi qaydada icra edilmədiyi səbəbindən Azad Nağıyev tərəfindən Cavabdeh3 ASC-yə borcun qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və qeyri-yaşayış sahələrinin boşaldılması tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırılmışdır. Həmin işə Yasamal Rayon Məhkəməsində baxılan zaman xx.xx.2016-cı il tarixli monitorinq aktı təqdim edilmiş və iddiaçının yuxarıda göstərilən əqdin mübahisələndirilməsi hüququnun həmin andan tanınması və Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq iddia müddətinin hesablanmasını məhkəmədən xahiş etmişdir. Belə ki, həmin tarixdə əmlakın monitorinqi aparılmış, fotolar çəkilmişdir. Həmin vaxtı aparılmış monitorinqdən, foto çəkilişlərdən iddiaçının məlumatsız olması inandırıcı deyil. Buna görə də, hesab edilməlidir ki, iddiaçı xx.xx.2016-cı il tarixdən iddia etdiyi hüquqların pozulmasından məlumatlı olmuş, lakin uzun müddət məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi əqdlərin etibarsızlığı barədə bir illik iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyini əsaslandırmaq üçün bildirmişdir ki, iddiaçı həmin əmlakı aldığı zaman təmirsiz olduğu üçün bankın əməkdaşları həmin obyektə monitorinq aparılması üçün gələn zaman təmir işləri görüldüyü səbəbindən iddiaçının monitorinqdən guya xəbəri olmamışdır. Məlumdur ki, iddiaçı həmin qeyri-yaşayış sahəsinə 2011-ci ildə sahib olmuşdur. Həmin vaxtdan 2016cı ilə qədər 5 ildən artıq vaxt keçmişdir ki, bu uzun müddət ərzində kiçik həcmli obyekt üçün təmir işlərinin görülməməsi heç inandırıcı deyildir. Cinayət işi üzrə Cavabdeh1 barəsində tərtib edilmiş ittiham aktında İddiaçı şahid qismində verdiyi ifadəyə istinadən, "xxxx" MMC tərəfindən tikilmiş çoxmənzilli binanın birinci mərtəbəsini 4.5000.000 manata əldə etdiklərini və xx.xx.2011-ci il tarixdə bütün borcları ödədiyini bildirmişdir. Daha sonra, 2014-cü ildə tikintiyə başladıqlarını və 2017-ci ilin dekabr ayından başlayaraq “Metropol NK” restoran kimi fəaliyyətə başladıqlarını bildirmişlər. Halbuki, məhkəmə kollegiyası həqiqətən də iddiaçının restoran fəaliyyətinə 2017-cı ildə başladıqlarını müvafiq vergi qurumuna sorğu verməklə dəqiqləşdirə bilərdilər ki, bunu etməmişlər. Digər tərəfdən Cavabdeh3 (keçmiş: "xxxx" ASC) ASC-nin əməkdaşları 2016-cı ilin sentyabr ayında obyektdə fotoşəkillər çəkilməsi üçün monitorinq aparılması üçün gəldikdə, həmin obyektdə çalışan şəxslər belə İddiaçı bu barədə məlumat vermiş ola bilərdilər ki, birinci instansiya məhkəməsi də bunu nəzərə almamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 ASC-nin Nağıyev Azad Xanlar oğlu ilə xx.xx.2013-cü il tarixli, 161/MB-KM- 0013 saylı ipoteka müqaviləsi imzalanarkən “İpoteka haqqında” Qanunun tələblərinə müvafiq olaraq ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, ipoteka ilə yüklü edilən qeyri-yaşayış sahəsinin qeydiyyat sənədlərinin notarius tərəfindən yoxlanılması nəticəsində mülkiyyətçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən yoxlanıldığı məlumdur. Buna görə də, Nağıyev Azad Xanlar oğlu tərəfindən yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin başqa şəxsə satılmağından bank əməkdaşlarının xəbəri olmamışdır və bu məlumatı əldə etmək belə imkanı ola bilməzdi. Bununla da, bankın maraqlarının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığı qətnamənin mətnindən açıq-aydın görünür. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisənin düzgün araşdırılması üçün Konstitutsiya Məhkəməsinin Plenumunun bəzi mühüm əhəmiyyətli Qərarlarını nəzərə almalı idi. Birinci instansiya məhkəməsi Cavabdeh3 ASCnin ipoteka saxlayan kimi hüquqları vicdanlı əldə edən olmasını nəzərə almamış, iddiaçının ifadələri və hakimin formal mülahizələri əsasında qətnamə qəbul edilmişdir. İddiaçı özü obyektin ipoteka ilə yüklü olmasını 2018-ci ilin aprel ayında bildiyi halda buna razılıq vermiş, gözləməklə təsdiqedici hərəkətlər etmişdir. Digər tərəfdən, əgər iddiaçı restoran fəaliyyətinə həqiqətən də 2017-ci ilin dekabr ayında başlamışdırsa və xx.xx.2016cı il tarixdə Cavabdeh3 ASC-nin əməkdaşlarının monitorinq aparmasından xəbəri olmamışdırsa, necə ola bilər ki, daşınmaz əmlaka görə vergi vermədən sahibkarlıq fəaliyyəti ilə məşğul olsun? Həmçinin, vergi orqanı həmin şəxsin fəaliyyət göstərdiyi qeyriyaşayış sahəsinə dair səyyar və ya kameral vergi yoxlaması apara bilərdi ki, 1 ildən çox müddət ərzində vergi hesablanması və sair işlər görülən zaman iddiaçının qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın alınıb-alınmamasından xəbəri olmasın. Yuxarıda qeyd edilən məsələlər, xüsusilə də əqdlərin etibarsızlığı və işin digər halları tərəfimizdən təqdim edilmiş etiraz ərizəsində göstərilsə də birinci instansiya məhkəməsi bu etirazımıza öz qətnaməsində münasibət bildirməmişdir.

24. Qətnamədən narazı qalan Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mərkəzi Bankın ipoteka predmetinə münasibətdə vicdanlı ipoteka saxlayan olduğunu araşdırmamışdır. Məhkəmə araşdırmamışdır ki, Mərkəzi Bank əmlak ipoteka ilə yüklü edilərkən hər hansı üçüncü şəxsin bu əmlaka dair mübahiəsinin olacağını bilmirdi, bilməsi ehtimal edə bilməzdi. Dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdalı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Məhkəmə bu hala qiymət verməmişdir. Əşya üzərində mülkiyyət, habelə ipoteka və.s kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reystrə daxil edilməyibsə, vicdalı əldə edən hesab edilir və onun hüquqları qorunur. Məhkəmə bu hala qiymət verməmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4372/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadiqov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

27. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinin əsasını təşkil edən sübutlar və dəlillər hazırki işə mülki qaydada baxılıb mahiyyəti üzrə həll edilməsi üçün hüquqi əsas təşkil etmir. İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini ilk dəfə iddia ərizəsi ilə cavabdeh qismində, sonradan üçüncü şəxs qismində cəlb etsə də, işdən görünür ki, məhz iddiaçının müraciətlərinə cavab olaraq ƏMDK yanında DƏDRX tərəfindən hazırki mübahisə predmetinin ipoteka ilə yüklü edildiyi müəyyən edilmişdir. İşdən görünür ki, əvvəlki məhkəmə mübahisələri ilə qeyri-yaşayış sahəsinə verilmiş çıxarış ləğv edilmişdir. Yəni, ipoteka ilə yüklü edilmiş əmlakın çıxarışı ləğv edilsə də, reyestrdə əmlak üzərində ipoteka yüklülüyü qalmışdır. ƏMDK yanında DƏDRX-in iddiaçının vəkilinə ünvanladığı Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 12 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2013-cü tarixli və "xxxx" ASC-nin (hazırki Premium Bank”) xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir. Əmlakların reyestri ilə bağlı hərəkətləri həyata keçirən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı müraciət olunmalı, müraciətin icrasından imtina edildiyi təqdirdə isə həmin orqanın hərəkətləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 2.2.3 və 2.2.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1, 25, 31.1 və 261.0.1-ci maddələrinə maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

29. İddiaçı kassasiya şikayəti verərək qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin icraatına mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsasına görə xitam verərkən, gəldiyi nəticəni də kifayət qədər əsaslandırmamış, nəyə görə ipotekaya xitam tələbi barədə müraciətlə məhkəməyə deyil, məhz inzibati orqana müraciət edilməli olmasını açıqlamamış, konkret hüquq normalarına istinad etməmişdir. Bu tələbə inzibati qaydada o halda baxıla bilərdi ki, ya ipoteka yüklülüyünə dair qeydiyyat inzibati qərar əsasında aparılsın (mübahisələndirmə iddiası), ya da ki “İpoteka haqqında" Qanunun 32.3-cü maddəsində göstərilən hallar mövcud olduqda ipotekaya xitam verilməsi vəzifəsi qanunla müvafiq inzibati orqana həvalə edilmiş olsun (öhdəliyin icrası iddiası). Hazırkı işdən isə göründüyü kimi, ipoteka yüklülüyü inzibati qərar əsasında aparılmamış və qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanına ipotekaya xitam vermək səlahiyyəti (32.3-cü maddədə göstərilən hallarda) verilməmişdir. Apellyasiya məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, verilmiş tələblərə əsasən işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmaq əvəzinə, işə ümumi məhkəmədə baxılmamasına dair səhv nəticəyə gəlmiş və prosessual əsas olmadığı halda işin icraatına xitam vermişdir. Başqa sözlə, apellyasiya məhkəməsi işə tətbiq edilməli olmayan prosessual hüquq normasını tətbiq etmiş, bu isə düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir.

31. Cavabdeh3 ASC-nin numayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmaması, apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(102)-5575/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4372/2022 nömrəli, 16 avqust 2022ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, çıxarış məhkəmə qərarı ilə alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş və apellyasiya icraatı zamanı iddiaçı iddiadan imtina etmişdir. Yəni çıxarışın ləğv edilməsi qərarın qanunsuz olması ilə bağlı olmamışdır. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin bir neçə qərarları mövcuddur. Əmlak ipotekaya qoyulan zaman dövlət qeydiyytına alınmışdır.

34. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Arifli Şamxal Mehdi oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

35. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, iddia tələbində göstərilir ki, əmlak üzərində həm Mərkəzi Bankın, həm də Cavabdeh3 ASC-nin xeyrinə edilmiş ipotekaya xitam verilsin. Bunun əsası kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə istinad edilir. Həmin maddədə göstərilir ki, ipoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Maddənin 2-cü cümləsində göstərilir ki, bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. İşin hallarından göründüyü kimi, cinayət işi başlanılmış, ipoteka qoyna kimi çıxış edən Cavabdeh1 həm vəzifə səlahiyyətlərindən istifadə etmək, həm də dələquzluq yolu ilə sənədləri saxtalaşdıraraq öz adına keçirir və buna görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Cavabdeh1 2013-cü ilə məhkəmə qərarı ilə öz adına qanunsuz yolla çıxarış əldə etmişdir. Həmin qərar ləğv edilib və icraata dönüş edilib. İcraya dönüş edilərək mülkiyyət qeydi də silinmişdir. Bugün həmin əmlakın qeydiyyatı yoxdur. Cavabdeh1 adına deyil. Belə olan halda əmlak üzərində formal yüklülük var. Fərz edək ki, Yasamal Rayon Məhkəməsində olan iddia təmin olunmuş olsa belə, tutma yönəldilə bilməz. Çünki əmlakın mülkiyyətçisi yoxdur. Qanunvericilik bu müxanizmi tənzimləyir. Hazrıki halda İddiaçı necə çıxarış ala bilər. Əmlak üzərində ipoteka yüklülüyü var. Ona görə qanunvericilik qeyd edir ki, əgər əmlak əvvəlki mülkiyyətçidən alınırsa, o zaman ipotekaya xitam verilir. İddia tələbinin əsasını bu təşkil edir. 2013-cü ildə əmlak təmirsiz və hazır vəziyyətə gətirilməmiş əmlak olub. Bu barədə birinci instansiya məhkəməsində verilən vəsatətdə də qeyd edilmişdir. Necə ola bilər ki, külli miqdarda kredit borcu verilir, lakin həmin əmlaka necə baxış keçirilir məlum deyil. Hansı ki, əmlak həmin vaxt tam şəkildə mövcud olmayıb. Həmçinin istismara qəbul aktı verilməmiş bir binanya necə çıxarış alınıb. Bu kimi, hallar əslində bankın özünün bu məsələlərdə maraqlı olubolmadığı məlum deyil, lakin bu məsələnin araşdırılması üçün vəsatət verilmişdir. Həmin məsələ araşdırılmadı. Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilsə də, Bankın hərəkətləri həmin hissədə araşdırılmayıb və hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasından bu halların nəzərə alınmasını, ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etdi.

36. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komissiyası yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə qeyd edilən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

38. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

39. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.

40. Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

41. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

42. Maddə 337.5 əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

43. Maddə 339.3 aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanun

44. Maddə 1. Əsas anlayışlar: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.

45. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.

46. Maddə 32.3 ipoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

52. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

57. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

58. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə «Aqana Servis” arasında bağlanmış 15 yanvar 2010-cu il tarixli müqaviləyəəsasən«Aqana Servis” İddiaçı müqaviləyə əsasən ünvan 7 ünvanında inşa edilən, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 864 m2 qeyri yaşayış sahəsi “Sifarişçi”-yə verməyi, “Sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür.Eyni zamanda xx.xx.2011ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 558.566-cı məhəllə L.İmanov 5 ünvanında inşa edilən yaşayış binası binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 864 m2 olan qeyri-yaşayış sahəsinə görə İddiaçı "xxxx" MMC-yə maliyyə borcu yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC-nin direktoru Cavabdeh1 qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə xx.xx.2010-cu il tarixdə müqavilə bağladıqdan və şərtləşdirilmiş məbləği tam aldıqdan sonra, həmin qeyri-yaşayış sahəsinin satılması ilə bağlı 02 dekabr 2011-ci il tarixdə yeni müqavilə bağlamışdır. Eyni zamanda müqavilə formal olaraq hər iki tərəfdən eyni şəxs (Cavabdeh1) tərəfindən imzalanmışdır. Bu səbəbdən Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli mənzil tikintisi və alqısatqısına dair müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi etibarsız hesab olunan xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında bağlanmışdır. Alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi təqdirdə sonrakı əqdlərin hamısı etibarsız sayılır. Belə ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə; maddə 337.4.). Həmin ipoteka müqavilələri xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin nəticəsi kimi çıxış edir. Alğı-satqı müqaviləsi etibarsız olduğuna görə onun heç bir qanuni nəticələri ola bilməz. Bundan başqa iş materiallarında qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur ki, iddiaçının tələbi tam aydın, əsaslı və qanuna müvafiqdir.

59. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

60. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən iş üzrə lazımi araşdırma aparmamış "Bank Silk Way” ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka saxlayan kimi "Bank Silk Way” ASC-nin vicdanlı olub-olmamasına ümumiyyətlə münasibət bildirməmişdir.

61. Belə ki, daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin hüquqlarını qoruyan əsas norma kimi Mülki Məcəllənin 140-cı maddəsi çıxış edir. Həmin normaya müvafiq olaraq isə daşınmaz əmlakı əldə edən şəxs o zaman vicdanlı sayıla bilər ki, həmin əmlak onu özgəninkiləşdirən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin və bu qeydə dair etiraz reyestrə daxil edilməsin və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olduğunu bilməsin.

62. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

63. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

64. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

65. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun.

66. Hazırkı iş üzrə isə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2(82)-2370/2013 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınaraq reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, mübahisəli daşınmaz əmlak üzərində xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanarkən Cavabdeh1 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmiş və ipoteka saxlayan şəxs "Bank Silk Way” ASC qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilmək imkanında olmamışdır.

67. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ünvan 6 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində 25 oktyabr 2013-cü il tarixdə "Bank Silk Way” ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsinə hər hansı əsas yoxdur.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

69. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

70. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh3 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(006)- 152/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə ("xxxx" ASC), Cavabdeh1, Azərbaycan Respublikası Mərkəzi Banka və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin üzərində qeydə alınmış ipoteka yüklülüyünə xitam verilməsinə dair tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar