Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2154/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2631/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi sarsıntılar və fiziki iztirablar nəticəsində ona dəymiş 450 manat məbləğində faktiki zərərin əvəzinin ödənilməsi və 3000 manat məbləğində təzminatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh barəsində xüsusi qərardadın çıxarılması və məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2631/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, rayon məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlara obyektiv hüquqi qiymət verməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələblərinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verdi. Həmçinin bildirdi ki, əvvəl iddiaçı ilə birlikdə fəaliyyət göstəriblər, daha sonra aralarında münaqişə yaranıb. Nəticədə, sağlamlığına ziyan dəyib və bununla bağlı müalicə olunmuşdur. Buna görə də, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasnın iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, tərəflər arasında başqa mülki mübahisələr də var. Belə ki, Cavabdeh maşınları olub, o, həmin maşınları iddiaçıya verib, İddiaçı da maşınların taksi fəaliyyəti ilə məşğul olunması üçün icarəyə verilməsini təşkil etmişdir, daha sonra Cavabdeh hazırkı iddiaçıdan maşınların verilməsini tələb etmiş, lakin İddiaçı maşınları verməkdən imtina etmişdir. Bundan sonra hazırkı iş üzrə iddiaçı maşınları verməkdən yayınmaq üçün Cavabdeh barəsində müxtəlif dövlət orqanlarına əsassız şikayətlər verir, hazırkı iddia tələbi və apellyasiya şikayəti də də məhz bunlardan biridir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İddiaçı tərəfindən təqdim olunmuş tibbi sənədlərə əsasən iddiaçının həyat yoldaşı X3 və İddiaçı sağlamlıqlarının pozulması səbəbi ilə tibbi müalicə almışlar. Birinci instansiya məhkəməsində şahid kimi çağrılmış X1 izahatında bildirmişdir ki, o, Xalidin bibisidir, Xalid Azərlə bağ qonşusu olmuşdur. Xalid “9933” taksi şirkətində işləmişdir və həmin dövrdə Azər onu ortaq iş qurmağa dəvət etmişdir. Azər Xalidlə işləməyə başlamış və Azərə hər ay pul ödənilmişdir. Sonradan o, eşitmişdir ki, Xalid işləmir, Azər isə ondan pul tələb edir. Bildiyinə görə Xallidgil əllərində olan qızılı satıb Azərin pulunu vermişlər. İşə 2018-ci ildə başlanılmış, 2019-cu ildə isə Azərin hədə qorxuları başlamışdır. Azərlə danışıb belə etməməsini xahiş etsə də, Azər əməllərinə davam etmişdir. Rayon məhkəməsində şahid kimi çağırılmış X2 izahatına, əsasən, o, Xalidin tanışıdır. O, Xalidin arvadı Samirədən satmaq üçün qızıl almış, lakin bir miqdar borcu qalmışdır. 2019-cu il oktyabrın əvvəllərində Samirə onu polisə vermiş, o isə digər şahid Sədaqətlə birgə Samirəgilin evinə borcla bağlı güzəşt etməsi üçün getmişdir. Onlar Samirəgilin evində üç-dörd nəfər adamın olduğunu görmüş, onlardan biri Azər olmuşdur. Azər Xalidin boğazından yapışmış və ona bıçaq çıxartmışdır. Rayon məhkəməsində şahid kimi çağırılmış X4 izahatına, əsasən, o, digər şahid Zəmilənin tanışıdır. Zəmilənin Samirəyə borcu olmuş və onlar borcla bağlı Zəminə ilə birlikdə Samirəgilə getmişlər. Orada olanda qapı döyülmüş və Xalid qapını açdıqda iki-üç nəfər adamın evə daxil olduğunu görmüşdür. Onlardan biri Xalidi divara dirəmiş, Samirənin isə üstünə bıçaq çıxartaraq hədə-qorxu gəlməyə başlamışdır. Söhbət əsnasında həmin şəxsin adının Azər olduğunu bilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Qərarına əsasən «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işə əlavə edilmiş tibbi sənədlər, eləcə də şahid ifadələri iddiaçının tibb müəsissəsinə müraciət etmə səbəbinin tərəflər arasında yaranan münaqişənin səbəb olması və həmin münaqişəyə görə iddiaçının iztirab çəkməsi, sağlamlığının pozulması faktı sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2631/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2154/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2154/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver