Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2168/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı “xxxx” ASC nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydası pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC, cavabdeh Nərmin Məhərrəmovdan 427,16 manat verilmiş sığorta ödənişinin, 20,40 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Nərmin Məhərrəmovdan vurulmuş zərərə görə 350 manat sığorta ödənişi və 16,20 manat dövlət rüsumu olmaqla, cəmi 366,20 manatın alınaraq “xxxx” ASC-yə ödənilməsi, 3,80 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 manatın cavabdehdən, 19 manatın isə iddiaçıdan alınıb, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə, ekspertiza mərkəzinin qeyri-obyektiv rəyinə əsaslanıb. Belə ki, xx.xx.2020-ci il tarixli ekspert rəyindən aydın olur ki, “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumiyyətlə tədqiqata təqdim edilməyib və qiymətləndirmə yalnız nəzəri qaydada aparılıb, təxmini zərər müəyyən edib. Halbuki, vurulmuş zərər sözügedən nəqliyyat vasitəsinə yerində baxış keçirməklə, dəqiq qaydada müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, onun təmin olmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə məxsus “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 264.191,55 manat sığorta məbləği olmaqla avtonəqliyyat vasitələrinin tam sığortası növündə sığortlanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh, özünə məxsus “Ford Fiesta” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Xətai RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 427,16 manat məbləğində qiymətləndirilmiş və “xxxx” ASC tərəfindən həmin məbləğ sığorta ödənişi olaraq MMC-yə ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-cu il tarixli rəyinə əsasən, nəzəri hesablama yolu ilə “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-ci il buraxılışlı “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 350 manat müəyyən edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, “xxxx” ASC-nin xx.xx.2019-ci il tarixli sığorta aktı, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 3209 nömrəli qüsur aktı, Azərbaycan Respublikası Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin AP ******* nömrəli inzibati xəta haqqında protokolunun və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətləri, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1488 saylı ekspert rəyi və işdə olan digər sənədlərlə təsdiqlənir. Göründüyü kimi, iddiaçı, hazırkı iddia ilə cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyyat hadisəsi nəticəsində “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödədiyi 427,16 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən alınaraq, ona ödənilməsini tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 936.2-ci və 1108.1-ci maddələrinə əsasən, cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında qətnamədə qeyd olunan məbləğdə pul tutuması barədə gəldiyi qənaət əsaslıdır. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, MM-in 936.1, 936.2-ci və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Baxılan işdə Cavabdeh, “Ford Fiesta” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozaraq, iddiaçının sığortaladığı İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Buna görə də, cavabdeh, delikt normaları çərçivəsində mülki məsuliyyət daşıyır. Hazırda cavabdeh, qətnaməni ondan iddiaçının xeyrinə tutulan zərərin məbləği hissəsində mübahisələndirərək, ekspert tərəfindən həmin məbləğin düzgün müəyyən edilmədiyini bildirir. İşdən görünür ki, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən, “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 427,16 manat məbləğində qiymətləndirilmişdir. İşə birinci instansiyan məhkəməsində baxılarkən cavabdeh avtomobilə dəymiş zərərin dəqiqləşdirilməsi məqəsdilə məhkəməəmtəəşünaslıq ekpsertizasının keçirilməsini xahiş etmiş və rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-cu il tarixli rəyinə əsasən, nəzəri hesablama yolu ilə “xxxx” MMCnin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-ci il buraxılışlı “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 350 manat müəyyən edilmişdir. Kollegiya vurgulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsinin ekspertizanın rəyini əsas götürərək, cavabdehdən iddiaçının xeyrinə rəydə göstərilən məbləğdə pul tutması əsaslı olmuşdur. Cavabdeh isə, məhkəməyə rəyin düzgünlüyünə şübhə yaradan hallarada dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X3 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1566/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2168/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2168/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver