Məhkəmə qərarları › İş №2(103)-210/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-210/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-210/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X6 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçı X2, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X6 Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(008)-5122/2023 nömrəli qətnaməsindən iddiaçı X2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2(004)- 539/2018 nömrəli qətnaməsi ilə Cavabdeh 63524 ABŞ dolları borc pul məbləğinin alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Belə ki, Cavabdeh iddiaçı X3 63524 ABŞ dolları borc almış və 2013-cü ilin sonunadək qaytarmağı öhdəsinə götürsə də, borcu qaytarmamışdır. Həmin qətnamədə tərəflərin aralarındakı münasibətlər yazılı borc müqaiviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli 2(103)-6454/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2(004)-539/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Rspublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarxili 2(102)-7212/2018 nömrəli qərarı ilə BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli 2(103)-6454/2018 nömrəli qətnaməsindən verilmiş Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirlmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28585 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2014-cü ildə qeyri-rəsmi münasibətdə olduğu iddiaçı X3 70000 ABŞ dolları məbləğini borc pul şəklində istəmişdir. 07 iyun 2014-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında 63524 ABŞ dolları pul məbləğinin verilməsini və sözügedən borcun cavabdeh tərəfindən nə zaman qaytaracağını qeyd etdiyi müqavilə xarakterli qəbz imzalanmışdır. 07 iyun 2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçı X3 63524 ABŞ dolları məbləğində borc aldığını bildirmiş, həmin məbləği 2013-cü ilin sonunadək qaytarmağı öhdəsinə götürmüşdür. Sözügedən borc pul məbləğinin cavabdeh tərəfindən qaytarılması ilə əlaqədar iddiaçı İnna Paxomova Cavabdeh qarşı pul tələbinə dair iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2(004)-539/2018 nömrəli qərarı ilə Cavabdeh 63524 ABŞ dolları borc pul məbləğinin alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli 2(103)-6454/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti, Ali Məhkəmənin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli 2(102)-7212/18 nömrəli qərarı ilə kassasiya şikayəti də təmin edilməmişdir. İddiaçı tərəfindən icra orqanın hərəkətsizliyindən müvafiq orqanlara edilmiş çoxsaylı şikayət və müraciətlərə baxmayaraq Yasamal Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş qətnaməsi bu günə kimi icra edilməmişdir. Uzun müddət ərzində cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş öhdəliyin icra edilməməsi iddiaçını xeyli əlverişsiz vəziyyətə salmışdır. Buna görə də, cavabdeh borcunu vaxtında ödəməməklə iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.3-ci maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında lakin ildə azı beş faiz miqdarında hesablanır. 2014-cü ildən 2023-cü ilə kimi Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi illik azı 5% götürüldükdə bu faiz nisbəti ümumillikdə 9 il üçün 45% təşkil edir. Bu o deməkdir ki, hazırda cavabdehin əlavə ödəməli borc məbləği 28585 ABŞ dolları təşkil edir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ağır xroniki xəstəlik ilə əlaqədar birinci qrup əlildir. 2015-ci ildə Cavabdeh iki insult keçirmiş və bundan sonra fəaliyyətsiz olmuşdur, icra məmuru tərəfindən onun adına heç bir əmlak aşkarlanmamışdır. Bununla əlaqədar məhkəmə qərarının icrası onun təqaüdünə yönəldirmişdir. 2019-cu ilin may ayından könüllü olaraq aldığı pensiyasından hər ay 70 manat Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Bundan sonra Cavabdeh pensiyasından 50%, həm də birinci qrup əlilliyi ilə bağlı sosial təminatından hər ay müvafiq məbləğdə pul İnna Paxomovanın hesabına köçürülür. Beləliklə, borclu Cavabdeh qərarın icrasından yayınmır və hissə-hissə ilə İnna Paxomovaya borcu ödəyir. 2014-cü ildə tərtib edilmiş qəbzdə Cavabdeh İnna Paxomovaya 63524 ABŞ dolları məbləğində borc ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrdə bir dolların qiyməti 0,78 qəpik idi. Hazırda bir ABŞ dollarının qiyməti 1,70 manat təşkil edir. Beləliklə, Cavabdeh İnna Paxomovaya ödədiyi məbləğ iki dəfədən çox artmışdır. Bundan əlavə, iddiaçı İnna Paxomova iddia ərizəsində qeyd edib ki, qərarın yerinə yetirilməməsi səbəbindən cavabdeh onu xeyli əlverişsiz vəziyyətə salmışdır. Buna görə də, cavabdeh borcunu vaxtında ödəməməklə iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Lakin, bu əldən çıxmış fayda əslində nədən ibarətdir iddiaçı İnna Paxomova tərəfindən göstərilməmişdir. Cavabdeh birinci qrup əlil olaraq icra vərəqəsi üzrə İnna Paxomovanın xeyrinə böyük miqdarda borc ödəyir. Bu borc onun yeganə gəlir mənbəyindən - pensiya və əlillik üzrə sosial müavinatından tutulur. Buna görə də ondan 28 585.00 manat məbləğində əlavə məbləğin alınması mümkün deyildir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(008)- 5122/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Qətnamə onunla əsaslandırılmışdır ki, göründüyü kimi, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçı əsas borcun tutulması barədə iddia verən zaman hazırki tələbi də irəli sürə bilərdi. Lakin, həmin münasibətlərdən artıq 10 ilə yaxın vaxt keçib. Cavabdeh iddia müddətinin tədbiqi barədə ərizə vermişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı X6 həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faiz ödəməlidir. Burada iddiaçı müqavilədən irəli gələn borc məbləğini tələb etmir. Zatən bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Həmin məbləğin də faizləri ümumiyyətlə sözügedən müqavilədə göstərilməyib. Bu səbəbdən, bu məqam müqavilətələbləri üzrəiddia müddətinə şamil edilə bilməz. Lakin birinci instansiya məhkəməsi bu məqamı da nəzərə almamışdır. İddia müddətinin axımışəxsin öz hüququnun pozulduğunu bildiyivəya bilməli olduğu gündən başlanır. İddiaçı da öz növbəsində öz hüquqlarının pozulduğunu 2023-cü ildən etibarən bilmişdir. Belə ki, cavabdeh tərəfindən borcla bağlı bu ildən etibarən heç bir ödənişlər olunmamışdır. Bu səbəbdən burada heç bir müddətin ötürülməsindən söhbət belə gedə bilməz. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş üzrə bütün sübutlar (qanuni qüvvəyə minmiş məhkəmə aktları, sözügedən məsələ ilə bağlı müvafiq orqanlara göndərilmiş məktublar və s.) iddiaçı tərəfindən işə baxan məhkəməyə təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu kimi hallar araşdırılmamışdır. İddiaçı müqavilədən irəli gələn borc məbləğini tələb etmir. Zatən bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Həmin məbləğin də faizləri ümumiyyətlə sözügedən müqavilədə göstərilməyib. Bu səbəbdən, bu məqam müqavilə tələbləri üzrə iddia müddətinə şamil edilə bilməz. Bu fakt birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamış və nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. X6 və onun nümayəndəsi Vəkil məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. İddiaçının tələbi 2014-2023-cü illərlə bağlı olduğuna və pul vəsaitlərinin ödənilməsi müxtəlif dövrləri əhatə etdiyinə görə faiz məbləğlərinin hesablanması xüsusi bilik tələb etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(103)-3123/2024 nömrəli qərardadına əsasən məhkəmə - mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - 01 may 2019-cu il tarixdən 07 iyun 2023-cü il tarixədək 3993,04 manat, 2023-cü ilin iyul – dekabr ayları ərzində 2158,09 manat, 2024-cü il ərzində 1344,4 manat məbləğində pul vəsaiti ödənilməsi nəzərə alınmaqla 63524 ABŞ dolları məbləğində pul vəsaitinə illik 5% hesablanmaqla faiz borcunun məbləği iddia ərizəsinin verildiyi 12 iyul 2023-cü il tarixə nə qədər təşkil edir? - 01 may 2019-cu il tarixdən 07 iyun 2023-cü il tarixədək 3993,04 manat, 20 iyun 2023-cü il tarixdə 151,87 manat, 12 iyul 2023-cü il tarixlə 65 manat pul vəsaitinin ödənilməsi nəzərə alınmaqla 63524 ABŞ dolları məbləğində pul vəsaitinə illik 5% hesablanmaqla faiz borcunun məbləği 12 iyul 2020-ci il tarixdən iddia ərizəsinin verildiyi 12 iyul 2023-cü il tarixə nə qədər təşkil edir?

16. Məhkəmə - mühasibatlıq ekspertizasının 11 fevral 2025-ci il tarixli, 9/9061 nömrəli rəyindən qeyd olunmuşdur ki: - 01 may 2019-cu il tarixdən 12 iyul 2023-cü il tarixədək (sualda qeyd olunan ödənişlər nəzərə alınmaqla) əsas məbləğ üzrə qalıq borcu 63524 ABŞ dolları, faiz məbləği üzrə isə 8922,09 ABŞ dolları ((13331,22-4409,13) (illik 5% dərəcəsi ilə hesablanmaqla)) müəyyən edilir; - 12 iyul 2020-ci il tarixdən 12 iyul 2023-cü il tarixədək (sualda qeyd olunan ödənişlər nəzərə alınmaqla) əsas məbləğ üzrə qalıq borcu 63524 ABŞ dolları, faiz məbləği üzrə isə 7052,19 ABŞ dolları ((9528,6-2476,41) (illik 5% dərəcəsi ilə hesablanmaqla)) müəyyən edilir.

17. İddiaçı X6 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, DSMF-nin **********2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan bəlli olur ki, xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh iddiaçının xeyrinə aylıq 70 manat pul tutulurdu. Buradan belə qənaətə gəlmək olar ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (15 ay ərzində) cavabdehdən ümumi olaraq 1050 (min əlli) manat pul tutulmuşdur. Hazırki iş üzrə ekspertin rəyində qeyd olunmuş ikinci cavab ilə razı deyildir. Belə ki, xx.xx.2020-ci il tarixədək 1050 manat cavabdehdən artıq tutulmuşdur. Yəni, ekspertin ikinci suala verdiyi cavabda qeyd olunmuş 3993,04 manatdan 2943 manat qalıq məbləği qalır. Ekspert isə cavabdehdən yuxarıda göstərilən tarixlərdə tutulmuş 1050 manat pul məbləğini nəzərə almamışdır. 2943 manat + 151,87 manat + 65 manat = 3160 manat. 3160 manat isə hazırki kursa, yəni 1,70-ə bölünəndə 1859 ABŞ Dolları pul məbləği çıxır. Nəticədə hesab edir ki, faiz məbləği 7799 ABŞ Dolları ( 9657 ABŞ Dolları - 1859 ABŞ Dolları = 7799 ABŞ Dolları) təşkil etməlidir. Bir sözlə hesablamalardan elə görünür ki, 9657,9 ABŞ dolları 9528,60 ABŞ dolları ilə dəyişilmişdir. Bu o deməkdir ki, ekspertin ikinci suala verdiyi cavabda 1080 günün əvəzinə 1095 gün qeyd olunmalı idi. Buradan da elə qənaətə gəlmək olur ki, 1095 günü 8,82 % (faizə) vuranda ümumi məbləğ 9657,9 ABŞ Dolları təşkil edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hünuqunun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (iddia ərizəsinin verildiyi vaxt qüvvədə olan redaksiyada) Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

20. İddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

22. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2(004)- 539/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh 63524 ABŞ dolları borc pul məbləğinin alınıb iddiaçı X4 verilməsinin qət olunması, həmin qətnamənin qanuni qüvvəyə minərək icraya yönəldilməsi, hal – hazıradək həmin məbləğin əksər hissəsinin ödənilməməsi işin halları ilə təsdiqini tapır və mübahisələndirilmir.

23. Tələbdə olan dövr üçün münasibətləri tənzimləyən Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmununa görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Bu normanın tətbiqi üçün borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Yəni, cavabdehdən həmin pul vəsaitinin tutulması üçün hüquqi əsas mövcuddur.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

25. Həmin qərarda Konstitusiya Məhkəməsi izah etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. ... Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. ... MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

27. Beləliklə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.

28. Birinci instansiya məhkəməsinin iddianı rədd etmək üçün istinad etdiyi yeganə əsas iddia müddətinin keçməsi olmuşdur. Lakin birinci instansiya məhkəməsi bu qənaətə gələrkən tələb olunan faiz borcunun hansı müddəti əhatə etməsinə diqqət yetirməməklə yanlış nəticəyə gəlmişdir.

29. Tələbdə pul vəsatinin 2014-cü ildən qanunsuz saxlanılmasına və iddia ərizəsi verilən günə kimi tam ödənilmədiyinə istinad olunur. Hazırkı tələb tərəflər arasında olan müqavilə münasibətlərindən irəli gəlir. Müqavilə münasibətlərində 3 illik iddia müddətinin tətbiq olunması nəzərə alındığı təqdirdə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının son 3 il üçün, yəni, 12 iyul 2020-ci il tarixdən iddia ərizəsinin verildiyi 12 iyul 2023-cü il tarixə kimi faizlərin ödənilməsini tələb etməsi üçün əsaslar mövcuddur.

30. İcra sənədinin icrası zamanı müxtəlif illərdə müəyyən məbləğlərdə ödənişlər olunduğundan 5%-lə hesablanmış məbləğin müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur.

31. Ekspert rəyində qeyd olunmuşdur ki, 12 iyul 2020-ci il tarixdən 12 iyul 2023-cü il tarixədək (sualda qeyd olunan ödənişlər nəzərə alınmaqla) əsas məbləğ üzrə qalıq borcu 63524 ABŞ dolları, faiz məbləği üzrə isə 7052,19 ABŞ dolları ((9528,6-2476,41) (illik 5% dərəcəsi ilə hesablanmaqla)) müəyyən edilir.

32. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, DSMF-nin **********2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan bəlli olur ki, xx.xx.2019cu il tarixdən etibarən Cavabdeh iddiaçının xeyrinə aylıq 70 manat pul tutulurdu. Buradan belə qənaətə gəlmək olar ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (15 ay ərzində) cavabdehdən ümumi olaraq 1050 (min əlli) manat pul tutulmuşdur. Hazırki iş üzrə ekspertin rəyində qeyd olunmuş ikinci cavab ilə razı deyildir. Belə ki, xx.xx.2020-ci il tarixədək 1050 manat cavabdehdən artıq tutulmuşdur. Yəni, ekspertin ikinci suala verdiyi cavabda qeyd olunmuş 3993,04 manatdan 2943 manat qalıq məbləği qalır. Ekspert isə cavabdehdən yuxarıda göstərilən tarixlərdə tutulmuş 1050 manat pul məbləğini nəzərə almamışdır. 2943 manat + 151,87 manat + 65 manat = 3160 manat. 3160 manat isə hazırki kursa, yəni 1,70-ə bölünəndə 1859 ABŞ dolları pul məbləği çıxır. Nəticədə hesab edir ki, faiz məbləği 7799 ABŞ Dolları ( 9657 ABŞ Dolları - 1859 ABŞ Dolları = 7799 ABŞ Dolları) təşkil etməlidir. Bir sözlə hesablamalardan elə görünür ki, 9657,9 ABŞ dolları 9528,60 ABŞ dolları ilə dəyişilmişdir. Bu o deməkdir ki, ekspertin ikinci suala verdiyi cavabda 1080 günün əvəzinə 1095 gün qeyd olunmalı idi. Buradan da elə qənaətə gəlmək olur ki, 1095 günü 8,82 % (faizə) vuranda ümumi məbləğ 9657,9 ABŞ Dolları təşkil edir.

33. Məhkəmə kollegiyası iddiaçının ərizəsində göstərilən xüsusatlarla qismən razılaşır.

34. Ekspert rəyinin təsviri hissəsindən görünür ki, 12 iyul 2020-ci il tarixdən 12 iyul 2023-cü il tarixə kimi olan dövr üçün gün sayı 1080 gün götürülmüşdür. Halbuki, iddiaçının ərizəsində də qeyd etdiyi kimi 1 ildə 360 gündən deyil, 365 gündən ibarətdir və bu hesablama ilə 3 ilə düşən günlərin sayı 1095 gündür.

35. Digər tərəfdən iddiaçı öz zərərinə olsa belə, ekspertin hesablama apararkən DSMF vasitəsilə tutulan 1050 manat məbləğində pul məbləğinin nəzərə alınmadığını bildirir. Ekspert rəyinin təsviri hissəsini tədqiq edərkən də görünür ki, bu məbləğ nəzərə alınmamışdır.

36. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, borcun məbləği hesablanarkən ekspert rəyi ilə yanaşı qətnamənin 34-35-ci bəndlərində qeyd olunan hallar da nəzərə alınarsa, gəlinən nəticə aşağıdakı kimi olmalıdır: 3 ilə görə hesablanmış faizin məbləği – 1095 gün x 8,82 ABŞ dolları (gündəlik faiz məbləği) = 9657,9 ABŞ dolları 12 iyul 2023-cü il tarixə kimi ödənilən məbləğ – 3993,04 manat + 1050 manat + 151,87 manat + 65 manat = 5259,91 manat = 3094 ABŞ dolları Yekun məbləğ – 9657,9 ABŞ dolları – 3094 ABŞ dolları = 6563,9 ABŞ dolları

36. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia yuxarıda müzakirə olunan qaydada qismən təmin edilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(008)- 5122/2023 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(008)- 5122/2023 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. 6563,9 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdeh tutularaq X4 ödənilsin. Məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar