Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2194/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X3, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbi və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi 2(001)-6450/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamədən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6900 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli razılaşmaya əsasən Cavabdeh mülkiyyətində olan **-US-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 250 D” markalı minik avtomobilini 7500 manat dəyərində qiymətləndirilərək ilkin 1500 manat ödəniş etmək, sonra isə 20 ay müddətində hər ay 300 manat ödəmək şərtilə ona vermiş, həmçinin xx.xx.2017ci il tarixindən xx.xx.2019-cu il tarixinədək qeyd olunan avtomobilin idarə olunması üçün etibarnamə vermişdir. 2019-cu ilin may ayında Cavabdeh avtomobilə görə əlavə 1800 manat pul istəmiş, o isə 600 manat borcunun qaldığını bildirmiş, bundan sonra Cavabdeh verdiyi etibarnaməni ləğv etmiş və avtomobil onun əlindən alınmışdır. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və ödənilmiş 2400 manat inzibati cərimə məbləğinin, 3000 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, adı çəkilən avtomobilin hər ay 300 manat ödəmək şərtilə icarəyə verilməsi barədə İddiaçılə razılaşmış, 2019-cu ilin aprel ayından etibarən isə İddiaçı razılaşdırılmış məbləği ödəməkdən yayınmış və tələbinə baxmayaraq avtomobili geri qaytarmaqdan imtina etmişdir. Nəticədə o, avtomobilin idarə olunması üçün verdiyi etibarnaməni ləğv etdirmişdir. Bu zaman o, İddiaçı avtomobili idarə etdiyi dövrdə 2400 manat məbləğində inzibati cəriməsi olduğunu bilmiş və həmin pulu özü ödəmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-6450/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilərək, Cavabdeh 6900 manat və ödənilmiş rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, inzibati cərimələrin əvəzi kimi 2400 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitdən 13,32 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh xeyrinə ödəniməsi, qarşılıqlı iddia ərizəsinin hüquqi yardıma görə ödənilmiş 3000 manat məbləğində pul tələbi hissəsində rədd edilməsi qət edilmişdir. İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, AR MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Məhkəmə hazırkı mübahisəni həll edərkən işin faktiki hallarını araşdırmadan ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh ilə İddiaçı arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilə icarə müqaviləsi olmasına baxmayaraq, məhkəmə bu müqaviləni alqı-satqı müqaviləsi kimi qətnamədə qeyd etmişdir. Müqaviləyə nəzər yetirilən zaman İddiaçı adının qarşısında icarədar sözünün yazıldığı görünür. Onu da qeyd etmək lazımdır ki, müqavilənin şərtlərinə əsasən icarədar tərəfindən müqavilənin şərtlərinin pozulduğu və vaxtı-vaxtında ödəniş olunmadığı təqdirdə müqavilənin təminatı kimi avtomobil mülkiyyətçi tərəfindən alına bilər. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edildiyi hissədə ləğv edilərək ilk iddianın tam rədd edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Yusif İsmayılov apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti ilk iddia üzrə cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ilk iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi digər hissələrdə ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 469676 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, **-US-*** qeydiyyat nişanlı, “Mersedes Benz 250 D” markalı minik avtomobili X1 mülkiyyətindədir. ƏN-İV seriyalı 288933 nömrəli etibarnamə ilə “Mercedes Benz 250D minik” markalı avtomobili idarə etmək səlahiyyəti Cavabdeh tərəfindən İddiaçı 1 il 8 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixinədək verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilədə qeyd olunmuşdu ki, “Razılaşırıq xx.xx.2017-ci ildə mən maşın sahibi Cavabdeh və icarədar İddiaçı ilə ona görə ki, mənə məxsus olan Mersedes Çeşka ** US *** aylıq 300 manat olmaqla 20 ay müddətə ayda 300 manat olmaqla bu tarixdən razılaşdıq. 1500 manat əvəzi verdi xx.xx.2017- dən ilk aylıq ödəniş gətirəcək. Sonra vaxtı-vaxtında pulu verərsə maşının haqda İddiaçı maşına sahib olar. Maşın texniki cəhətini sürüb yoxlayıb qəbul etdi. İmzamla təsdiq edirik maşın sahibi (imza) Səfərova, icarədar Abıyev (imza)”. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, sadə formada tərəflər arasında tərtib edilmiş və Cavabdeh tərəfindən yazılmış müqavilə öz təbiətinə görə icarə müqaviləsi deyil, nisyə alqı-satqı müqaviləsidir. Belə ki, müqavilədən də göründüyü kimi, avtomobilin əvəzinə ilkin olaraq 1500 manat ödəniş edilmişdir. Halbuki, icarə müqavilələrində öncədən aylıq ödənişin 5 qat əvəzinin ödənilməsi müşaiyət edilmir. Həmçinin, sözügedən müqavilədə “Sonra vaxtı-vaxtında pulu verərsə maşının haqda İddiaçı maşına sahib olar” ifadəsi qeyd edilmişdir. Eyni zamanda müqavilədə İddiaçı icarədar kimi iki yerdə yazılması, sonuncunun 19-cu ay üçün pulu ödəməməsi və bununla vaxtı-vaxtında ödənişin edilməsi ilə bağlı şərtlərin pozulması ilə əlaqədar məhkəmə qeyd etmişdi ki, avtomobil qəbul edən şəxsin adının qarşısında icarədar yazılması həmin razılaşmanın icarə müqaviləsi olmasını bildirmir. Belə ki, məzmun baxımından həmin razılaşma icarə müqaviləsinə oxşayır. Vaxtı-vaxtında anlayışı dəqiq müddətlə ifadə edilməmiş (konkret neçə ay üçün gecikmə nəzərdə tutulduğu göstərilməmiş), bu isə bir ay qecikdirilmiş ödənişə görə avtomobil geri alınmasına səbəb ola bilməz. Göründüyü kimi, İddiaçı cəmi 6900 manat pulu vaxtı-vaxtında ödəmiş, qalan 600 manatın ödənilməsi üçün isə avtomobil geri alınmaqla, ödəniş edilməsinə imkan verilməmişdir. Bununla da birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, əvvəla, yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında sadə yazılı formalı əqd imzalanmışdı ki, həmin əqdin “alqı-satqı”, yoxsa “icarə” müqaviləsi olması ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. İlk iddia üzrə İddiaçı həmin əqdin “alqı-satqı”, Cavabdeh isə “icarə müqaviləsi” olduğunu və mübahisənin icarə münasibətlərindən yarandığını bildirir. Əqdin məzmunu nəzərdən keçirilərkən müəyyən olunur ki, əqdin tələbinə görə, Cavabdeh mülkiyyətində olan **-US-*** qeydiyyat nişanlı, “Mersedes Benz 250 D” markalı minik avtomobilini etibarnamə ilə idarə etmək səlahiyyətini 1 il 8 ay müddətinə İddiaçı vermiş və bunun əvəzində tərəflər 1500 manat pulun əvvəlcədən ödənilməsi, qalan hissəsinin isə 20 ay müddətinə ayda 300 manat olmaqla ödənilməsi şərti ilə razılaşmışlar, pulun qalanının vaxtıvaxtında verilməsi nəzərdə tutulmuşdu ki, məbləğ tam olaraq ödənildikdən sonra sözügedən maşın İddiaçı sahibliyinə verilməli idi. Göründüyü kimi, əqddə qeyd olunan tərəflər arasında razılaşdırılmış məbləğin bir hissəsinin, yəni 1500 manatının əvvəlcədən ödənilməsi işin mübahisəsiz halıdır, qalan hissəsinin isə ödənilməsi 20 ay üçün hər ay 300 manat olmaqla nəzərdə tutulmuşdu. Əqdin məzmununda da qeyd olunmuşdu ki, avtomobilin dəyəri tam ödənildikdən sonra həmin avtomobil mülkiyyətçisi tərəfindən etibarnamə ilə idarə etmək səlahiyyəti verilmiş Gündüz Abyevin sahibliyinə verilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (567, 600.1, 601.1). Digər tərəfdən, Mülki Məcəlləyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. (700.1, 675). Göründüyü kimi, tərəflər arasında bağlanmış əqddə satılması nəzərdə tutulan əşyanın ödənişinin qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq müddətdəhissə-hissə və hansı məbləğdə həyata keçirilməsi qaydası müəyyən edilmiş və bu, əşyanın alıcının sahibliyinə verilməsi ilə şərtləndirilmişdi. Bu da onu deməyə əsas verir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış əqdin məzmunu mülki qanunvericilikdə nəzərdə tutulan “nisyə alqı-satqı müqaviləsi”nin tələblərinə uyğun gəlir. O ki qaldı ilk iddia üzrə iddiaçının ilkin ödəniş olaraq ödədiyi 1500 manatın “avtomobilin qəzaya uğraması və ya laqeyd istifadə nəticəsində korlandığı təqdirdə müqavilənin təminatı kimi alınması” barədə cavabdehin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri inandırıcı hesab etməməklə yanaşı qeyd edir ki, 1500 manat pulun əvvəlcədən ödənilməsi aylıq icarə haqqının 5 qatının əvvəlcədən ödənilməsindən daha çox nisyə alqı-satqı müqaviləsi üzrə nisyə alınmış əşyanın dəyərinin bir hissəsinin əvvəlcədən ödənişinin edilməsinə uyğun gəlir. Həmçinin əqddə “icarədar” sözünün işlənməsi də həmin əqdin “icarə müqaviləsi” olmasını deməyə əsas vermir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında imzalanmış əqdə əsasən əvvəlcədən 1500 manat, sonra isə hər ay 300 manat olmaqla 1 il 8 ay ərzində 5400 manat, cəmi 6900 manat İddiaçı tərəfindən ödənilsə də, avtomobilin mülkiyyətçisi Cavabdeh sonuncu aylar üzrə ödənişin edilməməsinə istinad edərək “alıcı”nın adına verdiyi etibarnaməni ləğv etmiş, avtomobili də geri almışdır ki, bununla da İddiaçı ödədiyi pulların geri qaytarılması barədə hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlillər formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-6450/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. İlkin iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş 10 (on) dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-2194/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2194/2020
18.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver