Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2172/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 oğlunun, Cavabdeh nümayəndəsi Məmmədov Anar Tehran oğlunun, Cavabdehinin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(001)-199/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2068/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiasının təmin edilməsi, cavabdehlər İddiaçı2, X2, X3, İddiaçı1, X7 və X5 iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, İ.Həşimov küçəsində yerləşən 6 A saylı evin 72 saylı mənzilindən çıxarılmaları və mənzilin Cavabdeh istifadə və sahibliyə qaytarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2702/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə İddiaçı1 sözü gedən mənzili zəbt etmədiyini, icra hakimiyyətinin göstərişi ilə yerləşdirildiyini, yerləşdirildiyi mənzilin qəzalı olması ucbatından orda müəyyən aralıqlarla 35000 manat dəyərində təmir işlərinin aparıldığını iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilin təmir bərpa işlərinə çəkilmiş 35.000 manat pul vəsaitinin tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədov X6 rayonu, 6-cı mkr, İ.Həşimov küçəsi, ev 6A ünvanında yerləşən 72 saylı mənzildən iddiaçıların çıxarılması tələbinə dair Binəqədi Rayon Məhkəməsinə iddia qaldırmışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, onlar və ailə üzvləri 1992-ci ildə Laçın rayonunun işğalı ilə əlaqədar olaraq doğma yurdlarından məcburi köçkün düşmüşlər. Müvəqqəti məskunlaşmaq üçün Bakı şəhərinə gəlmişlər. Həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildə müvəqqəti məskunlaşmışlar. Məhkəmənin nəzərinə onu da çatdırmağı vacib hesab edirlər ki, 1991-ci ilin aprel ayında qeyd edilən binada qaz partlayışı baş vermiş və binanın həmin bloku yaşayış üçün yararsız vəziyyətə düşmüş, iki nəfər bina sakini isə partlayış nəticəsində ölmüşdür. Bu partlayışdan sonra orada yaşayan sakinlər köçürülərək dövlət tərəfindən başqa evlə təmin edilmişlər. Onlar həmin mənzilə yerləşən zaman mənzil tamamilə yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Bundan sonra öz vəsaitləri hesabına bu günədək təxminən 35.000 (otuz beş min) manat vəsait xərcləyərək həmin mənzili təmir edərək, yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Onu da qeyd edirlər ki, Binəqədi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 79 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 85 №li arayışdan da göründüyü kimi 1992-ci ilin dekabrından hal-hazıradək qeyd olunan mənzildə müvəqqəti qeydiyyatda olaraq fasiləsiz yaşayırlar. Binəqədi Rayon Məhkəməsinin 2(001) 2068/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iş hazırki üzrə cavabdehin onlara qarşı olan iddiası təmin edilmişdir. Hesab edirlər ki, Cavabdeh onların mənzildən çıxarılmalarını tələb etdiyi üçün, mənzilin təmir-bərpa işlərinə tərəflərindən çəkilmiş vəsaiti tam olaraq onlara ödənilməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2437 nömrəli rəyi ilə mənzildə həqiqətən təmir tikinti işlərinin aparıldığı müəyyən edilsə də, rəyin nəticə hissəsində göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 40 saylı evin 98 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq, 4795 manat məbləğində olduğu müəyyən edilmişdir. Hesablamada mexaniki olaraq 486 manat fərqlə səhv göstərilərək 4309 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirak edən ekspert X8 verilən suallara cavab olaraq bildirmişdir ki, rəy verilməsi üçün sözügdən mənzildə olmuşdur. Mənzil 3 otaqdan ibarətdir. Vizual olaraq görünmüşdür ki, mənzilin bir otağı və başqa bir hissəsi təmir edilmiş, qalan hissə təmirsizdir. Məsələn bir otağın döşəməsi dəyişdirilmiş və taxta vurulmuş, digəri linolium olaraq qalmış, hansı ki alt hissəsi betondur. Təqdim edən qiymət 1992-1993, 1995-1998-ci illlər üçün ekspertiza idarəsinin özünün ümumi baza məlumatlarına istinad edilməklə çıxarılan təqribi qiymətdir. Həmin qiymət isə təmir materiallarının qiymətinin ortalama dəyəri nəzərə alınmaqla, hesablanıb. Çıxardığı qiymət mənzilin sıfırdan təmiri üçün tələb edilən məbləğdir. Misal evin qapıları taxtadandır və əl işidir. Sırf əl işi olduğundan dəyəri yüksəkdir. Bu həm əvvəldə həm də ki, indiki dövrdə əl işinin “mdf”dən fərqli olmasından qaynaqlanır. Çünki əl işi öz dəyərini illər keçsə də, saxlayır. Bundan başqa ekspert rəyində divar kağızının dəyəri texniki yanlışlıqla, 540 manat əvəzinə 54 manat göstərilmişdir. Odur ki, bu səhvin yekun məbləğə də təsir edəcəyindən, hesablama zamanı nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001) 199/2024 saylı qərardadı ilə İddiaçı2 iddiadan imtinasının qəbul edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(001)- 199/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 4795 (dörd min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddiaçının azad edildiyi dövlət rüsumunun əvəzi qismində 67,95 (altmış yeddi manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, İ.Həşimov küçəsində yerləşən 6A saylı evin 72 saylı mənzildə 1992-ci ildən məskunlaşmaqla, əmlaka faktiki olaraq sahiblik etmişdir. Mənzilin 1991-ci ildə baş vermiş partlayış nəticəsində yararsız hala düşmüş olmasını tərəflər mübahisələndirmir. Daha sonra iddiaçı tərəfindən mənzilin müəyyən bir hissəsi yaşayış üçün təmir edilmişdir. Hazırda İddiaçı1 mənzilin cavabdehə təhvil veriləcəyi üçün əslində sonuncunun əsassız olaraq varlanacağını bildirir və mənzili yaxşılaşdırmaq üçün çəkdiyi xərcin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Lakin iddiaçı təmirə sərf edilən vəsait məbləği ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Mübahisənin obyektiv həlli üçün məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyinə mötəbər sübut kimi yanaşır. Tədqiq olunan ekspert rəyində tikinti-təmir və quraşdırma işlərinin dəyərini üçün tərtib edilmiş smeta cədvəlində görülmüş işlərin təqribi dəyəri 4309 manat kimi hesablanmışdır. Lakin sözügedən smeta cədvəlində divar kağının rulonunun qiymətinin səhv hesablandığı və əslində (27 ədəd x 20 manat) 540 manat əvəzinə 54 manat göstərildiyi aşkar edilmişdir. Odur ki, hesablama zamanı yol verilmiş texniki yanlışlıq aradan qaldırılmaqla, təmirə sərf edilən vəsait məbləği 4795 manat hesablanmalıdır. Cavabdehin nümayəndəsi təmirin sırf iddiaçı tərəfindən aparılmadığını iddia edirsə, bu hissədə sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşdüyündən, bununla bağlı məhkəməyə sübut təqdim etməli idi. Lakin həmin etiraza münasibətdə mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddia müddətinin ötürülmüş hesab edilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Lakin nəzərə alınmalıdır ki, iddaçı öz hüququnun ona məlum olduğu, yəni mənzildən çıxarılma ilə bağlı qətnamənin qəbul edildiyi vaxtdan iddia müddətini ötürməmişdir. Qeyd olunan qətnamədən narazı iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən əmlaka 30 ilə yaxın müddətdə vicdanlı sahiblik etmiş, bu müddət ərzində mənzildə öz şəxsi vəsaiti hesabına yaxşılaşdırma işləri apararaq mənzilin dəyərini nəzərə çarpacaq dərəcədə artırmışdır. Bu günki gündə cavabdeh mənzilin mülkiyyətçisi kimi çıxış edərək mənzili cavabdehdən tələb etdiyi üçün, qanunvericiliyin göstərilən tələbinə əsasən iddiaçı cavabdehdən mənzilin təmirinə çəkdiyi xərci tələb etmək hüququna malikdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçı mübahisələndirilən əmlakın mülkiyyətçisi olmasa da, əmlakın yaxşılaşdırılması üçün öz vəsaiti hesbına çəkdiyi xərcin mülkiyətçisidir. Bu səbəbdən həmin əmlakı (çəkdiyi xərcin dəyərini) tələb etmək hüququna malikdir. İşin mübahisələndirilməyən halından göründüyü kimi cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Belə ki, cavabdehə məxsus əmlak partlayış nəticəsində yararsız hala düşdükdən sonra mənzil iddiaçının vəsaiti hesabına təmir olunaraq yaxşılaşdırılmışdır. İşin faktiki hallarından göründüyü kimi mübahisələndirilən mənzil iddiaçının şəxsi vəsaiti hesabna yaxşılaşdırılaraq dəyəri artmışdır. Hazırda cavabdeh iddiaçıdan mənzilin boşaldılmasını tələb etdiyi üçün, iddiaçı tərəfindən mənzilin təmirinə çəkilmiş xərcin dəyərini tam olaraq iddiaçıya qaytarmalıdır. İş materiallarından göründüyü kimi məhkəmədə vəsatət qaldırılaraq iş üzrə təkrar ekspertiza keçirilməsi xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə məhkəməyə təqdim edilmiş ekspert rəyində mənzilin təmirinə çəkilmiş xərcin dəyəri düzgün qiymətləndirilməmiş, təmirdə istifadə olunmuş tikinti materiallarının dəyəri mövcud bazar qiymətləri ilə uyğunsuzluq təşkil etmişdir. Belə ki, ekspert rəyində tikintidə istifadə olunmuş taxta materiallarının dəyəri olduqca aşağı qiymətə qiymətləndirilmişdir. Lakin işə baxan məhkəmə vəsatətə münasibət bildirməmiş, vəsatətin rədd olunması barədə mövqeyini qərardadla əsaslandırmamışdır. İşə baxan məhkəmə mənzildə aparılmış yaxşılaşdırma işlərinin dəyərini ekspert rəyi ilə razılaşaraq 1990-cı ilərin qiymətlərinə uyğun qəbul etmişdir. Lakin tərəflər arasında mübahisələr hazırki vaxtda yarandığından, cavabdeh də mənzili hazırda olduğu kimi tələb etdiyindən məhkəmə mənzilin təmirinə çəkilmiş xərcin dəyərini hazırki bazar qiymətlərinə uyğun olaraq müəyyən etməli və bu günkü bazar qiymətlərinə uyğun olaraq tutmalı idi. Göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-199/2022 saylı iş üzrə xx.xx.2024-ci il tarixli qətnaməsinin 4795 (dörd min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı1 ödənilməsi hissəsində dəyişdirilərək 35.000 (otuz beş min) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi araşdırarkən bəzi mühüm məqamları gözdən qaçırmışdır. Belə ki, iddiaçılar tərəfindən məhz Cavabdeh məxsus sözügedən mənzili təmir edib-etmədikləri heç bir mötəbər sübut ilə təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş video görüntüyə baxdıqda aydın şəkildə görmək olur ki, orada göstərilən dağılmış (partlamış) mənzil cavabdehə məxsus olan həmin mənzil deyil. Bu qonşu mənzildir. İddiaçılar isə həmin qonşu mənzili göstərməklə guya bunun cavabdehə aid olan mənzil olduğunu və həmin mənzilin o vəziyyətdən indiki vəziyyətə gətirildiyini iddia edirlər. Halbuki, dağılmış vəziyyətdə olan həmin mənzil cavabdehə aid olan mübahisələndirilən mənzil deyil. Bu səbəbdən də məhkəmənin diqqətinə çatdırır ki, iddiaçılar tərəfindən cavabdehə məxsus mənzildə heç bir təmir-tikinti işləri aparılmamışdır. Bu səbəbdən də iddiaçıların cavabdehdən tələb etdikləri pul tələbi tamamilə qanunsuz və əsassızdır. Bundan əlavə iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə mənzildə həqiqətən təmir tikinti işlərinin aparıldığı müəyyən edilsə də, həmin təmir-tikinti işlərinin kim tərəfindən aparıldığı müəyyən edilmir. Belə ki, mənzilin görüntülərinə baxdıqda, aydın şəkildə görmək olur ki, bu təmir işləri elə məhz 90-cı illərə aiddir, hansı ki bu da cavabdeh tərəfindən zamanında aparılmış köhnə təmir işləridir. Bu baxımdan da iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edir ki, cavabdeh tərəf təmirin iddiaçı tərəfindən aparılmadığını sübut etməli idi. Bununla da tamamilə razılaşmır. Bu məntiqlə çıxış edilsə, o zaman bu qənaətə gəlmək olar ki, istənilən şəxs başqasının mənzilində və ya əmlakında aparılmış təmir işlərinin məhz onun tərəfindən aparıldığını iddia edərsə və əgər cavabdeh bunun əksini sübut edə bilməzsə o zaman həmin iddiaçının iddiası təmin edilməlidir. Bu olduqca gülünc və qanunsuz yanaşmadır. Belə president formalaşarsa o zaman cəmiyyətdə ciddi xaos və ədalətsizlik, məhkəmə hakimiyyətinə inamsızlıq yaranar. İddia müdətinin ötürülməsi ilə bağlı olan hissəyə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Lakin nəzərə alınmalıdır ki, iddaçı öz hüququnun ona məlum olduğu, yəni mənzildən çıxarılma ilə bağlı qətnamənin qəbul edildiyi vaxtdan iddia müddətini ötürməmişdir. Halbuki, iddiaçı özü də etiraf edir ki, həmin mənzilə daxil olarkən mənzilin ona məxsus olmadığını bilirdi. Yəni iddia müddəti məhz həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə bu halı iddiaçılar tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçılar məhkəmə qərarı ilə onların üzərlərinə qoyulmuş vəzifəni icra etməkdən yayınmaqla faktiki olaraq öz hüquqlarından sui-istifadə etməkdədirlər. Göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(001)-199/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və nümayəndə-vəkili ayrı-ayrılıqda izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası ilk olaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6cı mkr, İ.Həşimov küçəsində yerləşən 6 A saylı evin 72 saylı mənzil cavabdehə məxsus olmuşdur. İddiaçı1 isə həmin mənzildə 1992-ci ildən məskunlaşmaqla, əmlaka faktiki olaraq sahiblik etmişdir. Həmçinin müəyyən edilmişdir ki, adı çəkilən mənzil 1991-ci ildə baş vermiş partlayış nəticəsində yararsız hala düşmüşdür. Hazırda İddiaçı1 mənzilin müəyyən bir hissəsinin yaşayış üçün təmir edilməsinə istinad etməklə mənzilin cavabdehə təhvil veriləcəyi üçün əslində sonuncunun əsassız olaraq varlanacağını bildirir və mənzili yaxşılaşdırmaq üçün çəkdiyi xərcin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə apellyasiya şikayətində bildirmişdir ki, iş materiallarına əlavə edilmiş videogörüntüyə baxdıqda aydın şəkildə görmək olur ki, orada göstərilən dağılmış (partlamış) mənzil cavabdehə məxsus olan həmin mənzil deyil. Bu qonşu mənzildir. Lakin cavabdeh tərəf görüntülərdəki mənzilin onun deyil başqa mənzil olması faktı öz təsdiqini tapsa da, kollegiya vurğulayır ki, əvvəla video görüntünü əks etdirən işdə olan fleşkarta baxış keçirmək mümkün olmadı ( fleşkart açılmadı) və buna zərurət də qalmadı. Belə ki, tərəflərin izahatları ilə təsdiq edildi ki, videogörüntünü əks etdirən fleşkarta birinci instansiyası məhkəməsində baxış keçirmək mümkün olmuş və müəyyən edilmişdir ki, fleşkartda binanın İ və İİ mərtəbəsində olan mənzillər əks edilmişdir. İddiaçı tərəf isə 4-cü mərtəbədə yaşayır. İddiaçının nümayəndəsinin bildirdiyinə görə videoçəkilişin aparılması binanın yararsız vəziyyətdə olmasının sübutu kimi təqdim olunmuşdur. Eyni zamanda cavabdeh özü apellyasiya şikayətində qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə mənzildə həqiqətən təmir tikinti işlərinin aparıldığı müəyyən edilsə də, həmin təmir-tikinti işlərinin kim tərəfindən aparıldığı müəyyən edilmir. Məhkəmə kolllegiyası cavabdehin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertiza üzrə rəy verilməsi zamanı ekspert tərəfindən mübahisəli mənzilə baxış keçirilmiş və mənzilin sahəsi, otaqların ölçüləri və digər texniki göstəriciləri müəyyən edilmişdir. Buna dair kollegiyanın iclasında dindirilən ekspert mənzili əks etdirən şəkilləri təqdim etmişdir ( şəkillər disk formatında iş materiallarına əlavə olundu). Göründüyü kimi işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, İ.Həşimov küçəsində yerləşən 6 A saylı evin 72 saylı mənzil cavabdehə məxsus olmuş, partlayış nəticəsində yararsız hala düşmüş, faktiki olaraq evdə təmir-tikinti işləri aparılaraq iddiaçı yaşamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd edilən mənzildə təmir-tikinti işlərinin özünun tərəfindən aparılmasını qeyd etsə də, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, işin mübahisəsiz halıdır ki, mənzil 1991-ci ildə baş vermiş partlayış nəticəsində yararsız hala düşmüş, həmçinin iddiaçı tərəf həmin mənzilə baş vermiş partlayışdan cəmi bir il sonra köçmüşdür. Eyni zamanda cavabdeh tərəf qeyd edilən müddət aralığında mənzildəki təmir-tikinti işlərinin məhz özü tərəfindən aparılması barədə möbətər sübutlar da təqdim edə bilməmişdir. Cavabdeh daha sonra qeyd etmişdir ki, iddiaçı özü də etiraf edir ki, həmin mənzilə daxil olarkən mənzilin ona məxsus olmadığını bilirdi, yəni iddia müddəti məhz həmin vaxtdan hesablanmalıdır. Məhkəmə kollegiyası cavabdehin göstərilən dəlilləri ilə də razılaşmır. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırda isə iddiaçı mənzilə 1992-ci ildə köçüb yaşamağa başlasa da məhz cavabdehin onlara qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etdikdən sonra öz hüququnun pozulmasını bilmiş və bundan sonra Mülki Məcəllənin 1095-ci maddəsində təsbit edilən 2 illik müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərini də əsassız olmuşdur. Belə ki, iddiaçının əsas dəlilləri ondan ibarət olmuşdur ki, mənzilin təmirinə çəkilmiş xərcin dəyəri düzgün qiymətləndirilməmişdir, yəni, tərəflər arasında mübahisələr hazırki vaxtda yarandığından, cavabdeh də mənzili hazırda olduğu kimi tələb etdiyindən məhkəmə mənzilin təmirinə çəkilmiş xərcin dəyərini hazırki bazar qiymətlərinə uyğun olaraq müəyyən etməli və bu günkü bazar qiymətlərinə uyğun olaraq tutmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisələr hazırki vaxtda yaransa da və cavabdeh də mənzili hazırda olduğu kimi tələb etsə də, iş materiallarından görünür ki, iddiaçı tərəf təmirin partlayış hadisəsi baş verəndə sonra həyata keçirilməsini göstərmişdir. Belə olan halda ekspert tərəfindən mənzilin təmir olunan vaxt çəkilmiş xərclərini müəyyən etməkdə haqlı olmuşdur. Kollegiyanın iclasında dindirilən ekspert X8 öz rəyini müdafiə edərək bu halı da təsdiq etmişdir. Beləliklə də təmirə çəkilən xərclərin 1992-ci ildən bu yana köhnəlmə dərəcəsi nəzərə alınmadan, hazırki dövr qiymətlərinə uyğun hesablanmalı olmasına dair dəlil əsassızdır. Həçmçinin, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi baxışı zamanı sözügedən yaxşılaşdırma işlərinin məbləğinin müəyyən edilməsi məqsədilə mübahisənin düzgün və obyektiv həlli baxımından hazırki iş üzrə ekspertiza təyin edilmiş və təqdim edilən ekspert rəyi əsasında mənzildə həqiqətən təmir tikinti işlərinin aparıldığı müəyyən edilsə də, rəyin nəticə hissəsində göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 40 saylı evin 98 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq, 4795 manat məbləğində olduğu müəyyən edilmişdir. Hansı ki, hesablamada mexaniki olaraq 486 manat fərqlə səhv göstərilərək 4309 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, tədqiq olunan ekspert rəyində tikinti-təmir və quraşdırma işlərinin dəyərini üçün tərtib edilmiş smeta cədvəlində görülmüş işlərin təqribi dəyəri 4309 manat kimi hesablanmışdır. Lakin sözügedən smeta cədvəlində divar kağının rulonunun qiymətinin səhv hesablandığı və əslində (27 ədəd x 20 manat) 540 manat əvəzinə 54 manat göstərildiyi aşkar edilmişdir. Odur ki, hesablama zamanı yol verilmiş texniki yanlışlıq aradan qaldırılmalqa, təmirə sərf edilən vəsait məbləği 4795 manat hesablanmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ekspert rəyini hazırki iş üzrə əsas götürərək hesab etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, İ.Həşimov küçəsində yerləşən 6A saylı evin 72 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri olan 4795 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçıdan, 50 manat hissəsi cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı1 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(001)- 199/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Birinci instansiya məhkəməsi zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçıdan, 50 manat hissəsi cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə