Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-218/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-X1 ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “su və kanalizasiya xətlərinin bərpa edilməsi, vurulmuş maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-1684/2019 saylı 01 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mülkiyyətində olan Bakı şəhəri, Xəqani küçəsi, 47 saylı saylı evin 25,29A saylı mənzilinə aid kanalizasiya xətlərinin öz hesabına bərpa edilməsi vəzifəsinin, bərpa edildikdən sonra mənzilinə gələn su və kanalizasiya xətlərinin normal işləməsinə maneələr yaratmamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh ona dəymiş maddi ziyanın əvəzi olaraq 15.000 manat, mənəvi ziyanın əvəzi olaraq 20.000 manat tutularaq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzilləri xüsusi mülkiyyət əsasında 22.03.1997-ci il tarixdə adına rəsmiləşdirmişdir. Həmin binanın ona məxsus olan üçüncü mərtəbəsində yerləşən 25, 29A saylı mənzillərin alt mərtəbəsində, yəni ikinci mərtəbəsində yerləşən 14/14 saylı mənzilin sahibi mənzilini təmir edərkən binanın güc daşıyan divarlarını sökərək çöl tərəfə çıxarmışdır. Qonşu həyətindən çöl tərəfə çıxarılan divardan keçən su kanalizasiya şaxtasını ləğv etmiş, ona görə də o, su xətlərini və kanalizasiya xətlərini mənzilinə qoşa bilmir. Qoşmaq istəyərkən onunla çox böyük mübahisələr yaranmışdır. Bu mənzilin sahibi qanun çərçivəsində sığmayan bu hərəkətləri ilə ona çox böyük ziyan vurmuşdur. Susuz və evdə kanalizasiya olmadan mənzildə yaşamaq mümkün deyildir. Cavabdehin təqsiri ucbatından mülkiyyətində olan mənzildən istifadə edə bilmir, onun mülkiyyət hüquqları pozulmuşdur. Bu məsələ ilə əlaqədar o, Səbail Su-Kanal İdarəsinə, Azərbaycan Respublikası "xxxx" ASC-yə, Fövqəladə Hallar Nazirliyinə, Səbail rayon Polis İdarəsinə dəfələrlə müraciət etmiş, lakin bütün müraciətləri öz həllini tapmadan qalmışdır. Belə ki, Səbail rayon polis idarəsinin 39-cu Polis Bölməsi onu ünvanladığı cavabında göstərilən xüsusatların məhkəməyə aid olduğuna görə məhkəməyə müraciət etməsini, "xxxx" ASC, mənzildaxili mövcud xətləri xüsusi mülkiyyət sayıldığı üçün mənzildə yenidənqurma işləri həyata keçirən zaman bu xətlərin yerinin daxildə dəyişdirilməsinə görə məsuliyyət daşımadığını bildirmişdir. Uzun müddət başqa vasitələrlə mənzilini su ilə təmin etmək məcburiyyətində qalmışdır. Müxtəlif orqanlara etdiyi müraciətlər ona həm mənəvi, həm də maddi ziyan vurmuşdur. Uzun müddət apardığı mübahisələr, münaqişələr nəticəsində sarsılmışdır, çox böyük mənəvi ziyan çəkmişdir. İddia ərizəsinə əlavə etdiyi telefon danışıqlarından çıxarışlardan da sübut olunur ki, o, qonşusu ilə uzun müddət danışıqlar aparmış və kommunal xətlərin çəkilməsi üçün lazım olan şəraitin yaradılmasını xahiş etmişdir. Xahişləri isə cavabsız qalmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1684/2019 saylı 01 noyabr 2019cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qətnamə ədalətsiz və qanunsuzdur və nəticədə onun hüquqları kobud surətdə pozulmuşdur. O, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 47 saylı evin 25,029 saylı mənzillərini xüsusi mülkiyyət əsasında ona məxsus olan binanın 3-cü mərtəbəsində yerləşən 25,29 A saylı mənzilin alt mərtəbəsində yerləşən 14/14 saylı sahibi mənzilini təmir edərkən binanın güc daşıyan divarlarını söküb çöl tərəfə çıxarmışdır. Qonşu çöl həyətindən çöl tərəfə çıxarılan divardan keçən su kanalizasiya şaxtasını ləğv etmişdir. Ona görə də o, su və kanalzasiya xətlərini mənzilinə qoşa bilmir. Həmin mənzilin sahibi qanun çərçivəsində sığmayan hərəkətləri ilə ona çox böyük ziyan vurmuşdu. Susuz və evdə kanalizasiya olmadan mənzildə yaşamaq mümkün deyildir. Cavabdehin təqsiri ucbatından mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Nəticədə onun qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Onun ucbatından mənzilində təmir işləri aparılması mümkün deyildir. Butun bunlar nəticəsində o, güclü sarsıntılar keçirmiş, böyük mənəvi ziyan çəkmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması 29.09.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə Cavabdeh iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onların məzmununa uyğun izahat verərək bildirmişdir ki, 1996-cı ildə iki mənzilinə xüsusi mülkiyyətə dair çıxarış almışdır. Lakin həmin mənzillərdə yaşayış olmamışdır. Mənzillərin birində su və kanalizasiya xətləri ilə bağlı problem yoxdur, çünki həmin mənzildə şaxta var. Mübahisəli mənzildə isə cavabdeh tərəfindən kanalizasiya xətti götürülmüşdür. Cavabdeh tərəfindən şaxta götürülən zaman onun xəbəri olmamışdır. 2017-ci ildən 2 il öncə cavabdehi orada görmüş, ancaq cavabdehin həmin mənzilə nə vaxt köçməsini dəqiq bilmir. İlk öncə mənzil alınanda iki mənzilin bir girişi, aşağıdakı və yuxarıdakı mənzillərin isə iki sanitar qovşağı olmuşdur. Hazırda hər iki mənzilində su xətti ilə bağlı hər hansı problem olmasa da, kanalizasiya xətti ilə bağlı problem var. Çünki cavabdeh tərəfindən şaxta götürüldüyü üçün evində kanalizasiya xəttinin bərpası mümkünsüzdür. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdi. 17 fevral 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, iddiaçı mənzillərini birləşdirmiş, hazırki vaxta qədər də təmir etdirir. Cavabdeh tərəfindən bu mənzil 2009-cu ildə alınmış, mənzildə heç bir artırma işləri görülməmiş, mənzili cavabdeh belə almışdır və alarkən də mənzildə şaxta olmamışdır. Belə ki, həmin binada kanalizasiya sistemi işlək vəziyyətdə deyil, neçə il bundan əvvəl borular kəsilib götürülmüşdür. Ona görə də bina sakinləri boruları neçə illərdir ki, binanın çölündən aparıb istifadəni təmin edirlər. Əvvəllər iddiaçıya məxsus iki mənzilin girişi eyni bir yerdən olmuşdur. Hazırda isə iddiaçı mənzillərini ayırmaq istəyir və yeni kanalizasiya xəttinin çəkilişini cavabdehin üzərinə qoymaq istəyir. Halbuki bina 1870-ci ilin binasıdır və 40 ildən artıqdır ki, bütün xəttlər binanın xaricindən aparılmaqla istifadə olunur. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan MH seriyalı 078858 saylı 22.03.1997-ci il tarixli və MH seriyalı 078871 saylı 22.03.1997-ci il tarixli qeydiyyat vəsiqələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 47 saylı evin 29 “a” və 25 saylı mənzillər İddiaçı mülkiyyətindədir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* saylı 18.04.2009-cu il tarixli çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində istifadəsində olan 0.165 ha torpaq sahəsində yeləşən 47 nömrəli, 4 mərtəbəli binada 39.0 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 14 və 14A saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. "xxxx" ASC-nin RO-02/2-913 saylı 29.11.2018-ci il tarixli məktubundan görünür ki, 3-cü mərtəbədə yerləşən iki mənzil sökülərək bir mənzil olmuşdur. Bina daxilində yerləşən 75 mm-lik çuqun boru təyinatı baxımından ancaq mətbəx üçün nəzərdə tutulur və bu xəttə hər hansı tualet xətti qoşmaq tikinti normativinə uyğun deyil. Mənzil daxili mövcud xətlər xüsusi mülkiyyət sayıldığı üçün mənzildə yenidən qurma işləri həyata keçirən zaman bu xətlərin yerinin daxildə dəyişilməsinə görə idarə məsuliyyət daşımır. 4 saylı MKİS-in mühəndisi, Tikinti təhlükəsizlik nəzarəti dövlət agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin baş mütəxəssisi, həmin müfəttişliyin baş məsləhətçisi tərəfindən tərtib edilmiş 18.01.2019-cu il tarixli aktın məzmunundan görünür ki, Xaqani küçəsi, 47 saylı evin 3-cü mərtəbəsində yerləşən 25, 29 “A” saylı mənzillərin sahibi İddiaçı şikayəti əsasında adı gedən mənzilə texniki baxış keçirmiş, baxış nəticəsində məlum olmuşdur ki, bu iki mənzilin sanitar qovşağı ümumidir, eyni girişdən istifadə edirlər. Mənzillər sıxlaşdırılmışdır. 25 saylı mənzilə aid olan sanitar qovşağının kanalizasiya xətti 2-ci mərtəbədə yerləşən 14a saylı mənzildə tapılmadı. Xəttin nə vaxt ləğv edildiyi barədə heç kimdə məlumat olmadı. Lakin üst mərtəbədən hiss olunur ki, kanalizasiya xətti aşağı 14a saylı mənzilə düşür. 14a saylı mənzilin sahibi Cavabdehdır. Hazırki işə birinci instansiya qaydasında baxılarkən sözügedən mənzildə sanitar qovşağının su və kanalizasiya xəttinin həmin mənzilin altında yerləşən və cavabdehə məxsus 14/14A saylı mənzilində movcud olub-olmamasının, yaxud ləğv edildiyinin, ləğv edildiyi təqdirdə isə onun bərpasının hansı qaydada mümkün olmasının müəyyən edilməsi məqdəsilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 15650 saylı 18 sentyabr 2019-cu il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin, 25,29A saylı mənzillərinə aid olan su və kanalizasiya xətinin binanın ikinci mərtəbəsində cavabdehə məxsus yaşayış evinə qədər işlək vəziyyətdə olduğunu nəzərə alaraq 25,29A saylı mənzillərə su və kanalizasiya xətti həmin mənzilin altında yerləşən cavabdehə məxsus 14/14a saylı mənzilin hissəsindən ləğv edildiyi müəyyən olunur. Həmçinin 25 və 29A saylı mənzilin su və kanalizasiya xətləri faktiki olaraq işlək vəziyyətdə olmadığını nəzərə alaraq cavabdehə məxsus 14/14a saylı mənzilinin ləğv edilmiş hissəsindən yeni borular quraşdırılmaqla su və kanalizasiya xəttinin bərpası mumkundur. İşdə olan Əmlak Ekspert Mərkəzi MMC tərəfindən tərtib edilmiş ƏEM/O 53-905/19 saylı 31.10.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən mütəxəssis qarşısında qoyulmuş 2-ci suala uyğun olaraq binanın kanalizasiya və su sisteminə texniki vizual baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, binanın kanalizasiya su turbaları binanın bayır (çöl) hissələrindən çəkilib, 1-ci, 2-ci və 4-cü mərtəbələr bu borulara müstəqil qoşulub, 3-cü mərtəbədə isə təmir işləri getdiyi üçün binanın ümumi kanalizasiya və su borularına qoşulmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazırki iş üzrə iddianın təmin edilməməsi qənaətinə gəlmiş və bu nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 1997-ci il tarixdən 25 və 29A saylı mənzillərin mülkiyyətsiçisi olsa da, uzun müddət həmin mənzildə yaşamamış, bu səbəbdən də onun mənzilində su və kanalizasiya xəttlərinin ləğv edilməsindən məlumatı olmamışdır. İddiaçı öz mənzilinə aid olan hissədə kanalizasiya xəttinin cavabdeh tərəfindən ləğv edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, əksinə müəyyən edilmişdir ki, həm cavabdehin, həm digər alt və üst qonşuların kanalizasiya xətləri binanın bayır hissəsindən gedən kanalizasiya borusuna qoşulmuş və həmin kanalizasiya xəttinə iddiaçının qoşulmasına hər hansı maneə yoxdur. Məhkəmə tərəfindən o da müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi su kanalizasiya xətti ümumiyyətlə işlək vəziyyətdə deyil və yalnız iddiaçının mülkiyyətində olan mənzildə ləğv edilməmişdir. Digər qonşular qeyd olunduğu kimi binanın bayır tərəfi ilə gedən kanalizasiya xəttinə qoşulmuş və həmin xəttdən istifadə edirlər. Buna görə də iddiaçının iddiası təmin olunmamışdır. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı tələbi “mülkiyyətində olan Bakı şəhəri, Xəqani küçəsi, 47 saylı saylı evin 25, 29A saylı mənzilinə aid kanalizasiya xətlərinin cavabdehin hesabına bərpa edilməsi vəzifəsinin, bərpa edildikdən sonra mənzilinə gələn su və kanalizasiya xətlərinin normal işləməsinə maneələr yaratmamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması və cavabdehdən ona dəymiş maddi ziyanın əvəzi olaraq 15.000 manat, mənəvi ziyanın əvəzi olaraq 20.000 manatın tutularaq ona ödənilməsi” barədədir. Hazırki işə apellyasiya qaydasında tam və hətərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən 05 fevral 2020-ci il tarixdə sözügedən ünvanın yerində müayinəsi keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 47 saylı evin 25 və 29 saylı mənzillərinə aid olan su və kanalizasiya xətti binanın ikinci mərtəbəsinə olan cavabdehə məxsus yaşayış evinə qədər gəlsə də, işlək vəziyyətdə deyil. Belə ki, həmin su və kanalizasiya xətti cavabdehə məxsus 14,14a saylı mənzil daxilində ləğv edilmişdir. Binanın kanalizasiya və su sisteminə texniki-vizual baxış keçirilərək müəyyən olundu ki, kanalizasiya və su boruları binanın bayır (çöl) hissəsindən çəkilmiş, 1-ci, 2-ci və 4-cü mərtəbələr bu borulara müstəqil qoşulmuşdur. 12.02.2020-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" ASC-nin Səbail rayon Sukanal İdarəsinin verdiyi rəydən görünür ki, 05 fevral 2020-ci il tarixdə məhkəmə kollegiyası ilə birlikdə ünvan 3 ünvanda yerləşən iki mənzilə, Cavabdeh məxsus eyni ünvanda binanın 2-ci mərtəbəsində yerləşən mənzil 14 və 14 a saylı, eləcə də eyni ünvanda yerləşən həmin binanın 3-cü mərtəbəsində İddiaçı məxsus olan 25 və 29A saylı mənzillərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdi ki, Cavabdeh məxsus Xaqani küçəsi, 47 saylı binanın 2-ci mərtəbəsində yerləşən mənzil 14 və 14 a birləşdirilmişdir. Eləcə də, İddiaçı məxsus olan 25 və 29 A saylı mənzillər də üst mərtəbə olmaqla birləşdirilmiş və artırılmışdır. Mənzillərə baxış keçirilərkən İddiaçı məxsus birləşdirilmiş mənzillərdə təmir işləri aparılması, iki ədəd sanitar qovşağının müstəqil olaraq mənzillərdə ayrılması müşahidə olunmuşdur. İddiaçı baxış zamanı izahat verərək göstərmişdi ki, mənzillərin birində kanallizasiya xətti aktiv olmaqla istifadəyə yararlı olsa da, digər mənzildən ümumi kanalizasiya borusu ilə Cavabdeh evindən keçən ümumi kanalizasiya borusuna qoşulmaq istəyir. Ümumiyyətlə, İddiaçı tərəfindən, eləcə də hər hansı bir sakin tərəfindən kanalizasiya borusuna qoşulma ilə bağlı müraciət daxil olarsa, bu "xxxx" ASC-nin Səbail Sukanal İdarəsi tərəfindən zəruri dəstək göstərilir, kanalizasiya xəttinin istismara yararlığı yoxlanılır və adekvat rəy verilir. Lakin "xxxx" ASC-nin Səbail Sukanal İdarəsinə İddiaçı tərəfindən kanalizasiya xəttinə qoşulma barədə hər hansı rəsmi müraciət daxil olmamışdır. Eləcə də İddiaçı tərəfindən müstəqil olaraq binada mənzillərin daxilində sanitar qovşağın yeri dəyişilərkən öncədən qoşulmanın texniki cəhətdən mümkünlüyü barədə Sukanal İdarəsinə müraciət daxil olmamışdır. Yalnız mənzillərin birində kanalizasiya xətti istifadəyə yararlıdır. İddiaçı 168 saylı 19.11.2018-ci il tarixli məktubuna cavab olaraq əvvəl də bina daxilində 75mm-lik keçən çuqun boru mətbəx üçün nəzərdə tutulduğundan həmin boruya tualet xəttinin qoşulmasının mümkünsüz olduğu bildirilmişdir. Apellyasiya baxışı zamanı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzilində su və kanalizasiya xəttinin bərpa edilməsi üçün Cavabdeh məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni boruların texniki cəhətdən hansı qaydada quraşdırılması yolu ilə su və kanalizasiya xətlərinin bərpasının mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmənin 2(103)-1104/2020 saylı 12 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/752 saylı 19 noyabr 2020-ci il tarixli ekspert rəyində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzilində Cavabdeh məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni borular vasitəsi ilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkün olduğu göstərilmişdir. Həmin rəy məhkəmə kollegiyası tərəfindən nəzərdən keçirilərkən müəyyən olundu ki, ekspert tərəfindən məhkəmənin 12.02.2020-ci il tarixli qərardadında qoyulmuş suala tam cavab verilməmişdir. Belə ki, qərardadda sual iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzildə su və kanalizasiya xəttinin bərpa edilməsi üçün Cavabdeh məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni boruların texniki cəhətdən hansı qaydada quraşdırılması yolu ilə su və kanalizasiya xətlərinin bərpasının mümkünlüyünün müəyyən edilməsi barədə olsa da, ekspert verdiyi rəydə cavabdehin mənzilinin ləğv edilmiş hissəsindən yeni borular vasitəsilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkün olduğunu yazmaqla kifayətlənmiş və həmin rəyini müvafiq sxem çəkilməklə əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmənin 17 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzilində su və kanalizasiya xəttinin bərpa edilməsi üçün cavabdehə məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni boruların texniki cəhətdən hansı qaydada quraşdırılması yolu ilə su və kanalizasiya xətlərinin bərpasının mümkünlüyünün müəyyən olunması barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1212 saylı 30 aprel 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, bina 1870-ci ildə inşa edildiyindən ümumi kanalizasiya xətti istismara yararlılığını itirdiyindən bina sakinləri bina xaricindən fərdi olaraq çəkilmiş ümumi yeni kanalizasiya borusuna qoşulmuş, o cümlədən Cavabdeh da evindən yeni kanalizasiya borusuna qoşulma mövcuddur və köhnə kanalizasiya borusuna İddiaçı qoşulması texniki cəhətdən mümkünsüzdür. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan 25,29A saylı mənzillərə aid olan kanalizasiya və su xətti mövcuddur. Lakin həmin xətlər işlək vəziyyətdə deyil. Həmin mənzilin alt hissəsində 14/14a saylı mənzilin sanitar qovşağı yerləşir və həmin mənzilin kanalizasiya xətlərinə baxış keçirilərkən binanın ümumi fasadına bitişik quraşdırılmış 100 mm ölçüdə kanalizasiya xətlərinə qoşulduğu, 14/14a saylı mənzilin divarlarının kafellə üzləndiyi və mənzil daxili olan kanalizasiya xətlərinin gizli şəkildə olduğu müəyyən edilmişdir. Rəyin nəticə hissəsində göstərilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzildə Cavabdeh məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən 100mm diametrində plasmas boruların vasitəsi ilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkün olduğu, bunun üçün mənzillərin daxilindən nəzərdə tutulan yerdən plasmas boru çəkilməklə ümumi kanalizasiya xəttinə birləşdirilməsi göstərilmişdir. Sözügedən ekspert rəyinə iddiaçının mənzilinə kanalizasiya xəttinin plasmas borular vasitəsi ilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkün olmasını təsdiqləyən sxem əlavə olunmamışdır. Ekspert rəyinin nəticə hissəsində göstərilən məsələnin araşdırılması məqsədilə həmin ekpsert rəyini tərtib etmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X4 məhkəməyə dəvət olunmuşdur. Ekspert izahatında bildirmişdir ki, iddiaçının mənzilinin yerləşdiyi binalarda daha öncədən kanalizasiya xətləri mövcud olmuş, lakin sonradan ləğv edilmiş, mənzilə yerində baxış keçirərkən iki mənzilin birləşdirildiyi, kanalizasiya xətlərindən birinin işlək, digərinin isə işlək vəziyyətdə olmadığı, faktiki vəziyyətdə isə hər 2 mənzildə təmir işlərinin getdiyi müəyyən edilmişdir. Beləliklə, ekspert verdiyi rəyin nəticə hissəsində gəldiyi qənaəti- iddiaçıya məxsus 25, 29A saylı mənzildə su və kanalizasiya xəttinin cavabdehə məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni 100 mm diametrində plasmas boruların vasitəsilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkünlüyünü, o cümlədən bunun üçün mənzillərin daxilindən nəzərdə tutulan yerdən plasmas boru çəkilməklə ümumi kanalizasiya xəttinə birləşdirmənin mümkünlüyünü əsaslandıra bilməmişdir. Kollegiya nəzərə alır ki, həm cavabdehin, həm digər alt və üst qonşuların kanalizasiya xətləri binanın bayır hissəsindən gedən kanalizasiya borusuna qoşulmuş və həmin kanalizasiya xəttinə iddiaçının qoşulmasına hər hansı maneə yoxdur. İddiaçının mübahisələndirdiyi su kanalizasiya xətti isə ümumiyyətlə işlək vəziyyətdə deyil və yalnız iddiaçının mülkiyyətində olan mənzildə deyil, digər qonşularda da ləğv edilmiş vəziyyətdədir. Lakin digər qonşular yuxarıda da qeyd olunduğu kimi, binanın bayır tərəfi ilə gedən kanalizasiya xəttinə qoşulmuş və həmin xəttdən istifadə edirlər. Hazırki vəziyyətdə iddiaçının öz mənzilinə aid olan hissədə kanalizasiya xəttinin məhz cavabdeh tərəfindən ləğv edilməsi, ümumiyyətlə irəli sürülən tələblər üzrə cavabdehin təqsirli olması, məhz cavabdehin günahı ucbatından iddiaçının evində kanalizasiya sistemindən məhrum olması halları məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmadı. Belə olan halda iddiaçının “onun mənzilinə aid kanalizasiya xətlərinin cavabdehin hesabına bərpa edilməsi, bərpa edildikdən sonra mənzilinə gələn su və kanalizasiya xətlərinin normal işləməsinə maneələr yaratmamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbləri əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının “maddi və mənəvi ziyanın tutulması” barədə tələblərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin tələblər də əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırki işdə cavabdehin qanunsuz hərəkətlər (hərəkətsizlik) etməsi, bunun nəticəsində iddiaçıya maddi ziyan vurulması və bu zərərlə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqə müəyyən edilmir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi ziyan vurulması halları məhkəmə araşdırmaları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, bu mənəvi zərərin nədə təzahür etməsini (cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələndiyini, hansı psixi, mənəvi sarsıntı keçirdiyini) məhkəməyə bildirməmişdir. Bu isə iddiaçının mahiyyət etibarı ilə mənəvi zərərin qarşılığının deyil, maddi zərərin qarşılığının ödənilməsini tələb etməsi mənasına gəlir. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməməsi, hansı şəxsi qeyri-əmlak hüquqlarının pozulmasının qeyri-müəyyənliyi birinci instansiya məhkəməsinin ədalətli mövqedə olmasını göstərir. Odur ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri Kollegiya əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi və iddianın təmin olunması üçün əsas vermir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 01.11.2019-cu il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutulmalı və ödənilmiş dövlət rüsumunun məbləği apellyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-1684/2019 saylı 01 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri qismində 150 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2(103)-218/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-218/2021
29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver