Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-214/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, Cavabdeh1 Cavabdeh2 ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(004)- 2525/2020-012 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 Cavad oğlu “Daewoo Gentra” markalı, 99- AD-690 nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
2. Zərər çəkmiş **-PL-*** dövlət qeydiyyat nişanlı “Changan Alsvin” markalı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 1157,00 manat iddiaçı tərəfindən sığorta ödənişi verilmişdir.
3. Cavabdeh2 ASC ilə X5 arasında 01 dekabr 2017-ci il tarixdə AL-1340(5) saylı “Öhdəliklərin ötürülməsi" müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.
4. Cavabdeh2 ASC X8 “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsinə dair səlahiyyət vermişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 Cavad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1157,00 AZN məbləğində pul və 30,4 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində Cavabdeh2 ASCyə məxsus Cavabdeh1 Cavad oğlunun idarə etdiyi olan **-AD-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Cavad oğlu idarə etdiyi avtonəqliyyat vasitəsi ilə **-PL- *** dövlət qeydiyyat nişanlı “Changan Alsvin V7” markalı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 Cavad oğlu avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməklə yanaşı, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barədə DYP əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməklə qərar qəbul edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 13 fevral 2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-PL-*** dövlət qeydiyyat nişanlı Changan Alsvin markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1157,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 27 mart 2019-cu il tarixli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən dəymiş ziyana görə 1157,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir.
7. Cavabdeh2 ASC iddiaya etiraz edərək bildirmişdir ki, Cavabdeh2 ASC ilə X5 arasında 01 dekabr 2017-ci il tarixdə AL-1340(5) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və “Union Lizinq" ASC-nin mülkiyyətində olan “Daewoo Gentra" markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq X2 xahişi əsasında şirkət tərəfindən X8 lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Həmin etibarnamədə avtomobilin yalnız Kamil Hacıyev tərəfindən idarə olunmasına səlahiyyət verilmişdir. Bu səlahiyyətin başqa şəxslərə verilməsi isə qadağan edilmişdir. İddia ərizəsində adı qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə etmiş Cavabdeh1 Cavad oğlu ilə Cavabdeh2 ASC arasında heç bir hüquq münasibəti olmamışdır. Qeyd etmək istəyir ki, lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin Cavabdeh1 Cavad oğlu hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, e-2(004)- 2525/2020-012 nömrəli qətnaməsi ilə (hakim G.Axundova) iddia qismən təmin edilmiş, 1157,00 (bir min yüz əlli yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pulun Cavabdeh1 Cavad oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hadisə baş verən zaman Cavabdeh1 Cavad oğlunun idarə etdiyi “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olsa da, 01 dekabr 2017-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsi əsasında X4 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən sözügedən avtomobilin idarə edilməsi üçün eyni zamanda X8 etibarnamə verilmişdir. Lakin hadisə zamanı sözügedən avtomobil Cavabdeh1 Cavad oğlunun istifadəsində olmuşdur. İş materiallarında olan Cavabdeh1 Cavad oğlunun verdiyi izahatda onun hadisə zamanı etibarnaməsi olmadığına görə hadisə yerini tərk etdiyi qeyd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlər Union Lizing” ASC və Cavabdeh1 Cavad oğlundan müştərək qaydada dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq Cavabdeh1 Cavad oğluna münasibətdə əsaslı hesab edir. Çünki hadisə baş verən zaman Cavabdeh1 Cavad oğlunun idarə etdiyi avtomobil cavabdeh Union Lizing” ASC-nin mülkiyyətində olsa da, 01 dekabr 2017-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsi əsasında X1 və istifadəsinə verilmişdir, vurulmuş zərər subroqasiya qaydasında mülkiyyətçidən deyil, yalnız Cavabdeh1 Cavad oğlundan tutulmalıdır.
11. Məhkəmə mövqeyini əsaslandırarkən “İcbari Sığortalar haqqında” qanunun 25.1.3ci maddəsinə, AR Mülki Məcəlləsinin 1108.1, 1115-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, e-2(004)-2525/2020-012 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daewoo Gentra” markalı **-AD- *** dövlət qeydiyyat nişanlı avtomobili onun xəbəri olmadan onun adına götürüblər, sadəcə X3 sənədlərlə avtomaşını onun adına Cavabdeh2 ASC ilə əlbir olub etibarnamə düzəldib. Nəticədə "xxxx" ASC onu cavabdeh qismində məhkəməyə verib. Həmin məhkəmə prosesində iştirak etdiyi halda 4 dəqiqə gecikməyini əsas götürərək iştirak etməmiş kimi qeyd edilmişdir, beləliklə konstitusion hüquqları tapdalanaraq 1157,00 manat və əlavə olaraq 304,00 manat cərimə olunmağı barədə qətnamə qəbul edilmişdir, bundan başqa avtomobili idarə etmədiyi halda, 160 manat cərimə yazılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, qeyd edilən tarixdə həmin avtomobili idarə etməmiş, heç bir hadisə törətməmiş və yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmada iştirak etməmiş, heç bir sənədə imza etməmişdir. O, nə inzibati xəta haqqında protokol, nə də izahat yazmamış və imza etməmişdir, həmin sənədlər ona dair məlumatlardan istifadə edilməklə saxtalaşdırılmışdır. 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sənədlərdə saxtakarlığa yol verilib, xüsusi qərardad çıxarılmaqla prokurorluğa müraciət olunmalı, iş yenidən araşdırılmalıdır, sənədlərin əsli yox, surətinə əsasən ekspert rəy verib.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
“Sığorta haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
24. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
30. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
36. Bu qənaətə gələrkən kollegiya işin aşağıdakı hallarına istinad edir:
37. İşin apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 izahatında inzibati xəta haqqında Protokoldakı imzanın ona məxsus olmadığını, heç bir sənədi imzalamadığını, həmin sənədlərin saxtalaşdırıldığını, hadisəni törətmədiyini, avtomobilin kimə məxsus olmasından xəbəri olmadığını, ona məxsus sürücülük vəsiqəsindən saxta yolla istifadə edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirmişdir.
38. Cavabdehin apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 4/481 nömrəli rəyi ilə ekspertizaya təqdim olunmuş, mülki işin 1-ci cildinin 135-ci vərəqəsində yerləşən... yanvar 2019-cu il tarixli İnzibati xəta haqqında Protokolun kserosurətində “Cavabdeh1” yazıları qarşısında əks olunmuş imzalar; mülki işin 2-ci cildinin 6-cı vərəqəsində yerləşən Cavabdeh1 adından olan ... yanvar 2019-cu il tarixli izahatdakı əlyazmalar və həmin izahatın üz və arxa tərəfində “İmza” sözündən sonrakı imzaların Cavabdeh1 Cavad oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.
39. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş xətşünaslıq ekspertizasının rəyini qiymətləndirərək bu qənaətə gəlir ki, tərtib edilmiş rəydə əks olunan məlumatlar işdə olan digər sübutlarla uyğunluq təşkil etməklə bir-birini tamamlayır, bu səbəbdən də həmin rəyi mötəbər sübut kimi qəbul edir.
40. Kollegiya qeyd edir ki, iddiaçının Cavabdeh1 qarşı tələbinin əsasını təşkil edən inzibati xəta haqqında Protokol və izahatların onunla heç bir əlaqəsinin olmadığı bildirilmiş, ekspert rəyi ilə həmin sənədlərdə olan imzaların Cavabdeh1 məxsus olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi Cavabdeh1 hadisənin baş verməsində təqsirliliyini müəyyən edən və hazırkı iddianın faktiki əsasını təşkil edən sənədlər etibarlı olmadığından, mötəbər sübut kimi qəbul oluna bilməz.
41. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının istinad olunan əsasla Cavabdeh1 subroqasiya hüququ yaranmamışdır.
42. Belə ki, subroqasiya hüququnu tənzimləyən mülki qanunvericiliyin və sahəvi hüquq normalarının müddəalarına əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsə dəyən zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı yaranır.
43. Bu mənada subroqasiya hüququna söykənməklə irəli sürülmüş tələbin əsaslı olması üçün bu tələbin yönəldiyi şəxsin vurulmuş zərərə görə məsuliyyət daşıması müəyyən edilməlidir. Bunun üçün isə baş vermiş hadisə zamanı zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
44. Hazırkı işin araşdırılması zamanı Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsinə hər hansı aidiyyatının olması, həmin hadisənin baş verməsində onun təqsirli olması müəyyən edilməmişdir.
45. Kollegiya baş vermiş yol nəqliyyat hadisəsinə görə cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair qüvvədə olan inzibati qərarın mövcud olması ilə bağlı qeyd edir ki, həmin qərar Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımır və iddianın əsaslılığı məsələsi həll edilərkən sübut növlərindən biri kimi məhkəmə tərəfindən digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilir.
46. Bu baxımdan, cavabdehin təqsirli hərəkətləri nəticəsində sığortalıya zərər vurulması ümumi əsaslarla və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən sübuta yetirilməlidir. İddiaçı isə bu halları sübut edə bilməmişdir.
47. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış və mübahisə üzrə səhv nəticəyə gəlmişdir.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi apellyasiya şikayətinə münasibətdə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
51. Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, e-2(004)-2525/2020- 012 nömrəli qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi rədd edilsin. İşin apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə 105 (yüz beş) manat məbləğində ekspertiza xərci iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.