Məhkəmə qərarları › İş №2(103)-2160/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2160/2024

03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2160/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: sənədlərin təqdim olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, ............................... iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh mənzil-tikinti kooperativi ilə “Payçı” kimi İddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış xx.xx.2010-cu il tarixli 026 saylı və xx.xx.2011-ci il tarixli 053 saylı müqavilələrə əsasən Cavabdeh mənzil-tikinti kooperativi Bakı şəhəri, S.Rəhimov 109 və M.İbrahimov 53, 55, 57 ünvanında tikilməkdə olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 176,0 kv.metr olan 4 otaqlı və 94 kv.metr olan 2 otaqlı mənzilləri payçı kimi İddiaçı verməyi, İddiaçı isə mənzilin müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öz öhdələrinə götürmüş, mənzillərin dəyəri hər bir kv.metri 1000 manat olmaqla, 176000 manat və 94000 manat müəyyən olunmuş xx.xx.2012-ci il tarixli 01/063 saylı və xx.xx.2013-cü il tarixli 01/075 saylı Maliyyə arayışlarına əsasən İddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilmişdir. Cavabdeh tərəfindən zəruri sənədləşdirmə işləri aparılmamış, protokoldan çıxarış və digər sənədlər iddiaçıya təqdim edilməmişdir.

a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/063 saylı, 19 noyabr 2012-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin inşa etdiyi yüksək mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən, 176 kv.mdən ibarət 4 ortaqlı mənzilə və 01/075 saylı, 11 yanvar 2013-cü il tarixli maliyyə arayışına əsasən 13-cü mərtəbədə yerləşən, 94 kv.m-dən ibarət 2 otaqlı mənzilə dair ümumi yığıncağın qərarlarının cavabdeh tərəfindən iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona təqdim edilməsi barədə şifahi və yazılı qaydada dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən ona bürokratik əngəllər yaradılmış, qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən imtina olunmuşdur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4541/23 saylı iş üzrə 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərək sözügedən mənzilin dəyərini tam ödəmiş, lakin cavabdeh mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının mənzilə dair qərarını ona verməmişdir.

6. Məhkəmə öz mövqeyini 2018-ci ilin iyulun 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, hazırda qüvvədə olan Mülki Məcəllənin 1.1, 112, 113, 139-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumi yığıncaqda hər hansı bir konkret mənzillə bağlı məsələ həll edilmir və iddiaçı məhz hansı mövzuda, konkret hansı məsələ ilə bağlı ümumi yığıncağın qərarını istəməsini nə dəqiqləşdirmiş, nə də izah edə bilmişdir. İddiaçı mənzillərin dəyərini tam ödəməmiş, məhkəmə 94 kv.metrlik 2 otaqlı mənzillə bağlı şəxsi vərəqəni nəzərə almamış, 166,2 kv.metrlik 4 otaqlı mənzillə bağlı isə müqaviləni tələb etməmişdir. İddiaçının 4 otaqlı 166,2 kv.metrlik mənzillə bağlı borcu olmasına dair elə özünün təqdim etdiyi 026 saylı şəxsi vərəqə, (xx.xx.2011-xx.xx.2012 tarixədək qrafik boşdur), 94 kv.evdə isə ödənilmiş məbləğ ödənilməli məbləği bağlamır, lakin məhkəmə həmin ev üzrə də pulun tam ödənilməsini yalnız maliyyə arayışına əsasən hesab etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. 2018-ci ilin iyulun 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü pay yığımına hüquq olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırda qüvvədə olan)

Maddə 112. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Maddə 113. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tıkinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı mənzilin dəyərini tam ödəmiş, lakin mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlər ona təqdim olunmamışdır. İddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəmədə tələb irəli sürmüşdür.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən iddiaçının mənzillərə görə borcunun tam ödənilməməsi, təqdim olunmuş şəxsi vərəqədə qrafaların tam doldurulmaması barədədir.

21. Kollegiya apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə aşağıdakıları qeyd edir:

22. İş materiallarından görünür ki, iddiaçıya mübahisəli mənzilllərin pay haqqının tam ödənilməsinə dair MTK-nın sədri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş maliyyə arayışı verilmiş, cavabdeh borc ödənilmədiyi halda maliyyə arayışının hansı səbəbdən verildiyini ağlabatan dəlillərlə izah edə bilməmiş, habelə maliyyə arayışının mötəbərliyini mübahisələndirməmişdir. Bundan əlavə Kollegiya onu da nəzərə alır ki, iddiaçı tərəfindən mənzillərə görə borc yaranmışsa, cavabdeh həmin borcu iddiaçıdan tələb etmək istiqamətində hərəkət etməmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 01 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar