Məhkəmə qərarları › İş №2(103)-2157/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2157/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2157/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(001)-1479/2023 saylı qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət etdərək, onun N nömrəli hərbi hissədən hərbi xidmətdən 1993-cü ilin avqust ayının 28-də qanuni əsaslarla ehtiyata buraxılmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(001)- 1479/2023 sayl qərardadı ilə ərizəçi İddiaçı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(001)-1479/2023 saylı qərardadı ilə razı deyil və onu mübahisələndirir. Hesab edir ki, həmin qərardad əsaslandırılmayıb, işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, ərizəçinin hansı orqana və ya məhkəməyə müraciət etməli olması qərardadda göstərilməyib. Habelə ərizədən göründüyü kimi, onun tələbi ehtiyata buraxılmağının qanuniliyinin yoxlanılması deyil, qanuni əsaslarla ehtiyata buraxılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinə dair olmuşdur. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(001)-1479/2023 sayl qərardadı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(001)-1479/2023 sayl qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Eləcə də “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi “qanuni əsaslarla ehtiyata buraxılma faktı”-nın müəyyən edilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bundan əlavə ərizəçi şikayətində məhkəmənin mübahisələndirdiyi qərardadında ona hansı məhkəməyə müraciət etməsi barədə məlumat verilmədiyini bildirir. Halbuki, ərizəçi ərizəsində Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11318/2022 №-li qərarı ilə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbinin əsassız olduğundan təmin edilmədiyini təsdiq etmişdir. Göründüyü kimi ərizəçi həmin qərardan narazı olsa da, arzuladığı hüquqi nəticəni inzibati icraat qaydasında əldə edə bilmədiyindən, mülki məhkəmə icraatı qaydasında ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilən faktı nəzərə alan məhkəmə, ərizəçiyə narazı olduğu təqdirdə Bakı İnzibati Məhkəməsinin müvafiq qərarından şikayət vermək hüququnun olması barədə məlumat vermişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(001)-1479/2023 sayl qərardadı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(001)-1479/2023 sayl qərardadı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar