Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2100/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğluna qarşı iş üzrə ( Açar sözlər: pul tələbi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), İx oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğluna qarşı pul tələbinə dair iddiası üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 6390/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında qazanc əldə etmək üçün birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə taxta şalban biznesi ilə əlaqədar sifariş podrat münasibətlərindən irəli gələn fəaliyyətləri olmuş, aralarında iri həcmli taxta şalban dövriyyəsi olmuş və həmin dövriyyə bir neçə il müddətidə davam etmişdir. Cavabdeh1 iddiaçı ilə həmin fəaliyyətlə məşğul olan Cavabdeh2 Zahid oğlu tanış etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X9 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğlundan 83.000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onunla biznes əlaqəsi qurub işləməyindən sui-istifadə edib 83.000 ABŞ dolları məbləğində pulunun mənimsənilməsi barədə prokurorluğa müraciət etmiş, cinayət işinin təqibinə xitam verilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etsin. Cavabdeh1 ilə taxta-şalban alveri edərkən o, cavabdehə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vermiş və əvəzində taxta-şalban almışdır. Axır vaxtlar cavabdeh ondan aldığı pullara görə taxta-şalban verə bilmədi və söz verdi ki, pulunu qaytaracaqdır. Lakin xeyli müddət keçdiyi üçün və pulunu vermədiyi üçün o, hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Digər Cavabdeh2 Zahid oğlu da onun göstərdiklərini təsdiq edə bilər. X14 tanış etmişdir. Cavabdeh2 ona verməli olduqları 30.000 manat pulun əvəzinə görə Bakı şəhəri, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdiyi yaşayış evini, sənədləri ilə birlikdə ona vermişdir. Dəsturi söz vermişdir ki, həmin evin reyestrdən çıxarışını da alıb ona verəcəkdir, lakin hal-hazıra kimi sözünə əməl etməmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 6390/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğlundan müştərək qaydada 83.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla və tədqiq edilmiş digər sübutlarla cavabdehlərin iddiaçıdan Rusiya Federasiyasından taxta-şalban gətirilməsi ilə bağlı 83.000 ABŞ dolları pul məbləğini aldığı öz təsdiqini tapmışdır. Cavabdehlər iddiaçıdan pul vəsaitini hüquqi əsas olmadan əldə etmiş və bununla da əsassız varlanmışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 386.1, 1091, 1092.1 və 1093.1-ci, Mülki-Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 191.3, 217.4cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Rusiya Federasiyasından taxta-şalban gətirməklə məşgul olmuşdurlar. İddiaçının verdiyi 83.000 ABŞ dolları məbləğində pulun əvəzinə də cavabdehlər mal gətirərək, ona vermişdirlər. Hətta sonradan tikinti materiallarının qiymətinin artması ilə əlaqədar cavabdehlərə məlum olmuşdur ki, onların iddiaçıya verdiyi malın qiyməti 103.000 ABŞ dolları təşkil etmişdir, yəni təxminən 20.000 ABŞ dolları artıq dəyərə malik malı iddiaçıya təqdim etmişdirlər. Malların cavabdehlər tərəfindən iddiaçıya təqdim edilməsi çoxsaylı sənədlərlə sübut olunur. Qeyd olunan sənədlər məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutları nəzərə almamış və əsassız olaraq qətnamədə həmin məsələyə toxunmamışdır. Əksinə hakim qətnamədə Cavabdeh1 adından yalandan göstərmişdir ki, guya o iddiaçıya borcu olmasını etiraf etmiş və iddianı təmin etməyi xahiş etmişdir. Halbuki, Cavabdeh1 məhkəmədə bildirmişdir ki, sadəcə iddiaçı ilə barışığa gəlmək istəyir. Bundan başqa, məhkəmə cavabdehlər tərəfindən iddiaçıya verilmiş malın dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair tələblərini də təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırda cavabdehlərin hər hansı təqsirindən söhbət gedə bilməz. Onlar iddiaçı qarşısından öhdəliklərini tamamilə icra etmişdirlər. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçının istinad etdiyi hal 2013-cü ilin oktyabr və noyabr aylarında baş vermişdir. İddia müddəti keçdikdən sonra iddiaçı yalan məlumatlara əsaslanaraq iddia qaldırmışdır. Məhkəmədə iddia müddətinin keçdiyi bildirilsə də, məhkəmə iddia müddətinin ötürülməsini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3237/2022 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 6390/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə mülki icraat qaydasında birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər izahatlarında iddianı qəbul etməyərək iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəməsini göstərsələr də, məhkəmə iclas protokolundan görünür ki, verilən suallara cavablarında həqiqətən də iddiaçıya borclu olmalarını təsdiq etmişlər. Başqa sözlə, iddianı qismən etiraf etmişlər. Lakin iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəmələrini göstərsələr də, bu halları təsdiq edən sübutlar təqdim edilməmişdir
12. Cavabdehlərin iddiaçıya həqiqətən də borclu qalmaları işə apellyasiya icraatı qaydasında baxılarkən də müəyyən edilmişdir. Belə ki, cavabdehlərin nümayəndəsi birinci instansiya məhkəməsində borclu olduqlarını etiraf etmələrini, lakin qaytardıqlarını da etiraf etmələrini göstərmişlər. Lakin borcun qaytarılması ilə bağlı cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəmələrini göstərsələr də, kollegiyanın iclasında verilən suallara cavablarında nümayəndə iddiaçıya borclarının olması faktını bir daha təsdiq etmişlər. Lakin birinci instansiya məhkəməsində olduğu kimi, cavabdeh tərəf borcun olmasını etiraf etməklə yanaşı onun qaytarılmasını da göstərsələr də, borcun tam qaytarılmasına, hətta əlavə 20.000 ABŞ dolları məbləğində malı da iddiaçıya verdiklərinə dair hər hansı mötəbər sübutlar təqdim etməmiş, bu halların mövcudluğu iş materiallarında olan sənədlərlə təsdiq olunmasına israrlı olsalar da, iş materiallarında olan sənədlər bu faktın təsdiqi kimi deyil, tərəflər arasında alınan mal və pul alınıb verilməsini təsdiq edən hesablaşmalar kimi qiymətləndirilmişdir.
13. Məhkəmə kollegiyası cavabdeh tərəfin cavabdehlərin iddiaçıya 25 qatar vaqonu taxta tikinti materialı və bir ədəd yük maşını vermələri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən verilmiş malların və yük maşının dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmələrinə dair dəlilinə (vəsatətinə) qiymət verərək hesab etmişdir ki, bu barədə vəsatət birinci instansiya məhkəməsində təqdim edilməli idi. Həmçinin də, kollegiyanın qənaətinə görə iş materiallarında olan sənədlər belə bir ekspertizanın keçirilməsini təmin etmək üçün kifayət deyildir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, baş vermiş qiymət artımı (inflasiya, dolların kursunun dəyişməsi və s.) nəticəsində taxta –şalbanın qiymətləri dəyişən-artan istiqamətdə olmuş və onların faktiki alış-satış qiymətlərinə dair də cavabdeh tərəf birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişlər. Cavabdeh1 əvvəlki verdiyi izahatdan görünür ki, pulun tam qaytarıla bilməməsində səbəblərdən biri də ziyana düşməsi olmuşdur.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfin iddiaçı ilə barışığa gəlmək istəməsinə dair izahatına birinci instansiya məhkəməsinin düzgün qiymət verməməsinə dair dəlili ilə bağlı hesab etmişdir ki, bu mövqeyin özü də cavabdeh tərəfin həqiqətən də iddiaçı qarşısında müəyyən öhdəliyinin (borclu olması) qalmasının bir daha təzahürüdür.
15. Cavabdeh tərəfin iddiaçıya borclu qalması ilə bağlı birinci instansiya məhkəməsinin şahid X3 ifadəsinə istinad etməsi ilə də kollegiya razılaşmışdır.
16. Cavabdeh tərəfin iddiaçıya borclu qalması ilə bağlı apellyasiya instansiyası məhkəməsində dindirilmiş şahid ifadəsini də kollegiya sübut növü kimi qiymətləndirmişdir. Belə ki, şahid qismində ifadə vermiş X5 ifadəsində Rafiqin tapşırığı ilə yük avtomaşının satışı ilə bağlı məlumatla yanaşı göstərmişdir ki, o, Moskvada olarkən Rafiq 2 milyon rubla satılan bir maşın olduğunu demiş, o vaxtın puluyla təxminən 50.000 dollar təşkil etmişdir. Ona tapşırmışdır ki, həmin maşını satsın. Rafiqin nümayəndəsi və onun (yəni, şahidin) nümayəndəsi Permdə görüşmüş, daha sonra o (yəni, şahid özü) maşını götürüb avtobazaya aparmışdır. Maşın ZİL markalı yük maşını olmuş, daha sonra maşını Moskvada Fərhad adlı şəxsə satmışdır. Maşının satışı 2 milyon rubla razılaşdırılsa da, maşın satılarkən kurs dəyişdiyindən 49.000 dollara satmışdır. O, maşını Rafiqin dediyi Fərhad adlı adama satmışdır. Elnurun adını Rafiqdən eşitmiş, Elnurun Rafiqə ağac göndərdiyini və pul borcu olduğundan xəbərdar olmuşdur.
17. Həmçinin işin materiallarından görünür ki, Cavabdeh2 iddiaçıya borc pulun əvəzinə görə Bakı şəhəri, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evini, sənədləri ilə birlikdə iddiaçıya versə də, iddiaçı tərəfin sözlərinə görə həmin evin reyestrdən çıxarışını da alıb ona verməsinə dair vədini yerinə yetirməmişdir. Başqa sözlə, Cavabdeh2 iddiaçı qarşısında borc pulla bağlı öhdəliyini tam icra etməmişdir.
18. Məhkəmə kollegiyası həmçinin məhkəmənin iddia müddətinin ötürülməsini nəzərə almamasına dair apellyasiya şikayətinin dəlilini əsassız saymışdır. Belə ki, cavabdeh tərəf cinayət işinin istintaqı zamanı dəfələrlə izahatlar vermiş, hətta aralarında üzləşmə kimi istintaq hərəkətləri də keçirilmişdir. Bundan başqa, həmin iş üzrə qəbul edilmiş qərarların da məzmunundan xəbərsiz ola bilməzdilər, çünki iş üzrə qəbul edilmiş qərarlar 2 dəfə ləğv edilib yeni araşdırılmaya göndərilmişdir. Beləliklə də, iddia ərizəsində hadisənin baş verdiyi ilin göstərilməməsi iddia müddətinin keçməsinə dair ərizə vermək hüququndan cavabdeh tərəfin istifadə edə bilməməsi üçün üzürlü əsas sayıla bilməz.
19. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi öz qənaətini Mülki Məcəllənin 385, 442 və 375.2-ci madələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
20. Cavabdehlər kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5978/2022 nömrəli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və Z.Ə.Əliyevdən ibarət tərkibdə) cavabdehlərin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3237/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
22. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiyada baxan məhkəmə hesab etmişdir ki, cavabdehlər Rusiya Felerasiyasından iddiaçı üçün taxta-şalban gətirmək məqsədilə iddiaçıdan 83.000 ABŞ dolları məbləğində pul almış, lakin bunun müqabilində mal verməmiş və pulu da qaytarmaqdan imtina etmişlər. Nəticədə cavabdehlər iddiaçının hesabına varlanmış, lakin bunun üçün qanuni əsas və ya müqavilə əsası olmamışdır, Mülki Məcəllənin 1092.1 və 1093-ci maddələrinə görə iddiaçının həmin pulu cavabdehlərdən tələb etmək hüququ, cavabdehlər isə həmin pulu iddiaçıya qaytarmaq vəzifəsini daşıyırlar.
23. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsindən fərqli olaraq tərəflər arasında “borc pul ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri”nin olması qənaətinə gəlmiş və Mülki Məcəllənin öhdəliyin anlayışı haqqında 385.1-ci və öhdəliyin icra edilməməsinin anlayışına dair 442-ci maddəsini tətbiq etmiş, əsassız olaraq maddi hüquq normasının düzgün tətbiq olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas saymamışdır. Halbuki, maddi hüquq normalarının düzgün tətbiq olunmaması, yəni tətbiq edilməli olan qanunun və ya digər normativ hüquqi aktı tətbiq eidlməməsi apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
24. İşdən daha sonra görünür ki, tərəflər uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuş, iddiaçı cavabdehlərə pul vermiş, cavabdehlər isə Rusiya Federasiyasında yaşayan tanışları vasitəsilə taxta-şalban tədarük edib iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Apellyasiya instansiyası məhkəməsi də tərəflərin fəaliyyətini qazanc əldə etmək üçün birgə sahibkarlıq fəaliyyəti kimi dəyərləndirsə də, tərəflər arasındakı münasibətləri düzgün olmayaraq “borc pul ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlər” kimi dəyərləndirmişdir. Halbuki, tərəflər arasında mövcud olmuş hüquq münasibətləri düzgün müəyyən olunmadan mübahisənin düzgün həlli və maddi hüquq normalarının düzgün tətbiq edilməsi mümkün deyildir, apellyasiya məhkəməsi həmin məsələnin həlli zamanı bu halı diqqətdən qaçırmışdır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsində, həmçinin iddiaçının şikayəti üzrə başlanmış cinayət işinin istintaqı zamanı şahid kimi verdikləri ifadələrində cavabdehlərin iddiaçıdan sonuncu üçün taxta-şalban tədarük etməsi məqsədilə pul almaları, lakin həmin pulun müqabilində artıqlaması ilə taxta şalban tədarük etmələri və bir hissə pulu qaytarmaları barədə göstərdikləri halları iddianın qismən etirafı kimi qiymətləndirmiş, lakin göstərilən nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 106.3 və 191-ci maddələrinin tələblərini diqqətdən qaçırmışdır. Həmin normalara görə həm faktın iddiaçının tələbinin əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi, cavabdehin iddianı etiraf etməsini yalnız o halda iddiaçını gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir ki, həmin hallar məhkəmə iclasının protokoluna yazılsın və bu barədə etiraf edən tərəf protokola imza etsin, yaxud da yazılı ərizədə ifadə olunsun. Lakin məhkəmə iclas protokollarında cavabdehlərin iddianı, yaxud faktı etiraf etmələri imzaları ilə təsdiq olunmamış, onların bu barədə məhkəməyə ünvanlanmış ərizəsi olmamış, həmçinin məhkəmə iclaslarının audio yazısının aparılması barədə disk iş materiallarına əlavə edilməmişdir.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Proses iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlərin iddiaçıya hazırda 6.489 ABŞ dolları borcu qalır. Belə ki, hər iki tərəf ümumilikdə dövriyyədə olan 680.000 ABŞ dollarını qəbul edir, yəni iddiaçı deyir ki, 680.000 ABŞ dolları vermişəm, cavabdehlər qəbul edirlər ki, 680.000 ABŞ dolları almışıq. İddiaçı həmin pulun əvəzində ümumilikdə 25 vaqon taxtanın ölkəyə gəldiyini təsdiq edir. Həmin 25 vaqonda olan taxtanın ümumi çəkisi tərəflər arasında mübahisə edilmir. Həmçinin hər vaqonda olan taxtanın kubu və qiyməti mübahisə olunmur. Taxtanın gömrük xərclərini iddiaçı tərəfindən çəkilməsi də mübahisə olunmur. Cavabdehlər taxtanın ölkə sərhəddinə kimi gətirilməsinə cavabdehdirlər və bu hal da tərəflər arasında mübahisə edilmir. İddiaçı iddia edir ki, sonuncu dəfə taxtanın gətirilməsi üçün cavabdehlərə 180.000 ABŞ dolları pul vermişəm, lakin həmin pulun əvəzinə taxta gətirilməmişdir. Cavabdehlər həmin pulu aldıqlarını etiraf edirlər, lakin bildirirlər ki, aralarında 180.000 ABŞ dolları deyil, ümumi hesabdan 161.489 ABŞ dolları qalıq qalmışdır, və bu məbləğin əvəzində taxta verə bilməmişik, səbəb isə taxta kəsilən meşədə bataqlıq olmasaydı taxtanı tədarük edəcəklərdi. Ümumi qalıq 161.489 ABŞ dolları borcdan qaytarılıb: 49.000 ABŞ dolları dəyərində avtomobil verilib, 30.000 ABŞ dolları iddiaçının sifarişi əsasında Şahin adlı şəxsə verilib, iki dəfəyə, hər dəfəsində 20.000 ABŞ dolları olmaqla, 40.000 ABŞ dolları iddiaçı şəxsən özü cavabdeh E.Məmmədovdan alıb, 13.000 ABŞ dollarının əvəzinə iddiaçı cavabdehdən divar kağızı alıb, 10.000 ABŞ dolları Mirzə adşı şəxs iddiaçının ofisində şəxsən verib, hər dəfəsində 5.000 ABŞ dolları olmaqla iki dəfəyə 10.000 ABŞ dolları şəxsən iddiaçı özü alıb cavabdeh E.Məmmədovdan, 3.000 ABŞ dolları iddiaçının sürücüsü Qadir adlı şəxsə verilib. Beləliklə, ümumi qaytarılan məbləğ 155.000 ABŞ dollarıdır və bu məbləğlər tərəflər arasında mübahisə edilmir.
27. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
28. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili cavabdehin nümayəndəsi və vəkilinin dedikləri ilə razılaşmayaraq cavabdehlərin iddiaçıya 83.000 ABŞ dolları borcunun qaldığını, iddiaçı cavabdehlərin apardığı hesablaşma ilə bağlı razılaşmadığını bildirmişdir. Belə ki, sonuncu dəfə E.Məmmədova 180.000 ABŞ dolları verilmiş, lakin əvəzində taxta gətirilməmişdir. Həmin məbləğin əvəzində 50.000 ABŞ dolları məbləğində maşın, 30.000 ABŞ dolları Şahin vasitəsilə, 10.000 ABŞ dollarınadək miqdarda isə divar kağızı verilmişdir. Qalan 83.000 ABŞ dolları təqdim edilməmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının alış-verişi E.Məmmədovla olmuş, Cavabdeh2 vasitəçi olmuşdur.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişci isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
33. Hazırkı işdə iddia tam təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
36. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.
37. Hazırda iddiaçı, cavabdehin aldığı 83.000 ABŞ dolları əvəzində razılaşdırılmış taxta-şalbanı verə bilməməsi səbəbindən ona ödədiyi pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasındakı razılaşmanın şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında şifahi tapşırıq və podrat müqavilələrindən irəli gələn münasibətləri mövcud olmuşdur.
38. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında iri həcmli taxta şalban dövriyyəsi olmuş və həmin dövriyyə bir neçə il müddətində davam etmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə 180.000 ABŞ dolları məbləğində vəsait Cavabdeh1 ödənilmiş, lakin o, həmin məbləğdə taxta şalbanı iddiaçıya təhvil verə bilməmişdir.
39. Bununla bağlı iddiaçı və X6 xx.xx.2017-ci il tarixdə Nərimanov rayon prokurorluğuna şikayətlə müraciət etmiş, prokurorluqda araşdırma aparılmış və tərəflərin izahatları alınmışdır.
40. Araşdırma zamanı Cavabdeh1 ilk izahatında xx.xx.2014-cü il tarixdə 180.000 ABŞ dolları məbləğində vəsaitin digər Cavabdeh2 vasitəsi ilə iddiaçı və X2 aldığını, lakin əvəzində taxta çıxarılan meşədə hava şəritinin pis olması, hər yerin bataqlıq olması səbəbindən taxta gətirə bilmədiyini, götürülmüş məbləğin hissə-hissə olmaqla ümumilikdə 169.700 ABŞ dolları iddiaçıya geri qaytarıldığını (bir hissəsi hissə-hissə pul ödəməklə, qalan hissəsi 65.000 ABŞ dolları dəyərində “Maz” yük avtomobili, divar kağızları verilməklə), lakin hazırda maddi sıxıntıları olduğu üçün borcun qalan hissəsini fürsət düşdükcə ödəyəcəyini bildirmişdir.
41. Araşdırma zamanı Cavabdeh2 ilk izahatında xx.xx.2014-cü il tarixdə 180.000 ABŞ dolları məbləğində vəsaitin iddiaçının tapşırığına əsasən onun şərikinin oğlundan aldığını, Cavabdeh1 tapşırığına əsasən əməkdaşlıq etdiyi Səməd Süleymanov adlı şəxsə zəng edərək onun tanışına verdiyini, lakin əvəzində taxta gətirilmədiyini, borcun 169.700 ABŞ dolları hissəsinin geri qaytarılmadığını bildirmişdir.
42. Lakin Cavabdeh1 sonrakı izahatlarında artıq iddiaçıya heç bir borcunun qalmadığını bildirmişdir. Eynilə də Cavabdeh2 ilkin izahatlarından fərqli olaraq sonradan Cavabdeh1 iddiaçıya borcunun qalmadığını təsdiq etmişdir.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər istintaq zamanı bildirdiklərindən fərqli olaraq, apellyasiya şikayətində iddiaçının verdiyi 83.000 ABŞ dolları məbləğində pulun əvəzinə də mal gətirərək ona verdiyini, hətta sonradan tikinti materiallarının qiymətinin artması ilə əlaqədar onların iddiaçıya verdiyi malın qiymətinin 103.000 ABŞ dolları təşkil etməsinin, yəni təxminən 20.000 ABŞ dolları artıq dəyərə malik malı iddiaçıya təqdim edildiyini bildirmişlər. Kollegiyanın iclasında isə cavabdehlərin nümayəndəsi və vəkili cavabdehlərin iddiaçıya hazırda 6.489 ABŞ dolları borcu qaldığını bildirmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər iddiaçıdan sonuncu dəfə alınan 180.000 ABŞ dolları məbləğində vəsaiti qaytardığını bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmiş, əksinə müxtəlif vaxtlarda bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar bildirmişlər.
45. Kollegiya qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olduğuna baxmayaraq, birinci instansiya məhkəməsi bu münasibətlərə əsassız varlanma kimi qiymət vermiş, bununla da maddi hüquq normasının tədbiqində səhvə yol vermişdir. İşdən müəyyən olunduğu kimi, Cavabdeh1 öz üzərinə düşən öhdəliyini tam icra etməmiş və bu baxımdan iddiaçının cavabdehə qarşı şifahi podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürmək hüququ yaranmışdır.
46. Göstərilənlərlə yanaşı, kollegiya həmçinin bu qənaətə gəlir ki, iddia tələbinin iş üzrə digər cavabdeh olan Cavabdeh2 Zahid oğluna münasibətdə təmin edilməsi işin hallarına uyğun hesab edilmir.
47. Belə ki, iddiaçının prokuroluğa verdiyi şikayətdə, iddia ərizəsində və məhkəmə iclasında nümayəndəsi və vəkilinin bildirdiyinə görə, iddiaçının taxta şalban alveri cavabdeh E.Məmmədovla olmuşdur. Cavabdeh2 yalnız iddiaçıdan pulu alıb E.Məmmədova ödəyirdi.
48. Cavabdeh E.Məmmədov prokurorluqda verdiyi izahatında Cavabdeh2 onun işgüzar fəaliyyəti zamanı hesabatlarını apardığını, hər dəfə iddiaçıdan pulu alıb ona gətirdiyini, iddiaçı tərəfindən göndərilmiş pulda çatışmamazlığın olmadığını bildirmişdir.
49. Göründüyü kimi, Cavabdeh2 tərəflərin həm iddiaçının, həm də Cavabdeh2 ona verdiyi tapşırıqları lazımi qaydada icra etmiş, onların mənafelərinə zidd hər hansı hərəkət etməmişdir.
50. Bu səbəbdən kollegiya hesab edir ki, iddia tələbi Cavabdeh2 Zahid oğluna münasibətdə əsassız olmuşdur, lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, nəticədə həmin cavabdehə münasibətdə də iddianın təmin edilməsi və ondan da iddiaçının xeyrinə pulun tutulması ilə bağlı səhv nəticəyə gəlmişdir.
51. Məhkəmə kollegiyası cavabdeh tərəfin cavabdehlərin iddiaçıya 25 qatar vaqonu taxta tikinti materialı və bir ədəd yük maşını vermələri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən verilmiş malların və yük maşının dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmələrinə dair dəlilinə (vəsatətinə) qiymət verərək hesab edir ki, bu barədə vəsatət birinci instansiya məhkəməsində təqdim edilməli idi.
52. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
53. İş materiallarından isə cavabdehlər tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı yazılı əsaslandırılmış vəsatətin verilməsi müəyyən edilmir.
54. Kollegiya onu da qeyd edir ki, iş materiallarında olan sənədlər belə bir ekspertizanın keçirilməsini təmin etmək üçün kifayət deyildir. Belə ki, cavabdehlər tərəfindən malların göndərilməsi ilə bağlı rəsmi sənədlər (malların yük daşıyıcısına təhvil verilməsini təsdiq edən sənədlər, əmtəə-nəqliyyat qaimələri, malların gömrük rəsmiləşdirilməsi üçün zəruri olan digər sənədlər və s.) təqdim edilməmişdir.
55. Məhkəmə kollegiyası həmçinin məhkəmənin iddia müddətinin ötürülməsini nəzərə almamasına dair apellyasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, cavabdeh tərəf cinayət işinin istintaqı zamanı dəfələrlə izahatlar vermiş, izahatlarda pulun alındığı tarixi göstərmiş, hətta aralarında üzləşmə kimi istintaq hərəkətləri də keçirilmişdir. Bundan başqa, həmin iş üzrə qəbul edilmiş qərarların da məzmunundan xəbərsiz ola bilməzdilər, çünki iş üzrə qəbul edilmiş qərarlar 2 dəfə ləğv edilib yeni araşdırılmaya göndərilmişdir. Beləliklə də, iddia ərizəsində hadisənin baş verdiyi ilin göstərilməməsi iddia müddətinin keçməsinə dair ərizə vermək hüququndan cavabdeh tərəfin istifadə edə bilməməsi üçün üzürlü əsas sayıla bilməz.
56. Eyni zamanda, iş materiallarından cavabdehlər tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin keçməsi ilə bağlı məsələ qaldırılması (ərizənin verilməsi) də görünmür. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6390/2021 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 83.000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Fərrux Qasımov