Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2122/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC (Cavabdeh3 MMC) və X5 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(011)-412/2022 saylı qərardadından Cavabdeh3 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC (Cavabdeh3 MMC) və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 25.000 manat və mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər "xxxx" MMC-dən (Cavabdeh3 MMC) və X3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(011)-412/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, mənəvi ziyana görə 20000 manat, maddi ziyana görə 1.200 manat, cəmi 21.200 manat məbləğində pul vəsaitinin Cavabdeh3 MMC-dən ("xxxx") tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(011)-412/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh3 MMC müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə yenidən apellyasiya şikayəti, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək, buraxılmış müddətin bərpa olunmasını və apellyasiya şikayətini mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(011)-412/2022 saylı qərardadı ilə Cavabdeh3 MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 412/2022 saylı, 08 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış və Cavabdeh3 MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 412/2022 saylı, 08 avqust 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh3 MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(011)-412/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti elektron məhkəmə informasiya sistemi vasitəsi ilə göndərilən zaman texniki səhv nəticəsində dövlət rüsumu sistemə əlavə edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin nöqsan aradan qaldırdıqdan sonra yenidən apellyasiya şikayəti vermişlər, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürüldüyündən ərizə ilə müraciət edərək, müddətin bərpasını xahiş etmişdilər. Əvvəlki apellyasiya şikayəti vaxtında verilmişdir. Həmin şikayət dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmışdır. Bu isə hüquqi deyil, texniki səbəbdir. Bu səbəbdən, yenidən apellyasiya şikayətinin verilməsi üçün müddət bərpa edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(011)-412/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməli və apellyasiya şikayəti icraata qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır: 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 412/2022 saylı, 08 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh3 MMC-nin elektron məhkəmə informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və bu cavabdeh mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində, yəni müddətin bitməsinə bir gün qalmış həmin qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Lakin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən apellyasiya şikayəti məhkəmənin 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin tarixə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddət artıq bitmişdir. Bu səbəbdən cavabdeh qeyd edilən qərardadı şəxsi elektron kabineti vasitəsi ilə 28 oktyabr 2022-ci il tarixdə rəsmi əldə etdikdən 15 gün sonra, yəni 13 noyabr 2022-ci il tarixdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə yenidən apellyasiya şikayətini və apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etmişdir. Başqa sözlə, cavabdehin yenidən apellyasiya şikayəti ilə müraciət etmək imkanı yalnız 28 oktyabr 2022-ci il tarixdə yaranmış, cavabdeh də bu tarixdən sonra qısa müddət ərzində, yəni 13 noyabr 2022-ci il tarixdə yenidən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmamış, nəticə etibarı ilə apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddətlər ərzində verilməsini, onun geri qaytarılması halını, bu halın aradan qaldırılması müddətini nəzərə almamışdır. Halbuki, göstərilənlər ərizənin təmin edilməsi və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi üçün əsas yaradır. Bu səbəbdən şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(011)-412/2022 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(011)-412/2022 saylı qətnaməsindən Cavabdeh3 MMC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış müddət bərpa edilməli, apellyasiya şikayəti icraata qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(011)-412/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(011)-412/2022 saylı qətnaməsindən Cavabdeh3 MMC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış müddət bərpa edilsin. Apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2122/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2122/2023
02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver