Məhkəmə qərarları › İş №2(103)-2182/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2182/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2182/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli qətnamədən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı "xxxx" QSC “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun işçisi olmuş Cavabdeh ona vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə 313.097 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 604 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx" əsasən cavabdeh, QSC-nin Məişət və keramika əşyaları satışı şöbəsində satış meneceri vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh tərəfindən əmək funksiyalarının yerinə yetirilməsi məqsədi ilə QSC ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə həm də “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır. “Tam maddi məsuliyyət haqqında müqavilənin” şərtlərinə görə, işçi olan cavabdeh tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində işlədiyi QSC tərəfindən ona etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi zamanı, onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə, ona satış üçün etibar olunmuş əmlakın satış pulunu həmin pulu əldə etdiyi gündən ən geci 3 təqvim günü ərzində QSC-nin kassasına təhvil verməyi, kassaya mədaxil edənə qədər QSC-yə məxsus həmin pulun, habelə maddi qiymətlərin təhlükəsizliyi üçün tam həcmdə maddi məsuliyyət daşıması öhdəliyini üzərinə götürmüşdür. İşlədiyi müddətdə, cavabdeh, ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədi ilə QSC-dən götürmüş, həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin məişət avadanlıqlarının dəyərini üzləşmə aktlarına əsasən, son olaraq 313.097 manat (184.175 ABŞ dolları) vəsaiti QSC-nin xəzinəsinə təhvil vermiş, bununla da, QSC-yə külli miqdarda ziyan vurmuşdur. Belə ki, cavabdehin iştirakı ilə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində tərtib olunmuş və cavabdehin imzası ilə təsdiq edilmiş “Üzləşmə aktlarından” görünür ki, cavabdeh iddiaçı QSC-yə həmin məbləğdə olan borcunu etiraf etmişdir. Bununla bağlı olaraq QSC tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə yazılı xəbərdarlıq göndərilmiş və həmin məbləğin ödənilməsi tələb olunmuşdur. Buna və “Tam maddi məsuliyyət haqqında müqavilənin” şərtlərinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Bu səbəbdən də, QSC, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 604 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixdən QSC-də satış meneceri vəzifəsində çalışmağa başlamışdır. 2021-ci ilin iyul ayında cavabdeh səhhətində olan problemlərlə bağlı işə çıxa bilməmiş, bu barədə QSC-yə məlumat vermiş və sonradan xəstəlik vərəqəsinin surətini QSC-yə təqdim etmişdir. Əmək qabiliyyəti olmayan dövrdə QSC-nin rəhbərliyi cavabdehdən israrla tələb etmişdir ki, işə gəlsin və onun istifadəsinə verilmiş "xxxx" markalı avtomobili də QSC-yə təhvil versin. Bundan sonra cavabdeh vəkillə “Hüquqi yardım göstərilməsi haqqında müqavilə” bağlamış və xx.xx.2021-ci il tarixdə həmin avtomobili QSC-yə təhvil vermişdir. Bundan sonra cavabdeh, xx.xx.2021-ci il tarixdə ərizə ilə QSC-yə müraciət edərək, yeni bir müəssisədə işə çalışmağa başlamaq üçün razılığa gəldiyini, həmin razılığa əsasən xx.xx.2021-ci il tarixdə həmin müəssisə ilə əmək müqaviləsi bağlayıb işə çıxmalı olduğunu bildirmiş və təklif məktubunun surətini əlavə edərək xx.xx.2021-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Lakin QSC Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq, tələsik olaraq audit yoxlaması təyin etmiş, cavabdehə hədə-qorxu gələrək guya onun QSC-yə 184.000 ABŞ dolları məbləğində borcunun olduğunu və pulu geri qaytarmasını tələb etmişdir. Hətta rəsmi məktubla müraciət edərək Əmək Məcəlləsinin tələblərinə zidd olaraq pul ödənilmədiyi halda işdən azad edilməyəcəyini bildirmişdir. Daha sonra QSC-nin rəhbərliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 291-K nömrəli əmr ilə cavabdeh ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh həmin əmr ilə razılaşmayaraq QSC-yə qarşı “əmrin ləğv edilməsi və onun Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin QSC-nin üzərinə qoyulması barədə” iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi (İş № 2(007)-374/2022) iddianın təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən QSC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(103)-4253/2022) apellyasiya şikayətinin təmin edilməməsini, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin mülki iş araşdırılan zaman hazırki iş üzrə iddiaçı QSC tərəfindən mülki iş materiallarına əlavə edilmiş aktlar təqdim edilmiş və bir daha cavabdehin QSC-yə borcu olduğu bildirilmişdir. Lakin bütün bu hallar həmin işin baxılması zamanı araşdırılmış və təsdiqini tapmamışdır. Belə ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh tərəfindən QSC-yə borcunun olmasını təsdiq edə biləcək sübutlar QSC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, müvafiq qətnamələrlə artıq cavabdehin iddiaçı QSC-yə borcunun olmaması ilə bağlı xüsusat öz təsdiqini tapmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı QSC istinad edir ki, cavabdeh, QSC-nin məhsullarını satmaq üçün götürmüş, lakin sataraq pulu QSC-nin xəzinəsinə təhvil verməmişdir. Bununla bağlı isə, yəni məhsulların QSC tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması ilə bağlı heç bir sübut QSC tərəfindən məhkəməyə təqdim edilməmişdir. QSC-nin istinad etdiyi və iş materiallarına əlavə edilmiş “Təhvil-təslim aktlarına” gəldikdə isə qeyd edilməlidir ki, həmin aktlar Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)-374/2022 saylı mülki iş zamanı da təqdim edilmiş və mötəbər sübut kimi qəbul edilməmişdir. Belə ki, həmin sənədlərdə görünür ki, bütün soyad qrafalarında İbrahim yazılmış, ad qrafalarında isə müxtəlif şəxslərin adları qeyd edilmiş, daha sonra müəyyən məbləğlər qeyd edilmiş və şəxslər tərəfindən imzalanmışdır. Həmin aktlarda hər dəfə fərqli məbləğlər qeyd edilmişdir. İddiaçı QSC-nin həmin aktlarla bağlı bildirdikləri şərti olaraq həqiqətə uyğun kimi qəbul olunarsa, onda başa düşülməlidir ki, azalan borc məbləği ya cavabdeh tərəfindən ya da üçüncü şəxslər tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçının dediyi kimi “həmin pulların xəzinəyə verilməsini” əks etdirən sənəd mövcud olmalıdır. Lakin belə bir sənəd mövcud deyildir. Ümumiyyətlə həmin təhvil-təslim aktları bir növ elə sənəddir ki, müəssisənin işçiləri tərəfindən məhsulların alınmasına cəlb edilmiş şəxslərin siyahısıdır. Cavabdehdə həmin şəxslərə hansı məhsulların verilməsi və dəyərinin ödənilibödənilməməsi ilə bağlı məlumat yoxdur. QSC tərəfindən məhkəməyə təqdim edilmiş “Borcların qrafik ödənişi” adlı sənəddən görünür ki, üzləşmə aktlarında adı qeyd edilən şəxslər QSC-yə olan pulların ödənilməsi ilə bağlı qrafik tərtib etmişdirlər. Həmin qrafik də QSC-nin məsul işçisi və cavabdeh tərəfindən imzalanmışdır. Yəni həmin üzləşmə aktları cavabdehin deyil, QSC-nin məhsul verdiyi şəxslərin borclarını əks etdirir. QSC-nin əməkdaşları özləri həmin şəxslərlə əlaqə saxlayıb borcun ödənilməsini tələb etmiş, eyni zamanda müştərilərlə borcla bağlı müqavilə imzalamışlar. Bununla yanaşı həmin ödənişləri cavabdehdən də tələb edir. Bütün bunlar onu deməyə əsas verir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

4. Daha sonra cavabdehin vəkili (nümayəndəsi) tərəfindən işə baxmış Rayon Məhkəməsinə ərizə verilmiş və QSC tərəfindən cavabdehə qarşı irəli sürülmüş “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiaya, iddianın iddia müddətinin ötürülməsi ilə verilməsi əsası ilə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi xahiş olunmuşdur.

5. “İddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə baxış iclası zamanı cavabdeh qismində izahat verən Cavabdeh bildirmişdir ki, iddiaçı QSC-nin istinad etdiyi üzləşmə aktları formal olaraq bütün işçilərlə bağlanmışdır, həmçinin onunla QSC arasında da 2019-cu ildən bugünədək hər ay həmin aktlar üzrə sövdələşmə olmuşdur. 2019-cu ildən bugünədək iddiaçı QSC ilə cavabdeh arasında imzalanmış üzləşmə aktlarının surəti məhkəməyə təqdim edilmişdir. Həmin üzləşmə aktlarından məlum olur ki, QSC ilə cavabdeh arasında hələ xx.xx.2019-cu il tarixdən etibarən QSC-nin istinad etdiyi “guya cavabdehin borcu olmasını etiraf edən sənədin” imzalandığı müəyyən olunur. QSCnin bildirdikləri şərti olaraq həqiqətə uyğun olan kimi qəbul edilsə, yəni iddia ərizəsində istinad edildiyi kimi, işçinin işəgötürənə maddi ziyan vurmasını təsdiq edən sübut kimi həmin üzləşmə aktlarını qəbul etsək, bu zaman iddiaçı iddia müddətini ötürmüşdür. Həmin aktlardan görünür ki, iddiaçı QSC, cavabdehin ona maddi ziyan vurmasından 2019-cu ildən məlumatlı olmuş, məhkəməyə isə 2022-ci ilin iyul ayında müraciət etmişdir. Belə olan halda ASC qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. c) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat

6. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, QSC tərəfindən təqdim edilmiş üzləşmə aktlarından görünür ki, cavabdeh, QSC-yə olan borcunu etiraf etmişdir. Üzləşmə aktlarında başqa şəxslərin adının olması o demək deyil ki, həmin aktlar əsassızdır. Çünki aktların bu qaydada rəsmiləşdirilməsi QSC-nin daxili iş qaydasıdır. Cavabdehin öz imzası ilə təsdiq etdiyi aktda borcun 187.000 ABŞ dolları məbləğində olması göstərilmişdir. Cavabdeh 3.000 ABŞ dolları məbləğində ödəniş etdiyinə görə borcun məbləği 184.000 ABŞ dollarına enmişdir. Ümumilikdə isə cavabdehin iddiaçı QSC-yə olan borcu manatla ifadə edildikdə 313.097 manat təşkil edir. Cavabdeh satış meneceri olaraq malları özü QSC-dən götürmüş və paylamışdır (satmışdır). QSC-nin rəhbərliyi malların aqibətini bilmək üçün cavabdehi QSC-yə dəvət etmiş, amma cavabdeh gəlməmişdir. QSC-də komissiya yaradılaraq audit yoxlaması aparılmış və cavabdehin yuxarıda qeyd edilən məbləğdə QSC-yə borcunun olması faktı bir daha təsdiqini tapmışdır.

7. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman, cavabdeh, iddia tələbinə qarşı verdiyi etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, işlədiyi QSCdə menecer sistemi olub. Menecerlər hər şeyi nəzarətdə saxlayırdılar. O, satış meneceri olaraq müştəri tapıb sifariş götürürdü. Sifarişi götürdükdən sonra QSC-yə gəlir, sifarişləri kağıza yazıb bununla məşğul olan şəxsə təqdim edirdi. Daha sonra sifariş 4-5 müdiriyyətdən keçib ya təsdiq olunurdu, ya da olunmurdu. Sifarişin üstündən 3-4 gün keçdikdən sonra satış menecerini çağırıb sifarişini deyirdi. Onlar həmin sifarişi QSC-də çalışan İsrail adlı şəxsə deyirdilər, o isə, həmin sifarişi satış müdiri olan Fəzail adlı şəxsə bildirirdi. Fəzail sifarişə qol çəkdikdən sonra sifarişlər Şöbəyə yönləndirilirdi. Tam təsdiqini tapdıqdan sonra yenidən İsrailə qayıdır, o isə, anbara bildirirdi. İşi ilə bağlı ona avtomobil verilmişdir və bu səbəbdən də, onunla QSC arasında “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır. 100 manat yanacaq üçün pul verirdilər. İstisna hallarda 10-20 manat cibindən özü verirdi. Avtomobilin təmirinə pul vermirdilər. Üzləşmə aktlarına onlar hər ay qol çəkirdilər. Onlara bildirmişdilər ki, əgər qol çəkməsələr ərizəni yazıb işdən getməlidirlər. Şirkətdə malın öz dəyəri dollarla hesablanır amma qaimələrdə manat qeyd olunurdu. Müştərinin üzərinə gedə bilmədiklərinə görə həmin məbləğləri onların üzərinə yazıb Şirkətdən asılı vəziyyətə gətirirlər. Onun işlədiyi bölmə elektrotexnika (paltaryuyan, soyuducu, kondisioner və s.) satışı ilə məşğul olurdu. Anbardar əşyanı müştəriyə çatdırırdı. Onun işi isə müştəri tapmaqdan ibarət idi. Müştəriyə malı o aparmırdı. Malın təhvil verilmə prosesində onun iştirakı olmayırdı. O, nə mal təhvil alırdı, nə də mal təhvil verirdi. Qaimədə onun qolu olmurdu. Üzləşmə aktlarında adları olan bütün şəxsləri tanıyır. 545 manat standart maaş alırdı. Əvvəllər mal sayına görə bonus alıb, daha sonra bunu yığışdırdılar. Üzləşmə aktlarındakı müştəri borclarıdır. Müştəri borclarına hər ay qol çəkirdi. Üzləşmə aktlarının müəyyən qismi, təxmini 15-20 ədəd onda var. Malların pullarını marketinq şöbəsinin işçiləri şirkətə verirdi. d) birinci instansiya məhkəməsini iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

9. Rayon Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 57.1, 199, 296.5-ci maddələrinin və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinin tələblərinə əsasən əsaslandırmışdır. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı QSC cavabdehə qarşı irəli sürdüyü iddia tələbini sübuta yetirə bilməmişdir. Eyni zamanda Rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdehin məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ******* və xx.xx.2021-ci il tarixli ******* saylı “Daxili hərəkət cədvəllərindən” görünür ki, iddiaçı QSC-yə məxsus mallar satış meneceri olan iddiaçı vasitəsi ilə pərakəndə şəkildə əsas kimi qeyd olunmuş müştərilərə satılmış, lakin “təhvil aldım” qrafasında cavabdehin imzası yoxdur. Bu isə o deməkdir ki, iddiaçı, təhvil-təslim prosesində iştirak etməmişdir. Bu hal isə öz növbəsində təsdiq edir ki, iddia əsassızdır. e) apellyasiya şikayəti barədə məlumat

10. İddiaçı QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

11. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara obyektiv qiymət verməmiş, işin hallarına səhv yanaşmışdır. Belə ki, Rayon Məhkəməsi iddiaçı QSC ilə cavabdeh arasında olan əmək münasibətlərinə və həmin münasibətlər çərçivəsində “Tam maddi məsuliyyət haqqında müqaviləyə” əhəmiyyət verməmiş, hesab etmişdir ki, QSC cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Rayon Məhkəməsi qətnamədə qeyd etmişdir ki, cavabdeh ilə iddiaçı QSC arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilənin” şərtinə görə “maddi məsul şəxs” olan cavabdeh yalnız tutduğu vəzifə səlahiyyətləri çərçivəsində tam həcmdə maddi məsuliyyət daşıyır. Cavabdeh ilə QSC arasında bağlanmış “Əmək müqaviləsində” isə cavabdeh tərəfindən malların təhvil götürülməsi, satılması və pul vəsaitlərinin QSC-yə təhvil verilməsi vəzifələri nəzərdə tutulmamışdır. Rayon Məhkəməsini bu yanaşması səhvdir. Belə ki, “Tam maddi məsuliyyət haqqında müqavilənin” 19-cu abzasında qeyd edilmişdir ki, QSC ilə “maddi məsul şəxs” olan cavabdeh arasında “Əmək müqaviləsinin” bağlanıb-bağlanılmamasından asılı olmayaraq “maddi məsul şəxs” bu müqavilə üzrə öhdəliklərinə görə QSC qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 17-ci abzasında isə qeyd edilmişdir ki, “Üzləşmə aktları” yekun sənəd olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Cavabdeh, məhkəmə baxışı iclasında bildirmişdir ki, QSC ilə onun arasında “Üzləşmə aktları” daima tərtib edilmişdir. Cavabdeh hətta özündə olan bir neçə “Üzləşmə aktını” sübut qismində Elektron İnformasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirmişdir (bax: e-məhkəmə portalı şəxsi kabinet sıra nömrəsi 14). Rayon Məhkəməsi iddiaçı QSC tərəfindən təqdim edilmiş və cavabdehin imzası ilə təsdiq edilmiş “Pulların təhvil verilməsi cədvəlinə” sübut qismində qiymət verməmiş onları qəbul və ya rədd edilməsinə dair mövqe bildirməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Rayon Məhkəməsi işə baxarkən cavabdeh tərəfindən gecikdirməklə, yəni məhkəmə baxışında – xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ******* və xx.xx.2021-ci il tarixli ******* saylı “Daxili hərəkət cədvəlləri” adlı sənədləri sübutları qeyri-şərtsiz qəbul etmiş və iddianı rədd edərkən həmin sübutları əsas götürmüşdür. Halbuki, həmin sənədlər işin məhkəmə baxışına hazırlanması ərəfəsində, yəni xx.xx.2022-ci il tarixə qədər təqdim edilə bilərdi. Cavabdeh həmin sənədlərin məhz məhkəmə baxışında təqdim edilməsini heç bir formada əsaslandırmamış, işə baxmış Rayon Məhkəməsi də həmin sənədlərin hansı səbəbdən gecikdirilmə ilə verilməsini, gecikdirmənin üzürlü səbəblərdən baş verib-verməməsini araşdırmamışdır. Bununla da, Rayon Məhkəməsi MPM-nin 78.1-ci maddəsinin tələbini pozmuşdur. Rayon Məhkəməsi iddianı rədd edərkən həmçinin Əmək Məcəlləsinin 199-cu maddəsinə istinad etmişdir ki, bu yanaşma səhvdir. Belə ki, QSC, onunla cavabdeh arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqaviləyə” əsaslanaraq iddiaçıya qarşı hazırki iddia tələbini irəli sürmüşdür. Belə olan halda Rayon Məhkəməsi nəzərə almalı idi ki, tərəflər arasında yaranmış mövcud mübahisə əmək münasibətlərindən deyil, mülki münasibətlərdən yaranmışdır və bu mübahisə Əmək Məcəlləsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin tələbləri baxımından həll edilməli idi. f) apellyasiya şikayətinə qarşı verilmiş etiraz barədə məlumat

12. İş üzrə cavabdeh apellyasiya şikayətinə qarşı etiraz vermişdir.

13. Apellyasiya şikayətinə qarşı etirazın məzmunu cavabdeh tərəfindən iddiaya qarşı verilmiş etirazın məzmunu ilə eynilik təşkil etdiyindən Məhkəmə onları bir daha təsvir etməyə lüzum görmür (bax: hazırki qətnamənin üçüncü bəndinə). Apellyasiya şikayətinə qarşı etirazda əlavə olaraq qeyd edilir ki, QSC apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən Mülki Məcəllənin 14-cü, Əmək Məcəlləsinin 193 və 199-cu maddələri, Mülki Prosessual Məcəllənin 78, 88 və 385-ci maddələrinin tələbləri pozmasını bildirsə də, QSC-nin bildirdikləri əsassızdır. g) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

14. İddiaçı QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

15. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinə, habelə apellyasiya şikayətə qarşı verilmiş etirazların məzmununa uyğun izahat verdi. h) tətbiq edilən normalar

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (maddə 14.1.). Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır (maddə 14.2.): qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər (maddə 14.2.1.); başqa şəxsə zərər vurulması (maddə 14.2.6.); əsassız varlanma (maddə 14.2.7.); fiziki və hüquqi şəxslərin digər hərəkətləri (maddə 14.2.8.).

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-cü maddəsinə görə, mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır (hissə 1.). Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər (hissə 2).

18. Əmək Məcəlləsinin 199-cu maddəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda (bənd “a”); işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə (bənd “b”); əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda (bənd “ç”);

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1.). MPM-nin 385-ci maddəsinə görə, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır (maddə 385.1.): birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1.); birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2.); birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (maddə 385.1.3.); birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi (maddə 385.1.4.). MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-nin 388-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. MPM-nin 389-cu maddəsinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. i) apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Yuxarıda qeyd edilənləri, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıran Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir.

21. Belə ki, işin hallarında göründüyü kimi iddiaçı QSC ilə cavabdeh, onlar arasında xx.xx.2016-cı il tarixli “Əmək müqaviləsi” bağlandığı üçün əmək münasibətlərində olmuşlar. Onların arasında xx.xx.2016-cı il tarixdə həmçinin “Tam maddi məsuliyyət haqqında müqavilə” də bağlanmışdır.

22. “Tam maddi məsuliyyət haqqında müqavilənin” şərtlərinə görə, cavabdeh (“maddi məsul şəxs”) tutduğu vəzifəsinə uyğun olaraq ona QSC tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyinə görə tam həcmdə maddi məsuliyyət daşıyır.

23. İş üzrə tərəflər arasında bağlanmış “Əmək müqaviləsində” satış meneceri vəzifəsində çalışan cavabdehin əmək funksiyası (əmək vəzifəsi) kimi, onun iddiaçı QSCdən malların təhvil götürülməsi, malların satılması və malların satışından əldə oluna biləcək pul vəsaitlərinin QSC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur (§ 3).

24. İddiaçı QSC bildirir ki, cavabdeh işlədiyi müddətdə, QSC tərəfindən ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədi ilə malları QSC-dən götürmüş, həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin məişət avadanlıqlarının dəyərini üzləşmə aktlarına əsasən, son olaraq 313.097 manat (184.175 ABŞ dolları) vəsaiti QSC-nin xəzinəsinə təhvil vermiş, bununla da, QSC-yə külli miqdarda ziyan vurmuşdur. Belə ki, cavabdehin iştirakı ilə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində tərtib olunmuş və cavabdehin imzası ilə təsdiq edilmiş “Üzləşmə aktlarından” görünür ki, cavabdeh iddiaçı QSC-yə həmin məbləğdə olan borcunu etiraf etmişdir. Bununla bağlı olaraq QSC tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə yazılı xəbərdarlıq göndərilmiş və həmin məbləğin ödənilməsi tələb olunmuşdur. Buna və “Tam maddi məsuliyyət haqqında müqavilənin” şərtlərinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir.

25. Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək bildirir ki, tələb əsassızdır. O, Rayon Məhkəməsinə verdiyi izahatda və “iddiaya qarşı etirazda” qeyd etmişdir ki, onunla QSC arasında “Üzləşmə aktları” daima tərtib edilmiş və onlar həmin aktları ayda bir dəfə yenilənmişlər. İddia ərizəsində qeyd edilən "xxxx" isə o, QSC-nin vəzifəli şəxslərinin ona etdikləri hədə-qorxu nəticəsində imzalamışdır.

26. Göründüyü kimi, iş üzrə tərəflər arasında mütəmadi olaraq “Üzləşmə aktlarının” tərtib edilməsi işin mübahisəsiz halıdır.

27. Məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilənin” 17-ci abzasında qeyd edilmişdir ki, “Üzləşmə aktları” və “Hesabatlar” yekun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsidir.

28. Cavabdeh, iddia ərizəsində qeyd edilən "xxxx" QSC-nin vəzifəli şəxslərinin ona etdikləri hədə-qorxu nəticəsində imzaladığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Halbuki, MPM-nin yuxarıda artıq qeyd edilən 77.1-ci maddəsinin tələbinə görə, cavabdeh, qeyd edilən halı sübut etmək yükünü daşıyır.

29. Belə olan halda, Məhkəmə aşağıdakı qənaətə gəlir: - “Üzləşmə aktları” tərəflərin faktiki münasibətlərinin tənzimlən yekun sənəddir; - cavabdeh həmin aktları hədə-qorxu nəticəsində imza etməsini sübuta yetirə bilmədiyi üçün hesab edilməlidir ki, cavabdeh aktlarda göstərilən məlumatlar ilə razılaşıb.

30. Cavabdehin vəkili (nümayəndəsi) cavabdeh tərəfindən əvvəllər iddiaçı QSC-yə qarşı irəli sürdüyü “əmrin ləğv edilməsi və onun Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin QSC-nin üzərinə qoyulması barədə” iddia tələbi üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnaməsinə (İş № 2(007)-374/2022) istinadən qeyd edir ki, cavabdehin QSC-yə borcunun olmaması faktı həmin qətnamə ilə artıq müəyyən edilmişdir. Bu səbəbdən də, həmin faktın yenidən sübut edilməsi üçün əsas yoxdur (MPM; maddə 82.3.). Buna görə də, həmin fakt hazırki iş üzrə mübahisəsiz olaraq qəbul edilməlidir.

31. Cavabdehin vəkilinin (nümayəndəsinin) bildirdiyi bu mövqe ilə bağlı Məhkəmə qeyd edir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (MPM; maddə 80.). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi, hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçı QSC-yə qarşı irəli sürdüyü “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul edilmişdir. Həmin qətnamədən görünür ki, QSC ilə cavabdeh arasında bağlanmış "xxxx" xitam verilməsinin əsası cavabdehin QSC-yə borcunun olması halı deyil, cavabdehin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı olmuşdur.

32. Bu baxımdan Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən qətnamə ilə həll olunmuş mübahisəsinin hazırki mübahisəyə hər hansı bir aidiyyəti yoxdur. Hazırki iş üzrə müəyyən edilə biləcək faktlar, həmin iş üzrə müəyyən edilə bilməzdir.

33. Odur ki, işin hallarını və Əmək Məcəlləsinin yuxarıda qeyd edilmiş tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı QSC tərəfindən cavabdehə qarşı irəli sürülmüş “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia əsaslıdır; cavabdeh iddiaçı QSC-yə vurduğu zərərin əvəzini ödəməlidir; cavabdehin iddiaçı QSC-yə vurduğu zərərin ödənilməsi məqsədi ilə cavabdehdən 313.097 manat məbləğində pul tutularaq iddiaçı QSC-yə ödənilməlidir; Rayon Məhkəməsi iddianı əsassız hesab edərək rədd etməkdə haqlı olmamışdır; Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun deyil.

34. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsi işə baxarkən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmə baxışında, yəni gecikdirilməklə təqdim edilmiş sübutları qəbul etmiş və iddianı rədd edərkən həmin sübutları əsas götürmüşdür. Halbuki, həmin sənədlər işin məhkəmə baxışına hazırlanması ərəfəsində, yəni xx.xx.2022-ci il tarixə qədər təqdim edilə bilərdi. Cavabdeh həmin sənədlərin məhz məhkəmə baxışında təqdim edilməsini heç bir formada əsaslandırmamış, işə baxmış Rayon Məhkəməsi də həmin sənədlərin hansı səbəbdən gecikdirilmə ilə verilməsini, gecikdirmənin üzürlü səbəblərdən baş verib-verməməsini araşdırmamışdır. Bununla da, Rayon Məhkəməsi MPM-nin 78.1-ci maddəsinin tələbini pozmuşdur.

35. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla mülki işi baxış üçün kifayət qədər hazırlanmış hesab edərək, məhkəmə baxış iclasını xx.xx.2022-ci il tarixə, saat 10:20 təyin edilmişdir.

36. Qeyd edilən xx.xx.2022-ci il tarixli ******* və xx.xx.2021-ci il tarixli ******* saylı “Daxili hərəkət cədvəlləri” cavabdeh tərəfindən Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixində, yəni işə mahiyyəti üzrə baxılan zaman təqdim edilmişdir. Cavabdeh həmin sənədlərin məhz məhkəmə baxışında Rayon Məhkəməsinə təqdim edilməsini heç bir formada əsaslandırmamışdır. Halbuki, MPM-nin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. Məhkəmə, qeyd edilən prosessual hüquq normasının tələbini nəzərə alaraq bildirir ki, qeyd edilən sübutların heç bir əsaslandırma olmadan Rayon Məhkəmə tərəfindən qəbul etməsi düzgün olmamışdır. Həmin sübutlar gecikdirilməklə verildiyindən və cavabdeh, sübutların hansı səbəbdən gec təqdim edilməsini əsaslandırmadığından onlar istinad edilməsi yolverilməzdir.

38. Artıq qeyd edildiyi kimi, işə rayon Məhkəməsi tərəfindən baxılan zaman, cavabdeh tərəf “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə vermişdir (ərizə barədə ətraflı məlumat hazırki qətnamənin dördüncü və beşinci bəndlərində təsvir edilmişdir).

39. Rayon Məhkəməsi həmin ərizəni əsassız hesab etmişdir. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı QSC ilə cavabdeh arasındakı əmək münasibətlərinə MMC üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 291-K saylı əmri il xitam verilmiş, mülki işin qeyd olunan halı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 374/2022 saylı iş üzrə qəbul etdiyi, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Həmin qətnamənin əsaslandırıcı hissəsindən müəyyən olmuşdur ki, QSC-nin həmin əmri ilə xx.xx.2021-ci il tarixdən iddiaçı ilə bağlanmış "xxxx" QSC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yəni ki, QSC ilə cavabdeh arasındakı münasibətlərin bitdiyi an iddia müddəti axımının başlanması, QSCnin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün hesab olunmalıdır. Hazırki mülki iş üzrə iddiaçı QSC xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan hesab edilməlidir ki, QSC bir illik iddia müddətini ötürməmişdir.

40. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşır. Çünki Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində görə, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

41. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibət bildirən iddiaçı QSC (ərizə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin baxış iclasında xx.xx.2022-ci il tarixində verilmişdir) xx.xx.2022-ci il tarixində ödəniş cədvəllərini sübut təqdim edərək həmin cədvəllərin tarixlərinə istinad edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən müəyyən vaxtlarda iddiaçı QSC-yə pul məbləğləri ödənilmişdir və cavabdehin imzası ilə təstiqlənmidşdir. Məhkəmə həmin sübutların baxış iclasında təqdim edilməsini əsaslı hesab edir, belə ki həmin sübutların təqdim edilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir (cavabdehin iddia müddətini tətbiqinə dair ərizəsi) və iddiaçı həmin sübutları iddia müddətinin tətbiq edilməməsinə dair təqdim etmişdir. Ödəniş cədvəllərində qeyd edilmiş məbləğlər və imzalar birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təkzib edilməmişdir, apellyasiya instansiya məhkəməsində cavabdehin nümayəndəsi (vəkili) həmin hallara dair izahat verərək qeyd etmişdir ki, həmin pullar cavabdehin əmək haqqı kartına iddiaçı tərəfindən ezamiyyət pulu qismində verilmiş və cavabdeh sonradan həmin pul məbləğlərini iddiaçıya qaytarmışdır.

42. Lakin cavabdeh həqiqətən həmin pul vəsaitlərinin iddiaçı QSC tərəfindən onun əmək haqqı kartına ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

43. Bundan əlavə cavabdehin vəkili (nümayəndəsi) imzaların cavabdehə məxsus olub-olmamasının mübahisələndirmir, əksinə pulun cavabdeh tərəfindən ödənildiyini etiraf edərək həmin pulların geri qaytarıldığını qeyd edir. Eyni zamanda cavabdehin nümayəndəsi apellyasiya baxışında ona verilmiş suala cavab olaraq qeyd etmişdir ki cavabdehin əmək haqqı 500 manat civarında dəyişir.

44. Qeyd edilməlidir ki, Rayon Məhkəmə yuxarıda qeyd edilən cədvəllərə hər-hansı münasibət bildirməmişdir.

45. Məhkəmə isə qeyd edir ki, həmin ödəniş cədvəlləri 14 vərəqdir, ümumilikdə 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayına qədər olan zamanı əhatə edir. Cədvəllərdə cavabdehin adının yazıldığı qrafanın yanında qeyd edilmiş pul vəsaitlərinin ümumi məbləği 53.827 manat təşkil edir. Belə olan halda aylıq əmək haqqı 500 manat civarında olan işçinin 7 ay ərzində ezamiyyət xərclərinin məbləği 53.827 manat olmasını Məhkəmə ağlabatan hesab etmir.

46. Beləliklə də göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçı QSC-nin cavabdehə qarşı irəli sürdüyü “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası əsaslıdır; Rayon Məhkəməsi həmin iddianı əsassız hesab edərək, rədd etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir; iddiaçı QSC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsaslıdır və formal mülahizə xarakteri daşımır; cavabdeh tərəfindən verilmiş “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə əsassızdır.

47. Odur apellyasiya baxışının nəticəsini və MPM-nin 385.1-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-nin 382, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası tənin edilsin. Cavabdeh iddiaçı "xxxx" QSC-yə vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 317.097 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 604 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı "xxxx" QSC tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Bu məqsədlə Cavabdeh 302 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar