Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2104/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(006)-4030/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə hər ay üçün 100 manat hesablanmaqla (bir il ərzində 1200 manat) 12 il ərzində istifadə etməsinə görə 14.400 manat, evinə əsassız olaraq elektirik enerjisinin verilməsindən imtina etməsi, hüquqlarının kobud şəkildə pozulması və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə 6.500 manat, onu və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat olmaqla, ümümilikdə 24.900 manat pulun, 164.70 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(006)- 4030/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ASC tərəfindən İddiaçı məxsus olan torpaq sahəsindən istifadə edilməsinə görə 1200 manat pulun ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırki işə inzibati qaydada baxılmalı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı işə inzibati qaydada baxılmasına etiraz etdiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(006)-4030/2022 saylı qətnaməsi ləğv edilməli və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilərək, iddiaçıya müvafiq tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iddia ərizəsi və iş materiallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində müqavilə bağlamadan və iddiaçının razılığı olmadan elektrik dirəkləri quraşdırmaqla və elektrik xətləri çəkməklə sonuncunun torpaq sahəsindən istifadə etmişdir. İddiaçı hazırki tələbində cavabdehin qeyd olunan hərəkətləri nəticəsində vurulmuş zərəri tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə isə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 7.1-ci bəndində vurğulanmışdır ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndində isə izah olunmuşdur ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Kollegiya onu da qeyd edir ki, inzibati orqanın vəzifəli şəxslərinin hərəkətləri nəticəsində vurulmuş ziyana görə də həmin vəzifəli şəxs (şəxslər) yox, inzibati orqan özü məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(006)- 4030/2022 saylı qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2104/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2104/2023
14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver