Məhkəmə qərarları › İş №2(103)-2165/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2165/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2165/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4288/2023 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AR CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə İddiaçı (bundan sonra “iddiaçı”) barəsində cinayət işi başlanmış və xx.xx.2021-ci il tarixdə onun barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və sonradan müddəti uzadılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)- 55/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dərhal ləğv edilmiş və o, həbsdən azad edilmiş, bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının xx.xx.2022-ci il tarixli, 1(105)- 453/2022 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin nəticə ilə razılaşaraq, xx.xx.2023-cü il tarixli, 1(102)-1148/2023 saylı qərarla kassasiya protestini təmin etməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, maddi zərər olaraq yararsız hala düşmüş malların ümumi dəyəri olan 28,356 manat pulun, əldən çıxmış fayda kimi 40.832,64 manat pulun, həbsdə olduğu dövrdə ailənin dolanması üçün alınan ümumi borcların əvəzi olaraq 33,900 manat pulun və azadlıq hüququnun əsassız və qanunsuz olaraq əlindən alınması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 150.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi X18 tərəfindən bilə-bilə şərlənərək 12 ay 09 gün ********* nömrəli cinayət işi üzrə heç bir günahı olmadan qapalı kamera şəraitində saxlanılmışdır. Müstəntiq bu saxta əməli ilə onun şərəf və ləyaqətini tapdalamış, insanlar arasında nüfuzdan salmış və etibarını əlindən almışdır. Onun bu hərəkəti övladlarının ondan üz döndərməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış ********* saylı cinayət işini araşdıran İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X11 qeyri peşəkarlığı, saxtakarlığı nəticəsində onun barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət işi qaldırmış və bu cinayət işi ilə qətiyyən heç bir bağlılığı olmadığı halda barəsində axtarış elan etmişdir. Bu barədə ümumiyyətlə rəsmi heç bir çağırış və qərar almamışdır. Axtarışın nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə saxlanılmış və müstəntiqin qeyri-obyektiv, bilə-bilə saxta ittihamlarla araşdırması nəticəsində onun təqdimatı əsasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-730/2021 saylı hökmü ilə barəsində 2 ay həbs qəti imkan tədbiri seçilmişdir. Müstəntiq, kiçik ədliyyə müşaviri X11 qeyri-obyektiv araşdırması sona çatdıqdan sonra iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, X18 tərəfindən heç bir əsaslı sübut olmadan saxta ittihamlarla xx.xx.2021-ci il tarixdə şərlənərək həbs olunmuşdur. Bu ərəfədə külli miqdarda maddi ziyana məruz qalmışdır. Meyvə-tərəvəzin alqı-satqısı ilə məşğul olurdu. Qəfildən həbs olunmağı, aldığı 31.000 manatlıq məhsulun xarab olmasına səbəb olmuşdur. Ailəni dolandıran tək o idi. Ailəsi 6 nəfərdən ibarətdir. Şərlənib həbs olunduqdan sonra ailəsi maddi cəhətdən çox əziyyət çəkməyə başlamış və məcbur olub həm bankdan, həm də şəxslərdən borc pul almışdır. X6 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 2.200 manat, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 500 manat, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 1.500 manat, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 1.700 manat pul götürmüşdür. Sonra isə yoldaşı X13 "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə 3.000 manat pul götürmüşdür. X7 noyabr 2021-ci il tarixdə "xxxx" ASC-dən 5.000 manat pul götürmüşdür. xx.xx.2021-ci il tarixdə yoldaşı X16 çoxdan tanıdığı X14 20.000 manat borc pul götürmüşdür. Götürülən pulun bir qismi xarab olmuş mal yiyələrinə, qalan hissəsini isə təcridxanada olduğu vaxt sərfiyyat etmişdir. Korrupsiya İdarəsinin müstəntiqi, X3, əsassız, sübutsuz faktlarla onu şərləyib həbs etdirməsi, onun 63 illik həyatını alt-üst etdi. O, ********* (sonradan 2********) nömrəli cinayət işi ilə bağlı təqsirləndirilsə də, bu cinayət işində heç bir günahı, iştirakı, bağlılığı olmadığı halda, korrupsiya idarəsinin müstəntiqi, X18 ona qarşı qaldırdığı ittihamlar əsassız, qərəzli və saxta olmuşdur. X2 ona vurduğu maddi və mənəvi ziyanın məbləğini təyin etmək çox çətindir. xx.xx.2022-ci il tarixdə barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxartdığı bəraət hökmünü xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi təsdiq etdi. Hər iki məhkəmənin qərarını xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsi təsdiq etdi. Həbsdən çıxandan sonra işini itirdi. Hazırda heç bir yerdə iş tapa bilmir. Övladları ondan imtina etdilər. Hər ikisi də ondan üz döndərdilər. Alınan borcların heç birini qaytara bilməmişdir. Borc yiyələri verdikləri pulları ondan tələb edirlər. Dost-tanışlar da ondan üz döndəriblər. Bunun nəticəsi olaraq iki ali təhsilli övladları bu ədalətsizliyə və ailənin şərəfinə ləkə gətirən hərəkətlərə dözməyərək ölkəni tərk etmişlər. Onun işgüzar nüfüzu ləkələnmiş, onunla əlaqəsi olan hər bir kəs ondan uzaqlaşmışdır. Qazanc yerini itirmiş, bu sarsıntını o və onun ailəsi ömür boyu daşımalıdır. X4 toy mərasimini, “Banu çiçək” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixə danışmış və Şadlıq Sarayına beh vermişdir. Həbs olunduğu üçün toya gələnlərin demək olar ki, yarısı toyda iştirak etmədi. Həbs olunan zaman meyvə tərəvəz işi ilə məşğul idi. Həbs olunduqda 2 ton 400 kq müxtəlif çeşidli məhsullar xarab olmuş, bununla da ailə büdcəsinə xeyli ziyan dəymişdir. İndi isə iş tapa bilmir. Ailəni həyat yoldaşı ara işləri ilə məşğul olmaqla dolandırır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində açılmış ********* saylı cinayət işi araşdıran İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi X11 qeyri-peşakarlığı nəticəsində onun və ailəsinin şərəf və layaqəti ləkələnmiş xeyli miqdarda ziyan dəymiş, özü isə 12 ay 09 gün əsassız olaraq həbsdə qalmışdır.

4. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə qarşı etiraz təqdim edərək, etirazı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Bundan başqa, Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Digər tərəfdən, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda iddiaçı tələb etdiyi təzminat hər hansı sübutlara əsaslanmır, onun şəxsi mülahizələrinə dayanır, həmçinin tələb olunan kompensasiyanın maddi yaxud mənəvi zərərlə əlaqədar olduğu aşkar deyildir. İddia ərizəsində maddi zərərin mövcudluğu ilə bağlı fikirlər qeyd olunsa da, bununla bağlı maddi sübutlar təqdim edilməmişdir. İddiaçının tələbi ağlabatan hesab edilmir və onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4288/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərə görə İddiaçı xeyrinə 12,300 manat pulun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim X17)

6. Məhkəmə mülki qanunvericiliyin müddəalarına və Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad edərək, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən AR CPM-nin 42.1.4-cü maddəsinə bəraət verildiyindən, bununla da onun əsassız barəsində cinayət təqibinə məruz qaldığından iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə haqlı olmuşdur. İbtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı əsassız olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqibə məruz qaldığından və bu hal qanuni qüvvəyə minmiş cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. Məhkəmə hazırki mübahisə üzrə qeyd etmişdir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edilərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmalıdır

7. Bununla belə, məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona dəymiş maddi ziyanın onun həbsdə qaldığı müddətdə məşğul olduğu meyvə-tərəvəz alqı-satqısı işini itirməsi, qazancının əldən çıxması ilə əlaqələndirsə də, onun bu işlə məşğul olduğunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və həmçinin onun bu işlə məşğul olmasını göstərən VÖEN-nin olması da məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Bu səbəbdən iddia tələbi maddi zərər hissəsində rədd edilməlidir. Bundan başqa, iddiaçı ailə üzvlərinin müxtəlif banklardan pul götürməsini, tanışlarından pul almasını əsas gətirsə də, bu hazırki iddia üzrə iddiaçının dövlət tərəfindən müvafiq kompensasiya alınması üçün əsas hesab edilə bilməz. Belə ki, götürülən pulların meyvə tərəvəzə verilməsi qeyd edilsə də bununla bağlı sübutlar məhkəməyə təqdim edilə bilməmişdir.

8. Məhkəmə öz mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci, “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3-cü, 9-cu, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunun 4-cü, 5-ci, 7-ci, 12-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1100-cü, 1101.1-ci, 1101.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü, 77.1-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Avropa Məhkəməsinin bir sıra qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarına, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnaməyə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, ümumi dəyəri 28.356 manat ziyana düşmüş mallardan ən aşağı 12% gəlir (əslində ortalama 20-30% təşkil edir) ədə edə bilərdi. Azadlığının əlindən alınması səbəbilə o, bu gəlirlərdən də məhrum olmuşdur. Malları satılacağı təqdirdə onların ümumi dəyərinin 12% məbləğinin əldən çıxmış fayda kimi tutularaq ona ödənilməsi də zəruridir: 28.356 × 12% = 3.402,72 manat, 3.402,72 × 12 ay = 40.832,64 manat. Qanunvericiliyin tələblərinə əsasən maddi zərərin tələbi ilə bərabər məhkəmə şəxsə dəymiş mənəvi zərərin də həcmini müəyyən etməlidir. İnsan həyatının ən dəyərli hissəsi onun azadlığıdır. O, əsassız və qanunsuz yerə 12 ay 09 gün həbsdə saxlanılmışdır. Bununla onun azadlığı əlindən alınmış, ona külli miqdarda maddi və mənəvi zərər dəymiş, şərəf və ləyaqəti alçalmış, işgüzar nüfuzuna ləkə dəymişdir. Tanışların yanında faktiki olaraq rüsvay olmuşdur. Həbs olunmağından cəmi bir həftə sonra X4 toyu olacaqdı və dövlət məmurunun qanunsuz əməlləri nəticəsində o, bir ata olaraq övladının ən xoş günündə iştirak edə bilməmişdir. Bunun mənəvi iztirabını sübut etməyə ehtiyac yoxdur. Təqsirsizliyi sübut olunanadək övladları, ailə üzvləri ondan üz döndərmişlər, işgüzar nüfusu alt-üst olmuşdur. Hesab edir ki, ona dəyən zərərin əvəzinin tam həcmdə ödənilməsi zəruridir. İnsan həyatının ən vəcib ünsuru olan azadlığımın maddi əvəzinin bu qədər kiçik məbləğdə hesablanması, tamamilə qanunvericiliyə ziddir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və şəhərin “Azadlıq” metrostansiyasının yaxınlığında icarəsində alqı-satqı obyektləri olmuşdur. Gözlənilmədən həbs olunduğu üçün təqribən 28.356 manat məbləğində aldığı meyvə-tərəvəz yararsız hala düşmüşdür. Məhv olan 28.356 manat dəyərində məhsulun açıq-aşkar ortada olmasına baxmayaraq məhkəmə həmin hissədə iddianı qismən təmin etmişdir. Məhkəmənin iddianı qismən təmin edərkən hansı hissədə və hansı əsaslarla hesablama aparması müəyyən deyildir. Bundan başqa, ailə 6 nəfərdən ibarətdir və ailənin əsas çörək gətirəni o olmuşdur. Əsassız yerə həbs olunmağı nəticəsində ailəsi müflis vəziyyətinə düşmüş və məcburiyyət qarşısında müxtəlif bank və tanışlardan borc almışlar. X6 xəstədir (böyrək xəstəliyi vardır) və mütəmadi olaraq bununla bağlı müalicə alır. Ailənin dolanması məqsədilə oğlu xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 2.200 manat, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 500 manat, xx.xx.2022-ci il tarixdə "xxxx" KB ASC-dən 1.500 manat, xx.xx.2022-ci il tarixdə “LEO” Bankdan 1.700 manat pul kreditə götürmüşdür. Sonradan həyat yoldaşı X16 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 3.000 manat, qızım X15 2021-ci ilin noyabr ayında "xxxx" KB ASC-dən 5.000 manat pul götürmüşlər. Əlavə olaraq, xx.xx.2021-ci il tarixində həyat yoldaşı övladlarının toyu ilə bağlı xərcləri və borcları qarşılamaq üçün məcbur olub tanışı X14 20.000 manat borca pul götürmüşdür. Götürülən pulun bir qismi xarab olmuş mal yiyələrinə, bir hissəsi də təcridxanada olduğu vaxt xərclənmiş, qalan hissələri ilə də ailənin dolanışığı qarşılanmışdır. Göründüyü kimi, X2 əməlləri onun gələcək həyatına ağır zərbə (zərər) vurmuş və o, ahıl yaşında külli miqdarda maddi və mənəvi zərərə düşmüşdür. İşguzar nüfuzunun ləkələnməsi səbəbilə iş tapa bilmədiyindən hazırda borclarını da qaytara bilməmişdir. Onun azadlığının qanunsuz və əsassızca əlindən alınması, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə dəyməsi nəticəsində olmuşdur. Bu səbəblə apellyasiya instansiya məhkəməsi tərəfindən şikayətin araşdırılaraq maddi zərər hissəsində iddianın tam şəkildə təmin olunması zəruridir.

11. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin həbsə alınması barədə qərar qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarından göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir hərəkətə yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı hətta xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə tərəfindən təmin edilən kompensasiya məbləği ağlabatan deyildir. Qeyd olunmalıdır ki, məhkəmənin mənəvi ziyanı həbsdə olmanın hər ayı üçün 1.000 manat dəyərində hesablanması düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının cinayətdə iştirakının müəyyən edilməsinə baxmayaraq, istintaqa gəlməməsi ilə əlaqədar istintaq müddəti nəzərə alınaraq və işin məhkəməyə verilməsinin lüzumsuz uzadılmaması üçün xx.xx.2021-ci il tarixdə onun barəsində Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq, barəsində təqsirləndirilən şəxsin tutulması və axtarışının elan edilməsi haqqında qərar qəbul edilmişdir. Baş İdarə tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan iddiaçı xx.xx.2021-ci il tarixdə tutularaq, istintaqa təhvil verilmiş və həmin tarixdə sonuncuya Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı cinayət prosesini həyata keçirən orqandan gizlənməklə, eləcə də, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəblər olmadan gəlməməklə cinayət məsuliyyətinə cəlb edilməkdən boyun qaçırdığından sonuncu barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmə onun həbsi üçün maddi və prosessual əsaslar olduğundan haqlı olaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. Bu qərarın dəyişdirilməsi üçün zərurət aradan qalxmadığından işə mahiyyəti üzrə baxan Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən də, yekun məhkəmə hokmü çıxarılanadək, dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçının Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə təqsirli bilinməsi öz təsdiqini tapmışdır. Qeyd edilənlərin nəzərə alınması və iddianın təmin edilməməsi xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin ediməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, habelə məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

18. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. İddiaçının apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, tam təmin edilməsi, cavabdehin apellyasiya şikayətində isə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçının dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

27. Bununla bağlı məhkəmə kollegiyası yuxarıda sadalanan milli və beynəlxalq qanunvericiliyin müddəalarına istinad edərək, ilk növbədə qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətə salır. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəsin azadlıq hüququ qanunla qorunur və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı barəsində AR CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi açılmış və xx.xx.2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-55/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dərhal ləğv edilmiş və onun həbsdən azad edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-453/2022 saylı qərarı ilə həmin hökmdən verilmiş apellyasiya şikayəti və prostesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1148/2023 saylı qərarı ilə həmin qərardan verilmiş kassasiya protesti də təmin edilməmişdir.

29. Hazırda iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu iddia edir, cavabdeh isə iddia tələbinin ona qarşı yönləndirilməsinin ümumiyyətlə qanunsuz olması mövqeyindən çıxış edir. Üçüncü şəxs isə iddiaçının cinayət prosesini həyata keçirən orqandan gizlənməklə, eləcə də, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəblər olmadan gəlməməklə cinayət məsuliyyətinə cəlb edilməkdən boyun qaçırdığından onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla məhkəməyə müraciət edildiyini, məhkəmənin onun həbsi üçün maddi və prosessual əsaslar olduğundan haqlı olaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etdiyini, bu qərarın dəyişdirilməsi üçün zərurət aradan qalxmadığından işə mahiyyəti üzrə baxan Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən də, yekun məhkəmə hokmü çıxarılanadək, dəyişdirilmədən qüvvədə saxlanıldığını, iddiaçının nəticə etibarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 32.5-ci və 320.2-ci maddəsi ilə təqsirli bilinməsinin öz təsdiqini tapdığını bildirir.

30. Məhkəmə kollegiyası iddiaçının istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona maddi zərərin vurulması ilə bağlı arqumentlərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

32. Bu baxımdan iddiaçı onun barəsində seçilmiş həbs qətiimkan tədbirləri nəticəsində ona maddi ziyanın vurulduğunu, o cümlədən maddi zərərin əvəzi kimi tələb etdiyi məbləğin əldə edilməsi imkanından məhrum edildiyini sübut etməli idi. Lakin iddiaçı bu halları təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir.

33. Belə ki, iddiaçı meyvə-tərəvəz satışı ilə məşğul olduğunu və həbsdə olduğu zaman satışını həyata keçirə bilmədiyindən ümumi dəyəri 28,356 manat olan malların yararsız hala düşdüyünü, əldən çıxmış fayda kimi 40.832,64 manat pulun itirildiyini iddia etməsinə baxmayaraq, nəinki bu halları sübut edə bilmir, ümumiyyətlə onun istinad etdiyi sahə üzrə fərdi sahibkar kimi fəaliyyət göstərməsi öz təsdiqini tapmır. Belə ki, “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən o fərdi sahibkar kimi hazırda çalışdığını iddia etdiyi tam fərqli sahə üzrə vergi orqanında qeydiyyata düşmüş (əvvəllər fəaliyyət istiqaməti ayaqqabı təmizləyənlərin xidmətləri olmuşdur) və sonradan fəaliyyətini dayandırmışdır. Hər bir halda iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində siyahı üzrə göstərilən meyvə-tərəvəz bir neçə ton çəkidədir. Bu baxımdan həm onların satışının həyata keçirilməsi, həm də saxlanılması üçün konkret yer olmalı, bundan əvvəl isə həmin məsulun ümumiyyətlə mövcudluğu, onların alındığı şəxs, habelə bundan irəli gələn digər sübuta yetirilməlidir. Lakin iddiaçı belə bir yerin mövcudluğunu, o cümlədən icarə münasibətlərində olduğunu, ümumiyyətlə bu fəaliyyətlə məşğul olduğunu və istifadə, habelə sahibliyində nəinki bir neçə ton, ümumiyyətlə bir kq çəkidə meyvətərəvəzin olduğunu sübuta yetirə bilmir. Qeyd edilənlər öz növbəsində iddiaçının apellyasiya şikayətinin bu barədə dəlillərinin əsassız olduğunu təsdiq edir.

34. Bundan başqa, iddiaçı onun həbsdə olduğu dövrdə dolanışığın təmin edilməsi üçün ailə üzvləri tərəfindən ümumilikdə 33.900 manat məbləğində pul vəsaitinin borc götürüldüyünü bildirsə də, həmin məbləğdə borcların götürülməsini, götürüldüyü təqdirdə onun həbsdə olduğu dövrə aid olmasını, o cümlədən həmin borcların onun həbsdə olması ilə səbəbli əlaqəsini sübut edə bilməmiş, bu halları təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi bir sıra kreditlər isə (oğlu xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 1.700 manat, arvadı X13 "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə 3.000 manat) müddət etibarı ilə onun artıq həbsdən azad edildiyi dövrə təsadüf edir.

35. Birinci instansiya məhkəməsi də maddi zərərlə bağlı hissədə mövqeyini kifayət qədər əsaslandırmış və haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının maddi zərərlə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin hissədə iddiaçının apellyasiya şikayətinin əsassız olması qənaətinə gəlir.

36. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi olaraq, iddiaçının xeyrinə həbsdə olduğu hər ay üçün dövlət büdcəsinin vəsaiti hesabına 1.000 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, buna uyğun olaraq, cəmi 12.300 manat (12 aydan əlavə 11 gün həbsdə qalmasını da nəzərə almaqla) məbləğində pul vəsaitinin ödənilməsini ağlabatan və ədalətli hesab edir.

37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.

38. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.

39. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir.

40. Cavabdehin apelyasiya şikayətinin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.

41. Cavabdeh apellyasiya şikayətində, həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Qeyd olunmalıdır ki, həmin maddənin hazırkı işlə heç bir hüquqi bağlılığı yoxdur. Belə ki, həmin maddə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsin kompensasiya almaq hüququnu və kompensasiyanın miqdarını müəyyən edir. Hazırkı işdə isə iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə yox, qanunsuz olaraq həbsdə saxlanılma nəticəsində mənəvi ziyan çəkmişdir. Hər bir halda, iddiaçı həyatının həmin hissəsini azadlıqdan məhrum edilmiş şəraitdə keçirməyi arzulamamışdır. İnsanın vərdiş etdiyi adi həyat tərzindən köklü surətdə fərqlənən və özündə bir çox məhrumiyyətləri birləşdirən bu şəraitdə yaşamaq məcburiyyətində qalan şəxs, həmçinin mənəvi sarsıntı və iztirab keçirməyə, inamsızlıq narahatlıq, məyyusluq hissləri yaşamağa məhkumdur. Qeyd edilənlər də öz növbəsində cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir.

42. Məhkəmə kollegiyası üçüncü şəxsin ərizəsinə istinadən o halı da qeyd edir ki, əvvəllər iddiaçının barəsində cinayət işinin başlanması, o cümlədən onun məhkum olunması hazırki iddianın mənəvi zərərin tutulması hissəsində rədd edilməsi üçün əsas ola bilməz.

43. Məhkəmə kollegiyası o halı da xüsusilə vurğulayır ki, iddiaçı barəsində AR CMnin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə görə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə, 320.1-ci maddəsinə görə iki ilədək müddətə azadlıqdan məhrum etmə, 320.2-ci maddəsinə görə isə bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərəd tutulmuşdur. Bununla belə, Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində göstərilən əməllər ağır, digər iki maddədə göstərilən əməllər isə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və 320.2-ci maddədə digər iki maddəyə münasibətdə daha yüngül sanksiya nəzərdə tutulmuşdur. Hüquqi nəticə etibarı ilə məhz Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının ağırlığı iddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsini şərtləndirmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-55/2022 saylı hökmü ilə də məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə törədilmiş cinayətlərə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə iddiaçıya bəraət verilmişdir. Həmin hökmlə iddiaçının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməməsi iddianın mənəvi zərərin tutulması hissəsində rədd edilməsi üçün əsas yaratmır. Belə ki, mübahisənin mahiyyəti hüquqi nəticə etibarı ilə şəxsin həbsdə saxlanılmasının qanuni olub-olmaması ilə bağlıdır.

44. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4288/2023 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar