Məhkəmə qərarları › İş №2(103)-2180/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2180/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2180/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: əldən çıxmış fayda, əmlak və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əldən çıxmış fayda, əmlak və mənəvi zərər tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2120/2023 nömrəli 01 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 05 may 2012-ci il tarixli “evlərin Kirayə müqaviləsi”nə görə ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil kirayəyə verilmişdir. Ev sahibi tərəfindən evdə saxlanılan əşyalar: yataq dəsti, soyuducu, paltaryuyan, divan, televizor, oturaq stolu 4, stul 1, kondisioner.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2322/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzildən məcburi qaydada çıxarılmaları, cavabdehlərdən müştərək qaydada 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər (6 ay) hər ay üçün 300 (üç yüz) manat olmaqla, cəmi 1.800 (min səkkiz yüz) manat kirayə haqqının alınaraq İddiaçı ödənilməsi, cavabdehlərdən müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım üçün ödənilmiş 1.500 (min beş yüz) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, cavabdehlərdən müştərək qaydada istifadə etdikləri suya görə "xxxx" ASC-yə ödənilmiş 220 (iki yüz iyirmi) manatın alınaraq İddiaçı ödənilməsi, cavabdehlərdən müştərək qaydada kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzilə görə kommunal xidmət haqqı olaraq ödənilmiş 1.416 (min dörd yüz on altı) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2322/2021 saylı icra sənədinin könüllü icra edilməsindən ötrü 10 gün müddət verilmiş və xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş borclulara göndərilmişdir.

4. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktına görə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi, bina 72, 37 saylı mənzilin giriş qapısının açarı yenilənərək tələbkar İddiaçı təhvil verilmişdir.

5. “Bakı Ekspertiza Mərkəzi”nin M-0003/23 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən kirayə verilən ev Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzil TİKMAT yaşayış kompleksindədir. 80 kv.m sahəsi olan, 2 otaqdan 3 otağa düzəldilmiş orta səviyyədə əşyalı mənzilin 3 iyun 2021 tarixindən 20 iyul 2022 tarixinədək olan vaxt üçün aylıq dəyəri təxminən 450-500 manat olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 500 manat dəyərində 5 kq-lıq “Hoffman” markalı soyuducunun, 350 manat dəyərində “Beko” markalı paltaryuyanın, 400 manat dəyərində 40 kv.m “Samsung” markalı kondisionerin və 200 manat dəyərində 80 mm-lik “LG” markalı televizorun və ya onların dəyərinin ümumilikdə 1.450 manatın; ünvan 1, mənzil 37-dən 03 iyun 2021 tarixindən 20 iyul 2022 tarixinədək olan vaxt üçün kirayənin dəyəri olaraq əldən çıxmış faydanın - 6.930 manatın; Abşeron rayon Vəkil Bürosu ilə bağlanmış müqavilələrə görə apellyasiya məhkəməsində təmsil etmək və hüquqi yardım üçün büronun hesabına ödənilmiş 800 manatın və Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardıma görə büronun hesabına ödənilmiş 300 manatın, ümumilikdə 1100 manatın; hazırki iş üzrə hüquqi yardım göstərilməsi üçün Ekol Vəkil Bürosu ilə bağlanmış müqaviləyə əsasən büronun hesabına ödənilmiş 1.000 manatın; tərəfindən “X2 Mərkəzi” MMC-yə ödənilmiş 300 manatın; mənəvi ziyan olaraq vurulmuş 1.500 manatın; dövlət rüsumuna görə ödənilmiş 127 manatın; ümumilikdə 12.407 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil ona məxsudur. Həmin evi Cavabdeh2 və onun ailə üzvlərinə 300 manata kirayəyə vermişdir. Kirayəçilər mənzildən çıxmadıqlarından məcbur olub məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhəməsinin 03 may 2021-ci il tarixli 2(011)-2322/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Lakin cavabdehlər mənzildən çıxmayaraq süründürməçilik niyyəti ilə apellyasiya və kassasiya şikayətləri verməklə hər hansı bir kirayə ödənişi ödəmədən mənzildə yaşamağa davam etmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Ceyhun Həmidov tərəfindən icra sənədinin icrası 20 iyul 2022-ci il tarixinə saat 10:00-a təyin olunmuş və bununla bağlı qabaqcadan təyinat məktubları və digər inzibati orqanlara göndərilmişdir. Həmin gün Cavabdeh2 iki saat əlavə vaxt istəyərək saat 12:00-da ünvan 1, mənzil 37 ünvanının giriş qapısının açarını könüllü olaraq şöbəyə gətirərək təhvil vermişdir. 20 iyul 2022-ci il tarixdə, saat 14:00 radələrində hal şahidlərinin iştirakı ilə evə daxil olduqda evdə bəzi əşyaların - ağ rəngli “Hofmann” markalı soyuducunun, 5 kq-lıq “Beko” markalı paltaryuyanın, ağ rəngli “Samsung” markalı kondisionerin və 80 MM “LG” markalı sadə ekranlı televizorun evdə olmadığını görmüşlər. Bu barədə Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Ceyhun Həmidov tərəfindən 22 iyul 2022-ci il tarixli akt tərtib edildi və hal şahidləri də daxil olmaqla aktı imzalamışlar. Bildirilir ki, evi kirayə verərkən makler tərəfindən tərtib olunmuş bir kirayə müqaviləsi vardır. Həmin kirayə müqaviləsində evdə aşkar olunmayan əşyaların evi təhvil götürən Cavabdeh2 təhvil verilməsi imzası ilə də sübuta yetirilir. Bundan başqa, cavabdehlərdən biri Cavabdeh3lə arasında olan yazışmalar da həmin əşyaların iddiaçıya məxsus olmaqla evdə olmasını təsdiq edir. Həmin əşyaların özləri və ya dəyəri cavabdehlər tərəfindən qaytarılmalıdır. Bundan başqa, cavabdehlər vaxtında evdən çıxmamaqla onun evini kirayə verməklə əldə edəcəyi qazancdan məhrum etmişlər. Onlar evə köçərkən evin kirayə haqqını 300 manatla ödəyirdilər. Lakin sonradan mənzilin dəyəri qalxmış və həmin ünvanda orta təmirli, əşyalı mənzillərin orta qiyməti 450-500 manat təşkil etmişdir. Bakı şəhəri Xətai Rayon Məhəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-2322/2021 saylı qətnaməsindən icra sənədinin icra olunmasına qədər 1 il 4 ay müddət keçmişdir. Cavabdehlər qətnamədən sonra dərhal evdən çıxsaydılar bu iddianı qaldırmağa məcbur olmazdı. Cavabdeh2 Yadula oğlu onları aldadaraq mənzillərini ələ keçirməyinə dair Bakı şəhəri Xətai rayon prokuroluğuna müraciət etmiş və Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi tərəfindən araşdırma aparılmış və xx.xx.2021-ci il tarixldə əməlində hər hansı bir cinayət hadisəsi olmadığından cinayət işinin bağlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Bütün bunlardan aydın olur ki, cavabdehlər mənəvi əziyyət vermək, onu qazanacağı faydadan məhrum etmək niyyətində olduqları açıq-aşkar görünür. Bundan başqa, hazırki iş üzrə də hüquqi yardım göstərilməsi üçün Ekol Vəkil Bürosu ilə bağlanmış 07 aprel 2023-cü il tarixli, 86 saylı müqaviləyə əsasən 1.000 manat ödəniş etmişdir.

8. “X2 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, YDQM 005-048/2023 nömrəli rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş məişət əşyalarının qiymətləndirilməsi üçün mövcud üç yanaşmadan yalnız müqayisə yanaşması tətbiq olunmuşdur və monitorinq bazasında toplanan, internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edilməklə bazar dəyəri: “Hoffman” markalı 5 kq-lıq Soyuducu 500 AZN, “Веkо” markalı Paltaryuyan 350 AZN, “Samsung” markalı 40 kv.m Kondisioner 400 AZN, “LG” markalı 80 mm-lik Televizor 200 AZN, cəmi 1450 AZN olaraq müəyyən olunmuşdur. Qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin orta bazar və aylıq kirayə haqqı dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar və aylıq kirayə haqqının deyəri müəyyən edilmişdir. Beləliklə də, aparılmış hesablamalar nəticəsində, ünvan 1 ünvanında yenəşən 37 saylı mənzilinin bazar dəyərinin və aylıq icarə haqqı: 2021-ci il 490 AZN, 2022-ci il 500 AZN, 2023-cü il 530 AZN olaraq müəyyən olunmuşdur.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 dekabr 2023-cü il tarixli 2(005)-2120/2023 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 6930 manat əldən çıxmış fayda, hüquqi yardıma görə Ekol Vəkil Bürosunun hesabına ödənilmiş 1000 manat, 300 manat qiymətləndirmə xərci və 127 manat dövlət rüsumu olmaqla, cəmi 8357 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 350 manat dəyərində 5 kq-lıq “Beko” markalı paltaryuyan və 500 manat dəyərində “Hoffman” markalı soyuducunun İddiaçı verilməsi, həmin əşyalar olmadıqda onların dəyəri 850 manat məbləğin alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzildən kirayə haqqı ödənilmədən istifadə edilməsi və sahibliyi ilə bağlı hərəkətlərinin qanunsuz olması kimi qiymətləndirilmiş, həmin faktiki hal məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır.

11. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirib hesab etmişdir ki, təmənnasız (ödənişsiz) yaşayış müddəti və bunun nəticəsində vurulmuş zərər məbləği müəyyən edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir. Zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Belə ki, tərəflər arasında əvvəllər mövcud olmuş kirayə hüquq münasibətlərinə xitam verilsə də, həqiqi vəziyyətə məhz bu münasibətlər nəticəsində mövcud olan qiymətlər, yəni kirayə haqqı əsas götürülməlidir. Hər bir halda, cavabdehlər iddiaçıya məxsus mənzildə ödənişsiz əsaslarla yaşamaqla ona maddi zərər vurmuşdur. Cavabdehlər özünə məxsus olmayan başqa hər hansı mənzildə yaşadığı təqdirdə bunun üçün etməli olduğu ödənişlər məhz kirayə haqqı qismində ödənilmiş olacaqdır. Aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, mübahisəli mənzilin göstəricilərinə uyğun mənzillərin kirayə haqqı 490-500 manat məbləğindədir (“X2 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli rəyi). Belə olan halda, İddiaçı vurulmuş aylıq zərər məbləği qismində məhz 2021-ci ilin iyun ayı daxil olmaqla 7 ayı üzrə aylıq 490 manat, 2022-ci ilin ilk 7 ayı üçün 500 manat məbləği qəbul edilməlidir. Cavabdehlər iddiaçıya məxsus mənzildə ümumilikdə 14 ay (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra yaşaması əsas götürüldüyü təqdirdə ümumi zərər məbləği (7 ay x 490 manat = 3430 manat, 7 ay x 500 manat = 3500 manat) 6930 manat təşkil edir.

12. Məhkəmə qeyd etmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış şifahi kirayə müqaviləsi əsasında cavabdehlər 2013-cü ilin mart ayından mübahisəli mənzildə yaşamağa başlamışlar. Lakin iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş evlərin kirayəsi müqaviləsinin surətindən görünür ki, həmin müqavilə xx.xx.2012-ci il tarixində bağlanmış, müqaviləni imzalayan kirayəçinin imzasının qarşısında ad, soyad qeyd olunmamışdır. Ona görə də, həmin müqavilənin digər tərəfinin həqiqətən də Cavabdeh2 olması müəyyən edilmir. Belə olan halda qeyd olunan müqavilə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu baxımdan müqavilə həm tarix baxımından hazırki mübahisəli hala uyğun gəlmir, həm də müqaviləni imzalayan kirayəçinin şəxsiyyətinin eyniləşdirilməsi baxımından qüsurludur. Belə olan halda, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzildə “Samsung” markalı kondisionerin və “LG” markalı televizorun mövcudluğu sübuta yetirilmir. Lakin bunun əksinə qeyd olunan mənzildə “Hoffman” markalı soyuducunun və “Beko” markalı paltaryuyanın mövcudluğu və mənsubluğu, iddiaçının təqdim etdiyi “whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalardan müəyyən edilir.

13. Mənəvi zərərə münasibətdə Kollegiya qeyd etmişdir ki, hazırki işdən göründüyü kimi, cavabdehlər iddiaçıya məxsus olan mənzildən xx.xx.2021-ci il tarixindən xx.xx.2023cü il tarixədək ödənişsiz qalmaqla, 14 ay ərzində çıxmayaraq, iddiaçıya ziyan vurmaqda davam etmişlər. İddiaçı hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş, onun yanına gedib-gəlməsi, daha sonra məcbur qalaraq məhkəməyə müraciət etməsi, onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 1500 manatın iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Məhkəmə mənəvi zərər həddinin iddiaçıya 150 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı xeyrinə 150 manat məbləğində mənəvi zərərin əvəzi tutulmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 385, 386.1, 560.1, 560.2, 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1094, 697.1, 697.2, 697.4, 152.1, 152.5, 157.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 217.4, 218.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, “Hoffman” markalı soyuducu tərəfindən xx.xx.2019-cu il tarixdə 329 manat olmaqla “Kontakt Home” mağazalar şəbəkəsinin Bakıxanov filialından alınmışdır. Digər tərəfdən sözügedən mənzildə məhkəmə tərəfindən qeyd edilən 350 manat dəyərindən 5 kq-lıq “Beko” markalı paltaryuyan deyil, “Hoffman” markalı paltaryuyan olmuşdur ki, həmin məişət əşyası da tərəfindən xx.xx.2018-ci il tarixdə əldə edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sözügedən mənzildə elektrik, su və qaz sərfiyyatı ev sahibi tərəfindən qərəzli şəkildə kəsildiyindən bu müddət ərzində həmin evə yaşamaları mümkün olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

19. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

20. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

25. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.

26. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

30. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

31. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti verdiyindən, cavabdehlərə münasibətdə isə tələb bölünməz olduğundan, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göründüyü kimi tərəflər arasında kirayə münasibətləri olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2322/2021 nömrəli qətnaməsi ilə cavabdehlərin iddiaçıya məxsus olan mübahisəli mənzildən məcburi qaydada çıxarılmaları, müştərək qaydada 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər (6 ay) hər ay üçün 300 manat olmaqla, cəmi 1.800 manat kirayə haqqının alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən mənzilin giriş qapısının açarı yenilənərək tələbkar İddiaçı təhvil verilmişdir.

41. İddiaçı xx.xx.2021-ci il tarixdən mənzil ona təhvil verildiyi xx.xx.2022-ci il tarixinə qədər olan müddət üçün əldən çıxmış faydanı tələb etmişdir.

42. Qanunvericilikdə göstərilmişdir ki, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər.

43. Mənzil xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verildiyindən və həmin vaxta qədər hər hansı kirayə haqqı ödənilmədən cavabdehlər orada yaşadığından iddiaçı haqlı olaraq bu müddət üçün kompensasiyanı tələb etmişdir.

44. Cavabdeh apellyasiya şikayətində göstərir ki, bu müddət ərzində iddiaçı tərəfindən sözügedən mənzildə elektrik, su və qaz sərfiyyatı ev sahibi tərəfindən qərəzli şəkildə kəsildiyindən bu müddət ərzində həmin evə yaşamaları mümkün olmamışdır. Lakin bu halları təsdiq edən sübutlar təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixə qədər mənzilin iddiaçıya təhvil verilməməsi və cavabdehlərin istifadəsində olması mübahisəsizdir.

45. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1288/2021 saylı qərardadından müəyyən olunur ki, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(006)-6046/2020 saylı qərardadı ilə iddiaçının ərizəsi əsasında mübahisəli mənzilə verilən elektrik enerjisinin dayandırılması qərara alınmış, lakin Cavabdeh1 şikayəti əsasında istinad olunan xx.xx.2021-ci il tarixli 2(006)-1288/2021 saylı qərardadla həmin məhdudiyyət aradan qaldırılmış, elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Yəni, göstərilən məhdudiyyət hazırki iddianın əhatə etdiyi dövrə təsadüf etmir.

46. Kompensasiya məbləğində münasibətdə isə qanunvericiliyin tələbinə əsaslanaraq məhkəmə haqlı olaraq keçirilmiş qiymətləndirmə nəticəsində müəyyən edilmiş aylıq kirayə haqlarını əsas götürmüşdür.

47. Bundan başqa iddiaçı 500 manat dəyərində 5 kq-lıq “Hoffman” markalı soyuducunun, 350 manat dəyərində “Beko” markalı paltaryuyanın, 400 manat dəyərində 40 kv.m “Samsung” markalı kondisionerin və 200 manat dəyərində 80 mm-lik “LG” markalı televizorun və ya onların dəyərinin ödənilməsini tələb etmiş, məhkəmə göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzildə “Samsung” markalı kondisionerin və “LG” markalı televizorun mövcudluğu sübuta yetirilmir. Lakin bunun əksinə qeyd olunan mənzildə “Hoffman” markalı soyuducunun və “Beko” markalı paltaryuyanın mövcudluğu və mənsubluğu, iddiaçının təqdim etdiyi “whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalardan müəyyən edilir.

48. İddiaçı digər əşyaya münasibətdə qətnaməni mübahisələndirməmişdir.

49. Cavabdeh isə apellyasiya şikayətində göstərmişdir ki, Hoffman” markalı soyuducu tərəfindən xx.xx.2019-cu il tarixdə 329 manat olmaqla “Kontakt Home” mağazalar şəbəkəsinin Bakıxanov filialından alınmışdır. Digər tərəfdən sözügedən mənzildə məhkəmə tərəfindən qeyd edilən 350 manat dəyərindən 5 kqlıq “Beko” markalı paltaryuyan deyil, “Hoffman” markalı paltaryuyan olmuşdur ki, həmin məişət əşyası da tərəfindən xx.xx.2018-ci il tarixdə əldə edilmişdir.

50. İş materiallarında olan iddiaçı ilə Cavabdeh3 arasında olan “whatsapp” yazışmalarında göstərilmişdir ki, “Salam bu evdə kondisioner paltaryuyan xarab olub. Usta çağırdım deyir paltaryuyanın 150 manat xerci var baraban yanıb.” “Salam. Düzəltdirməyə imkanın çatırsa qoy düzəltsin. İmkanın çatmırsa qalsın bu ay özüm gəlib yığışanda düzəltdirərəm birtəhər.” “İyun ayının pulu soyuducuya verildi.” “İyulun pulundan 250 manat verdin. Qaldı 50 manat+30 manat xolodelnikdən, cəmi 80 manat.” “180 manat ödədin. Avqustdan 100+30 xolodelnik+50 iyuldan qalan.”

51. Tərəflər arasında olan yazışmalardan müəyyən edilir ki, paltaryuyan və soyuducuya görə ödənilmiş pul məbləği aylıq kirayə haqqından çıxılmışdır. Əgər cavabdehin qeyd etdiyi kimi öz vəsaitləri hesabına alınmış olsa idi, belə olan halda onların dəyərinin kirayə haqqı ilə əvəzləşdirilməsi baş verməzdi. Göründüyü kimi cavabdehin dəlilləri təkzib edilir.

52. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının çətin vəziyyətə düşməsi, məhkəməyə müraciət etmək məcburiyyətində qalması və digər proseslər nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi mübahisəsiz olduğundan məhkəmə haqlı olaraq 150 manat məbləğində mənəvi zərərin tutulması qənaətinə gəlmişdir.

53. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir.

54. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

55. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2120/2023 nömrəli iş üzrə 01 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar