Məhkəmə qərarları › İş №2(103)-2109/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2109/2020

09.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2109/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin vəkili (nümayəndəsi) X6 və vəkili X5 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, borc kimi cavabdehə verdiyi 1.000.000 ABŞ dolları məbləğində pulun sonuncudan tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı olan iddiaçı Azərbaycan Respublikasında həkim-ginekoloq ixtisası üzrə uzun illər fəaliyyət göstərmişdir. İddiaçının cavabdeh ilə təxminən 2010-cu ildən dostluq münasibətləri yaranmışdır. Həmin dövrdə cavabdeh, iddiaçını özünə aid “Azer-Türk Med” Məhdud Məsuliyyətli Cəmiyyətdə (bundan sonra – Klinika) işləməyə dəvət etmiş, hətta iddiaçıya ortaqlıq da təklif etmişdir. İddiaçı da cavabdehlə münasibətlərinin yaxşı olduğuna və sonuncuya inandığına, habelə cavabdehin yaxın qohumunun Azərbaycan Respublikasında yüksək vəzifəli dövlət məmuru olması barədə məlumatlı olduğuna görə, cavabdehin bu təklifini qəbul etmişdir. İddiaçı, Klinikada fəaliyyətə başlamamışdan əvvəl cavabdeh öz işləri ilə bağı iddiaçıdan 1.000.000 ABŞ dolları məbləğində borc istəmişdir. İddiaçı da yuxarıda qeyd edilən halları nəzərə alaraq həmin məbləğdə pulu cavabdehə borc vermişdir. Həmin borc iddiaçı tərəfindən iki dəfəyə alınmışdır. Borcun 100.000 ABŞ dolları hissəsi xx.xx.2010-cu il tarixdə İstanbul şəhərində iddiaçının adına olan bank hesabından cavabdeh tərəfindən şəxsən məxaric edilərək götürülmüş, qalan 900.000 ABŞ dolları isə bank hesabından çıxarılmış 890.000 ABŞ dollarının üstünə daha 10.000 ABŞ dolları əlavə edilərək 2012-ci ildə cavabdehə verilmişdir. Cavabdeh borc aldığı zaman, iddiaçıya bildirmişdir ki, iddiaçı Klinikada iş fəaliyyətini bitirmək və Türkiyəyə qayıtmaq istədiyi zaman borcu iddiaçıya qaytaracaqdır. İddiaçı da bu şərtlə razılaşmışdır. Həmin vaxtdan etibarən tərəflər arasındakı dostluq münasibətləri, həm də əməkdaşlıq davam etmişdir. Lakin cavabdeh son dövrlər iddiaçı ilə ünsiyyətdən qaçmağa və iddiaçı ilə kobud davranmağa başlamışdır. Bütün banlar, habelə cavabdehin heç bir iş görmədən, iddiaçının Klinikadakı fəaliyyəti nəticəsində gəlir əldə etməsi və bu kimi digər hallar iddiaçını Klinikadakı işindən ayrılmasına səbəb olmuşdur. Bundan sonra, iddiaçı cavabdehdən borcun qaytarılmasını tələb etsə də, cavabdeh borcu nəinki qaytarmamış, hətta bundan yayınmaq məqsədi ilə iddiaçı barədə müxtəlif orqanlara şikayətlərin verilməsini təşkil etmişdir. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə əsaslı olan iddianı təmin etməmişdir. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin vəkilləri V.İsmayılov və (nümayəndəsi) F.Nəcəfov apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2.). Mülki Məcəllənin tərəflər arasında borc münasibətlərinin yarandığı iddia edilən vaxt qüvvədə olmuş 740-cı maddəsinin dispozisiyasına görə, borc müqaviləsi şifahi bağlanılırdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM; maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qeyd edilən maddi və prosessual hüquq normalarının müzakirə edilən mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada borc müqaviləsinin bağlandığını və bu müqavilə üzrə öhdəliklərin icra edilmədiyini sübuta yetirmək ilk növbədə iddiaçı tərəfin üzərinə düşür. Bu kimi sübutlar iddiaçı tərəfindən təqdim edildiyi halda cavabdeh iddiaya dair etirazını sübut etmək yükünü daşıyır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddiaçının öz tələbinin əsası kimi məhkəmələrə təqdim etdiyi sübutlar aşağıdakılardır: – xx.xx.2010-cu il və xx.xx.2012-ci il tarixli məxaric qəbzləri, habelə (iddiaçının arvadı) İşıl Turanın, (iddiaçının bacısı) Şirin Turanın və (iddiaçının keçmiş iş yoldaşı) Cem Gazınin ifadələri. İddiaçının istinad etdiyi xx.xx.2010-cu il tarixli məxaric qəbzindən görünür ki, iddiaçının “NSBC” Bankındakı hesabından 100.000 ABŞ dolları məbləğində pul nağd şəkildə cavabdehə ödənilmişdir; cavabdehin həmin pulu qəbul etməsi onun öz imzası ilə təsdiq edilir. İddiaçının istinad etdiyi digər məxaric qəbzindən görünür ki, iddiaçı, xx.xx.2012-ci il tarixdə “NSBC” Bankındakı hesabından 890.000 ABŞ dolları məbləğində pulu nağd şəkildə almışdır. (İddiaçının arvadı) İşıl Turan Məhkəmənin adına ünvanladığı yazılı ifadəsində bildirir ki, cavabdeh işlərini genişləndirmək məqsədi ilə iddiaçıdan 1.000.000 ABŞ dolları məbləğində borc istəmiş, sonuncu ilkin olaraq 100.000 ABŞ dollarını 2010-cu ilin iyun ayında bankdan şəxsən almış, qalan 900.000 ABŞ dollarını isə 2012-ci ilin aprel ayında iddiaçının bacısı Şirin Turandan qəbul etmişdir. Belə ki, 2012-ci ilin mart ayında iddiaçı pulu bankdan götürmüş, lakin cavabdeh həmin vaxt gələ bilməmiş, bu səbəbdən o, həmin məbləği aprel ayında İstanbula gələrək Şirin Turandan qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş (iddiaçının bacısı) Şirin Turanın yazılı ifadəsində göstərilir ki, 2010-cu ilin mart və iyun aylarında iş üzrə tərəflər arasında birgə fəaliyyətlə bağlı onun (Şirin Turanın) iştirakı ilə görüşlər olmuşdur. Cavabdeh iddiaçıya “X15” Klinikasının başqa ölkələrdə filiallarını da açmaq niyyətində olmasını bildirmiş və bu məqsəd ilə ondan 1.000.000 ABŞ dolları borc istəmiş, tərəflər bu barədə razılığa gəlmişlər. Şirin Turan tərəflərin razılaşmasını rəsmilləşdirmək istədikdə, cavabdeh buna zərurət olmadığını bildirmiş, imtinasını isə iddiaçını öz qardaşı kimi görməsi, ona etimad edilməli olması, habelə borcun məbləğinin böyük olması səbəbindən maliyyə sorğularına məruz qalacağı ilə izah etmişdir. İddiaçı da Türkiyəyə qayıdan zaman qaytarmaq şərti ilə cavabdehə borc verməyi qəbul etmişdir. İfadədədə daha sonra qeyd edilir ki, Şirin Turan razılaşdırılmış borc məbləğinin ilk 100.000 ABŞ dollarının cavabdeh tərəfindən İstandulda bankdan götürüldüyünü bilir. 2012-ci ilin mart ayında isə iddiaçı bankdan 890.000 ABŞ dolları götürmüş və həmin məbləğə daha 10.000 ABŞ dolları əlavə etmişdir. İddiaçı həmin pul vəsaitini Azərbaycana aparmaq istəmiş, lakin sərhəddə problem baş verəcəyini öyrənincə bu fikirdən imtina etmiş və pulu cavabdehə vermək üçün ona təslim etmişdir. 2012-ci ilin aprel ayında Şirin Turan 900.000 ABŞ dolları məbləğində pulu şəxsən cavabdehə vermişdir. (İddiaçının keçmiş iş yoldaşı) Cem Gazı Məhkəməyə ünvanladığl yazılı ifadəsində göstərir ki, iddiaçı 2010-cu ildə cavabdeh ilə səhmdarlıq təsis edilməsi məqsədi ilə müzakirələrə başladılar. Cavabdeh, “X15” Klinikasının filiallarının başqa ölkələrdə açmaq işini təkmilləşdirib böyütmək istədiyini, bunun üçün ona 1.000.000 ABŞ dollara ehtiyacının olduğunu bildirdi. Hər ikisi də bu barədə razılığa gəldilər. 2012-ci ildə iddiaçı işlərin böyüdülməsi, investisiyalar edilməsi, yeni filialların açılması və Türkiyəyə qayıdan zaman geri qaytarılması şərti ilə 1.000.000 borc verməyi qəbul etdi və həmin məbləği 2012-ci ildə cavabdehə verdi. Lakin başqa ölkələrdə filiallar açılmadı. Cem Gazınin məlumatı var ki, cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Göstərilənlərə əsasən, müəyyən edilir ki, iş üzrə tərəflər arasında borc münasibətlərinin yarandığını iddia edən iddiaçı bu dəlilini sübuta yetirə bilmir. Belə ki, xx.xx.2010-cu il tarixli məxaric qəbzi ilə bankdan cavabdeh tərəfindən 100.000 ABŞ dolları məbləğində pulun alınması danılmaz faktdır. Lakin bu fakt həmin pulun iddiaçıdan məhz borc kimi cavabdeh tərəfindən qəbul edilməsini təsdiq etmir. Çünki bu halı təsdiq edən hər hansı mötəbər sübutu iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Qeyd edilən qəbzdə, pulun məhz borc olaraq cavabdehə verilməsi göstərilməyib. Məhkəmə, iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrini də iş üzrə tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, təqdim edilmiş həmin ifadələrdən birinin iddiaçının arvadı İşıl Turana, digərinin isə iddiaçının bacısı Şirin Turana aid olması, habelə İşıl Turan və iddiaçının sabiq iş yoldaşı Cem Gazinin pulun verilməsində bilavasitə iştirak etməməsi, bu ifadələrin obyektivliyinə və inandırıcılığına şübhə ilə yanaşmasına əsas verir. Bundan başqa, həm iddiaçı, həm də yuxarıda adları çəkilən İşıl və Şirin Turan borcun bir hissəsinin 2010-cu ildə, bir hissəsinin isə 2012-ci ildə verildiyini bildirsələr də, Cem Gazinin ifadəsində 2012-ci ildə iddiaçının borc verəcəyini qəbul etməsi və elə həmin ildə də cavabdehə 1.000.000 borc verilməsi göstərilmişdir. Göründüyü kimi, iddiaçının öz tələbinin əsasını təsdiq edən sübut kimi təqdim etdiyi ifadələr arasında da ziddiyyətli məqamlar mövcuddur ki, bu ziddiyyətlər iddiaçının xeyrinə şərh edilə bilməz. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehə borc verilməsini sübut edə bilməmişdir. Ona görə də, Rayon Məhkəməsi bu tələbi təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: X3 Turan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar