Məhkəmə qərarları › İş №2(103)-2105/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2105/2021

17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2105/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-753/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” ASC ona və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X2 96.254,23 manat məbləğində əsas, 19.117,16 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə, cəmi 115.871,39 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi, tutmanın xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin, 42 saylı mənzilinə, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinə, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 saylı mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğləri ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi İddiaçı qaytarılması, eləcə də Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 42 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 34 saylı mənzilin ilkin satış qiyməti 110.000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 mənzilin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı yaşadığı ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh X4 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3553/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh X4 və vəkili tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir. Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almadığı vaxtlarda cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli bildiriş göndərilmişdir. xx.xx.2019cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinin 58 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak açıq hərraca çıxarılmışdır: 1. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 51, əmlakın ilkin satış qiyməti 75.000 manat; 2. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 42, əmlakın ilkin satış qiyməti 80.000 manat. Bundan başqa, xx.xx.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-5294- 30 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır - Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 57, mənzil 34, əmlakın ilkin satış qiyməti 110.000 manat. Qətnamənin qanuni qüvvəsini almadığı və qətnamədən apelyasiya instansiya məhkəməsinə şikayət verildiyindən cavabdeh “X1 Mərkəzi” MMC-yə, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada məlumat verilərək bildirilmişdir ki, qətnamədən apelyasiya şikayəti verildiyindən hərracın keçirilməsinin dayandırılması xahiş olunmuşdur. Göstərilənlərə baxmayaraq cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə hərraclar keçirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-136 nömrəli xx.xx.2019-cu il tarixli və Y-140 nömrəli xx.xx.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə 2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-753/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ətraflı araşdırmadan tələsik qətnamə çıxarmışdır. Qətnamədə qeyd olunanlardan da aşkar şəkildə görünür ki, hələ qətnamə qanuni qüvvəsini almadan icra şöbələri hərracın keçirilmələri barədə qanunsuz sifariş etmiş, “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş qanunsuz hərracda isə Y-136 nömrəli x xxx 2019-cu il tarixli və Y-140 nömrəli, xx xxx 2019cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixli müqavilələr bağlanmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-753/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli çıxarışın kserosurətinə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 nömrəli evin 3 otaqlı 51 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X2 96.254,23 manat məbləğində əsas, 19.117,16 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə, cəmi 115.871,39 manat məbləğində borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi, tutmanın xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23 A/8 saylı evin, 51 saylı mənzilinə, Sumqayıt şəhəri, 9cu mikrorayon (köhnə), 23 A/8 saylı evin, 42 saylı mənzilinə, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğlərinin ödənilməsi,ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışdan əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - İddiaçı qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi cavabdeh X2 tutulması, hərraca çıxarılarkən ipoteka predmetləri olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23 A/8 saylı evin, 51 saylı mənzilin ilkin satış qiyməti 75.000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23 A/8 saylı evin 42 saylı mənzilinin ilkin satış qiyməti 80.000 manat və Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti açıq hərracdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı yaşadığı ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 728 manat məbləğində pul vəsaitinin cavabdeh X2 alınaraq “xxxx” MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi isə “xxxx” ASC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhəri üzrə icra İdarəsinə, tələbkar “xxxx” ASC-yə, borclular X3, İddiaçı göndərilmiş bildirişlərdən görünür ki, hərrac təşkilatı tərəfindən həm borclu, həm tələbkara ilkin və təkrar hərracların keçirilməsi barədə rəsmi məlumatlar verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsi tərəfindən 6 saylı Cəzaçəkmə Müəssisəsinə ünvanlanmış 2(103)-3553/2019 saylı, xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X4 qətnamədən apelyasiya şikayəti vermiş, həmin şikayətə baxılması xx.xx.2019-cu il tarixə, saat 09.40-a Bakı Apelyasiya Məhkəməsinin binasına təyin edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsi tərəfindən “xxxx” ASC-yə və İddiaçı ünvanlanmış 2(103)-3553/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə bildirişinin kserosurətindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər X4 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiasına dair mülki iş üzrə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh Ramin Salahov tərəfindən verilmiş şikayətə xx.xx.2019-cu il tarixdə, saat 09.40-da Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında baxılması təyin edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürovunun vəkili Ənnağı Məmmədliyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılması mümkün deyildir. İş materiallarında olan “xxxx” ASC tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, icra sənədinin icrası ilə əlaqədar hərraca çıxarılmış İddiaçı mülkiyyətində olan Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinin açıq hərracdan alınması ilə bağlı təklifini qəbul etmişlər. İş materiallarında olan “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli Y-136 N-li protokolun kserosurətinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 04/31 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (Köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili ilkin satış qiyməti 75.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 47813 manata “xxxx” ASC-yə təklif olunmuşdur. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 2019-cu il tarixli müqavilənin kserosurətinə əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili 47813 manata “xxxx” ASCyə satılmışdır. İş materiallarında olan “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli Y-140 N-li protokolun kserosurətinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon icra və probasiya şöbəsinin xx/xx-5294-30 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili ilkin satış qiyməti 110.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 70.125 manata “xxxx” ASC-yə təklif olunmuşdur. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin kserosurətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili 70.125 manata “xxxx” ASC-yə satılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-936/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X2 96.254,23 manat məbləğində əsas, 19.117,16 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə, cəmi 115.871,39 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməsi, tutmanın xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin, 42 saylı mənzilinə, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinə, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğləri ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi İddiaçı qaytarılması, eləcə də Sumqayıt şəhəri, 9- cu mikrorayon (köhnə), 23A/8 saylı evin 42 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 34 saylı mənzilin ilkin satış qiyməti 110.000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 mənzilin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı yaşadığı ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılması qət edilmişdir. Həmin qətnamədən Ramin Salahov apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3553/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən Ramin Salahov tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələblərinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarında olan sübutlardan məlum olur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Market qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “xxxx” ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakları qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili və İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, şikayətdə göstərilənlər hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Belə ki, iddiaçı apelyasiya şikayətində göstərmişdir ki, hərracların keçirilməsi üçün əsas olmuş məhkəmə qətnaməsindən kassasiya şikayəti verildiyi üçün, hərrac təşkilatı hərracların keçirilməsini dayandırılmalı idi. Lakin onlar tərəfindən hərrac təşkilatına və icra qurumuna bu barədə məlumat verilsə də, hərraclar keçirilmiş və mülkiyyətində olan əmlaklar satılmışdır. Bu səbəbdən iddiaçı hesab edir ki, hərrac qanunun tələblərini pozmaqla keçirildiyi üçün etibarsız hesab ediləmlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının bu dəlilləri keçrilmiş hərracların etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Hərrac təşkilatı icra məmurunun sifariş əsasında hərracı keçirdiyi üçün yalnız sifarişçinin ona ünvanlandığı tələbləri yerinə yetirməkdə məsuldur. Yəni nə tələbkarın, nə də borclunun tələbi və ya xahişi ilə hərracın keçirilməsinin dayandırılması qanunla müəyyən edilməmişdir. Hərrac o halda qanunsuz hesab edilə bilər ki, o, mülki qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilsin. Lakin iş materiallarından və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hərrac təşkilatına hərracın keçirilməsinin dayandırılması ilə bağlı sifarişçi tərəfindən hər hansı məktub daxil olmamışdır. Məhkəmə eyni zamanda haqlı olaraq qeyd etmişdir ki, icra məmuru tərəfindən hərrac təşkilatına hərracın dayandırılması üçün heç bir əsas da olmamışdır. Belə ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürovunun vəkili Ənnağı Məmmədliyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılması mümkün olmaması bildirilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilmədiyi üçün, eyni zamanda hərrac təşkilatının ipoteka qoyanın tələbi ilə hərracın dayandırılması qanunla müəyyən edilmədiyindən, iddiaçının hərracların etibarsızlığı ilə bağlı tələbi əsassızdır və haqlı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-753/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-753/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar