Məhkəmə qərarları › İş №2(103)-2161/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2161/2025

14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2161/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «podrat müqaviləsinin qüsurlu icra edilməsi, pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-174/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Kərimov X2 Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində verdiyi 04 fevral 2022-ci il tarixli izahatda göstərib ki, o, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzili təxminən 1 il bundan əvvəl təmir etmək məqsədi ilə işə başlamışdır. Həmin şəxsə məxsus mənzildə aldığı pulun müqabilində evdə söküntü işi, hamam üçün yer tikilib, 1 otaqda 2 mərtəbə taxta işləri görülüb, elektrik üçün razetkalar toklar alınıb, ondan bir neçə gün sonra işi saxlayıb koridora kanalizasiya işləri görüb və metlax vurub, 35x55 kv arası beton tökülüb və sonra həmin şəxs işin üstünə gəlmədiyindən və qonşularla müəyyən kommunal çəkilişlər zamanı razılığa gəlmədiyindən onlar işi saxlamış və qonşularla kompromisə getmədiyindən iş yarımçıq qalmışdır. İşlərinin müqabilində mənzilinə alınan avadanlıq və onların zəhmət haqqı ilə birlikdə 5000 və ya 5500 ola bilər. Ərizədə qeyd edilən mənzilin keyfiyyətsiz təmiri barədə xüsusatlar düzgün deyil. Bununla bağlı həmin mənzilə mütəxəssis gətizdirə bilər.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində olan və baxılmamış saxlanılan, məhkəmənin icraatında olan işi müvafiq istintaq orqanına qaytararaq 7350 manatın, maddi zərərə görə 8000 manat, cəmi 15650 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiada göstərilir ki, Bakı şəhəri, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı mənzilində təmir işləri aparılması ilə bağlı Cavabdeh ilə tanış olmuş və onunla koridorda yerləşən mətbəx və sanqovşağın mənzilin içəri keçirilməsi və koridorda müəyyən məsafədə və dərinlikdə kanalizasiya xətti çəkilməsi barədə razılığa gəlmişlər və cavabdeh yüksək keyfiyyətlə işləri görüb təhvil verəcəyinə vəd vermişdir. 4 saylı MKİS ilə də bu razılaşdırılmış və qonşunun da razılığı alınmaq şərti ilə icazə verilmişdir. O cümlədən qonşu ilə də bu məsələ razılaşdırılmış, kanalizasiya xəttinin çəkilməsi üçün yerinin dərin qazılması olduğu bildirilmiş, lakin alt hissədə qeyri-yaşayış sahəsi yerləşdiyindən xəttin yerinin dərin yaranacağı diqqətə çatdırılmışdır. Lakin, cavabdeh bildirmişdir ki, hər şeyi özü həll edəcək, heç bir problemsiz qısa müddət ərzində kanalizasiya xəttini təhvil verəcək. Kanalizasiya xəttinin maili olması üçün digər qonşuya məxsus qapı sökülməli, yuxarı qaldırılmalı idi. Buna görə qonşu ilə razılaşma əldə edilmədi. Cavabdeh işə başladığı gündən işləri keyfiyyətsiz yerinə yetirməyə başladı, iş aylarla uzandı, işləri plansız yerinə yetirdiyi üçün müxtəlif problemlər yaranırdı, bəzi işləri düzgün yerinə yetirmədiyinə görə təkrar işləyirdi və bu da onun əlavə xərcləri ödəməyinə və qonşuda narazılığa da səbəb olurdu. Həmçinin, kanalizasiya xəttinin birləşdirilməsi və qonşu ilə razılaşdırılması üçün ondan 600 manat məbləğində pul istəmişdir, o, 300 manat vermiş və qalan hissəsini də verəcəyini bildirmiş, lakin cavabdeh bu məbləği aldıqdan sonra vədini yerinə yetirməmişdir. Mənzilin daxilində aparılan təmir işləri ilə bağlı ondan 4450 manat məbləğində pul almış, lakin həmin işləri də tamamilə keyfiyyətsiz və yarıtmaz yerinə yetirmiş və bütün bu işlər yenidən yerinə yetirilməlidir. Cavabdeh ondan ümumilikdə 7350 manat pul almışdır. Keyfiyyətsiz iş yerinə yetirilməsi və yarımçıq saxlanılması səbəbindən o, cavabdehdən verdiyim pulları, həmçinin ona vurulmuş maddi ziyanı ödəməsini tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Onun təqsiri ucbatından o, maddi ziyana da məruz qalmış, bundan əlavə ona mənəvi zərər də vurmuş, ona görə psixi sarsıntı da keçirmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, hal hazırkı iş cinayət işidir, CM-in 178.3.2-ci maddəsinin tərkibi var.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh görüləcək işlər üçün ödədiyi 7300 manat, maddi zərərə görə 8000 manat, mənəvi zərərə görə 1000 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-174/2024 saylı, 31 oktyabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilərək Cavabdeh 2934 (iki min doqquz yüz otuz dörd) manat pul və dövlət rüsumunun 49.34 (qırx doqquz manat otuz dörd qəpik) manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi; Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatı Cavabdeh, 50 (əlli) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı mənzilində təmir-tikinti işlərinin aparılması üçün razılıq əldə edilmişdir. Lakin təmir işləri başa çatdırılmamışdır. Hazırda iddiaçı təmir işlərinin keyfiyyətsiz aparılmaqla yarımçıq qalmasına istinad edərək təmir işlərinə görə cavabdehə ödənilən 7300 manatın, maddi zərərə görə 8000 manatın, mənəvi zərərə görə 1000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh təmir işləri ilə bağlı iddiaçı tərəfindən ona təxminən 5500-6500 manat ödənildiyini bildirmişdir. İddiaçı tərəf cavabdehə 7300 manat ödəniş etməsinə dair sübut məhkəməyə təqdim etməmiş, cavabdeh isə (yuxarı həddi) 6500 manat göstərməklə həmin məbləğdə ödəniş edildiyini bildirmişdir. İddiaçının mənzilində faktiki görülmüş tikinti-təmir işlərinin həcmi və məbləğinin müəyyən edilməsini müəyyən etmək üçün məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Təqdim edilmiş və tədqiq olunmuş ekspertiza rəyindən aydın olur ki, Bakı şəhər, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı mənzilin daxilində yığılmış taxta karkas konstruksiyasının, inşa edilmiş sanuzel qovşağının, ümumi dəhlizin döşəməsində görülmüş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3566.0 manat məbləğində dəyəri müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı yerləşən mənzil faktiki olaraq təmiri başa çatmamış vəziyyətdə olduğunu nəzər alaraq, mənzilində aparılmış təmir işlərinin qüsurlarla aparılıb-aparılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin baxış keçirilən zamanı tərəflərin birgə sözlərinə əsasən ümumi dəhlizdən mənzildə yaradılan sanitar qovşağına çəklən kanalizasiya xətti istifadəyə yararsız vəziyyətdə və həmin xətlərin düzgün çəkilmədiyi (mərtəbə arası hündürlük su axımına imkan yaratmadığından) bildirmişdirlər. Məhkəmə, ekspertin həmin rəyini mötəbər sübut kimi qiymətləndirib qeyd edir ki, təmir-tikinti işləri dayandırılması birbaşa cavabdehin hərəkətləri ilə bağlı olmasa da, görülməsinə dair razılıq əldə edilmiş işlər tam icra edilməmişdir və hazırda görülmüş faktiki işlərin dəyəri 3566 manatdır. Cavabdeh isə ona 6500 manat ödənildiyini göstərmişdir. Belə qənaətə gəlir ki, iddiaçının mənzilinin faktiki aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri məhz 3566 manat təşkil etdiyindən və bu işlərin yenidən görülməsinə zərurət olmadığından tikinti-təmir işlərinin davam etdirilə bilməsi nəzərə alınaraq iddiaçıya görülmüş işlərin dəyərindən artıq ödənilmiş pul məbləği müəyyən edilərkən, icra edilmiş tikinti işlərinin dəyərini təşkil edən 3566 manat, ödənilmiş 6500 manat məbləğində puldan çıxılmalı, qalan 2934 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin 8000 manat maddi zərər hissəsi ilə bağlı bildirib ki, iddiaçı bu iddiasını Cavabdeh tərəfindən keyfiyyətsiz işlər görülməsi ilə əlaqələndirsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hallar tam olaraq qeyd edildiyi kimi öz təsdiqini tapmamış və iddiaçı cavabdeh tərəfindən ona 8000 manat həcmində maddi zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı özü izahatında təmir işlərinin qonşusu ilə yaranan mübahisə nəticəsində qonşunun icazə vermədiyi üçün dayandırıldığını və müvafiq dövlət qurumunun icazəsi alındığı halda təmirə davam edə biləcəyini bildirmişdir. Başqa sözlə, təmir işlərinin dayandırılması və yarımçıq qalması cavabdehin hərəkətləri nəticəsində baş verməmişdir. Odur ki, iddia bu hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması halının təsdiq edilmədiyini, eləcə də cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsinin sübuta yetirilmədiyini nəzərə alaraq, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinin də əsassız olması qənaətinə gəlib.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

7. Qətnamədən İddiaçı və Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.

8. İddiaçı apellyasiya şikayətində qətnaməni qanunsuz və əsassız hesab edərək ləğv olunmasını və iddiasının tam təmin olunmasını xahiş edib göstərir ki, Cavabdeh razılaşmışdılar ki, cavabdeh onun ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzil koridorda təmir və tikinti işləri aparmalı idi. Bunun müqabilində iddiaçı cavabdehə zəhmət haqqı olaraq 2500 manat ödəməli idi. Eyni zamanda, lazım olan tikinti materiallarının pulunu da iddiaçı ödəməli idi. Danışığa görə 2021-ci ilin yay aylarının sonlarına kimi cavabdeh təmir və tikinti işlərini yekunlaşdırıb iddiaçıya təhvil verməli idi. İddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilmişdir, lakin cavabdeh tərəf öz öhdəliklərinə əməl etməmişdir. Belə ki, qətnamə əsasən qarışıq cümlələrlə tərtib edilib. Baş verən hadisələr ardıcıllıqla qeyd olunmayıb. Cavabdehə 300 manatı verməyi məsələsi baş verənlər arasında 31 oktyabr 2021-ci ildə ən sonuncusudur. Bu barədə isə qətnamənin əvvəlində qeyd olunub. İşlərin dayandırılmasına əsas səbəb cavabdehin koridorda kanalzasiya xəttini düzgün çəkməməsi, həmçinin döşəmədə metlaxın düzgün quraşdırılmaması ilə əlaqədardır. Qonşu bu səhv işlərə haqlı olaraq etiraz etdi və işlərin davam etdirilməsinə icazə vermədi. Xəttin düzgün çəkilməməsini Bakı şəhəri Səbail rayon Su Kanal İdarəsinin texnikləri dəfələrlə Cavabdeh və onun nəzərinə çatdırmışlar. Sonuncu dəfə 19 yanvar 2025-ci il tarixində iddiaçının dəvəti ilə bir daha bu qüsuru təsdiq etdilər və telefonla cavabdehin nəzərinə də çatdırdılar. Lakin Cavabdeh səhvlərini etiraf etmir. Yanvarın 23-də səhər saat 9-10 arası iddiaçının mənzilində onunla görüşəcəyinə, işləri düzgün apardığına dair söz verdi, lakin həmin saatlarda iddiaçı cavabdehi səhər saat 11-ə kimi ünvanda gözləsə də, cavabdeh gəlmədi. Dəfələrlə cavabdehə zəng etmiş, lakin cavabdeh telefonunu söndürmüşdü. Döşəmə işlərində metlaxın axını qonşunun mətbəxinin qapısının altına tərəf istiqamətlənərək döşənib. Belə ki, güclü yağış yağdıqda koridora əsas giriş qapısının üstündən içəri doğru güclü su axması və qonşunun mətbəxinin basması ehtimalı çox böyükdür. Qonşunun dediyinə görə artıq bir dəfə belə hadisə baş verib. Bunları məhkəmə tikinti eksperti də öz rəyi ilə təsdiqləyib. Koridordakı işlərə görə iddiaçı 2850 manatdan çox pul xərcləyib. Lakin Səbail Rayon Məhkəməsi iş üzrə bu vacib detalları ciddi nəzərə almadı və Cavabdeh tərəfindən iddiaçıya dəyən maddi zərərin tam həcmdə qaytarılmasını təmin etmədi. Cavabdehla aralarında olan razılığa əsasən ən birinci koridorda kanalzasiya xəttini çəkib təhvil verdikdən sonra mənzildə təmir işləri başlamalı idi, lakin cavabdeh buna əməl etməmişdir. Cavabdeh məhkəmədə hakimin qarşısında bu barədə də yalan məlumatlar verdi. Cavabdeh öz yüzlərlə yalanlarını, iddiaçıya vurduğu maddi, mənəvi zərərləri ört-basdır etmək üçün iddiaçını qonşudan DİN-nin 102 xidmətinə şikayət etdiyinə və guya qonşunu qəzəbləndirib bəhanəsi ilə ittiham etmişdir. Əsas maddi zərər tələb hissəsi – təxminən 1 həftə-10 gün aralığında cavabdehə 3700+750=4450 manat verilib. Bu məbləğin müqabilində mənzil daxilində təxmini 1000- 1500 manatlıq işlər görüb və 100-150 manatlıq elektrik materialları alıb. İddiaçı dəfələrlə tələb etsə də, aldığı materialların “qaiməsini” cavabdeh ona təqdim etmədi. İddiaçının verdiyi 4450 manat müqabilində ortaya çıxarılası bir iş görmədiyi halda, cavabdeh iddiaçıdan yenidən pul istədikdə mübahisələri oldu. Cavabdeh çarəsiz qalıb etiraf etdi ki, həmin pulun 2500 manatını özünün borclu olduğu şəxslə hesablaşıb. Dedi ki, borclu olduğu şəxs onu çox sıxışdırır və məcbur olub iddiaçının ona verdiyi puldan borclu ilə hesablaşıb və bildirdi ki, onsuz da işin sonunda iddiaçı ona 2500 manat zəhmət haqqı verməlidir, sonda onu zəhmət haqqı olaraq kompensasiya edərik. Lakin qətnamədə bu barədə də heç nə göstərilməmişdir. Məhkəmənin davam etdiyi 2 il müddətində iddiaçı ərizəsindən əlavə dəfələrlə məhkəməyə Cavabdehla aralarında olan hadisələr barədə detallı ətraflı ərizələr təqdim edib. Həmin ərizələrində göstərir ki, cavabdeh ondan pullarını usta kimi almayıb, pulları dələduz kimi iddiaçını aldadaraq ələ keçirib. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə, AR Daxili İşlər Nazirliyinə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə də göndərdiyi ərizələrində cavabdehin usta kimi deyil, dələduz kimi pullarını ələ keçirdiyini qeyd etmiş, lakin polis idarələri onun şikayətinin mülki xarakterli olduğunu, bu məsələnin məhkəmənin araşdırma predmeti olduğunu, dələduzluq cinayəti halları varsa, yenə də bu işin məhkəməyə aid olduğunu bildirmişlər. Lakin məhkəmə baxışı zamanı hakim Rəna Qafarova bu halları da nəzərə almadı. Cavabdeh xahişi, hakimin təklifi ilə məhkəmənin davam etdiyi bu 2 il ərzində iddiaçı 2 dəfə ərizə yazaraq məhkəmənin dayandırılmasını xahiş edib. Lakin məhkəmə baxışı dayandırıldıqdan sonra cavabdeh yenə də iddiaçıya yalanlar danışdı, onu aldatdı, hakimin qarşısında verdiyi vədi yerinə yetirmədi. Belə ki, söz verdiyi kimi öz aralarında razılaşmaq üçün ümumiyyətlə iddiaçı ilə əlaqə saxlamadı. Məcbur olub iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Qeyd olunan qətnamədə bu barədə də heç nə qeyd edilməmişdir. Cavabdeh iddiaçıya vurduğu maddi və mənəvi zərərin məbləği vəkil tərəfindən hesablanaraq hazırlanan iddia ərizəsində 2022-ci ilin sentyabr ayı olan dövr üçün 16000 manatdan çox məbləğdə qiymətləndirilmişdir (2021/2022-ci illərdə tikinti materiallarında baş verən güclü bahalaşma və digər maddi, mənəvi zərərlər nəzərə alınıb). Lakin məhkəmə bu iddianı da qəbul etməmişdir. Üstəlik iddiaçının ödədiyi 139 manat dövlət rüsumunun cəmi 49.39 manat hissəsini cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərarını vermişdir. Həmçinin məhkəmə tikinti-texniki ekspertizası tədqiqatına görə təyin olunan 100 manatın 50 manat hissəsinin iddiaçıdan tutularaq hesaba köçürülməsi qərarını vermişdir. İddiaçı məhkəmənin bu qərarını da ədalətsiz və qanunsuz hesab edir və xahiş edir ki, bu pullar da cavabdehdən tutulmalıdır. Məhkəmə gedişatı zamanı cavabdeh hakimin və digər zaldakıların qarşısında iddiaçının şəxsiyyətini təhqir etdi, şərəf və ləyaqətini alçaltdı. Zalda audio, video sübutlar kimi qeydiyyata da alınıb, lakin bu məqam da məhkəmə tərəfindən ciddiliyə alınmamışdır. Əksinə, gülüş, şou kimi üstündən keçildi. İddiaçı etirazını bildirmiş, lakin hakim bunu ayrıca iş kimi məhkəmədə iddia qaldıra biləcəyini demişdir. İddiaçı bununla da razı deyil və hesab edir ki,Cavabdeh onu təhqir etdiyinə görə orada dərhal cəzalandırılmalı idi. Cavabdehin əməlində CM-nin 178-ci maddəsinin tərkib əlamətləri var. Bütün vəkil məsləhətləşmələrində vəkillər bunu iddiaçıya bildirmişlər. Cavabdeh iddiaçıya qarşı törətdiyi əməllərə görə cəzasız qalmamalıdır. Bununla yanaşı Cavabdeh iddiaçıya vurduğu maddi və mənəvi zərəri tam ödəməlidir. Onun gördüyü işlərdən heç birini qəbul etmir, işlərin heç biri qəbul olunası deyil. Ona görə də Cavabdeh iddiaçıya vurduğu maddi və mənəvi ziyanı - 16300 manat pulu tam məbləğdə ödəməlidir. İddiaçının məhkəməyə ödədiyi dövlət rüsumu olan 139 manat pulu və eləcə də apellyasiya şikayətinə dövlət rüsumu kimi ödədiyi 71 manat pulu da cavabdeh iddiaçıya tam məbləğdə ödəməlidir. Məhkəmə ekspertiza tədqiqatına görə təyin edilən 100 manat da cavabdeh tərəfindən ödənməlidir. 2022-ci ilin sentyabr ayında hesablanan 16300 manat maddi və mənəvi zərərin hesablanmasından 2 il 4 ay keçibdir. Bu dövr ərzində yəqin ki, tikinti materiallarında yenidan bahalaşma baş vermişdir. Nəzərə alınmalıdır, cavabdeh hələ də üzərinə düşən məsuliyyəti dərk etmək istəmir, qüsurlarını bilərəkdən etiraf etmir, iddiaçıya maddi və mənəvi zərərləri vurmaqda davam edir. Cavabdeh 4 ildən çoxdur ki, iddiaçıya yalanlar danışmaqda davam edir.

9. Cavabdeh da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş edib şikayətini onunla əsaslandırıb ki, iddiaçı ilə razılıq əldə edilərək müəyyən edilmiş haqq qarşılığında iddaçıya məxsus mənzildə təmir tikinti işlərini görməyi cavabdeh öhdəsinə götürüb. Razılıq əldə olunan zaman iddiaçı təmirin aparılması üçün qonşudan və müvafiq MKİS-dən razılıq alacağını bildirmiş və bu şərtlərlə cavabdeh təmir-tikinti işlərini başlamışdır. Cavabdeh öhdəsinə götürdüyü bütün işləri layiqincə icra edib. Evin təmiri zamanı razılaşdıqları bəzi təmir işləri var idi ki, cavabdehin o işləri icra etməsi üçün qonşunun razılığı tələb olunurdu, razılığa əsasən, isə bu razılıq iddiaçı tərəfindən alınmalı idi ki, cavabdeh işini icra edə bilsin. İddiaçı təmir işlərinə başlamazdan əvvəl üzərinə götürdüyü razılıq almaq vəzifəsini icra etmədiyi üçün təmir-tikinti işləri başa çatdırılmamamışdır. İddiaçı təmirin başa çatdırılmasını tələb etdiyi zaman cavabdeh təmir işlərini davam etdirmək üçün qonşudan razılıq almalı olduğunu desə də, iddiaçı razılıq almaq əvəzinə, pul tələb etmişdir. Aralarında olan razılaşmanın başa çatdırılmamasının səbəbkarı o, yox, iddiaçı olmuşdur. Dəfələrlə iddiaçıya bildirmişdir ki, işləri davam etdirmək istəyər, bu şərtlə ki, təmir üçün qonşudan müvafiq razılıq alınsın. Razılıq tələb olunmadan görülə bilən işlərin hamısı cavabdeh tərəfindən icra edilmişdir. Təqdim edilmiş və tədqiq olunmuş ekspertiza rəyindən də aydın olur ki, Bakı şəhəri, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı mənzilin daxilində yığılmış taxta karkas konstruksiyasının, inşa edilmiş sanuzel qovşağının, ümumi dəhlizin döşəməsində görülmüş yenidənqurma və tikinti-təmir işlərinin qüsurlarla aparılıbaparılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Belə olan halda, iddiaçının cavabdehdən iş tələb etmək əvəzinə pul tələb etməsi əsassızdır. Məhkəmə isə bu halları nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. İstər ekspert rəyi, istərsə də iş materialları ilə aydın olur ki, cavabdeh icra etdiyi təmir-tikinti işlərini vicdanla və layiqincə yerinə yetirib. Bunun əksinə, iddiaçı isə öz üzərinə götürdüyü vəzifəni icra etməyərək təmir-tikinti işlərinin yarımçıq qalmasının səbəbkarıdır. Hazırki işə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulduğu qənaətindədir. Mülki Məcəllə zərər ifadəsinə aydınlıq gətirərək bildirir ki, zərərin mövcud olması üçün qeyd olunan işə münasibətdə cavabdeh tərəfindən iddiaçıya zərər vurularaq əməlinin nəticəsində iddiaçını bunu bərpa etmək üçün onu xərc çəkmək məcburiyyətində qoymuş, əmlakından məhrum olmasına şərait yaratmış və ya onun əmlakını zədələmiş olmalıdır. Məhkəmə qeyd olunan maddəyə əsassız olaraq istinad edərək məni zərərvuran qismində qəbul etmişdir. Bu isə ekspert rəyi və iş materialları ilə təkzib olunur. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında olan razılaşmanın podrat müqaviləsi olduğu qənaətinə gəlmiş, bu fəsildə nəzərdə tutulan 752, 759, 762-ci maddələrə istinad edərək cavabdeh tərəfindən müqavilənin icra edilmədiyi mövqeyindən çıxış etmişdir. 752.1-ci maddəyə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 756-cı maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da, zərərin əvəzini ödəməyə borcludur. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Göründüyü kimi, Mülki Məcəllə 756-cı maddədə sifarişçinin zərəri ödəmək vəzifəsini nəzərdə tutur. İstər iddiaçının öz ifadəsi, istərsə də ekspert rəyi ilə aydın şəkildə müəyyən olunur ki, mənzildə olan təmir tikinti işlərinin davam etdirilməməsinin yeganə səbəbi iddiaçının (qeyd olunan maddəyə münasibətdə sifarişçinin) lazımi hərəkətləri etməməsi (qonşunun razılığının alınması) olmuşdur. İddiaçının bu hərəkətsizliyi nəticəsində iddiaçı yox, cavabdeh maddi ziyan çəkib. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan maddələri tamamilə iddiaçınnı xeyrinə tövsif etmiş, iddiaçını yox, cavabdehi müqavilə şərtlərinə əməl etməyən tərəf kimi qəbul edərək maddi ziyanın ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmədi. İddiaçı dəftərxana vasitəsilə təqdim etdiyi ərizəsində məhkəmə iclası iş gününə düşdüyündən iştirak etməsinin mümkün olmadığını bildirmiş, məhkəmə iclasının 17 və ya 21 aprel tarixlərində, saat 09:40-a təyin olunmasını xahiş etmişdir. Bundan başqa, İddiaçı dəftərxana vasitəsilə təqdim etdiyi ərizəsində bildirmişdir ki, cavabdehin heç bir işini qəbul etmir, pullarını aldatma yolları ilə mənimsəyib və gördüyü işlər də hamısı sıfır səviyyəsindədir. Dəfələrlə desə də, aldığı materialların "nakladnoyunu" iddiaçıya təqdim etmədi. Səbail Məhkəməsinin qərardadı ilə qəti razı deyil. Cavabdehə verdiyi 7290 manat pul və 4 ildə ona vurduğu bütün maddi, mənəvi ziyanların hamısını cavabdeh ona ödəməlidir.

11. Cavabdeh isə iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın tam təmin və ya rədd edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Hər iki apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətlərin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün hər iki şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddiaçının apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsi, cavabdehin apellyasiya şikayətində isə iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin hər apellyasiya şikayətinə münasibətdə mübahisələndirdikləri hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı təmin, eləcə də rədd etdiyi hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından haqlı sayılır, həmçinin təmin edilmədiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından isə haqlı sayılmır.

21. Belə ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstiutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

23. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə tərəflərin mübahisələndirdikləri hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətlərin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

26. İlk növbədə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, iddiaçı özünün öhdəliklərini yerinə yetirdiyini, cavabdehin isə yetirmədiyini göstərsə də bu öhdəlikləri şifahi formada razılaşdırdıqları üçün və özlərinin verdiyi məlumatlardan başqa mötəbər sübut təqdim etmədiklərindən həqiqətən də kimin hansı hissədə və həcmdə öhdəliklərini yerinə yetirməsini və ya yetirmədiyini müəyyən etmək çətin olur. Çünki hər bir tərəf özünün haqlı olduğunu düşünür. Baxmayaraq ki, podrat müqaviləsi şifahi də bağlanır, ancaq yaxşı olardı ki, bu cür mülki hüquq münasibətləri üzrə gələcəkdə mübahisələrin yaranacağını düşünərək yazılı formada müqavilə bağlanmış olsun. Yəni, yazılı müqavilədə hər bir tərəfin hüquq və vəzifələri dəqiq müəyyən edilir, üstəlik öhdəliklərini yerinə yetirmədiyi yaxud lazımınca yerinə yetirmədikləri halda hansı həcmdə məsuliyyət daşıyacaqlarını da razılaşdırıb dərk edirlər. Hazırkı işdə də eyni vəziyyət olduğundan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin imkan verdiyi həddə araşdırma aparılmasına şərait yaratmış, təqdim və tədqiq edilən sübutlar, o cümlədən ekspertiza rəyində müəyyən edilənləri nəzərə almaqla düzgün nəticəyə gəlmişdir. Qətnamə qarışıq cümlələrlə tərtib edilməyib, əksinə aydın və başadüşülən sözlərdən istifadə edilməklə tərtib olunmuşdur. Qətnamə baş verən hadisələrin ardıcıllıqla qeyd olunması ilə deyil MPM-in 220-ci maddəsinin tələblərinə uyğun tərtib edilir. Məhkəmə də bu tələblərə riayət etməklə qətnamə tərtib edib. Cavabdehə 300 manat verilməsi qətnamənin əvvəlində(təsviri hissədə) ona görə qeyd olunub ki, iddiaçı özü iddia ərizəsində belə göstərib və həmin halda iddiada göstərildiyi kimi qətnamədə qeyd olunub. Ona görə də iddiaçının bu cür dəlillərdən istifadə etməsi başadüşülən olmamışdır.

27. Bundan əlavə, cavabdehə təmir-tikinti işləri üçün 7350 manat verdiyini, eləcə də cavabdeh tərəfindən ona zərər vurlduğunu iddiaçı sübuta yetirməlidir. Çünki istinad etdiyi bu halları sübut etmək yükü onun üzərinə düşür. Ancaq bu barədə məhkəməyə mötəbər sübut təqdim etməyib. Məhkəmə də cavabdehin aldığı məbləği etiraf etməsini nəzərə alıb və ekspertiza rəyini qiymətləndirməklə hüquqi dəyərləndirmə aparıb iddianı qismən təmin edib. Xüsusi biliyə malik ekspertin təqdim etdiyi rəy məhkəmə tərkibi tərəfindən də mötəbər sübut kimi qiymətləndirilir. Çünki iddiaçının görülən işlərin kəmiyyət və keyfiyyətcə qüsurlu icra olunmasının və cavabdeh tərəfindən ona zərər vurulmasının həqiqi olmasının xüsusi biliyə malik ekspert tərəfindən yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert də cavabdeh tərəfindən hansı həcmdə işlər görüldüyünü və bu işlərə hansı məbləğdə(təmir-tikinti, usta xərci və.s) vəsait sərf olunduğunu mövcud bazar qiymətlərinə uyğun müəyyən edib. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi də deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq əlavə və təkrar ekspertizanın keçirilməsinə də zərurət yoxdur.

28. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə podratla bağlı verdiyi vəsaitin müqabilində cavabdehin qüsursuz gördüyü işlərin dəyərini çıxmaqla qalan məbləğin iddiaçıya qaytarılmasına dair iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

29. Cavabdehin əməllərində dələduzluq cinayətinin əlamətlərinin olub-olmamasının yoxlanılması hazırkı iddianın və icraatın predmeti ola bilməz. Çünki mülki məhkəmə icraatı qaydasında cavabdehin hərəkətlərində cinayətin əlamətlərinin olub-olmaması yoxlanılmır. Düzdü, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə görə, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Ancaq iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl cinayət mühakimə icraatı qaydasında hüquq mühafizə orqanına eyni məsələ ilə bağlı müraciət etməsi işdən bəlli olur. Həmin icraat qaydasında cavabdehə qarşı araşdırma aparılmasının davam etdirilməsini təkid etməyib və mülki mühakimə icraatı qaydasında hazırkı iddia ilə məhkəməyə müraciət etmək qənaətinə gəlib. Ona görə də hazırkı iş üzrə isə cavabdehin əməllərində hansısa cinayətin əlamətlərinin olub-olmamasının yoxlanılmasının tələb edilməsi isə başadüşülən deyildir.

30. Hazırkı iş üzrə məhkəmə iclasında cavabdehin iddiaçının şəxsiyyətini təhqir etməsi, şərəf və ləyaqətini alçaltması həqiqi olsa belə bu hallar da iddianın və şikayətin əsaslı olduğuna dəlalət etmir. Yəni, bu halların həqiqiliyinə görə qətnamə iddianın təmin edilməyən hissədə ləğv edilə və iddia tam təmin oluna bilməz.

31. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər də onun mübahisələndirdiyi iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsas deyildir. Çünki üzərinə götürdyü öhdəliyi layiqincə yerinə yetirdiyini göstərsə də, əslində ekspertiza rəyi ilə də təsdiq olunub ki, podratı kəmiyyətcə qüsurlu icra edib ki, bu da qüsura bərabər tutulur. Ona görə də cavabdeh kifayət qədər vaxtı və imkanı olsa da kəmiyyətcə olan həmin qüsuru tamamilə aradan qaldırmamışdır. Bu cür vəziyyətdə isə cavabdeh podratçı olaraq müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçi olan iddiaçıya ödəməyə borcludur(MM.m.765). Başqa sözlə, cavabdeh iddiaçıdan aldığı vəsaitə uyğun təmir bərpa işlərini həyata keçirmədiyi üçün müqavilədən imtina olunduğundan yerinə yetirmədiyi işə görə iddiaçıdan aldığı vəsaitin qalan hissəsini ödəməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, hazırkı iş üzrə tərəflər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-174/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-174/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, İddiaçı rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, Cavabdeh isə kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar