Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-210/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2128/2019 saylı, 26 sentyabr 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat və 30 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı vurulmuş bütün növ zərərin tam ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ümumilikdə vurulmuş maddi ziyana görə 2260 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2290 manat pulun cavabdeh İddiaçı tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2128/2019 saylı, 26 sentyabr 2019cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 520 (beş yüz iyirmi) manat məbləğində pulun tutulması qərara alınmış, qarşılıqlı iddia tələbi təmin edilmişdir. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etmiş, bu səbəbdən, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Ş.Əyyubova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək ilkin iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: Səbail RPİ-nin 41-ci PB-nin rəisi tərəfindən İddiaçı ünvanlanmış 26.07.2018-ci il tarixli məktubdan görünür ki, ərizəsində qeyd olunan Cavabdeh məxsus mənzilin təmiri ilə bağlı aralarında yaranmış problemli məsələ mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunaraq toplanmış material bölmənin dəftərxanasında işə alınmışdır. “Sifarişçi” qismində Cavabdeh ilə “İcraçı” qismində İddiaçı arasında bağlanmış 29.05.2018-ci il tarixli müqavilənin kserosurətindən görünür ki, “İcraçı” özü və işə cəlb etdiyi digər şəxslərlə bütün təhlükəsizlik qaydalarına tam əməl etməklə “Sifarişçiyə” məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, döngə 4, ev 325-də olan fərdi yaşayış evində bütövlükdə malyar işinə aid olan işlərin hər bir kv.m.-nə 02 manat ödəmək şərti ilə keyfiyyətli işləyib təhvil vermək şərti ilə (evin içi kosmetik emulsiya və oboy, çöl zaborun daxilinin emulsiya ilə rənglənməsi və.s) öhdəsinə götürmüş, lakin “İcraçı” İddiaçı həmin müqavilə imzalanmamışdır. “Sifarişçi” qismində Cavabdeh ilə “İcraçı” qismində X5 arasında bağlanmış 01.05.2019-cu il tarixli müqavilənin kserosurətindən görünür ki, “İcraçı” özü və işə cəlb etdiyi digər şəxslərlə bütün təhlükəsizlik qaydalarına tam əməl etməklə “Sifarişçiyə” məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, döngə 4, ev 325-də olan fərdi yaşayış evində həyəti əhatə edən daş zaborun içəridən üzünü təmizləyərək bərpa təmini və qoruyucu (izolateks) vurmaqla keyfiyyətli rənglənməsini və evin daxilində kosmetik bərpa işlərinin (malyar işi) tamamlanması öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilənin qiyməti vergi daxil olmaqla hər kv.m. üçün 2 manat təşkil etmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən hesablaşma görülən işin “Sifarişçi” tərəfindən təhvil alınmamsından sonra həyata keçirilir. Müqavilənin 5.3-cü bəndinə əsasən hazırlıq işləri üçün 200 manat beh verilmişdir. Rayon məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, Novruzu tanıyır, onun həyətində bir neçə gün fəhlə kimi işləmişdir. Ramini bir neçə dəfə Novruzun evində görmüşdür. O orda işləyən zaman Raminlə Novruzgil işin qiyməti barədə söhbət edərkən eşitmişdir. Rəngsaz işlərinin görülməsinin 2 manat danışılmasını eşitmişdir. O Novruz müəllimgilin evində fəhləlik etmiş, ev avadanlıqlarının daşınmasını o yerinə yetirmişdir. Rayon məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o rəngsazdır. İddiaçını tanıyır və o, onun ustasıdır. O Raminlə 2018-ci ilin yaz ayında Novruz müəllimgilin evinə işə baxmağa getmişdir. Novruz müəllim demişdir ki, narahat olmayan hər şey yaxşı olacaq. Bu işdə yeganə şahid odur. Novruz müəllimlə Raminin işin qiyməti barəsində danışığını eşitmişdir. Ramin görülən işin 1 kv.m –nin 4 manat olacağını dedikdə, Novruz müəllim demişdir ki, narahat olmayın ondan narazı qalmayacaqlar. Bu isə razılıq demək idi. Danışıq zamanı pilləkanın üzərində oturmuş, Novruz müəllimlə Ramin isə ikinci mərtəbədəki zalda qarşı-qarşıya oturub danışırdılar. Bütün görülən işlərin göstərişini İddiaçı vermiş, hansı işi demişlərsə o işlər görülmüşdür. Gördüyü işin müqabilində ona çatacaq təxminən 500 manata yaxın pul ona Ramin tərəfindən verilmişdir. Ondan başqa evdə daha 4 -5 nəfər də işləmişdir. Ev əşyalarını onlar daşımışlar. Rayon məhkəmə iclasında cavabdeh iddiaçıya görülmüş işlərə görə ödənilməyən 300 manat qaldığını bildirmişdir. (i/v 111). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-869/2020 saylı, 15.01.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur.
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv 4-cü döngə, ev 325 fərdi yaşayış evinin içində və həyətində ümumi sahədə görülən təmir işlərinin həcmi (neçə kvadrat sahədə) müəyyən edilsin;
2. Təmir üçün istifadə olunmuş materialların smetası və ayrılıqda görülmüş işlərin usta üçün əmək haqqı müəyyən edilsin;
3. Görülmüş işlərin qüsurlu olub-olmaması və qüsuru olması halında onların aradan qaldırılması üçün hansı miqdarda vəsait lazım olması müəyyən edilsin. Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli, 10/2242 saylı ekspert rəyinə əsasən, qərardadın 1 və 2-ci sualı ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv 4-cü döngə, ev 325 fərdi yaşayış evinin içində və həyətində ümumi sahədə görülən təmir işlərinin dəyəri (yalnız əmək haqqı) 1562,0 manat müəyyən edilmiş, təmir işləri zamanı sərf edilən tikinti materialları iddiaçı tərəfindən alınmadığından, həmin materialların dəyəri smetada nəzərə alınmamışdır. Rəydə 3-cü sual üzrə, yaşayış evində təmirdə bir sıra qüsurlar olması sadalanmış, lakin həmin qüsurların aradan qaldırılması üçün lazım olan vəsaitin dəyərinin, yalnız müvafiq qüsur aktı tərtib edildikdən sonra müəyyən oluna bilməsi qeyd edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin iddiaya aid hissədə dəyişdirilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında podrat münasibətləri olmuşdur. Rayon məhkəməsində cavabdeh məhkəməyə podrat müqaviləsi təqdim etmişdir, lakin həmin müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. Bununla belə, tərəflər arasında podrat münasibətlərinin olması hazırkı işin mübahisəsiz halıdır. İddiaçı görülən işlərə - 1000 kv.m. sahədə suvaq və divar kağızının vurulmasına görə hər kv.m üçün 4 manat olmaqla, cavabdeh isə hər kv.m üçün 2 manat olmaqla razılığa gəldiklərini qeyd etmişdir. Rayon məhkəməsinin apardığı araşdırmalarla tərəflər arasında podrat münasibətlərinin olduğu, iddiaçının öz ustaları ilə razılaşmaya uyğun işləri yerinə yetirdiyini, lakin cavabdehin razılaşdırılmış qaydada muzdu ödəmədiyini, bununla bağlı tərəflər arasında ixtilaf yarandığını, bundan sonra iddiaçının görülmüş işlərin haqqının ödənilməməsi səbəbindən işləri dayandırdığı, görülmüş işlərin pulunun ödənilməsi üçün ilkin olaraq prokuropluq və polis orqanlarına müraciət etməsi, bundan sonra isə hazırkı tələblə məhkəməyə müraciət etdiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası ilkin iddiaya münasibətdə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, həm iddiaçı, həm cavabdeh görülən işlərin fərqli qiymətə razılaşmasını iddia etmişlər, belə ki, iddiaçı görülən işin hər kv.m. üçün 4 manata, cavabdeh isə hər kv.m. üçün 2 manata razılaşdıqlarını bildirmiş, lakin iddiaçı bu hala dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də 1000 kv.m sahənin 1 kv.m üçün 2 manat qəbul edilməsi barədə rayon məhkəməsinin qənaəti əsaslı olmuşdur. MM-in 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, iddiaçı rayon məhkəməsində izahatında da bildirmişdir ki, görülən işə görə sifarişçi tərəfindən ona hissə-hissə olmaqla 1500 manat pul verilmişdir. Cavabdeh isə rayon məhkəmə iclasında iddiaçıya 1700 manat verdiyini, ödənilməyən 300 manat qaldığını qeyd etmişdir (i/v 111). Kollegiya qeyd edir ki, iddiaçı rayon məhkəməsində 1500 manatdan əlavə, ayrı-ayrı vaxtlarda cavadehdən 100 və 200 manat da aldığın bildirmişdir ki, bu səbəbdən də ilkin iddia tələbi yalnız öz təsdiqini tapan hissədə əsaslı hesab edilməli, yəni iddiaçının tələbi cavabdehin etiraf etdiyi həcmdə 300 manat olmaqla təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, qətnamə ilkin iddia tələbinə aid hissədə dəyişdirilməli, cavabdehdən alınaraq iddiaçıya verilməli məbləğ 300 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə aid isə aşağıdakıları qeyd edir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı işlərin keyfiyyətsiz və səliqəsiz görüldüyünü əsas gətirərək, ona dəymiş ziyanı tələb edir. Rayon məhkəməsi qarşılıqlı iddia tələbini əsaslı və mötəbər sübutlar təqdim edilməməsi əsası ilə təmin etməmişdir. Kollegiya bildirir ki, MM-in 763.1-ci maddəsinə görə, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Hazırkı iş üzrə cavabdeh işlərin qüsurlu görülməsi ilə bağlı iddiaçıdan əlavə icra tələb etməmiş, ona qarşı hər hansı etiraz bildirməmişdir. Cavabdeh yalnız iddiaçının ilkin iddia ərizəsindən sonra məhkəməyə müraciət etmisindən sonra qüsurlara dair hazırkı qarşılıqlı iddiasını məhkəməyə təqdim etmişdir. Halbuki, iddiaçı icranın qüsurları ilə bağlı tələbi işi qəbul etdiyi gündə bir il ərzində irəli sürə bilərdi. Görülmüş işlərin başa çatdırılmaması dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, bunu iddiaçı özü qeyd edərək, bunun cavabdehin təqsiri ucbatından müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı olduğunu bildirmişdir. İddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun olmaması ilə bağlı cavabdeh tərəfin təkrarlanan mövqeyinə münasibətdə isə Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh tərəfin bununla bağlı dəlili əsasən ondan ibarət olmuşdur ki, görülən işləri iddiaçı özü görməmiş, o, yalnız təşkilatçı olmuş, işləri onun gətirdiyi başqa- başqa ustalar yerinə etirmişdir. Cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Çünki, qanunun tələbinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız müqavilədə birbaşa nəzərdə tutulduqda, yaxud da konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur (MM, maddə 755.). Cavabdeh isə iddiaçı ilə aralarındakı müqavilənin belə bir şərtinin olduğuna dair məhkəməyə hər hansı sübut verməmiş, eyni zamanda da konkret hallardan və görülən işlərin xarakterindən də bu irəli gəlmir. Demək ki, iddiaçının sifariş olunmuş işləri başqa ustaları cəlb etməklə yerinə yetirməsi düzgün olmuşdur. Belə olan halda məlum olur ki, qarşılıqlı iddia tələbinin əsassız olması və təmin etməməkdə rayon məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin iddiaya aid hissədə dəyişdirilməli, cavabdehdən alınaraq iddiaçıya verilməli məbləğ 300 manat müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2128/2019 saylı, 26 sentyabr 2019cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinə aid hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 300 (üç yüz) manat pul tutulsun. Qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev