Məhkəmə qərarları › İş №2(103)-2145/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2145/2021

23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2145/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1489/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 28.500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, onun həyat yoldaşı, Cavabdeh 2018ci ilin aprel ayında yaşadığı mənzildən ondan xəbərsiz bütün bank sənədlərini götürərək və özünə onun pulu ilə vəkil tutaraq iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir ki, birgə nikah dövründə qazanılmış, əmlak üzərində payların müəyyən edilərək bölünməsi tələbinə dair qətnamə çıxarılsın. Cavabdeh nikah dövründə qazanılmış vəsaitin bölünməsinə dair iddiasını 2(007)-2143/2018 nömrəli qərardadda onun tərəfindən könüllü barışıq sazişi əsasında 13.5000+40.000 manat pulun iddiaçıya verilməsinə razılıq vermişdir. Bir müddət sonra cavabdeh, onun adına maşın almasını tələb etmiş və o, ailə mübahisələrinə son qoymaq üçün cavabdehin tələbini yerinə yetirməsinə razılıq vermiş və onun adına 2019-cu ilin fevral ayında “Toyota Prado” markalı maşın almışdır. Həmin maşını məhkəmə tərəfindən qəbul edilmiş 2(007)-2143/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadla ona müəyyən olunmuş paydan almışdır. Buna baxmayaraq cavabdeh Nizami Rayon Məhkəməsinə xx.xx.2020 il tarixdə nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Onların aralarında 2019-cu ilin dekabr ayında yenə də mübahisə baş vermiş və mübahisə nəticəsində cavabdeh yaşadığı mənzildən onun xəbəri olmadan 15.500 manat pul vəsaitini götürərək, iki uşaqları ilə birlikdə anasının evinə köçmüşdür. Cavabdeh ona söz vermişdir ki, nikahın pozulmasına qərar verdiyi təqdirdə maşını ona verəcək, amma dediyi sözdən imtina edərək, ondan maşının dəyərinin yarısını tələb etmişdir. Baxmayaraq ki, maşın 2(007)-2143/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadla ona müəyyən olunmuş paydan alınıb, 2020-ci ilin yanvar ayında məcburiyət qarşısında maşını 26.000 manat məbləğinə sataraq 13.000 manat məbləğini, yəni maşının dəyərinin yarısını cavabdehə vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1489/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermişlər və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iddianın təmin olunmamasını onun öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə ona izah etmişdir ki, aralarında bölünən maşın pulu yəni cavabdehə verilən satılan maşın pulunun yarısına o, iddialı ola bilməz. Əlavə olaraq məhkəmə izah etmişdir ki, iddia ərzəsində cavabdehin 15.500 manat pulun yaşadıqları evdən götürülməsi barədə əsaslı sübutlar yoxdur. O, məhkəməyə sübut kimi cavadeh tərəfindən əlnən yazılan 15.500 manat pulun götürülməsi qəbzini təqdim etmiş amma məhkəmə hesab etmişdir ki, bu sübut əsaslı deyil. Hesab edir ki, məhkəmə məsələni lazımı qədər araşdırmayıb və tərəfindən təqdim olunan cavabdehin əl yazma qəbzinin ekspertiza rəyi olmadan qətnamə qəbul edib. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1489/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı tərəfində verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, maşının pulunun bölünməli olduğu ona birinci instansiya məhkəməsində izah edilmiş, belə ki, maşın birgə nikah dövründə alınıb və bunu başa düşür ki, maşın birgə nikah dövründə alındığı üçün pulu bölünməlidir, ikinci şikayəti ondan ibarətdir ki, cavabdeh evdən götürdüyü 15.500 manat pulun yarısını qaytarsın, yəni 15.500 manat pul bölünsün, bununla bağlı yazılı qəbz var, cavabdeh kulokdan pulu götürüb, yəni 15.500 manat kulokta olub, həmin qəbzi yazıb kuloloka qoyub ki, kulokta 15.500 manat olub, borcum 4.243,75 manatdır, 15.500 manat pulun cavabdeh tərəfindən götürülməsi barədə təqdim etdiyi qəbzdən başqa əlavə sübutu yoxdur, odur ki, 15.500 manat pulun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1489/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. Ümumiyyətlə məhkəmə araşdırması zamanı hər bir tərəf istər iddiaçı, istərsə də cavabdeh öz iddialarını, etirazlarını əsaslandırmalı, bunun təsdiqi üçün məhkəməyə sübutlar təqdim etməlidir. Bu o deməkdir ki, iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını sübut etməlidir. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr isə təqdim edilmiş sübutları tərəflərin qarşılıqlı münasibətinə uyğun nəzərdən keçirərək ona uyğun hüquq normaları tətbiq edilməlidir. Beləliklə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiasını sübut etməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli əlyazma olan sadə yazılı qəbzdən görünür ki, qəbzin yuxarı hissəsində hesablama aparılaraq yekun 19.743,75 rəqəmi qeyd edilmişdir. Bundan sonra qəbzdə rus dilində “было в кульке 15500” “Должен 4243,75” və aşağıda “Тамилла” sözləri yazılmışdır. Məhkəmə kоllеgiyası hеsab еdir ki, birinci instansiya məhkəməsi İddiaçı təqdim etdiyi sübutların əsaslı şübhədən kənar sübutlar olmadığı və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün kifayət etmədiyi, həmçinin İddiaçı iddiasının təmin еdilməsi üçün əsaslar müəyyən еdilmədiyinə görə iddianın rədd оlunması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Həmin Məcəllənin 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadaladiği dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, iddiaçı apelyasiya şikayətində həmin şikayətə əlavə etdiyi əlyazma olan sadə yazılı qəbzə iddiasının əsası kimi istinad etsədə, həmin qəbz Cavabdeh İddiaçı evindən 15.500 manat məbləğində pulu aparmısını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmçinin, məhkəmə kоllegiyası İddiaçı apelyasiya şikayətinin həmin qəbzin Cavabdeh tərəfindən icra edilib-edilməməsi ilə bağlı məhkəmə xətşunaslıq ekspertizasının tətin edilməsini barədə dəlilinə qiymət verərək qeyd edir ki, Cavabdeh həmin qəbzin onun tərəfindən yazdığını etiraf etdiyindən, ekspertizanən keçirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1489/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar