Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2164/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2221/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktın ləğv edilməsi və ona əsassız hesablanmış 4320 manatborcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2018- ci illədək Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən torpaq sahəsində istixana təsərrüfatı ilə məşğul olmuşdur. Həmin istixana onun bir qohumuna məxsus olmuş, o, qohumunun istixanasında əkinçiliklə məşğul olmuşdur. Qış aylarında istixanaların isidilməsi üçün yanacağa ehtiyac olduğuna görə onunla Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli, ***-**-** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən mənim əkdiyim istixanalar Cavabdeh tərəfindən təbii qazla təchiz olunmuşdur (abonent kodu: **********00003). Həmin zaman onun üçün zavod nömrəsi 28255545, Almaniya istehsalı olan G6 markalı mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. O, 2018-ci illədək yalnız qış aylarında qazdan istifadə etmiş və qazın dəyərini vaxtlı vaxtında ödəmişdir. Həmin sayğac küçədə hasara bitişik yol qırağında quraşdırılmışdır. Ona məlum olmayan şəraitdə yoldan keçən yük avtomobillərindən biri qeyd edilən sayğacı vuraraq əzmiş, sayğacın ekranı sınmışdır. Bu hadisə 2018- ci ilin aprel ayında baş verdiyinə görə o, bu barədə dərhal nəzarətçilərə bildirmiş, nəzarətçilər xx xxx 2018-ci il tarixdə gələrək sayğacı çıxarıb aparmış, bu barədə xx xxx 2018-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Sayğacı apardıqdan sonra sayğacın birləşdiyi yer qaynaqlanaraq bağlanmış, bundan sonra ona qaz verilməmişdir. Hətta Cavabdeh tərəfindən mənə xx xxxxxx 2018-ci il tarixdə bildiriş göndərilərək, onunla imzalanan qazın alqı-satqı müqaviləsinə əsasən layihə smeta sənədlərinin hazırlanması üçün “Cavabdeh Layihə İnşaat” QSC-yə müraciət edilməsi tələb edilmiş, əks təqdirdə qaz sayğacının quraşdırılmayacağı və qış mövsümündə fərdi istixananın qaz təminatının bərpa edilməyəcəyi ona bildirilmişdir. Lakin xx xxxx 2019-cu il tarixdə Cavabdeh tərəfindən ona Debitor borcun ödənilməsi tələbi barədə pretenziya göndərilmiş, xx xxxx 2019-cu il tarixinə Birliyə 5183 manat debitor borcunun olması bildirilmişdir. Həmin Bildirişdə ona həmin borcun hansı əsasla hesablanması göstərilməmiş, Cavabdehndən hesablanmış borcun hansı əsasla hesablanması barədə sənəd tələb etdikdə ona “Dəymiş ziyanın bərpasına dair tələbnamə” təqdim edilərək, xx xxxxxx 2018-ci il tarixli ******* saylı Akta əsasən dəymiş ziyanın həcminin hesablanmasını bildirmişlər. O, 2018-2019-cu ildə Sabunçu rayonu Nardaran qəsəbəsində istixana əkməmiş, qaz sərfi hesablanan dövrdə qazdan istifadə etməmiş, əvvəllər isə istifadə etdiyi qazın dəyərini ödəmiş, Cavabdehnə 2018-ci ilin may ayınadək cəmi 863 manat borcum qalmışdır. Bundan sonra isə qazdan istifadə etməmişdir. Cavabdeh tərəfindən isə “Dəymiş ziyanın bərpasına dair tələbnamə” ilə, hesabat müddəti 90 gün olmaqla, yəni 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün ona 21600 m2 qaz sərfi, yəni 4320 manat debitor borcu hesablanmışdır. Halbuki, 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları o, istixana əkməmiş, qazdan istifadə etməmişdir. Hal-hazırda Sabunçu rayonu Nardaran qəsəbəsində istixana təsərrüfatı ilə məşğul olmur, qazdan istifadə etmir. Lakin Cavabdeh tərəfindən ondan əsassız olaraq 5183 manat məbləğində debitor borcu tələb edilir. Bu hal isə onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Belə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” ləğv edilməli, hesablanmış 4320 manat debitor borcu silinməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2221/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın ləğv edilərək, həmin akt əsasında təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4320 (dörd min üç yüz iyirmi manat) manat borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət gəlirlərinəalınması qət edilmişdir (sədrlik edən: Ramilə Xəzri). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2221/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qazdan istifadə Qaydalan”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması", “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar istehlakçının xüsusi mülkiyyəti sayılan mənzilinin balkonunda yerləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb; ikincisi, həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxararıda qeyd ediyimiz kimi, yalnız istehlakçının. Qeyd etmək lazımdır ki, maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi, iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativ-hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8-ci bəndi ilə müəyyən olunmuş tələbin təhlilindən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər. Məhkəmə qətnaməsində qeyd edir ki, Cavabdeh İB inzibati orqan olmadığı üçün cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Eləcə də itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması hər hansı qanun və ya qayda ilə tənzimlənmədiyi üçün iddiaçının iddia tələbi təmin olunmalıdır. Sahə üzrə münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda, (bundan sonra Qanunda) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx xxx 2011-ci il tarixli, 80 nömrəli Qərarilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarında (bundan sonra Qaydalarda) və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində talan olunmuş qazın dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit olunmamışdır. Sahə üzrə münasibətlərin tənzimlənməsində yaranmış boşluğu, lakin bu münasibətlərin nizamlanması zərurətini, maliyyə-iqtisadi və ictimai əhəmiyyətini nəzərə alaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.1 maddəsindən (konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər) irəli gələrək, boşluğun aradan qaldırılması məqsədilə, SOCAR qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində tətbiqi məcburi xarakter daşıyan daxili normativf sənəd qəbul etmişdir. ŞOCAR-ın Şurasının xx.xx.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş bu sənəd ad və məzmunca Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin xx xxxxxx 2011-ci il tarixli, 8 nömrəli əmri ilə qüvvədən düşmüş qaydaları təkrar etməsinə baxmayaraq, bu sənədin tənzimləyici statusu müvafiq dövlət hakimiyyət orqanları tərəfindən əsassız olaraq tanınmır. Belə ki, Nizamnaməsi üzrə müəyyən olunmuş səlahiyyətlərindən irəli gələrək SOCAR-ın sahə üzrə münasibətləri tənzimləyən nortmativ sənədin qəbul edilməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 16-ci maddəsində sadalanan, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunmasını istisna edən hallara (qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda, normativ tənzimləmə mövcud olduqda) aid deyil. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə əsasən “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 258 nömrəli Fərmanı (258 nömrəli Fərman) ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişikliklərə görə, istehsalın səmərəliliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi (2.3-cü bənd) müəyyən edilmişdir. Fəaliyyət növlərinin səmərəli həyata keçirilməsinin təmin edilməsi üçün isə Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli Fərmanına əsasən, Nizamnaməsinin 2.4-cü bəndində yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ- hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəaların əsas götürülməsi” tapşırılmışdır. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Beləliklə, sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş ‘İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”n və “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələr”in tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarakter daşımalıdır. Məhkəmə qətnaməsində göstərilir ki, istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirini təsdiq edən hər hansı sübut Cavabdeh İB-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçının iddia tələbi təmin olunmalıdır. Məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin. Qaydaların 4.9-cu (zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Belə ki, iddialarımızn böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində deymiş ziyanın ödənilməsi tələb olunsa da, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylavıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmis (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, İddiaçı verilən qaz xətti üzrə abonent kodu **********00003 sayla qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh İB arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli 03/2455 saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, **********00003 sayla qeydiyyata alınmış İddiaçı məxsus ünvanda xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 21600 kub metr ziyan hesablanmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdırıb, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh orqan tərəfindən tərtib edilmiş aktda sayğacın sınması qeyd edilsə də, həmin sayğacın istehlakçının təqsiri üzündən sınması və ya müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilmir. Eyni zamanda, sayğac yaşayış sahəsindən kənarda yerləşdiyindən onun işlək vəziyyətdə qalmasına və kənar müdaxilələrdən qorunmasına görə istehlakçı cavabdehlik daşıya bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, sayğaca müdaxilənin iddiaçı (istehlakçı) tərəfindən törədilməsi cavabdeh orqan tərəfindən sübut edilmədiyindən iddiaçıya 4320 manat məbləğində borc yazılması əsassız olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 4320 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. İddia tələbinin Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktının etibarsız hesab edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin aktda sayğacın sınması qeyd edilsə də, cavabdeh həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması halı ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, sayğaca müdaxilə edilməsinin iddiaçı tərəfindən törədilməsi halı cavabdeh tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də cavabdeh daşıyır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2221/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2164/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2164/2021
26.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver