Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2136/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilidən çıxarma və həmin tikiliyə köçürmə tələbinə dair 2(003)-1785/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikilidən çıxarma və həmin tikiliyə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 0,04 ha torpaq sahəsindən və üzərində inşa edilmiş 3 otaqlı tikilidən çıxarılması, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 ayrılmış 0,04 ha torpaq sahəsində inşa edilmiş 3 otaqlı özbaşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəmə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 0,04 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı (cavabdehin yaşadığı) evdən (özbaşına tikilidən) çıxarılmasını, onun həmin evə (özbaşına tikiliyə) köçürülməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Binə qəsəbəsi, X4 xx.xx.2000-ci il tarixli əmr əsasında İddiaçı 0,04 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 3 otaqlı ev inşa olunmuşdur. xx xxxxxxx 2005-ci il tarixdə iddiaçının oğlu Aqil Səfərov Cavabdeh ilə nikaha daxil olmuş və həmin özbaşına tikiliyə gəlin gəlmişdir. Birgə nikahdan 3 uşaq anadan olmuşdur. 2018-ci ilin fevral ayından Cavabdeh mübahisəli evi tərk etmiş və uşaqlar atanın yanında qalmışdır. Bundan sonra Aqil Səfərov məhkəməyə müraciət edərək nikahın pozulmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının oğlu Aqil Səfərovla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh 2018-ci ilin fevral ayından tərk etdiyi mübahisəli evi 2020-ci ilin mart ayından özbaşına daxil olaraq zəbt etmişdir. Cavabdeh 2018-ci ildən bu yana ötən müddət ərzində evlə və torpaq sahəsi ilə hər hansı bağlılığı olmamış, bu müddətə həmin evdə yaşamamışdır. Onun evdə heç bir əşyası qalmamışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X9 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən qaynatası Əyyub Səfərova məxsus olan 2 otaqlı tikiliyə gəlin köçmüşdür. Həmin 2 otaqlı tkilinin 1 otağında o, həyat yoldaşı ilə, digər otaqda isə qaynatası, qaynı və hazırkı iş üzrə iddiaçı olan qaynanası yaşayırdı. Qeyd olunan tikili 4 sot torpaq üzərində tikilmişdir. X6 köməkliyi ilə onlar üçün, yəni o və həyat yoldaşı üçün 3 otaqdan ibarət ev tikmişlər. Həmin evin tikintisində o və həyat yoldaşı işləmişlər. O cümlədən, onun yaxın qohumları X3, bacısı yoldaşı Samir Qasımov və bacısı Xəyalə Ağayeva evin tikintisində fəhlə kimi köməklik etmişlər. Qeyd etdiyi kimi, onlar üçün tikilən evdən başqa qaynatası qaynı üçün də qalan 2 sot torpaq üstündə üç otaqlı ev tikmiş və onunla bir yerdə yaşamışdır. Rəsmi nikahdan sonra 4 uşağı olmuşdur. Böyük uşağının 15 yaşı vardır. Onların ev tikməsi onun böyük qızının yadındadır. Qeyd olunan üç otaqlı mənzildə 15 ildir yaşayır. Son üç ildə həyat yoldaşı ilə münasibətləri pozulduğu üçün xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində nikahlarına xitam verilmişdir. Həyat yoldaşı ilə razılaşma əsasında iki uşaq onun himayəsində qalmaqla tikdikləri üç otaqlı mənzildə qalmaqlarına razılaşmışlar. Həyat yoldaşı onu aldadaraq bildirmişdir ki, guya onunla barışmaq istəyir, amma yaşadıqları evdən onları çıxardaraq bir yerdə kirayədə qalmaqlarını məsləhət görmüşdür. Hesab etmişdir ki, əgər getməsə, ailəsi yenə dağıla bilər. Odur ki, onun təklifi ilə razılaşmışdır. Aradan 5-6 ay keçmiş ona bəlli olmuşdur ki, həyat yoldaşı başqası ilə evlənərək onlara məxsus olan yuxarıda qeyd etdiyi 3 otaqlı mənzildə yaşayırlar. O görmüşdür ki, bu yolla onu evdən uzaqlaşdırmaq istəyir. Odur ki, uşaqlarını kirayədə qaldığı evdən götürərək öz evinə getmişdir. Onda ona bəlli olmuşdur ki, onu evdən uzaqlaşdırmaq planını qaynanası İddiaçı cızıb. Qeyd etdiyi kimi 15 ildir tikdikləri evdə İddiaçı yaşamayıb. Onlarla bir həyətdə tikilən qaynının evində yaşayıb. Amma məhkəməyə müraciət edib ki, güya ev onundur. Onun və uşaqlarının orada yaşamağı qanunsuz hesab etməklə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində yuxarıda qeyd etdiklərini bildirsə də heç bir əhəmiyyət verməmişdir. Halbuki yaşadığı 3 otaqlı mənzil birgə nikah dövründə tikilmişdir və həmin evin tikilməsində şəxsən o, fəhləlik etmişdir. Məhkəmədə qeyd etdiyi şahidlərin dəvət olunmasını xahiş etməyinə baxmayaraq, əhəmiyyət verilmədi, nə də ki himayəsində 4 az yaşlı uşağının olması nəzərə alınmadı, onda elə bir fikir yarandı ki, hakim istəyir ki, nəyin bəhanəsi ilə olursa olsun iddiaçının tələbi yerinə yetirilsin. Əgər hakim evə baxış keçirsəydi və onun 4 azyaşlı uşaqlarını dinləsəydi görərdi ki mübahisəli fərdi yaşayış evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, Xəzər rayonu, Binə qəsəbəsi, X4 xx.xx.2000-ci il tarixli əmr əsasında ona ayrılmış 0,04 ha torpaq sahəsində həyat yoldaşı ilə birgə 2 otaqlı ev tikmişlər. xx xxxxxxx 2005-ci il tarixdə onun oğlu Aqil Səfərov ilə Cavabdeh nikaha daxil olmuş və həmin özbaşına tikiliyə gəlin gəlmişdir. Cavabdeh həmin tikilinin 1 otağında yaşamışdır. Bundan bir müddət sonra 2 otaqlı tikilini sökərək yerində 3 otaqlı tikili inşa etdirmişlər. 2018-ci ilin fevral ayından Cavabdeh mübahisəli evi tərk etmiş və uşaqlar atanın yanında qalmışdır. Bundan sonra Aqil Səfərov məhkəməyə müraciət edərək nikahın pozulmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun oğlu Aqil Səfərovla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh 2018-ci ilin fevral ayından tərk etdiyi mübahisəli evi 2020-ci ilin mart ayından özbaşına daxil olaraq zəbt etmişdir. Cavabdeh 2018-ci ildən bu yana ötən müddət ərzində evlə və torpaq sahəsi ilə hər hansı bağlılığı olmamış, bu müddətə həmin evdə yaşamamışdır. Onun evdə heç bir əşyası qalmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 005 saylı sərəncamı ilə X5 İslahat Komissiyasının və Həmkarlar Komitəsinin xx.xx.2000-ci il tarixli, 01 saylı protokoluna əsasən sovxozda fəhlə işləyən özünə məxsus evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ehiyacı olan qəsəbə daxilində evlərarası boş və kənd təsərrüfatına yararsız olan yerlərdən fərdi ev tikmək üçün ərizə ilə müraciət edən İddiaçı 0,04 ha torpaq sahəsinin ayrılması haqqında qərar verilmişdir. Cavabdeh iddiaçının oğlu X9 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra həmin torpaq sahəsində iddiaçı və əri tərəfindən inşa edilmiş 2 otaqlı özbaşına tikilinin 1 otağına köçmüşdür. Daha sonra həmin sahədə cavabdeh və onun həyat yoldaşı üçün 3 otaqdan ibarət ev tikilmişdir. Həmin evin tikintisində cavabdeh və həyat yoldaşı köməklik etmişlər. Cavabdeh həmin üç otaqlı mənzildə 15 il ərzində yaşamışdır. X9 və Cavabdeh ilə aralarında olan nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixdə 199 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qeyd edilən üç otaqlı mənzildə yaşamağa davam etmişlər. Bir müddət cavabdeh kirayə mənzildə yaşasa da, yenə də həmin özbaşına tikiliyə geri qayıtmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Belə ki, iddiaçı ona ayrılmış torpaq sahində yerləşən özbaşına tikilidən cavabdehin çıxarılmasını tələb edir. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsinin tikintisi cavabdehin nikahda olduğu dövrdə, habelə cavabdehin iştirakı ilə həyata keçirilmişdir. Beləliklə, cavabdehin həmin tikintidə maddi və fiziki iştirakı müəyyən edildiyindən onun çıxarılmasına dair hissədə iddia qanuni və əsaslı hesab edilə bilməz. Habelə nəzərə alınır ki, qeyd edilən torpaqla sahəsi və üzərindəki tikili dövlət qeydiyyatına alınmamışdır, bu səbəbdən cavabdehin çıxarılmasına dair hissədə iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – cavabdehin torpaq sahəsindən və evdən çıxarılması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1785/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh torpaq sahəsindən və evdən (özbaşına tikilidən) çıxarılması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2136/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2136/2021
06.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver