Məhkəmə qərarları › İş №2(103)-2155/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2155/2020

24.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2155/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “İnsan hüquqlarının və X2 X1 5.5-ci maddəsinin tələblərinə müvafiq olaraq qanunsuz həbs olunmağa görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4813/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz həbsi ilə əlaqədar ona dəymiş məhkəmə xərcləri, sovqat üçün xərclər, əldən çıxmış gəliri və hüquqi xidmət üçün ödədiyi məbləğ birlikdə götürülməklə, cəmi 99.030 manat məbləğində maddi ziyan, eləcə də sağlamlığına dəymiş zərər müqabilində 50.000 manat və 100.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığı üçün bəraət almışdır. O, xx xxxxxx 1952-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Ali təhsilli, ailəlidir, ixtisasca həkimdir, əvvəllər heç bir məhkumluğu olmayıb. Cəmiyyətdə hər zaman tibb işçisi kimi olduqca sayğın bir mövqeyə sahib olub. Milli Azadlıq hərəkatının öncüllərindəndir, eyni zamanda Ş.İ.Xətai adına Azərbaycan Demokrat Partiyasının sədridir. xx xxx 2013-cü il tarixdə törətmədiyi cinayətdə ittiham olunması onu ailəsinin və cəmiyyətin gözündən salmışdır və o, ağır sarsıntılar keçirmişdir. Bundan əlavə, ailəsi, xüsusilə həyat yoldaşı Solmaz Ədalətli bu dövrdə müntəzəm olaraq mediada müsahibələrlə çıxış edərək, işin, xüsusilə istintaq dövründə ədalətli araşdırılmadığını, bu halın onların ailəsində ciddi iztirab və sarsıntılarla müşahidə olunduğunu bildirib. Nəticədə, onun mənafeyi üçün belə olsa, şəxsi həyatının ictimailəşdirilməsi və ailəsinin onun həbsindən sonrakı psixoloji vəziyyəti haqqında məlumat alması onu ağır mənəvi zərərə məruz qoyub. O, düşünüb ki, illərdir ictimai əsaslarla, heç bir maddi qarşılıq gözləmədən köməklik göstərdiyi insanların və ümumiyyətlə, onu tanıyan və tanımayan hər kəsin önündə biabır olub. Həbsdə olduğu dövr ərzində ailəsi tərəfindən ona müntəzəm olaraq, hər həftə sovqat gətirilib. Bu sovqatın ümumi dəyəri 20.000 manat məbləğində olub. Digər tərəfdən, tutulduğu dövrdə ailəsinin maddi təminatı üçün qazandığı gəlirdən də məhrum olub. O, müxtəlif klinikalarda həkim kimi işgüzar əlaqələrdə olub. Aylıq 3.000-4.000 manat məbləğində qazancı olub və ailəsinin bütün maddi təminatı tərəfindən qarşılanıb. Lakin həbsdə olduğu dövr ərzində bütün bu təminatlardan məhrum olub. Nəticədə ona 72.000 manat məbləğində əldən çıxmış fayda şəklində maddi ziyan dəyib. Həbs olunduğu dövrdə o, şəkər xəstəsi olsa da, cəzasını çəkdiyi müddətdə onun xəstəliyi daha da ağırlaşıb. Çünki bu xəstəlik keyfiyyətli qidalanma tələb edən bir xəstəlik olduğundan, ailəsi tərəfindən gətirilən sovqata baxmayaraq həbs şəraitində bunu bütövlüklə təmin etmək mümkün olmayıb. Beləliklə, hazırda sağlamlığına dəymiş 50.000 manat məbləğində zərərin qarşılanması üçün davamlı olaraq müayinə və müalicə altında tutulmalıdır. O, ittiham olunduğu dövr ərzində fərdi qaydada fəaliyyət göstərən Vəkil vasitəsi ilə təmsil olunub. O, daha keyfiyyətli müdafiə üçün dövlət hesabına təyin olunan vəkil xidmətindən yararlanmayıb və aralarındakı müqaviləyə əsasən müdafiəçiyə 5.000 manat məbləğində ödəniş edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 4813/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsiqət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsinini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Maddi zərərlə bağlı heç bir tələbi təmin edilməyib. Ailəsi tərəfindən hər dəfə sovqat gətirilib, onun həmin sovqatın məbləğini təsdiq edən qəbzləri saxlamaq imkanı olmayıb. O, həbs edilməzdən əvvəl həkim kimi işləyib, həbs olunduqdan sonra ailəsi onun aylıq 3.000-4.000 manat gəlirindən məhrum olmuşdur. Məhkəmə həbsdə olduğu müddətdə məruz qaldığı zərəri sübut edə biləcək sənədləri təqdim edə bilməyəcəyi imkanını nəzərə almamış, onun faktiki gəliri ilə bağlı heç bir araşdırma aparmamışdır. Mənəvi zərərlə bağlı məhkəmənin təmin etdiyi kompensasiya məruz qaldığı zərərə mütənasib olmamışdır. Məhkəmə bir şəxsin adi halda 2 illik ortalama xərclərinin nə qədər olduğunu və onun həbs olunduğu üçün bütün bu məbləğdən məhrum olunması faktını nəzərə almamışdır. Cavabdeh Maliyyə Nazirliyi isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən tutarlı sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. İddiaçı onun cinayət işi ilə aidiyyəti olmayan Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində göstərmişdir. Halbuki, başqa şəxsin öhdəliyinə Maliyyə Nazirliyi məsuliyyət daşımır. Belə ki, iş materillarından da göründüyü kimi iddiaçının həbsinə səbəb müvafiq polis orqanları olmuşdur. Maliyyə Nazirliyi iddiaçının cinayət məsulliyyətinə cəlb edilib, daha sonra isə bəraət alma mərhələlərinin heç birində faktiki iştirak etməmişdir. Bununla yanaşı, məhkəmə iddiaçıya vurulmuş ziyanla bağlı tələbi Maliyyə Nazirliyinə yönəltməsidir. Mövcud qanunvericilikdə ümumiyyətlə başqa şəxsin təqsirinə görə cavabdehliyin məhz Maliyyə Nazirliyinin daşıması barədə hər hansı norma yoxdur. Məhkəmə tərəfindən mənəvi ziyan müəyyən edilərkən heç bir tutarlı dəlilə istinad edilməmiş, yüksək məbləğdə kompensasiya müəyyən edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin birinci instasiya məhkəməsində müəyyən olunmuş hallarına görə, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli 1(103)-888/2016 saylı hökmündən görünür ki, apellyatorun apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilmiş, bəraət almış İddiaçı qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ izah edilmişdir. İddiaçı qanunsuz həbsi ilə əlaqədar ona dəymiş məhkəmə xərcləri, sovqat üçün xərclər, əldən çıxmış gəliri və hüquqi xidmət üçün ödədiyi məbləğ birlikdə götürülməklə, cəmi 99.030 manat məbləğində maddi zərər, eləcə də sağlamlığına dəymiş zərər müqabilində 50.000 manat və 100.000 manat məbləğində mənəvi zərər vurulduğunu iddia edərək, həmin vəsaitin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini tələb etmişdir. Cavabdehin Maliyyə Nazirliyi isə iddiaçının barəsində qanunsuz aparılmış cinayət təqibinin Maliyyə Nazirliyinə aidiyyətinin olmadığını, bu səbəbdən də həmin təşkilatın iddiaçı qarşısında maddi məsuliyyət daşımadığını bildirmişdir. Birinci instansiya məhkəməsi 5.000 manat məbləğində mənəvi zərər tutmuş, iddianı maddi zərər hissəsində isə həmin tələbi iddiaçı sübuta yetirə bilməməsi əsası ilə təmin etməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti doğrudur. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məhkəmə kollegiyası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, BACM-nin xx xxx 2014-cü il tarixli hökmü ilə cəzasının əvvəlinin xx xxx 2013-cü il tarixdən hesablanmaqla iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və yalnız xx.xx.2016-cı il tarixdə bəraət almaqla azadlığa çıxması işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində və bu müddət ərzində qanunsuz həbsdə olmasına görə mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi zərər çəkməsi də mübahisə doğurmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiyanın qənaətinə görə, mənəvi zərərin məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi zərərin məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan qərardakı mənəvi zərərin əmələ gəlməsinə səbəb olmuş hərəkətlərin qiymətləndirmə meyarlarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə mənəvi zərər olaraq 5.000 manat tutmaqda haqlı olmuşdur. Həmin məbləğ ağlabatan və ədalətlidir. Mənəvi zərərin məbləği ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Maddi zərərlə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı məhkəmə xərcləri, sovqat üçün xərclər, əldən çıxmış fayda, hüquqi xidmət üçün ödənilən məbləğ olmaqla 99.030 manat və sağlamlığına dəymiş ziyan olaraq 50.000 manat tələb etsə də, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4813/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar