Məhkəmə qərarları › İş №2(103)-2120/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2120/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2120/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Günel Rza qızı İsmayılovanın katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3279/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 1696,84 (bir min altı yüz doxsan altı manat səksən dörd qəpik) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, bank xidmət haqqına görə 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə oğluna qarşı iddiaçı tərəfindən ödənilmiş 1696,84 manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqlar, cəmi 1727,24 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMCdən tutularaq “xxxx” ASC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X1 arasında xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və PMİ-013709 nömrəli şəhadətnamə üzrə ** LL *** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” minik markalı avtomobil 5 il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 MMC-yə məxsus olan, Cavabdeh1 tərəfindən idarə edilən ** AA *** dövlət qeydiyyat nişanlı, “X4” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Bakı şəhəri BŞDYP-nin əməkdaşları tərəfindən tərtib edilmiş TP ******* saylı X2 haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh1 göstərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, “xxxx” MMC-nin servis mərkəzində həyata keçirilmiş və tərtib edilən NL1481 saylı, xx.xx.2019-cu il tarixli “Qüsur aktı”na əsasən avtomobilə dəymiş zərər 1796,84 manat məbləğində hesablanmışdır. Şığorta şəhadətnaməsinə əsasən həmin məbləğdən 100 manat azadolma məbləği çıxarılaraq qalan 1696,84 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən sığortalı avtomobilin təmiri üçün “xxxx” MMC-yə ödənilmiş və bu ödəniş xx xxxxxx 2019-cu il tarixli 1083 nömrəli ödəniş tapşarığında öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qsmən təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3279/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Məhkəmə qətnaməni çıxarmaqla mülki mühakimə icraatında mülki işin baxılmasını nəzərdə tutan maddi və prossesual hüquq normalarını kobud surətdə pozmaqla əsassız bir qətnamə çıxarmağa nail olmuşdur. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı “xxxx” ASC-nin və Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndələri, Cavabdeh1 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş PMİ 013709 nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nə əsasən “Ford Fiesta” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də sığortalanmışdır. xx xxxxxx 2019-cu il tarixli Sığorta Aktı və “xxxx” MMC tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli NL_1484 nömrəli Qüsut Aktına əsasən xx xxx 2019-cu il tarixdə sığortalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 1796,84 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 1083 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə 1696,84 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki,“X4 minik” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 MMC-dir. İş materiallarında olan, xx xxx 2019-cu il tarixli TP ******* nömrəli X2 haqqında Qərarın surətindən müəyyən olunmuşdur ki, xx xxx 2019-cu il tarixdə “X4 minik” markalı ** AA *** qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Göründüyü kimi, sığortalanmış “Ford Fiesta” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə “X4 minik” markalı ** AA *** qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı “xxxx” ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “xxxx” ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar ücün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərcəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya diqər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Belə olan halda məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh2 MMC Cavabdeh1 vurduğu zərərə görə maddi məsuliyyət daşımırlar. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar