Məhkəmə qərarları › İş №2(103)-2171/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2171/2024

28.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2171/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Səfərəli oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 86.52 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

2. "Kəpəz” BOKT MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 2020/00787 saylı kredit müqaviləsi bağlanmış, İddiaçı illik 32 % dərəcəsi olmaqla 36 ay müddətinə 20 000 manat məbləğində kredit verilmişdir.

3. "xxxx" BOKT MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 787 saylı ipoteka müqaviləsi bağlanmış, 80 000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzili xx.xx.2020-ci il tarixli 2020/00787 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. "xxxx" BOKT MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 2021/00846 saylı kredit müqaviləsi bağlanmış, İddiaçı illik 32 % dərəcəsi olmaqla 36 ay müddətinə 12 000 manat məbləğində kredit verilmişdir.

5. "Kəpəz” BOKT MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 2021/00846-İP saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, 80 000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzili xx.xx.2020-ci il tarixli 2020/00787 saylı və xx.xx.2021ci il tarixli 2021/00846 saylı kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

6. DƏDRX-ın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilində tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

7. 16.02.2022-ci il tarixdə "Kəpəz” BOKT MMC tərəfindən ünvan 2 ünvanlanmış, xx.xx.2022-ci il tarixlı maliyyə arayışına əsasən yaranan kredit üzrə ümumi 39 612.25 manat məbləğində (əsas borc 26 399.81, faiz borcu 5 763.94 və dəbbə pulu 7 448.50) borca dair ödəniləcək pul məbləğinə tutmanın İddiaçı məxsus Bakı şəhəri, Binəqədı rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində yerləşən 86.52 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 17 nömrəli saylı mənzilə yönəldilməsi, dəyəri 80 000 manat olmaqla evin hərracda satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq ve bildirişin qeydə alınması üçün 41.42 manal məbləğin borcludan tutulması barədə icra qeydinin verilməsi xahiş edilmişdir.

8. İddiaçı “Kəpəz" BOKT MMC-dən xx.xx.2020-ci il tarixdə illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə götürdüyü 20 000 manat, xx.xx.2021-ci il tarixdə illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə 12 000 manat məbləğində götürdüyü kreditin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan 17 iyul 2020-ci il tarixli 2020/00787 nömrəli kredit müqaviləsi üzrə ümumi 22 228,56 məbləğində (əsas borc 14833.13. faiz borcu 3175.12 və dəbbə pulu 4220.30) və 19 aprel 2021-ci il tarixli 2021/00846 nömrəli kredit müqaviləsi üzrə ümumi 17 383.70 manat məbləğində (əsas borc 11 566.68, faiz borcu 2 588.82 və dəbbə pulu 3 228.20) otmaqla xx.xx.2022-ci il tarixlı maliyyə arayışına əsasən yaranan kredit üzrə ümumi 39 612.25 manat məbləğində (əsas borc 26 399.81, faiz borcu 5 763.94 və dəbbə pulu 7 448.50) borca dair ödəniləcək pul məbləğinə tutmanın İddiaçı məxsus Bakı şəhəri, Binəqədı rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 2ci girişində 1-ci mərtəbəsində yerləşən 86.52 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 17 nömrəli saylı mənzilə yönəldilməsi, dəyəri 80 000 manat olmaqla evin hərracda satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41.42 manat məbləğin borcludan tutulması haqqında Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə icra qeydi verilmişdir.

9. ünvan 3 ünvanlanmış məktubla, xx.xx.2022-ci il tarixli 8İ/1732 reyestr nömrəsi ilə icra qeydi aparılmış "Kəpəz” BOKT MMC və İddiaçı arasında rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 3M/734 reyestr saylı ipoteka və xx.xx.2021-ci il tarixli 3M/443 reyestr saylı sonrakı ipoteka müqaviləsi icra qeydi aparılması üçün göndərilmişdir.

10. İddiaçı "Kəpəz” BOKT MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişlə, kredit öhdəliyinin qısa zamanda icra edilmədiyi halda bildiriş göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönəldilməsinə dair xəbərdarlıq edilmişdir.

11. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 125 saylı bildirişdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinin dəyəri 80 000 manat olmaqla xx.xx.2022-ci il tarixdə saat 11:00-da hərraca çıxarılacağı, hərracın keçirilməsinə dair "525-ci” qəzetdə xx.xx.2022-ci il tarixində elan edilməsi barədə məlumat verilmişdir.

12. “525-ci” qəzetin elanlar bölməsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinin xx.xx.2022-ci il tarixdə hərraca çıxarılcağı barədə elan verilmişdir.

13. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 125-1 saylı bildirişdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinin dəyəri 68 000 manat olmaqla xx.xx.2022-ci il tarixdə saat 11:00-da hərraca çıxarılacağı, hərracın keçirilməsinə dair "525-ci” qəzetdə xx.xx.2022-ci il tarixində elan edilməsi barədə məlumat verilmiş, həmçinin hərracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul gününün xx.xx.2022-ci il tarixində bitəcəyi qeyd edilmişdir.

14. Həmin bildiriş İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində qəbul edilmişdir.

15. “525-ci” qəzetin elanlar bölməsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinin xx.xx.2022-ci il tarixdə hərraca çıxarılcağı barədə elan verilmişdir.

16. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 17 saylı mənzili ilkin satış qiymətinin 25%-dən aşağı qiymətə, yəni 51 000 manata "Kəpəz BOKT” MMC tərəfindən əldə edilmiş, bununla bağlı Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 57 saylı protokol tərtib olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

17. İddiaçı (iddiaçı) Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə (cavabdehlər) qarşı iddia ərizəsi (Binəqədi rayon İcra şöbəsi və Bakı şəhəri 9 saylı notariat kontoru üçüncü şəxslər qismində göstərilməklə) ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, ünvan 6 ünvanla bağlı keçirilmiş 06 iyun 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli 8İ-1732 saylı icra qeydi və Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-43213-16 saylı məktubu əsasında Bakı şəhəri, ünvan 6 ünvanında olan mənzilə tutma yönəldilmiş, ipoteka predmeti olan mənzil Cavabdeh1 MMC tərəfindən açıq hərracda tələbkar "xxxx" BOKT MMC-yə 51 000 manata satılmışdır. Mənzilinin ilkin satış qiyməti 80 000 manat müəyyən olunmuşdur. Binəqədi rayon İcra Şöbəsinin xx/xx-43213-16 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş Bakı şəhəri, ünvan 7 ünvanında mənzilin satılması ilə bağlı Cavabdeh1 MMC tərəfindən 06 iyun 2022-ci il tarixində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 57 nömrəli protokol tərtib olunmuşdur. Hərrac mərkəzində keçirilən hərraclar barədə ona İcra şöbəsi tərəfındən verilən məlumatdan sonra xəbər tutmuşdur. Keçirilmiş hər iki hərrac barədə ona əmlaklarının hərracı ilə bağlı hər hansı bir məlumat verilmədiyindən və onun hərracda iştirak etmək hüquqları pozulduğundan, hərracın nəticələrinə dair protokol etibarsız hesab olunmalıdır. İddianın əsasını təşkil edən sübutlar, yəni ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə verilməli olan hərracın keçirilməsi barədə bildirişlər ona verilmədiyindən, həmin sübutların məhkəməyə verilməsi qeyri-mümkündür. Belə olan halda bildirişin verilib-verilməməsi halını təsdiq edən sübutlar cavabdehlərdən tələb olunmalıdır. Hazırki münasibətlər maddi hüquq normaları ilə tənzimləndiyindən, hərracın keçirilməsi barədə bildirişin təsdiq etmə üsulu ilə ipoteka qoyanlara verilməməsi hərracın nəticələrinin etibarsızlığının əsasını təşkil edir.

19. Cavabdeh1 MMC-nin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “...Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-43213-16 saylı sifariş məktubuna əsasən təşkilat tərəfindən hərrac keçirilmiş, hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il göstərilməklə, ilkin hərrac barədə xx.xx.2022-ci ildə “525-ci” qəzetdə elan verilmiş və bildirişlər tərəflərə göndərilmiş, hərrac baş tutmadığından ikinci hərrac keçirilmiş, ikinci hərracın vaxtı xx.xx.2022-ci il göstərilməklə, xx.xx.2022-ci il tarixində “525-ci” qəzetdə elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun sifariş məktubunda qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. 4. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir”.

20. Tərəflər, həmçinin üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclaslarında iştirak etməmiş, işə onların iştirakları olmadan baxılmışdır.

21. Birinci instansiya məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında hərracın təşkilatçısı olan Cavabdeh1 MMC tərəfindən mübahisəli əmlakla bağlı hərracların keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və ipoteka qoyan olan iddiaçıya verilməsini təsdiq etmə üsulu ilə bildirişlər verilməsini təsdiq edən sübutlar öz əksini tapmışdır - belə olan halda iddiaçının istinad etdiyi hallar sübut edilməmiş, mübahisələndirilən hərrac keçirilərkən Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının tələbləri pozulmamışdır.

23. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “İpoteka haqqında” Qanunun 41.1-ci, 41.2-ci, 41.3-cü, 42.1-ci, “İcra haqqında” Qanunun 61.1-ci, 61.2-ci, 62.2-ci, Mülki Məcəllənin 337-ci, 415.1-ci, 415.2-ci, 416-cı maddələrinə istinad etmişdir.

24. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, verilən izahat

26. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlərin, eləcə də üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmişlər.

27. İşin halları, habelə şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

29. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

30. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

32. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmlakın satılması ilə bağlı hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar.

40. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

41. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2023 saylı iş üzrə 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar