Məhkəmə qərarları › İş №2(103)-2183/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2183/2020

29.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2183/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı1, üçüncü şəxs “xxxx” BOKT ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı (üçüncü şəxslər: “xxxx” BOKT ASC və X5) ekspert rəyinin və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4876/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən üçüncü şəxs “xxxx” BOKT ASCtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı (üçüncü şəxslər: “xxxx” BOKT ASC və X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində istifadədə olan 0.08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli, 9 mərtəbəli binada, 97,4 kv.nı ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzilinin (bundan sonra – mübahisəli mənzil) “xxxx Bank” tərəfindən ələ keçirilməsinə dair xx xxxx 2011-ci il tarixli ekspert rəyi və buna əsasən hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıtələbini onunla əsaslandırmışdır ki, “xxxx” BOKT ASC əlavə olaraq ziyanın ödənilməsinə dair ondan 15469,53 ABŞ dolları tələb etməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iş məhkəmənin icraatındadır. Tanışı İradə adlı qadının xahişi ilə onun yaxın rəfiqəsi Gülzar adlı qadına dövriyyə vəsaitinin artırılması məqsədi ilə “xxxxbank” ASC ilə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi bağlamış, Bankdan 49.000 ABŞ dolları kredit götürmüş, o isə borcalana zamin dayanmış, həmçinin mübahisəli əmlak ipoteka ilə yüklü edilmiş, bu zaman həyat yoldaşı X2 razılığı alınmamışdır. 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2-(81)-1940/2010 saylı qətnaməsi ilə əsas kredit götürəndən deyil, yalnız zamin kimi iddiaçıdan cəmi 52800.23 ABŞ dollarının milli manat ekvivalentində tutulması qət edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin eksperti tərəfindən əslində 180.000 manat dəyərində olan 5 otaqlı mənzili cəmi 64.000 manat dəyərində qiymətləndirilmiş, cavabdeh tərəfindən açıq hərracın nəticələri haqqında protokol tərtib edilərək mənzil Bankın adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4876/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən üçüncü şəxs “xxxx” BOKT ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə proseslərinin yalnız sonuncu iclasında iştirak etmişlər, bu isə sübutların təqdim edilməsinə maneə törətmişdir. Hərrac prosesi 2011-ci ildə başa çatmış, xx.xx.2013-cü ildə Banka çıxarış verilmişdir. Hərrac prosesinin keçirildiyi tarixdən iddia ərizəsinin verildiyi tarixədək 5 ildən çox müddət keçmişdir. Məhkəmənin istinad etdiyi mütəxəssis rəyində ekspertin hansı hesablama üsulu və vasitələrinə istinad etdiyi məlum deyildir. Necə ola bilər ki, 2011-ci ildə həmin əmlakın qiyməti 140000 manat, 2018-ci ildə isə 130000 manat olsun?!. Ekspert rəyi tamamilə yanlış və qüsurlu olduğundan sübut kimi qəbul edilə bilməz. Məhkəmə əmlakın qiymətinin rəydə göstərilən qiymətdən artıq olması qənaətinə gələrkən heç bir sübuta istinad etməmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs Vüqar Soltanov məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni üçüncü şəxs ““xxxx” BOKT ASC” mübahisələndirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1); maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (386). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İlk növbədə Kollegiya onu qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız məhkəmənin özü tərəfindən təyin edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin xx.xx.2018-ci il tarixli ekspert rəyinə (mənzilə baxış keçirilmədən) istinad etmiş, hərrac işini tələb etməmiş, hərrac işi üzrə araşdırma aparmadan iddiaçının hərracın keçirilmə vaxtı və yeri barədə məlumatı olmadığı, hərrac keçirilməsi qaydalarının pozulması barədə qənaətə gəlmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyri müəyyən və dəqiq ifadə olunmayan tələbin dəqiqləşdirilməsini tərəfə təklif etməmiş və son olaraq qətnamənin nəticə hissəsində hansı tarixli, hansı saylı hərrac protokolunu etibarsız hesab etdiyini göstərməmiş, qətnamənin nəticə hissəsi dəqiq ifadə olunmamışdır. Apellyasiya qaydasında işə baxılarkən mübahisəli mənzillə əlaqədar keçirilmiş hərrac işinin təsdiq olunmuş surəti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tələb olunmuş, sonuncu məhkəmənin sorğusuna cavab olaraq sənədlər toplusunu uzun müddət keçdiyindən təqdim etməyin mümkün olmadığını bildirmişdir. İşdə olan sənədlərdən görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)- 1940/2010 saylı, xx xxxxxxxx 2010-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Xətai Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən mübahisəli mənzilə dair hərracın keçirilməsi xahiş edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə yeri göstərilməklə iddiaçıya və “xxxxbank” ASC-yə göndərilməsi üçün xx.xx.2011-ci il tarixli bildiriş verilmiş, hərracın keçirilməsi xx.xx.2011-ci il tarixə, saat 10:00-13:00, 14:00-17:00-a təyin edilmişdir. Mübahisəli əmlak xx.xx.2011-ci il tarixli ekspert rəyi ilə 64000 manat qiymətləndirilmiş, həmin məbləğdə ilkin satış qiyməti olmaqla satışa çıxarılmışdır. İlkin hərrac baş tutmamış, növbəti hərrac xx.xx.2011-ci il tarixdə saat 12:30-da keçirilmiş, əmlak 40800 manata satışa çıxarılmış, mənzil 40800 manata xx.xx.2011-ci il tarixdə “xxxxbank” ASC-yə satılmışdır. Mübahisəli əmlak xx.xx.2013-cü il tarixdən “xxxxbank” ASC-nin xüsusi mülkiyyətində olmuş, 2014-cü ildən isə X3 mülkiyyətindədir. Hazırkı iddiasında iddiaçı mübahisəli əmlakın qiymətləndirilməsinə dair ekspert rəyini və buna əsasən keçirilmiş hərracın nəticələri haqqında protokolun etibarsızlığını mübahisələndirir. İddiaçı yalnız cavabdeh qismində yalnız xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxni qoymuş, lakin ekspert rəyini mübahisələndirsə də, həmin rəyi vermiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-ni cavabdeh qismində işə cəlb etməmiş, əlavə cavabdehin cəlb edilməsi barədə hər hansı vəsatət verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (maddə 5). Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş qiymətləndirici “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli rəyi ilə (mənzilə baxış keçirilmədən) əmlak 2011-ci ilin mart ayına 140.000 manat, hazırkı dövrə isə 130.000 manat qiymətləndirilmişdir. Kollegiya nəzərə alır ki, iddiaçı hazırkı iddiasında hərracın keçirilmə qaydalarını deyil, yalnız əmlakın qiymətləndirilməsi ilə bağlı ekspert rəyini mübahisələndirir. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi qiymətləndirmə rəyi xx.xx.2011-ci il tarixdə verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız müstəqil qiymətləndirici təşkilatın natamam rəyinə istinad etmiş və 7 ildən sonra qaldırlımış iddia üzrə araşdırma aparmadan, bu illər ərzində mənzilin digər şəxslərin mülkiyyətinə keçməsinə qiymət vermədən, qanuni əsaslar mövcud olmadığı halda iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin 1-ci hissəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək bu Məcəllənin vəsizəsidir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Nəhayət, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının neçə ildən (7 il) sonra qaldırdığı iddiası qeyd olunan normalara zidd olmaqla yanaşı, həm də mülki dövriyyənin bərabər hüquqlu iştirakçıları arasında bir tərəf üçün (borclu üçün) əsassız üstün şərait və sui-istifadə hallarına zəmin yaradır ki, bu da yolverilməzdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1 mad); məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2.) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Üçüncü şəxs “xxxx” BOKT ASCtərəfindən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4876/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı (üçüncü şəxslər: “xxxx” BOKT ASC və X5) ekspert rəyinin və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar