Məhkəmə qərarları › İş №2(103)-2116/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2116/2025

14.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2116/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi barədə” iddiasına və iddiaçı X1 Cavabdeh MTK-ya qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-142/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı və Aliyə Baqiyevanın vəkili və nümayəndəsi Elşən Yəhyazadənin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, Cavabdeh MTK-nın müddətin bərpası barədə ərizəsi təmin olunsun, hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində apellyasiya şikayəti verilməsi müddəti Cavabdeh MTK-ya münasibətdə bərpa edilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və müddətin bərpası barədə ərizə təmin edilməsin. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qətnamənin surəti xx.xx.2024-cü ildə cavabdehin elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada verilib. Bu tarixdən 29 gün sonra – xx.xx.2024-cü ildə cavabdeh apellyasiya şikayəti verib, yəni apellyasiya şikayəti verilməsi müddəti ötürülməyib. Lakin həmin apellyasiya şikayəti üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardad ilə qeyri-mümkün hesab olunub. Buna səbəb qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi olub, yəni 212,72 manat rüsum ödənilməli olsa da 180 manat ödənilib. Bundan sonra mülki iş birinci instansiya məhkəməsinə qaytarılıb, xx.xx.2024-cü ildə iş həmin məhkəməyə daxil olub, 1 gün sonra xx.xx.2024-cü ildə cavabdeh dövlət rüsumunun çatışmayan hissəsini ödəməklə ikinci dəfə apellyasiya şikayəti verib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib. Apellyasiya şikayəti mahiyyətcə qətnamə ilə razı olmama barədə iradə ifadəsidir, cavabdeh qətnamədən narazı olması barədə iradəsini qanunla müəyyən edilmiş müddətdə ifadə edib, yəni 1 ayın daxilində apellyasiya şikayəti verib. Həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunsa da, cavabdeh geriqaytarmaya səbəb olan halı ağlabatan müddətdə aradan qaldıraraq (qanunla müəyyən edilmiş məbləğdə rüsum ödəyərək) təkrar apellyasiya şikayəti verib. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında qanunla nəzərdə tutulan müəyyən formallıqlara riayət edilmədiyinə görə şikayətin qəbul edilməsindən imtina olunmasını “həddindən artıq formalizm” kimi qiymətləndirərək qeyd etmişdir ki, şəxs vaxtında məhkəməyə müraciət etmək üçün iradəsini ifadə etmişdirsə, şikayətin formal səbəblərdən geri qaytarılmış olması və bu səbəbdən şikayət müddətinin ötürülməsi sonradan müddətin keçmiş olması səbəbi ilə şikayətin geri qaytarılması üçün əsas olmamalıdır. Beləliklə, məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi müddətin bərpasını qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-142/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar