Məhkəmə qərarları › İş №2(103)-2157/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2157/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2157/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi-vəkili Vəkil Xudaverdi oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-693/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)-735/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

2. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci iltarixli, 1(101)-735/2022 saylı hökmü ləğv edilərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad olunması hökm edilmişdir.

3. Həmin hökmdən verilmiş kassasiya protestinin təmin edilməməsi qərara alınmışdır.

4. İşdə olan materiallar ilə həmçinin İddiaçı təqsirləndirildiyi maddə üzrə ibtidai istintaq və məhkəmə araşdırması zamanı (xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) həbsdə saxlanıldığı müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın: müdafiəçiyə hüquqi yаrdımlа əlаqədаr ödənilmiş 1.470 manat, onun istintaq orqanları tərəfindən həbs edilməzdən əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin qazanxanasında təsərrüfat işləri üzrə operator vəzifəsində çalışması ilə əlaqədar hər ay 318 manat əmək haqqının, həbs olunduğdan sonra işdən kənarlaşdırılması, həmin əmək haqqını ala bilməməsi və bunun onun ailəsinin yaşam tərzinə göstərdiyi mənfi təsirə görə 1 il 11 ay 28 gün qanunsuz həbsi ilə əlaqədar olaraq ona 7.632 manat maddi ziyanın, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmün icrası ilə əlaqədar 1 il 11 ay 28 gün qanunsuz həbsdə qalması ilə bağlı vurulmuş mənəvi ziyana görə 72.000 manat məbləğində kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-735/2022 saylı hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci iltarixli, 1(101)-735/2022 saylı hökmü ləğv edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad olunması hökm edilmişdir. Daha sonra, dövlət ittihamçısının apellyasiya hökmündən verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-546/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-158/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qanunun tələbinə əsasən cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı dərhal qüvvəyə mindiyinə görə, hazırkı iddia qaldırılır. Onun barəsində qaldırılmış cinayət işi ilə bağlı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyindən və 48 yaşında həbs edildiyindən, o, uzun müddət gərginlik şəraitində, mənəvi iztirab və əziyyət içərisində yaşamış, ailəsi və övladı onun iki il müddətində bu ağır vəziyyətini və acısını yaşamışlаr. Lakin, ona vurulan ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Belə ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqinin səhlənkarlığı nəticəsində onun barəsində əsassız olaraq ittiham aktı tərtib edilmiş, prokurorluq tərəfindən ittiham aktı təsdiq edilmiş və məhkəmə məsuliyyətinə cəlb edilmiş, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, onun məhkəmə zalından həbs edilməsi qərara alınmışdır. Onun təqsirləndirilən şəxs qismində cəlb olunduğu andan onun hüquqları cinayət prosesi həyata keçirən orqanlar tərəfındən pozulmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, həmin müddətdə, o, mənəvi sarsıntı keçirmiş, depressiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə pis təsir göstərib. Hazırda barəsində bəraət hökmünun olmasına baxmayaraq, bəzi dost, tanış, qohumlar ondan uzaqlaşıblar. Həbsdə olarkən ailəsi maddi-mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona dövlət orqanlarının səhvi nəticəsində yapışdırılmış “narko tacir” damğası ilə yaşamaq məcburiyyətində qalmışdır. Qanunsuz həbs edildiyindən şəxsiyyətinə və mənliyinə elə zərbə vurmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışır. Həyatın istənilən sferasında bunu hiss edir. Hətta əvvəllər hər gün bir yerdə işlədiyi adamların yanında hörmətdən düşmüşdür. Belə ki, həmin işçilərin bir qismi ona cinayətkar kimi yanaşmışlar. O, uzun müddət ərzində istintaq orqanının əsassız ittihamının əziyyətini çəkmişdir. Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, cinayət işi açıq-aşkar əsassız, qanunsuz və qərəzlidir və bunun nəticəsində ona bəraət hökmü çıxarmışdır. Məhkəmənin çıxardığı hökm tam əsaslı və qanuni olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində onun hüquqları pozulmuş, ona küllü miqdarda maddi zərər dəymiş və mənəvi istirablar çəkmiş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Ona görə də, hesab edir ki, ona dəymiş maddi və mənəvi ziyan adiyyəti orqanlar tərəfındən ödənilməlidir. Birinci instansiya məhkəməsinin barəsində yürütdüyü ədalətsiz mövqeyə görə, haqqı və ədaləti yuxarı instansiya məhkəmələrində axtarmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində uzun sürən məhkəmə prosesləri keçirilmişdir. Bu cinayət işinə görə onun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə onun hüquqlarını Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müdafiə etmək üçün 1194 №-li vəkil müqaviləsi üzrə 250 manat, xx.xx.2022-ci il tarixdə onun hüquqlarını Xəzər Rayon Prokurorluğunda müdafiə etmək üçün 209 №-li vəkil müqaviləsi üzrə 110 manat, xx.xx.2022-ci il tarixdə onun hüquqlarını Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə etmək üçün 190 №-li vəkil müqaviləsi üzrə 170 manat, xx.xx.2022-ci il tarixdə hüquqlarını Bakı Apellyasiya Məhkəməsində müdafiəsi üçün 985 №-li vəkil müqaviləsi üzrə 499.48 manat və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsində hüquqlarını müdafiə etmək üçün 1230 №-li müqavilə üzrə 120.60 manat vəkilə pul ödənilmişdir və onların hər birinin qəbzi iddia ərizəsinə əlavə olunur. Hüquqi yаrdımlа əlаqədаr hazırkı müdafiəçiyə 677 nömrəli vəkil müqavilə əsasında məhkəmə icraatına görə 320 mаnаt ödəniş etmişdir. Ona görə də, hesab edir ki, onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçiyə ödənilmiş həmin 1470 manat pul məbləği kompensasiya şəklində ona ödənilməlidir. O, əsassız olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs edilməsi nəticəsində o, tam 1 il, 11 ay, 28 gün ərzində ailəsini dolandırmaq, zəruri təlabatları ödəmək üçün əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. O, həbs olunmazdan əvvəl, yəni 2019-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin qazanxanasında təsərrüfat işləri üzrə operator vəzifəsində çalışmış hər ay rəsmi olaraq 318 manat məbləğində əmək haqqı almışdır. Bu isə o deməkdir ki, həbs olunduğu müddət ərzində onun əldən çıxan fayda olaraq 7.632 manat ziyan dəymişdir. Onun vəkili və nümayəndəsi olaraq tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə sorğu göndərilərək onun həbs olunmazdan əvvəl aldığı əmək haqqının məbləğinin nə qədər olmasını təsdiq edəcək rəsmi sənədlərin ona göndərilməsi xahiş edilmişdir. Bundan başqa, digər hal ondan ibarətdir ki, o, əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs olunması nəticəsində, o, ittiham olunanlara xas şəkildə davranışa məruz qalmış, üzərində məcburi müayinələr aparılmış, barəsində əsassız məhkəmə qərarları çıxarılaraq cəzaya məruz qalmış, cəza məcburi qaydada icra edilmiş, аiləsi və uşaqları bu təsirin əsarətini yaşamışlаr. Mənəvi zərərin miqdarının müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırkı iş üzrə məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən onun keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların kifayət qədər uzun bir müddət ərzində, yəni 2 il müddət ərzində davam etməsi nəzərə alınmalı, mənəvi zərərin miqdarını ən azı hər ay üçün 3.000 manat müəyyən edilməlidir

7. Daha sonra iddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın müdafiəçiyə hüquqi yardımla əlaqədar olaraq ödənilmiş 1.470 manat pul məbləği, istintaq orqanları tərəfindən həbs edilməzdən əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin qazanxanasında təsərrüffat işləri üzrə ocaqçı vəzifəsində çalışması ilə əlaqədar həbsdə olduğu 2 il müddət ərzində əldən çıxan fayda olaraq 4.602,68 manat və qeyd olunan məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik o dövrün məzənnəsinə uyğun olaraq ortalama 8 faizlə hesablanaraq ona 368.21 manat faiz borcu olmaqla ümumilikdə 4.970,89 manat maddi ziyanın, onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmün icrası ilə əlaqədar 1 il 11 ay 28 gün qanunsuz həbsdə qalması ilə bağlı vurulmuş mənəvi ziyana görə 72.000 manat məbləğində kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh tərəf iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı hüquqmühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin, yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Həmçinin, iddiaçının işsiz qaldığı dövr ilə əlaqədar olaraq hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutlar işə əlavə edilmiş sənədlərdə mövcud deyildir. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində maddi və mənəvi ziyana məruz qalmasını əsaslandırdığı hallarla bağlı sənədlər təqdim edilmədiyindən iddia əsassız hesab olunmalıdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-693/2025 saylı 13 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24.000 manat məbləğində mənəvi zərərin və hüquqi xidmətlərə görə sərf edilmiş 1.470 manatın əvəzinin ödənilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (01 il 11 ay 27 gün) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). İddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1000 manat hesablanmaqla 24000 manat məbləğində müəyyən olunmalıdır.

11. Məhkəmə iddianın “həbs edilməzdən əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin qazanxanasında təsərrüffat işləri üzrə ocaqçı vəzifəsində çalışması ilə əlaqədar həbsdə olduğu 2 il müddət ərzində əldən çıxan fayda olaraq 4602.68 manat və qeyd olunan məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik o dövrün məzənnəsinə uyğun olaraq ortalama 8 faizlə hesablanaraq ona 368.21 manat faiz borcu olmaqla ümumilikdə 4970.89 manat maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən məhkəmə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş məlumata əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq mövsümi işçisi İddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə xx.xx.2021-ci il tarixinədək ocaqçı vəzifəsinə təyin olunmuşdur. Göründüyü kimi, iddiaçı həbs edilərkən (xx.xx.2021-ci il) onunla işəgötürən arasında qüvvədə olan əmək müqaviləsi mövcud olmamışdır. Odur ki, iddiaçının qanunsuz həbsdə qaldığı müddətdə vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir.

12. Bununla belə məhkəmə qeyd etmişdir ki, iddiaçıya göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş pula görə cavabdehdən onun xeyrinə 1470 manat məbləğində pul tutulmalıdır.

13. Məhkəmə həmçinin nəzərə almışdır ki, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Belə ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

14. Məhkəmə öz mövqeyini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-693/2025 saylı 13 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya maddi və mənəvi zərərə görə 25.470 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa Məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımdan tərəfindən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmişdir və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Eyni zamanda iddiaçı sözügedən məhkəmə işi üzrə öz hüquqlarını vəkilin yardımı olmadan müdafiə edə bilməsi mümkün olduğu halda, birinci instansiya məhkəməsində işə baxılarkən şəxsi vəsaitindən istifadə edərək vəkillə hüquqi yardım göstərilməsi barədə müqavilənin bağlanılması şəxsin öz seçimidir və bu barədə prosessual qanunvericilikdə imperativ norma mövcud deyildir. İddiaçı tərəfindən vəkil xərci kimi ödənilmiş pul vəsaitinin əvəzinin ona ödənilməsi tam əsassızdır. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı az ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Cinayət Prosessual Məcəlləsinin norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 25.470 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. İddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mənəvi zərərə görə kompensasiya müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

25. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

28. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin

29. 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

30. 58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun

31. 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

32. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

33. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

34. 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

36. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

39. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)-735/2022 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 1(103)- 158/2023 saylı hökmünə əsasən, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət almışdır. Həmin hökmdən verilmiş kassasiya protestinin müvafiq məhkəmənin aktı ilə təmin edilməməsi qərara alınmışdır. İşdə olan materiallar ilə həmçinin İddiaçı təqsirləndirildiyi maddə üzrə aparılan ibtidai istintaq və məhkəmə araşdırması zamanı (13 oktyabr 2021-ci il tarixindən 10 oktyabr 2023-cü il tarixinədək) həbsdə saxlanıldığı müəyyən olunmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1101.1-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunazidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur.

45. Belə ki, 1101.1-ci maddəsinin məzmunundan göründüyü kimi qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq yaranır.

46. Beləliklə, mülki hüquq pozuntusundan (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün zərər vuran şəxsin təqsirli olub-olmaması istisna olmaqla, yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Halbuki iş materiallarından da görünür ki, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının vəzifəli şəxslərinin törətdiyi əməllərə görə qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət yaranması üçün zəruri olan bütün şərtlərin mövcud olduğu qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Hökmlə müəyyən edilmiş bu faktlar da hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmə araşdırmanın predmeti ola bilməz.

47. Məhkəmə kollegiyası həmçinin Mülki Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən qeyd etməyi zəruri sayır ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

48. Belə ki, barəsində məhkəmənin bəraət hökmü çıxarılmış, yəni təqsirliliyi müəyyən edilməmiş şəxsin Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində cinayət təqibinə məruz qalması nəticəsində uğradığı zərərin ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

49. Аzərbаycаn Respublikаsı Prezidentinin 9 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən də, Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.

50. Beləliklə də iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.

51. Оnа görə də hazırki iş üzrə ödənilməli olan pul məbləği məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən tutulub iddiaçıya verilməlidir.

52. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, barəsində həbs növündə qətimkan tədbirinin tətbiq edilməsi, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır. Qeyd edilənlər də İddiaçı mənəvi zərərə uğradığı qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur.

53. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə razılaşır, mənəvi zərərin 24.000 manatdan az məbləğdə təmin olunmasını ədalətli və ağlabatan hesab etmir.

54. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət prosesini həyata keçirən orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş mənəvi zərərdən başqa maddi zəzər ödənilməlidir. İşdə olan mötəbər sübutlar (qəbzlər) əsasında da maddi zərərin ödənilməsinə dair tələbin 1.470 manat məbləğində olan hissəsində əsaslı olduğu müəyyən edilir.

55. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-693/2025 saylı 13 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar