Məhkəmə qərarları › İş №2(103)-2151/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2151/2025

10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2151/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1162/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 96.670 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53- cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 96.000 manat pul vəsaitinin və ödənilmiş 350 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1162/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Mülki iş materiallarında olan iddia ərizəsindən (dəqiqləşdirmədən sonra) görünür ki, İddiaçı 96.000 manat pulun cavabdehdən alınmasını xahiş edir, yəni iddianın qiyməti 96.000 manat təşkil edir, belə olan halda iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 378 (üç yüz yetmiş səkkiz) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-ci maddəsinə müvafiq olaraq Cavabdeh apellyasiya şikayəti üzrə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş məbləğin yarısı qədər ödəməli olduğu halda, cəmi 125 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunmalıdır ki, kollegiya cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə ödənilmiş rüsumun məbləğini yoxlayarkən təkcə onun apellyasiya şikayətində əksini tapan məbləği əsas götürməmiş, eyni zamanda apellyasiya şikayətinə əlavə olunmuş rüsumla bağlı qəbzi də araşdırmışdır. Müəyyən olunmuşdur ki, həm apellyasiya şikayətində qeyd olunan, həm də şikayətə əlavə olunan qəbzin nömrəsi eyni olmaqla (**********) apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən yalnız 125 manat dövlət rüsumu ödənmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından, bu hal işə apellyasiya qaydasında baxılmasın qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1162/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar