Məhkəmə qərarları › İş №2(103)-2184/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2184/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2184/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3648/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdeh iddiaçıya məxsus qaraja yaxınlaşıb onu hamının eşidə biləcəyi formada söyüb təhqir etmişdir. Bununla da iddiaçı mənəvi iztirab keçirərək zərərə uğramışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh dəfələrlə iddiaçıya qarşı şərəf və ləyaqətini alçaldan, kütlə arasında təhqiredici ifadələr işlədərək şər və böhtan atmaqla, iddiaçını nüfuzdan salan hərəkətlər etmişdir. Hətta kütləvi informasiya vasitələrində yazılar dərc etmişdir. İddiaçını ağır cinayətlərdə ittiham etməklə polisə, məhkəmələrə vermişdir. Cavabdehin növbəti hərəkəti xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən iddiaçıya məxsus qarajdan avtomobilini çıxartmaq istəyən zaman baş vermişdir. Cavabdeh iddiaçıya məxsus qaraja yaxınlaşıb iddiaçını hamının eşidə biləcəyi formada, uca səslə söyüb təhqir etmişdir. Cavabdeh sonra özü-özünə müxtəlif xəsarətlər yetirmiş, polisə müraciət etmişdir. Ekspertin rəyindən məlum olmuşdur ki, xəsarəti özü özünə yetirə bilər. Belə ki, iddiaçı ilə onun arasında olan maşın qarajına görə mübahisələr, məhkəmə çəkişmələri 2010-cu ildən başlamış və nəhayət 2021-ci ildə son məhkəmə iclası keçirilmişdir. Bu illər ərzində 21 dəfə məhkəmə hərəkətləri olmuşdur. Şoşanovanın bu illər ərzində iddiaçıya maşın qarajına görə məhkəmələr qarşısında qaldırdığı iddialara, dəfələrlə baxılmış və onun iddiaları rədd edilərək, iddiaçının xeyrinə qərarlar çıxarılmışdır. Ona görə də Cavabdeh öz çirkin əməllərindən və iddiaçıya qarşı şər böhtanlarından əl çəkmir, hər cür vasitə ilə ləkələməyə çalışır. Cavabdeh məhkəmələrin çıxardığı hüquqi qüvvəyə minmiş qərarlarına etinasız yanaşır, qadınlığından istifadə edərək iddiaçını şərləyib, ləkələməklə qanunların əksinə hərəkət edir. Cavabdehin bu hərəkəti iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən, sarsıntı, iztirab keçirməsinə səbəb olmuş hərəkətlərdir. Bu hərəkətlərin nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3648/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş mənəvi zərərə görə 800 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin Azərbaycan Respublikasının rayon (şəhər), inzibati, kommersiya və apellyasiya məhkəmələrinə ünvanlandırdığı əsaslandırılmış izah məktubuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 106.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-23.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinad edərək göstərmişdir ki, məlumatın vətəndaşın şərəf və ləyaqətini ləkələməsi və bu məlumatın yayılması hallarını sübut etmək yükü iddiaçının və həmin məlumatın doğru olub-olmaması halını sübut etmək yükü cavabdehin üzərinə düşür. Hazırki işdə bu üç halın hər biri mövcuddur. Belə ki, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçının ünvanına "oğru, rüşvətxor" ifadələrini işlətməsini etiraf etməsi birinci halın mövcudluğuna dəlalət edir. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə işlətdiyi “oğru, rüşvətxor” ifadələri ilə bağlı qeyd etmişdir ki, oğurluq, rüşvət vermə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi Hissəsində nəzərdə tutulan cinayət əməlləridir və qüvvədə olan qanunvericiliyin müvafiq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulan qaydada sübuta yetirilməmiş, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmayan şəxs təqsirli sayıla bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, “oğru, rüşvətxor” ifadələrinin bir Azərbaycan vətəndaşı olaraq iddiaçının şərəf və ləyaqətini ləkələməsi və onun üçün cəmiyyətdə müəyyən mənfi nəticələrə səbəb olması aşkardır, mübahisəsizdir. Cavabdeh izahatında iddiaçının şərəf və ləyaqətini alçaldacaq ifadələr söyləmədiyini bildirsə də, iddiaçının təqsirsizlik prezumsiyası hüququna müdaxilə edərək sonuncunun müvafiq əməllə bağlı məhkəmə tərəfindən heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini bildiyi halda onun barəsində “oğru, rüşvətxor” ifadələrini işlətmişdir. Məhkəmə isə cavabdehin söylədiyini təsdiq etdiyi həmin ifadələrin iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr olduğunu yəqin etmişdir. Beləliklə, hazırki işdə cavabdeh iddiaçı barəsində yayılmış məlumatların doğruluğunu sübut edə bilməmiş və nəticədə ikinci halın mövcudluğu da məhkəmə tərəfindən müəyyən edilmişdir. Üçüncü hala gəldikdə, cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçını “oğru” adlandırmış və iddiaçı barəsində həmin ifadəni “hər yerdə, həmişə” işlətdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan hazırki iş üzrə üçüncü hal, yəni “bu məlumatların yayılması“ cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatında etiraf olunduğundan iddiaçı həmin halı bu hissədə sübut etmək vəzifəsindən azaddır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsində iddiaçı barədə “oğurluq etdiyinə, rüşvət verdiyinə" dair yazılan qeydlər məhkəmənin cavabdehin iddiaçı barəsində həmin yalan məlumatı yaydığına dair mülahizəsini qətiləşdirir. Məhkəmə hesab etmişdir ki, üçüncü halın cavabdeh tərəfindən etiraf olunması həmin halın mövcudluğuna dair məhkəmə araşdırmasının zəruriliyini istisna edir. Məhkəmə belə qənaətə gəlmişdir ki, həmin halın mövcudluğu mübahisəsizdir. Məhkəmə yuxarıda qeyd olunanlarla bərabər eyni zamanda cavabdehin öz düşüncələrini azad ifadə etmək hüququnun olmasını qəbul etmiş və belə nəticəyə gəlmişdir ki, fikir ifadə etmək azadlığı vətəndaşların şərəf və ləyaqətinin alçaldılmasına bəraət qazandırmır. Məhkəmə iddiaçının barəsində işlədilən şər-böhtan xarakterli məlumatlara təkzib verilməsi və vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının şəxsiyyəti barədə müvafiq ifadələrin səsləndirilməsi iddiaçının mənəvi sarsıntı və iztirab çəkməsinə səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının çəkdiyi mənəvi sarsıntıların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, mənəvi ziyana görə iddiaçıdan 800 manat tutulması ağlabatandır və həmin məbləğ iddiaçının mənəvi iztirablarının mütənasib əvəzi kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş mənəvi zərərə görə 800 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı şərəf və ləyaqətini alçaldan təhqir, şər, böhtan atmamışdır. Kütləvi informasiya agentliklərində, mətbuatda, pozulmuş hüququ ilə bağlı, əmlakına dair rüşvət qarşılığında saxta sərəncam satıldığını, həqiqəti əks edən yazılar dərc etmişdir. İddiaçı məxsus olan sənədlərin saxta olduğu və əmlakından oğurluqla bağlı polis idarəsinə müraciət etmişdir. İddiaçı Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2011-ci il tarixli 2(103)- 1201/2011-ci il tarixli qətnaməsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2011-ci il tarixli, 2(102)-3080/2011 nömrəli qərarına məhəl qoymur. Əmlakını mənimsəmək məqsədilə ona məxsus olmayan, Bakı şəhər icra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin yardımçı təsərrüfat otağının tikintisinə (qaraj kimi istifadəsi qadağandır qeyd edilmiş) icazə məktubunun əsasında, mənzilinin ünvanına Suraxanı RİH tərəfindən keçmiş həyat yoldaşı X2 adına verilmiş sərəncam əsasında, nigah dövründə əldə edilmiş, 1998-ci ildə tikdirdiyi yardımçı təsərrüfat otağını tərk etmir. Əmlakını ələ keçirmək üçün, dəfələrlə ona hədə-qurxu, təhqir, təyziqlər etmişdir. Əmlakından oğurluq təhqiqatı aparıldığı müddətdə təhqiqatçı ona zəng etdiyində “siz orda bir erməni ilə bacarmırsınız?” deyə böhtan atmış və təhqir etmişdir. Əmlakını ələ keçirmək üçün dəfələrlə ona hədə-qorxu gəlib, sahə rəisinin yanına idarədən qohumu polis işçisini gətirərək onu qoca dəli arvad kimi tanıtmış, hədə-qorxu gəlməsini istəmişdir. Nəticədə polislər tərəfindən “sən bu əmlakdan əl çəkməsən həbs ediləcəksən, şərləyəcəyik, döyüləcəksən, fikirləş, çox pis olacaq” hədə-qorxu gəliblər. Telefonla zəng etdirib qızları ilə hədələnmişdir. Mənzilinin işıq xətti dibindən kəsilib. 2019-cu ildə İddiaçı məhkəməyə müraciətində 5000 (beş min) manat məhkəmələrə, 2500 (iki min beş yüz) manat polisə rüşvət verdiyini etiraf edərək qarşılıqlı iddia vermişdir. Təhqiqatda oğurluq faktı sübut olunmuş və cinayət işi başlanması üçün RPİ-yə göndərilmişdir. Rüşvət qarşılığında saxta akt tərtib edərək cinayət işi başlanılması rədd edilmişdir. Yarımçıq mil dəftər vərəqində yazılmış və eyni xətlə imzalanmış 3 nəfər maraqlı şəxs adından tərtib edilmiş aktda imzanın keçmiş həyat yoldaşına aid olmadığını gördükdə xəttşünaslıq ekspertizası keçirilməsi üçün vəsatət vermişdir. Ekspertiza keçirilmədi. 2015-ci ildə A4 formatlı kağızda kompüterdə tərtib edilmiş ikinci saxta akt peyda oldu və bu dəfə də üçüncü şəxs 2014-cü dünyasını dəyişdiyindən onun əvəzindən imzaya oxşamayan qaralama edilir. Prokurorluq 10 dəfə Suraxanı RPİ-nin qərarını ləğv etsə də rüşvət öz işini görmüşdür. Yardımçı təsərrüfat otağı İddiaçı tərəfindən növbəti dəfə açıldığını və işərisində qara rəngli avtomobil olduğunu təkrar görmüşdür. Təbii ki, əmlakının içərisinə girərək təcili avtomobili çıxartmasını və nə haqla onun əmlakının qapısını açdığını, təkrar açarını dəyişdiyini qışqıraraq soruşmuşdur. Əvəzində ona “kəs səsini, çıx burdan” deyə qışqırdı. Və o, onun əmlakından çıxmasını tələb etdi “sən çıxmalısan”. Yanındakı oğlana “gir onu çıxart” deyə müraciət etdi. O imtina etdikdə özü içəri keçib ona xəsarətlər yetirərək sürütləyib çıxartdı. Ona xəsarət yetirərkən qol saatı qırıldı və əks tərəfə düşmüşdür. Həmin oğlan içəridən saatını gətirib İlyasa verdi. O da saatı üstünə ataraq “götür zibilivi” dedi və qarşılıqlı iradlar oldu. Nə söyüş nə də təhqir olmayıb. 102 polis xidmətinə zəng edərkən isə iddiaçı maşına oturub qaçmışdır. İddiaçı təqdim etdiyi video görüntüdə sübut olaraq qanunsuz əmlakına girdiyi və maşın saxladığı üçün tərk etməsini tələb etdiyi şəxsən təqdim edib və video görüntünün tam olmadığı, ona xəsarətlər yetirərək əmlakından çıxardığı hissəsi kəsilmiş olduğu görünür. Alğı-satqı olmadığını, onun əmlak hüququna təcavüz olduğunu sübut etmişdir. Tələb etdiyi kamera görüntləri nə də video qeydiyyat tələb edilmədi. Onların mübahisəsi daşınmaz əmlakla bağlı olduğu sübut olunsa da məhkəmə bir tərəfli, qərəzli keçirilmişdir. Tərəflərin izahatları qeydində izahatı təhrif edilmişdir. İddiaçının qeyd etdiyi şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyi, kütləvi informasiya vasitələrində onun ünvanına yazılar dərc etdiyi, şər və böhtan atdığı sübutları təqdim etməsini, əmlakına qanunsuz daxil olaraq talan, oğurluq etdiyini, yardımçı təsərrüfat otağının arakəsmədə olan seyf qapını oğurladığını şəxsən gördüyünü, məhkəmə və polislərə rüşvət etirafı ilə 2019-cu ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, Suraxanı rayon prokurorluğundan sübutlu izahatını rüşvət verərək aldığını bildirmişdir. Məhkəməyə vəsatət verərək həmin izahatının tələb edilməsini xahiş etmişdir. Təhqiqat əsasında qəbul edilmiş qərarda və izahatında İddiaçı həyat yoldaşının oğurluqla bağlı etirafı olduğunu, 2500 manat verdiyi rüşvət qarşılığında oğurluqla bağlı cinayət işinin rədd olduğunu bildirmişdir. Lakin hakim vəsatətini təmin etməmişdir. İddiaçı proses vaxtı onun şəxsi və ailə həyatına müdaxilə etmiş, aşağılayan ifadələr işlətdikdə hakim qanunsuz müdaxilədən müdafiə hüququnun olduğunu belə bildirmədi və heç reaksiya vermədi. Bununla da şəxsi toxunulmazlıq hüququ məhkəmədə pozuldu. Ancaq şərəf və ləyaqətlə bağlı iddiaya baxacağını qeyd etsə də sübutlar təqdim edilmədikdə iddianın mahiyyətini oğurluq faktına dəyişdirmək qərarına gəlmişdir. Növbəti yalan isə İddiaçı qarşı 21 dəfə məhkəməyə müraciət etməsi qeydidir. İddiada qeyd edilənlər: şərəf və ləyaqətini alçaldan, kütlə arasında təhqiredici ifadələr işlədərək şər və böhtan atmaqla, iddiaçını nüfuzdan salan hərəkətlər etmiş, kütləvi informasiya vasitələrində yazılar dərc hüququnun pozulması ilə bağlı olduğu üçün təsdiqini tapmadı. Məlumat azadlığı kütləvi informasiya azadlığına təminat verir. Əgər İddiaçı hüququnu pozan, mənafeyinə xələl gətirən məlumat olmuşdursa təkzib etmək və ya cavab vermək hüququndan niyə istifadə etməmişdir. Etirazda qeyd etdiyi sübutlara diqqət yetirilsə idi əslində maddi və mənəvi ziyana, iztiraba onun düşməsi sübut edilmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni təmin olunmuş hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyüun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər iddia tələbinin qanuni əsasları baxımından işin hallarını araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi rədd edilməlidir. Belə ki, iddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, “Cavabdeh dəfələrlə iddiaçıya qarşı şərəf və ləyaqətini alçaldan, kütlə arasında təhqiredici ifadələr işlədərək şər və böhtan atmaqla, iddiaçını nüfuzdan salan hərəkətlər etmişdir. Hətta kütləvi informasiya vasitələrində yazılar dərc etmişdir. İddiaçını ağır cinayətlərdə ittiham etməklə polisə, məhkəmələrə vermişdir. Cavabdehin növbəti hərəkəti xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən iddiaçıya məxsus qarajdan avtomobilini çıxartmaq istəyən zaman baş vermişdir. Cavabdeh iddiaçıya məxsus qaraja yaxınlaşıb iddiaçını hamının eşidə biləcəyi formada, uca səslə söyüb təhqir etmişdir. Cavabdeh sonra özü-özünə müxtəlif xəsarətlər yetirmiş, polisə müraciət etmişdir”. Göründüyü kimi iddiaçı tələbində cavabdehin ona qarşı şərəf və ləyaqətini alçaldan, kütlə arasında təhqiredici ifadələr işlədərək şər və böhtan atmaqla, iddiaçını nüfuzdan salan hərəkətlər etməsini və cavabdehin növbəti hərəkətinin xx.xx.2022-ci il tarixdə olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən, cavabdehin birinci instansiya məhkəməsində iclası zamanı iddiaçıya qarşı işlətdiyi “oğru, rüşvətxor" ifadələrini işlətməsinə eləcə də həmin ifadəni “hər yerdə, həmişə” işlətməsini etiraf etməsinə istinad etmişdir. Halbuki iddia tələbinin əsasını isə konkret olaraq “xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə” təşkil etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı düzgün aparmayaraq, iddia tələbinin əsaslarına düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi İddiaçı iddia tələbinin əsasını təşkil edən “xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə” zamanı cavabdehin ona qarşı şərəf və ləyaqətini alçaldan, kütlə arasında təhqiredici ifadələr işlətməsini, şər və böhtan atmasını və iddiaçını nüfuzdan salan hərəkətlər etməsini sübut etməlidir. İddiaçı tələbinin təsdiq edilməsinə dair videoyazını təqdim etmiş, lakin həmin videoyazının birinci instansiya məhkəməsinin iclasında təqdim etməməsini etiraf etmiş, təqdim etməməsinin səbəbini ondan belə bir sübut tələb edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim edilməməsinə baxmayaraq mübahisənin obyektiv, qanuni və ədalətli həlli baxımından iddiaçının təqdim etdiyi videoyazıya baxış keçirilməsini məqsədəuyğun saymışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında sözügedən videoyazıya tərəflərin iştirakı ilə baxılan görüntülərdə cavabdehin iddiaçıya qarşı hər hansı hamının eşidə biləcəyi formada uca səslə təhqir edici, ləyaqətini alçaldan ifadələr işlətməsi müəyyən edilməmişdir. Həmçinin iddiaçının istinad etdiyi tarixdə yəni, 28 iyun 2022-ci il tarixdə videoyazıya uyğun olaraq tərəflərin mübahisəsinin kütlə arasında olması da müəyyən edilməmişdir. Bundan başqa həmin görüntülərdə iddiaçı, cavabdehin ona qarşı “əl işarəsi” təhqir etməsini qeyd etmişdir. Lakin iddia tələbində iddiaçı cavabdehin onu əl işarə formasında təhqir etməsini göstərməmişdir. Videogbrüntüdə cavabdehin iddiaçıya qarşı əl uzatması müşahidə olunur və iddiaçı bu əl uzatmasını əl işarə formasında təhqir olmasını bildirir. Lakin iddiaçı əl işarəsi formasında təhqirin konkret nədər ibarət olmasını açıqlaya bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, bu iddiasını subyektiv mülahizəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə, şərəf və ləyaqət şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyəti şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf və ləyaqət hüquqları, bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir. Şərəf dedikdə - şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət dedikdə isə - şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Məhz Konstitusiyanın 46-cı maddəsində şəxsiyyətin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunmasına dair ümumi norma vardır və həmin normaya görə heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Yəni, hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə- hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqəntini alçaldan ifadələrlə kütlə arasında təhqir etməsi, həmin hərəkətin yayılması faktı sübut olunmamışdır Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, ləyaqətin alçaldılması qənaətinə gəlmək üçün ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə zərərçəkənə bildirilməsi kifayət edir, bu halda belə iddiaçının istinad etdiyi “əl işarəsi” iddiaçının şərəf ləyaqətinin alçaldılması kimi qiymətlədirilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında məhkəmə çəkişmələrinin olması faktı da özü-özlüyündə cavabdehin iddiaçıya qarşı hər hansı şərəf və ləyaqətinin alçaldılması anlamına gəlmir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının şəxsiyyəti barədə onun şərəf və ləyaqətini ləkələməsinə dair hər hansı ifadə işlətməsi mötəbər sübutlarla təsdiq edilməyidindən, iddiaçının mənəvi sarsıntı və iztirab çəkməsi də öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iclasında cavabdehin iddiaçının ünvanına “oğru, rüşvətxor” ifadələrini işlətməsinə, məhkəmə tərəfindən cavabdehin söylədiyini təsdiq etdiyi həmin ifadələrin iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr olduğunu yəqin etməsinə dair nəticəsi heç də iddianın qismən də olsa təmin edilməsinə hüquqi əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə konkret iddia üzrə qoyulmuş tələbin əsaslı olmasına qiymət verməli, məhkəmə iclasında işlədilən ifadələrin iddia tələbində qoyulan tələblərlə əlaqələndirməməlidir. Belə ki, iddia tələbinin araşdırılması zamanı iddiada göstərilməyən yeni ifadələrin işlədilməsi cavabdehin iddiada əks olunan hərəkətlərin edilməsinin təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3648/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar