Məhkəmə qərarları › İş №2(103)-2172/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2172/2021

17.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2172/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “doğum haqqında qeydin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Ərizəçi, Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsinin arxivində saxlanılan Zəngilan Rayonuna aid vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında onun doğum tarixi ilə bağlı aparılan qeydin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə ərizə rədd edilmişdir. Ərizəçi, apelyasiya şikayəti verərək qətnamənin ləğv, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Ermənistandan deportasiya olunan zaman doğum haqqında şəhadətnaməsini götürə bilməmişdir. Həmin şəhadətnamədə doğum tarixi xx.xx.1961-ci il qeyd olunmuşdur. Ərizəçi hələ orada olarkan evlənmiş və Şurnuxu kənd soveti tərəfindən doğum haqqında şəhadətnaməsi və kimliyi əsasında nikahları qeydə alınmış və nikah haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1961-ci il yazılmışdır. Maraqlı şəxsndə isə səhlənkarlıq nəticəsində doğum tarixi texniki səhv olaraq xx.xx.1961ci il yazılmışdır. Sovetlər dönəmində kimlik alarkən pasportunda, eləcə də orta məktəb atestatında və texniki peşə məktəbini bitirməyi ilə bağlı sənəddə doğum tarixi həmin şəhadətnamə əsasında yazılmışdır. Bütün bunlar ərizəçinin doğum tarixinin xx.xx.1961-ci il olmasını təsdiqləyir. Eyni zamanda, bu faktı təsdiq edən şahidləri də var. Məhkəmə isə, əsassız olaraq həmin sənədləri ərizəçinin doğum qeydinin düzgün olmamasının müəyyən edilməsi üçün yetərli hesab etməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, o, əizəçinin qardaşıdır. Bacısı Ərizəçi xx xxxx 1961-ci il tarixdə anadan olmuşdur. Bu tarixi dəqiq xatırlayır, çünki digər bacısının doğum günü 13 martda olduğundan hər zaman onların doğum günlərini arxa-arxaya qeyd etmişlər. Digər şahid X5 isə ifadəsində bildirmişdir ki, o, da ərizəçinin qardaşıdır. Bacısı Ərizəçi xx xxxx 1961-ci il tarixdə anadan olmuşdur. Onlar bir yerdə böyümüşlər və bacıları Ərizəçi ad gününü hər zaman 12 mart tarixində qeyd etmişlər. Hətta iki dəfə ərizəçinin ad günü şənliyini həmin tarixdə qardaşı kimi o keçirmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, qətnamə ləğv, ərizə isə təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Ədliyyə Nazirliyi Vətəndaş X2 Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, 05/2-6014/13 nömrəli məktubda qeyd olunmuşdur ki, “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ərizəçi (nikahdan əvvəlki soyadı Abbasova) doğumunun xx.xx.1961-ci il tarixdə Maraqlı şəxsndə dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Məktuba əlavə edilmiş doğum haqqında akt qeydində Ərizəçi doğum tarixi xx.xx.1961-ci il olduğu göstərilmişdir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 018-10936-1220 nömrəli məktubda isə qeyd olunmuşdur ki, Ərizəçi ilk dəfə xx.xx.2005-ci il tarixdə Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş AZE 03816633 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasında onun doğum tarixi xx.xx.1961-ci il kimi göstərilmişdir. xx.xx.1988-ci il tarixli nikah haqqında şəhadətnamədə və AZE ******** nömrəli ona məxsus şəxsiyyət vəsiqəsində Şəkil Abbasovanın doğum tarixi xx.xx.1961-ci il kimi qeyd olunmuşdur. Ərizəçi, ərizə ilə Ədliyyə Nazirliyi Maraqlı şəxsnə mürcaiət edərək, doğum haqqında akt qeydində düzəliş olunaraq, doğum tarixinin 25 may tarixdən xx xxxx 1961-ci il tarixə düzəldilməsini xahiş etmiş və həmin Şöbə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 050- 43/13 nömrəli cavab məktubunda bildirilmişdir ki, ərizədə qeyd olunan faktların təsdiq edilməsi üçün əsaslı sənədlər olmadığından, onun barəsində olan sənədlərdə ziddiyətlərin aradan qaldırılması bu şöbənin imkanları xaricindədir. Hazırda ərizəçi, xx xxxx 1961-ci ildə doğulduğunu, ilk dəfə ona verilmiş doğum haqqında şəhadətnamədə, eyni zamanda onun əsasında verilmiş nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində doğum tarixi kimi həmin tarixin qeyd olunduğunu, lakin doğum haqqında şəhadətnaməsini itirdikdən sonra yeni şəhadətnamə almaq üçün müraciət edən zaman ona müvafiq qeydiyyat şöbəsi tərəfindən doğum tarixinin yanlış olaraq akt qeydində 25 may kmi göstərildiyinin məlum olduğunu bildirərək, doğum haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 340-c və 341-ci maddələrinə əsasən, ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” haqqında Qaydaların 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən, doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Göründüyü kimi, şəxsin doğum tarixi onun doğum haqqında məlumatlara aid olmaqla, həmin məlumatlar müvafiq səhiyyə orqanını tərəfindən müvafiq qeydiyyat orqanlarına ötürülür ki, məhz həmin məlumatlar əsasında müvafiq qeydiyyat orqanları tərəfindən doğum akt qeydi aparılır və onun əsasında şəxsin adına doğum haqqında şəhadətnamə verilir. Birinci instansiya məhkəməsi, ərizəni rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, ərizəçiyə aid olan müvafiq sənədlərdə doğum tarixinin onun doğum haqqında akt qeydində qeyd olunmuş doğum tarixindən fərqli qeyd olunması, özülüyündə həmin doğum akt qeydindən qeyd olunmuş məlumatın yalnış olması, düzgün olmaması kimi qiymətləndirilməsinə əsas verə bilməz. Belə ki, müvafiq qeydiyyat şöbəsində ərizəçinin doğumunun məhz xx xxx 1961-ci il tarixdə qeydə alınması və doğum tarixinin məhz 25 may tarixi olması halı aşkar şəkildə qeyd olunmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı ərizəçi tərəfindən məhz onun doğum akt qeydində yazılmış məlumatların düzgün olmaması, yalnış olması halına dair heç bir digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya aşağıdakılara əsasən, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır. Belə ki, işdən görünür ki, Ərizəçi məxsus doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1961-ci il olduğu göstərilmişdir. Ərizəçi isə bildirir ki, o, xx xxxx 1961-ci il tarixdə doğulmuş və ilk dəfə ona doğum haqqında akt qeydi əsasında verilmiş şəhadətnamədə də doğum tarixi kimi məhz həmin tarix göstərilmişdir. Lakin sonradan o, həmin şəhadətnmadəni itirmiş və yeni şəhadətnamə almaq məqsədilə müvafiq orqana müraciət edən zaman doğum haqqında akt qeydində doğum tarixinin 25 may kimi yazıldığı ona məlum olmuşdur. Ona görə də, doğum haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsini tələb edir. Sübutetmə yükü baxımından məhkəmə kollegiyası hesab edir ki, bu halı sübuta yetirmək ərizəçinin üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Ərizəçi, doğum haqqında akt qeydinin düzgün olmadığının müəyyən edilməsini tələb edərkən, doğum haqqında şəhadətnamədə əsasında ona verilmiş sənədlərə (nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) və şahid ifadələrinə istinad edir. Kollegiya, ilk növbədə bildirir ki, ərizəçiyə ilk dəfə verilmiş doğum haqqında şəhadətnamə itirildiyindən həmin şəhadətnamədə onun doğum tarixinin hansı tarix qeyd olunmasını müəyyən etmək mümkün olmasa da, bu fakt həmin şəhadətnamə əsasında verilmiş sənədlərlə təsdiq olunur. Belə ki, Ərizəçi ilk dəfə xx.xx.2005-ci il tarixdə Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş AZE 03816633 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasında onun doğum tarixi xx.xx.1961-ci il kimi göstərilmişdir. Sonradan xx.xx.2015ci il tarixdə ASAN 3 tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində və xx.xx.1988-ci il tarixli nikah haqqında şəhadətnamədə də onun doğum tarixi xx.xx.1961-ci il kimi qeyd olunmuşdur. Göründüyü kimi, ərizəçinin doğum haqqında akt qeydi və onun əsasında verilmiş şəhadətnamə arasında doğum tarixinə dair məlumatla bağlı uyğunsuzluq vardır. Belə olan halda, Kollegiya hesab edir ki, şəxsin doğum tarixinin dəqiq müəyyən edilməsi üçün ən etibarlı hesab ediləcək məlumat onun ailə üzvlərinin (valideynləri, qardaş-bacıları) bununla bağlı verdikləri məlumatlar hesab edilməlidir. Hazırkı işdə Ərizəçi valideynləri yaşamadığından, bu fakt onunla birlikdə böyümüş qardaş-bacılarının ifadələri əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş (cinayət məsuliyyəti barədə xəbərdar edilməklə) Ərizəçi qardaşları olan Əli Abbasov və Sübəhən Abbasov ifadələrində bacılarının xx xxxx 1961-ci ildə anadan olduğunu və onun ad gününü hər il həmin tarixdə qeyd etdiklərini bildirmişlər. Göstərilənlərə əsasən, Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyə uyğun deyil. Ona görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2056/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi maraqlı şəxs Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “doğum haqqında qeydin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi təmin olunsun. Ərizəçi Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsinin arxivində saxlanılan Zəngilan Rayonuna aid vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında onun doğum tarixi ilə bağlı aparılan qeydin düzgün olmadığı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar