Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2156/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqıya dair əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil Fərman oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqıya dair əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5245/2022 saylı 05 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış, Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqlı A tikilisinə dair 28 sentyabr 2021-ci il tarixli, reyestrdə 4Ə/630 nömrə ilə qeydə alınmış əqdin etibarsız hesab edilməsi, həmin əqdə əsasən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdehlərdən Cavabdeh1 arasında 24 iyun 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh1 ondan 24 iyun 2022-ci il tarixədək qaytarmaq şərti ilə 250.000 manat borc götürmüşdür. Kreditin təminatı olaraq tərəflər arasında 24 iyun 2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin şərtlərinə əsasən, iddia ərizəsində göstərilən mənzil onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 onunla aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, o, müqavilənin ləğvinə dair ona pretenziya qaydasında bildirş göndərsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Sonradan müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən, iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak Cavabdeh1 trəfindən Cavabdeh2 alğısatqı yolu ilə satılmışdır. O, Cavabdeh1 hərəkətlərindən polisə şikayət etmiş, araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, o, İddiaçı 250.000 manat pulu borc kimi aldıqdan sonra ona yenidən pul lazım olmuş və o, Cavabdeh2 borca 70.000 manat pul istəmişdir. Həmin vaxt İddiaçılə aralarında bağlanmış ipoteka müqaviləsində göstərilən fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatına alınmadığını müəyyən edərək, Cavabdeh2 aldığı 70.000 manat borcun təminatı kimi formal olaraq həmin fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsi bağlamış, evin dəyərini 50.000 manat kimi göstərmişdir. Əslində həmin alğı-satqı müqaviləsi Cavabdeh2 ilə aralarındakı borcun təminatı kimi bağlanmışdır. Bunu Cavabdeh1 məhkəməyə verdiyi izahatında da təsdiq etmiş, evin iddiaçının mülkiyyəti kimi qeydə alınmasını istəmişdir. Göründüyü kimi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi onlar arasında borc münasibətlərini pərdələmək məqsədilə bağlandığından, etibarsız əqddir. Cavabdeh2 isə Cavabdeh1 həbs edilməsi ilə borcunun qaytarılmayacağını düşünmüş və evi öz adına dövlət qeydiyyatına aldırmış, bu barədə ona çıxarış verilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(001)- 5245/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur.
4. Cavabdeh2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5245/2022 saylı qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməli və iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, qeyd edilən mənzil xx.xx.2022-ci il tarixli, **********24-10301 reyestr nömrəli çıxarışa əsas Cavabdeh2 xüsusi mülkiyyətində olmaqla ümumiyyətlə iddiaçı ilə hər hansı əlaqəsinin olması heç bir sənədlər təsdiq edilmir. İddiaçı ilə Cavabdeh1 arasında olan hüquq münasibətlərinin, xüsusən də borc münasibətlərinin ona heç bir aidiyyətı yoxdur. Əgər belə bir münasibətlər rəsmi olmuş olsaydı hazırki mənzilin mülkiyyətçisi Cavabdeh2 ola bilməzdi. Buna qanun imkan verməzdi. Bununla bağlı tərəflər arasında Bakı şəhəri 11 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli, 4Ə-630 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.1-ci maddəsində ehtiva olunmşdur ki, “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri,əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İpoteka müqaviləsi aidiyyətı dövlət orqanı olan Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla qüvvəyə mindiyindən hüquqi qüvvəsini alır. Bu halda isə, ipoteka müqaviləsi ümumiyyətlə qeydiyyata alınmadığından həmin müqavilənin tərəfi olmayan şəxs tərəfindən mübahisələndirilməsi qanunvericiliklə yolverilməz haldır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 16.6-cı bəndində ehtiva olunmuşdur ki, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi, Qanunun bu maddəsinin mənasından da görünür ki, Cavabdeh2 həmin alqı-satqı müqaviləsinin tərəfi olaraq həmin əmlaka nisbətdə vicdanlı şəkildə əldə edəndir və reyestrin həqiqiliyi prezumpsiyasına əsasən baş tutmuş müqavilə üzrə artıq mülkiyyətçidir. Digər tərəfdən, iddiaçı iddiasının əsası kimi qeyd edir ki, əqd əhəmiyyətsiz olduğuna görə etibarsız hesab edilməlidir... Göründüyü kimi isə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə hər iki tərəfdən öhdəliklər yerinə yetirilmiş və nəticədə müqavilə predmeti olan daşınmaz əmlakın qanunvericiliyin tələblərinə əsasən başqa şəxsin xüsusi mülkiyyətinə keçmiş, bununla bağlı aidiyyatı dövlət orqanı müvafiq qeydiyyat aparmışdır. Lakin, məhkəmə tərəfindən rəsmi olaraq iddia ərizəsinə etiraz verilməklə iddiaçı ilə cavaddeh olan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə nisbətdə həmin müqavilənin rəsmi qaydada reyestrdən qeydiyyatdan keçməməsinə dair hər hansı münasibət bildirmədən sadəcə olaraq MM-nin etibarsızlıqla bağlı müddəalarına istinad etməklə iddianın əsaslı olduğuna dair qənaətə gəlmiş, ipoteka ilə bağlı mübahisələndirdiyi hissəyə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Belə ki, yalnız dövlət qeydiyyatına alınmış ipoteka müqaviləsi tərəflər arasında mülki hüquq münasibətləri yarada bilir. İpotekanın dövlət qeydiyyatına alınmaması isə, həmin əmlakla bağlı digər sərəncamverici hərəkətlərin verilməsinə maneə deyildir, ola da bilməz.
Apelyasiya baxışı zamanı verilən izahatlar
6. Məhkəmə iclasında tərəflər - iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil aralarında razılıq əldə olunduğunu bildirərək barışıq sazişini məhkəməyə təqdim etmişlər.
7. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyindən daha sonra tərəflərdən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə ərizə təqdim edərək tərəflər arasında barışıq əldə olunduğunu, cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etdiyini; onun isə öz növbəsində qeyd olunanları nəzərə alaraq iddia tələbindən imtinanın nəzərə alınmasnı xahiş etmşdir. Ərizənin məzmunu ilə bağlı sədrlik edənin dəqiqləşidirici suallarına iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddiadan imtina etdiyini bildirmişdir.
8. Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil ərizə təqdim edərək iddiaçı tərəfin iddiadan imtina etdiyini nəzərə alaraq müvafiq qərardad qəbul edilməsini; onun isə apelyasiya şikayətindən imtinasının qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
9. 52.1-ci və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
10. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
11. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
12. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
13. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
14. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
15. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
16. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
17. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
18. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Kollegiya tərəflərin təqdim etdikləri ərizələri iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
20. İş materiallarından göründüyü kimi məhkəmə kollegiyası tərəflərin təqdim etdikləri notariat qaydasında təsdiq edilmiş barışıq sazişini qəbul etməmişdir. Belə ki, kollegiya barışıq sazişinin şərtlərini nəzərə alaraq, mübahisə predmetinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin olduğunu, həmin müqavilənin predmetini isə Cavabdeh1 paylı mülkiyyətində olmuş və müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətinə keçmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 33 saylı evin “A” tikilisinin (2 otaq və qaraj) 2/3 hissəsi olduğunu, barışıq sazişinin predmetini isə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 33 saylı evin 2 otaqlı “A” tikilisinin və ümumi binanın özəlləşdirilərək satılmasına dair öhdəliklər təşkil etdiyini, barışıq sazişi təsdiqlənəcəyi təqdirdə həmin evin paylı mülkiyyətçisi olan digər şəxslərin qanunla qorunan hüquqlarının pozulmasına səbəb ola biləcəyini qeyd edərək, yuxarıda göstərilən nəticəyə gəlmişdir.
21. Apellyasiya baxışı zamanı iddiaçı və cavabdeh tərəfin sonrakı izahatları, eyni zamanda təqdim etdikləri ərizələri ilə, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəflər arasında barışıq əldə olunduğnu, apellyatorun öz şikayətindən imtina etdiyini nəzərə alaraq iddia tələbindən imtina etdiyini bildirmiş, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil isə cavabdehin apelyasiya şikayətini müdafiə etmədiyini, iddiaçı tərəfin iddiadan imtina etməsini qəbul etməsini və bununla bağlı müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. 22.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin, o cümlədən məhkəmə iclasında iştirak etməyən digər cavabehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır.
23. Belə ki, iş üzrə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olduqda apelyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5245/2022 saylı, 05 dekabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqıya dair əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Sabit Bəhrəmzadə