Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2149/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər:(əldən çıxmış fayda) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(006)-4224/2023 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-147/2021 saylı qətnaməsi ilə Cavabdeh MTK-dan iddiaçının xeyrinə 2018-ci ilin aprel ayından hesablanmaqla 34 ay üçün, yəni 2021-ci ilin fevral ayınadək olan dövr üzrə əldən çıxmış fayda olaraq pul vəsaiti tutulmuşdur. 2.İddiaçı qeyd olunan hala istinad edərək 2021-ci ilin fevral ayından sonrakı tarixlər üçün də əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus daş qarajın zəbt olunması ilə əlaqədar olaraq Binəqədi Rayon Məhkəməsinin məlum qətnaməsində təyin edilmiş ayliq kirayə haqqinin ödənilməmiş 4800 (48 aylıq) manatın cavabdehdən ödənilməsi, cavabdeh məhkəmə qətnaməsini icra etmədiyi halda qarajın icarə haqqının ödənilməsinin qətnamə icra olunana qədər hər ay davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Binəqədi və Baki Apellyasiya Məhkəmələrinin 12.02 2021 ci il tarixli, 2(001)-147 2021 sayli qətnaməsi ilə ona məxsus sənədli qarajın cavabdeh tərəfindən zəbt edilməsi sübut olunmuş və qarajı əvvəlki vəziyyətinə qaytarmaqla ona təhvil verilməsi və qarajdan istifadəyə görə ayda 100 manat kirayə haqqi ödənilməsi haqqında qətnamə qəbul etmişdir. xx.xx.2016-xx.xx.2019-cu il tarixə qədər 34 aylıq qarajdan istifadəsinə görə 3400 manat cavabdeh tərəfındən ödənilmişdir. xx.xx.2020-xx.xx.2023-cü il tarixə qədər yəni 48 aylıq qarajın kirayə haqqı 4800 manatin isə ödənilməsi haqda qətnamə çıxarılmasına ehtiyac vardır. Qətnamə bu günə kimi icra olunmamışdır. Binəqədi rayon icra İdarəsi Binəqədi rayon məhkəməsi vasitəsilə iki dəfə 2000 və 5000 manat cavabdehi cərimə etmiş, onun rəhbərliyi haqqında cinayət işi açılması üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Baş istintaq idarəsinə muraciət etmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixdə ərazidə çoxmərtəbəli bina tikmək üçün aidiyyəti təşkilatlardan sənədlər toplayaraq ərazini hasara almış və inşaat işlərinə başlamışdır. Həmin gündənona məxsus Əmlak Komitəsində qeydiyyatdan keçmiş qarajı zəbt etmiş və ondan yeməkxana kimi istifadə etmiş, onu əraziyə buraxmamışdır. Binəqədi Rayon Məhkəməsinin məlum qətnaməsində cavabdeh məhkəmə qətnaməsini vaxtında icra etmədiyi halda qarajın icarə haqqının ödənilməsinin davam etdirilməsi şərti göstərilməmişdir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 noyabr 2023-cü il tarixli, 2(006)-4224/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajdan istifadəyə görə 3100 (üç min yüz) manat məbləğində pulun əldən çıxmış fayda olaraq cavabdeh "Mahal” MTK-dan tutularaq İddiaçı ödənilməsiqət edimişdir. 6.İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 147/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh "Mahal” MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi, 3400 (üç min dörd yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "Mahal” MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 7.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4236/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-147/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 8.İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 147/2021 saylı qətnaməsindən müəyyən olunur ki, qaraj iddiaçıya məxsus olmaqla 2018-ci ilin aprel ayından "xxxx" MTK-nın istifadəsində olmuş, "Uniprice” MMC tərəfindən verilmiş xx.xx.2020ci il tarixli ekspert rəyinə əsasən həmin qarajın aylıq icarə haqqı 100 manat təşkil etmiş, məhkəmə cavabdeh tərəfindən qarajın 2018-ci ilin aprel ayından "Mahal” MTK-nın istifadəsində olmasını qəbul etməsini nəzərə alaraq 34 ay üçün 3400 manat məbləğində pulu əldən çıxmış fayda olaraq cavabdehdən tutmuşdur. 9.Məhkəmə iddia tələbinin 4800 (48 aylıq) manat məbləğində tələbini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, həmin tələb "icarə haqqı” tələbi kimi yox, "əldən çıxmış fayda” kimi müəyyən hissədə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə tərəflər arasında icarə müqaviləsinin bağlanmaması işin mübahisəsiz halıdır və cavabdehin qarajdan hər hansı hüquqi əsas olmadan istifadə etməsi müəyyən olunmuşdur. 10.Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-147/2021 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehdən iddiaçının xeyrinə 2018-ci ilin aprel ayından hesablanmaqla 34 ay üçün, yəni 2021-ci ilin fevral ayınadək olan dövr üzrə əldən çıxmış fayda olaraq pul vəsaiti tutulmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehdən 2021-ci ilin fevral ayından hesablanmaqla 31 ay üçün 3100 manat məbləğində pul əldən çıxmış fayda olaraq iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. 11.Məhkəmə iddia tələbinin cavabdeh məhkəmə qətnaməsini icra etmədiyi halda qarajın icarə haqqının ödənilməsinin qətnamə icra olunana qədər hər ay davam etdirilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, göstərilən hissədə iddia tələbi qeyri-müəyyən olduğundan, eyni zamanda mübahisəli əmlak sökülüb bərpa olunmadığına görə iddia göstərilən hissədə təmin oluna bilməz. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci;"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına,“Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin82.3, 14.2, 77.1, 119.1, 217.4,216-220, 227, 233, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.Qətnamədən cavabdeh "Mahal” MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 8 nömrəli Qərarına əsasən rayonun ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində “Pilot layihə” formatında müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 174 saylı Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan 01 nömrəli yataqxana binasının və onun ətrafında olan qeyri-yaşayış sahələrinin sökülməsi və yerində müasir standartlara cavab verən, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının inşaası Cavabdeh MTK-ya həvalə olunmuşdur. Bu məqsədlə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci il tarixdə təsdiq olunmuş ayrıc aktına əsasən sözügedən ünvanda yerləşən 2314.66 kv.metr torpaq sahəsi Cavabdeh MTK-ya ayrılmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı Qərarının icrası məqsədi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 14 iyul 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən sözügedən ərazidə sökülən mənzillərin və qeyri-yaşayış sahələrinin əvəzində həmin ərazidə tikiləcək yaşayış binasında mənzillərin və qeyriyaşayış sahələrinin verilməsi öhdəliyini Cavabdeh Mənzil Tikinti Kooperativi öz üzərinə götürmüşdür. Göründüyü kimi bu bir növ sosial layihədir. İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj da məhz Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir və həmin qaraj sahəsindən mülkiyyətçi İddiaçı tərəfindən istifadə olunması qeyri-mümkündür. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı Qərarının icrası məqsədi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 14 iyul 2017ci il tarixdə bağlanmış müqaviləyə əsasən qeyd olunan ərazidən köçürülən vətəndaşlara onların əvvəlki yaşayış və ya qeyri-yaşayış (qarajlar daxil olmaqla) sahələrinin əvəzində əvvəlki sahələrindən aşağı olmamaq şərti ilə yaşayış və ya qeyri-yaşayış (qarajlar daxil olmaqla) sahələrinin verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə dəfələrlə İddiaçı ona məxsus olmuş qaraj sahəsinin əvəzində tikilən yaşayış binasının altında yerləşən, mövcud olan sahəsinə əlavə sahə olmaqla qaraj sahəsinin verilməsi təklif olunsa da o, təkliflərlə razılaşmamış, 200000 manat məbləğində kompensasiya tələb etmiş və müvafiq olaraq əvəzləşdirmə müqaviləsini imzalamaqdan imtina etmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi, 3400 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə iddia tələbinin “3400 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi” hissəsi icra olunmuş, daş qarajın Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi hissəsinin isə icrası qeyri-mümkün olmuşdur. Buna səbəb isə həmin ərazidə çoxmərtəbəli yaşayış binasının və yeraltı avtomobil dayanacağının tikintisi olmuşdur. Göründüyü kimi iddiaçının iddia tələbi əsasında artıq bir dəfə əldən çıxmış fayda kimi iddiaçıya 3400 manat məbləğində vəsait ödənilmişdir. Hal-hazırda iddiaçı ona məxsus qarajın sökülməsi nəticəsində ona həmin ərazidə təklif olunan qaraj sahəsini qəbul etməyərək çıxarılmış məhkəmə qətnaməsindən sui-istifadə edir. Ona əvəzləşmə qaydasında verilməli olan qaraj sahəsini götürmək əvəzinə artıq iki dəfə əldən çıxmış faydaya görə məhkəməyə müraciət edərək pul vəsaitlərinin ona ödənilməsinə nail olmuşdur. Hesab edir ki, bu mübahisənin həllinə vicdanlı yanaşma hesab oluna bilməz. Bu hal iddiaçının əsasssız şəkildə varlanmasına xidmət edir. Yuxarıda sadalanan xüsusatlar birinci instansiya məhkəməsində sadalanmasına baxmayaraq işə baxan məhkəmə bu halları nəzərə almamış, ümumiyyətlə isə məhkəmə qətnaməsində cavabdehin nümayəndəsinin izahatını qeyd etməmişdir.Birinci instansiya məhkəməsində işin faktiki halları sadalanmasına baxmayaraq işə baxan məhkəmə bu halları nəzərə almamış, ümumiyyətlə isə məhkəmə qətnaməsində cavabdehin nümayəndəsinin izahatını qeyd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. 17.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 19.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 22.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 23.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 27.Kollegiya iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(006)-4224/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 28.Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-147/2021 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 2018-ci ilin aprel ayından hesablanmaqla 34 ay üçün, yəni 2021-ci ilin fevral ayınadək olan dövr üzrə əldən çıxmış fayda olaraq pul vəsaiti tutulmuşdur. 29.Qeyd olunan qətnamədən müəyyən olunur ki, qaraj iddiaçıya məxsus olmaqla 2018-ci ilin aprel ayından "xxxx" MTK-nın istifadəsində olmuş, "Uniprice” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən həmin qarajın aylıq icarə haqqı 100 manat təşkil etmiş, məhkəmə cavabdeh tərəfindən qarajın 2018-ci ilin aprel ayından "Mahal” MTK-nın istifadəsində olmasını qəbul etməsini nəzərə alaraq 34 ay üçün 3400 manat məbləğində pulu əldən çıxmış fayda olaraq cavabdehdən tutmuşdur. 30.MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 31.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 2021-ci ilin fevral ayından hesablanmaqla 31 ay üçün 3100 manat məbləğində pulun əldən çıxmış fayda olaraq iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. 32.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 34.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 35.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "Mahal” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(006)-4224/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2149/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2149/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver