Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2147/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və Ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və Ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4829/2023 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 ASC-nin İnam filialından 3.500 manat kredit götürülmüşdür.
2. X3 tərəfindən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 ASC-yə 236 manat ödəniş edilmişdir.
3. İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdə Cavabdeh2 ASC-yə 444 manat ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsi, hesabda saxlanılmış əsas borcun və faiz borcunun sıfırlanaraq ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh bank tərəfindən banka ödədiyi artıq pul vəsaitinin geri qaytarılması, əsas borcun və faiz borcun tamamilə silinərək sıfırlanması, maddi ziyan kimi 1.000 manat və mənəvi ziyan olaraq 2.000 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan iddiaçının nümayəndəsinin təqdim etdiyi ərizəyə əsasən ləğv prosesində olan Cavabdeh2 ASC-də cavabdeh qismində işə cəlb olunmuşdur.
6. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh bank tərəfindən başqa şəxsin bank hesabına köçürülən 187 manat pul vəsaitinin ötən illər ərzində 5% ilə hesablanaraq cəmi məbləğ 1.421,2 manat kimi hesablanaraq geri qaytarılması kimi nəzərə alınması barədə qətnmə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixində Cavabdeh2 ASC-nin İnam filialından 3.500 manat kredit götürmüşdür. Bank tərəfindən ona ayrılan kreditin əsas borc hissəsini və fazi hissəsini ona təqdim olunan cədvəl əsasında hər ay vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2013-cü il tarixində ona verilən cədvəl əsasında borcun əsas və faiz hissəsini tamamilə bağlanması üçün banka 900 manat pul ödəmişdir. Ödəmə barədə ona bank tərəfindən ödəniş çeki təqdim olunmuş və ona bildirilmişdir ki, onun borcu tam olaraq bağlanmışdır. Bu yaxınlarda evinin təmiri ilə əlaqədar olaraq o, Kapital Banka müraciət etmişdir. Orada ona bildirdilər ki, ona kredit ayırmaq mümkün deyil. Səbəbini soruşduqda ona bildirmişlər ki, onun ləğv ounaraq fəaliyyətini dayandıran Zaminbankın İnam filialına 173,82 manat əsas borc, 258.9 manat faiz borcu vardır. O, bu barədə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Oradan kredit tarixçəsi araşdıraraq ona bildirdilər ki, ləğv prosesində olan Cavabdeh2 ASC kobud qanun pozuntusuna yol verərək onun xx.xx.2012-ci il tarixində banka ödədiyi 444 manat kreditin 187 manatını başqa bir şəxsin bank hesabına köçürüblər. Elə bu qanunsuz köçürməyə görə onun banka 173.82 manat borc qalığı qalmışdır. Araşdırmadan sonra məlum olmuşdur ki, artıq ödənmiş vəsaitin hesabına bankın ona borcu qalmışdır. Bankın bu qanunazidd hərəkətləri nəticəsində stress keçirtmiş, şəkərinin həddən artıq qalxması nəticəsində o, xəstəxanalar arasında qalmışdır.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4829/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 173.82 manatın İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı "cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsi, hesabda saxlanılmış əsas borcun və faiz borcunun sıfırlanaraq ləğv edilməsi" tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh2 ASC-yə 173,82 manat artıq pul ödənilmişdir. Belə olan halda iddianın maddi ziyan hissəsi qismən təmin edilərək cavabdeh Əmanətlərin Sığortalanması Fondu Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 173,82 manat pul tutulmalıdır.
10. Məhkəmə hesab etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində 2.000 manat mənəvi zərər dəyməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
11. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.1, 448, 448.2, 449.1, 739, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1, 2-ci bəndlərinə, Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 77.1, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqsadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarına əsasən Cavabdeh2 ASC ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. “Banklar haqqqında” Qanunun tələbinə əsasən bu halda Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankın öhdəliklərinə görə məsuliyyət daşımır. Bu səbəbdən 173,82 manat Əmanətlərin Sığortalanması Fondundan tələb edilə bilməz. Qətnamədə sonuncu məhkəmə prosesində cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsinin iddianı qəbul etmədiyini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyi qeyd edilmişdir, lakin qeyd olunan ifadə yanlışdır. Çünki nümayəndə tərəfindən mülki işə MPM-in 261.0.1-ci maddəsi üzrə xitam verilməli olduğu bildirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gə məsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdehlərdən yalnız ləğv prosesində olan Cavabdeh2 ASC apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslığı yalnız həmin cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2011ci il tarixdə Cavabdeh2 ASC-nin İnam filialından 3.500 manat kredit götürülmüş, həmin ödənişlər üzrə kredit tarixçəsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh2 ASC-yə 173.82 manat artıq pul ödənilmişdir.
25. 1 saylı Bakı İnzibati-İqsadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)- 3620/2016 nömrəli qərarı ilə Cavabdeh2 ASC ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə vəsait yalnız cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutulmuş və həmin cavabdeh tərəfindən qətnamə mübahisələndirilməmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC iş üzrə digər cavabdeh olduğundan, ona qarşı iddia təmin edilmədiyindən, yəni ondan hər hansı məbləğ tutulmadığından onun digər cavabdehin mənafeyinə xidmət edən apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
28. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
29. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4829/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: