Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2105/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(009)-2205/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35.000 manat kompensasiya, 2009-cu ildə sökülmüş yaşayış sahəsinə görə verilməli olan 105000 manat məbləğində pulun 7 il qanunsuz saxlandığına görə illik 5 faiz cərimə hesablanmaqla 36750 manat məbləğində pulun, 35000 manat pulun 4 ilə görə 5 faizlik cərimə hesablanmaqla 7000 manat məbləğində pulun, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına görə hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqa görə 21000 manat məbləğində pulun və 10000 manat məbləğində mənəvi zərərin əvəzi olaraq pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qadaşları küçəsində tikilmiş 8 otaqlı mənzil 09.03.2002-ci il tarixdən iddiaçının anası X1 adına qeydiyyata alınmışdır. Hazırda həmin mükiyyət 16.01.2021-ci il tarixdə payçılar İddiaçı, X3 və X2 adına qeydiyyata alınmışdır. 2009-cu ilin sentyabr-oktyabr aylarında “Xutor” qəsəbəsində Azərbaycan Respublikası Prezident Aparatının Rezidensiyası tikilməyə başladı. Bu səbəbdən əraziyə düşən mənzil və tikililərin kompensasiya ödənilməklə söküntüsünə başlanıldı. İddiaçının yaşadığı Novruzov Qardaşları 149 ünvanındakı 70 kvadrat metr ərazidə olan tikili də söküldü. Sökülmüş əraziyə görə ona 105000 manat kompensasiya ödənilməli halda yalnız 2016-cı ildə 70000 manat verildi. Məbləğdən qalan 35000 manat məbləğində pul vəsaiti isə bu günə qədər ödənilməmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(009)-2205/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(009)-2205/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini barədə yeni qətnamə qəbl edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, "xxxx" MMC tərəfindən iddiaçıya hər hansı bir kompensasiya ödənilməmişdir. Habelə sözügedən ünvanda olan tikililər cavabdeh tərəfindən sökülməmişdir. Bu səbəbdən hazırki iş üzrə "xxxx" MMC-nin heç bir aidiyyəti yoxdur. Bundan əvvəl iddiaçının anası X5 eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin iddianı rədd etmiş, yuxarı instansiya məhkəmələri rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(009)-2205/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3, X6 və İddiaçı paylı mülkiyyətindədir İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyətinin 12.06.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Novruzov Qardaşları küçəsi 149 ünvanında yerləşən yaşayış sahəsi 137,28 kv.m, otaqların sayı 8 olan özbaşına tikilmiş evin həyətyanı sahəsindəki 70 kv.m sahəsi olan özbaşına tikili qeydiyyata alınmamış və Bakı şəhərinin Baş planına əsasən müasir tələblərə uyğun olaraq aparılan abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar sökülmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində yerləşən sahəsi 70 kv.m olan özbaşına tikili Bakı şəhərinin Baş Planına əsasən yenidənqurma işləri ilə bağlı sökülmüş və iddiaçıya bunun müqabilində kompensasiya ödənilmişdir. Kolllegiya apellyasiya şikayətində qeyd edilənləri iş materialları ilə yanaşı yoxlayaraq qeyd edir ki, iş üzrə cavabdeh tərəfindən qeyd olunan ünvanda hər hansı söküntü işləri aparılmamış və iddiaçı tərəfə hər hansı kompensasiya ödənilməmiş yaxud tərəflər arasında bununla bağlı heç bir razılıq olmamışdır. İddiaçı ərizəsində qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni "xxxx" MMC-yə qarşı yönəldiyindən, həmin hüquqi şəxs hazırki iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz. Kollegiya həmçinin qeyd edir ki, hər hansı iddia tələbi ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi "xxxx" MMC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(009)- 2205/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2105/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2105/2022
02.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver