Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2105/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Natiq Hüseynovun, üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmmədli qızı və "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-180/2025 nömrəli qətnaməsindən "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə iddiaçının mənzilinə su axıdılması ilə bağlıdır. 2.Belə ki, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev № 10-da yerləşən 3 “a” №-li mənzilə iddiaçıya məxsusdur. Mənzilə yuxarı mərtbədə yerləşən, sahəsi 117 kv.m təşkil edən qeyriyaşayış sahəsindən su axıdılıb. Qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur, o, həmin sahəni xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında cavabdeh "xxxx" ASC-yə icarəyə verib. 3.Mənzilin və qeyri-yaşayış sahəsinin yerləşdiyi 10 №-li çoxmənzilli bina üçüncü şəxs "xxxx" MTK-ya aiddir. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, mənzilə su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 3.852 manat, mənəvi zərərin əvəzi kimi 500 manat, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi kimi 300 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilsin. 5.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 3.852 manat, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi kimi 300 manat, dövlət rüsumunun əvəzi kimi 61,52 manat cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 7.Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Natiq Hüseynov apellyasiya şikayətinin əsaslı olduğunu, üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 8.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9."xxxx" MTK-nın hüquqşünası, komendantı və iddiaçının mənzilində kirayədə yaşayan şəxs tərəfindən tərtib edilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlara görə, iddiaçının mənzilinə üst mərtbədə yerləşən qeyri-yaşayış sahəsindən su axıb. 10.AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4112 nömrəli rəyinə görə, iddiaçının mənzilinə üst mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən suaxma baş verib və nəticədə mənzilin tikililərinə ziyan vurulub. Rəydə daha sonra qeyd olunub ki, cavabdeh tərəf baxışda iştirak etmədiyi üçün qeyri-yaşayış sahəsinə baxış keçirilməsi mümkün olmadığından suaxmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin suaxma qeyri-yaşayış sahəsinin su-kanalizasiya boru xətlərində qəza baş verməsi və ya qeyri-yaşayış sahəsindən istifadə edən şəxslər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi nəticəsində baş verə bilər. Suaxma nəticəsində mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli olan təmir işlərinin dəyəri təqribən 3.852 manat təşkil edir. 11."xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırıb ki, suyun haradan axması və suaxmanın dəqiq mənbəyi ekspert tərəfindən müəyyən edilməyib. Məhkəmə qeyd edir ki, bu hal qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçının mənzilinə suaxma baş verib, ASC bu faktı inkar etmir. ASC-nin icarəsində olan qeyri-yaşayış sahəsi iddiaçının mənzilinin bilavasitə üstündə yerləşdiyinə, suyun başqa yerdən - digər şəxsin sahəsindən axdığını təsdiq edən sübut olmadığına, habelə ASC-nin özü də suyun digər şəxsin sahəsindən axıdığını iddia etmədiyinə görə, hesab olunur ki, suaxma ASC-nin icarəsində olan qeyriyaşayış sahəsindən baş verib. Suaxmanın ASC-nin icarəsində olan qeyri-yaşayış sahəsindən baş verməsi ASC-nin mülki məsuliyyətə cəlb edilməsi üçün kifayətdir, suaxmanın qeyriyaşayış sahəsinin daxilindəki dəqiq mənbəyinin müəyyən edilməsinə zərurət yoxdur. 12.AR Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Göründüyü kimi, “otağı tutan şəxs” ifadəsindən istifadə olunub. Qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin icarəsində olduğuna görə, ASC hənin sahəni tutan şəxs kimi suaxmaya görə məsuliyyət daşıyır.
13. Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi zərərin əvəzi kimi 3.852 manat pulun "xxxx" ASC-dən tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Qətnamə iddianın rədd edilməsinə aid olan hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 15.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-180/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.