Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2196/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı mülki iş (Açar sözlər: «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması, mənzilə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X10 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2274/2022 saylı, 26 oktyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri Sabunçu rayonunda müvəqqəti məskunlaşmışdır. Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə İddiaçı arasında 2017-ci ilin dekabr ayında 49 №-li «Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi» bağlanmışdır. Həmin müqaviləyə əsasən Sabunçu rayonu, Ramana-450 qəsəbəsi, 50 mənzilli 5 mərtəbəli İİ bina, 49 №-li, ümumi sahəsi 80,18 kv metrdən ibarət olan mənzil müvəqqəti yaşamaq üçün ailəsi ilə birlikdə İddiaçı sahibliyinə və istfadəsinə verilmişdir.
2. Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh1 ilə eyni məzmunlu xx.xx.2022-ci il tarixli 50.2/49 №-li müqavilə bağlanmış və arvadı Cavabdeh2, iki azyaşlı uşağı X3 və X5 ilə birlikdə həmin mənzilə dair köçürülmələri üçün köçürülmə vərəqəsi verilmişdir. Cavabdeh1 həmin mənzilə köçürülən zaman İddiaçı məxsus ev əşyalarının bir otağa yığılıb yerləşdrilmiş vəziyyətdə olmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Qaçqınların və X8 Üzrə Dövlət Komitəsinə, Cavabdeh1, Cavabdeh2 uşaqları X3 və X2 qarşı iddia ərizəsi, iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Qaçqınların və X8 Üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 arasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Bina 50.2, mənzil 49, 3 otaqlı yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixli, 50.2/49 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları X3 və X5 ilə həmin mənzildən çıxarılması, mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, Cəbrayıl rayonundan məcburi köçkündür, evlidir, 3 azyaşlı övladı var. Məcburi köçkün düşəndən sonra müxtəlif yerlərdə yaşamışlar. xx.xx.2017-ci il tarixdə onu ailəsi ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında üç otaqlı mənzilə köçürüb yerləşdirdilər. İddiaçı xeyli vəsait xərcləyərək, mənzildə rahat yaşamaq üçün şərait yaratmışdır. 2021-ci ilin iyul ayında atası X1 xərçəng diaqnozu qoyulmuşdur. Atası bir müddət onlarla həmin mənzildə yaşadı, lakin o, bina evində rahatsız olduğuna görə öz yaşadığı Sabunçu qəsbəsində yerləşən özbaşına tikilidə qalmaq istəyini bildirdi. Onu rahatsız etməmək üçün yaşadığı həmin evə apardılar, müalicəsi indi də davam edir, qoca anası ona baxa bilmədiyinə görə demək olar ki, iddiaçı və həyat yoldaşı, eləcə də azyaşlı uşaqları ataya qulluq etmək və ona lazımi şərait yaratmaq üçün onun yanına gedir, həftədə bir neçə gün onun yanında qalmağa məcbur olurdular. Arabir öz mənzillərinə də girib baxırdılar. Evdə qalan atasının vəziyyətinə görə onu nəzarətsiz qoyub öz evlərində qala bilmirdilər. xx.xx.2022-ci il tarixdə qapıbir qonşu Laçın rayonundan məcburi köçkün Savanın həyat yoldaşı zəng edib bildirdi ki, mənzillərinin qapısının qıfılını sındırıb içəri daxil olublar, sonra da əşyalarını otaqların birinə necə gəldi yığıblar. MİS-in rəisi Etibar adlı şəxs, Departamentdə işləyən Etiqad hansı məhkəmə qərarı əsasında bunu etdiklərinə dair heç bir sənəd göstərmir, vəkilin sorğusunu qəbul edib cavab yazmırlar. Mənzildə olan əşya və avadanlıqlarla birlikdə Departamentlə bağlanmış müqavilənin surəti, xx.xx.2017-ci il tarixli köçürmə vərəqəsi və bundan əlavə dar gün üçün saxladığı 2250 manat məbləğində pul da harasa it-bata düşüb. Mənzilindən didərgin salınandan sonra ailəsi ilə birlikdə xəstə atası və anasının yaşadığı 2 otaqdan ibarət özbaşına tikilmiş birmərtəbəli evdə yaşayır. Mənzildə olan əşyaların və ev avadanlıqlarının cavabdeh tərəfindən harada saxlanması bu günə kimi iddiaçıya məlum deyil. Deyilənə görə əşyaları mənzilin bir otağına yığıb qapısını bağlayıblar.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2274/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Tahirə Əsədova) ilə iddia tələbinin təmin edilərək Departamentlə Cavabdeh1 arasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Bina 50.2, mənzil 49, 3 otaqlı yaşayış sahəsinə dair bağlanmış xx.xx.2022-ci il tarixli, 50.2/49 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları X3 və X5 ilə həmin mənzildən çıxarılmaları, mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Mənzil Məcəlləsinin tələblərinə əsasən kirayə verənin tələbi ilə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi yalnız məhkəmə yolu ilə mümkündür. Qaçqınkomun mövqeyinə görə iddiaçı və onun ailə üzvləri başqa evdə köçmüşdülər, bu əsasdan müqavilə ləğv edilmiş hesab olunmuşdur. Buna dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, «başqa yerə köçmə» kirayəçi tərəfindən könüllü şəkildə ailə üzvləri, əşyaları ilə birlikdə, kirayəni verəni məlumatlandırmaqla həmin mənzili ora qayıtmamaq şərtilə tamamilə boşaldıb kirayə verənə təhvil vermək deməkdir. İşin hallarından göründüyü kimi, iddiaçı həmin mənzili o niyyətlə tərk etməmiş, o, əşyalarını mənzildə qoyub müvəqqəti xəstə atasının yanına getmişdir. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış müqavilədə müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərə nisbətdə müqavilənin ləğvinin xüsusi üç halı nəzərdə tutulmuş və hər bir halda müqavilənin ləğvinin kirayə verənin tələbi ilə yalnız məhkəmə qaydasında mümkünlüyü nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, hazırki mübahisədə Departament müqaviləni birtərəfli ləğv edə və həmin mənzilə dair digər şəxslə müqavilə bağlaya bilməzdi. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da müqavilənin bağlanmasına razılıq verməli deyildilər. Belə ki, onlara həmin mənzil boş vəziyyətdə təhvil verilməmiş, iddiaçıya məxsus əşyalar otağın birinə yerləşdirilmiş vəziyyətdə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Qaçkınkom Cavabdeh1 ilə müqaviləni bağlayarkən hakimiyyətdən sui-istifadə etmişdir və həmin müqavilə etibarsız hesab edilməlidir. Belə olan halda, həmin müqavilənin hüquqi nəticələri də etibarsız hesab edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmamış uşaqları ilə həmin mənzildən çıxarılmalı, mənzil boş vəziyyətdə iddiaçıya təhvil verilməli və iddiaçı həmin mənzilə köçürülməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, məhkəmə iddianı rədd etmək əvəzinə təmin etmişdir. Məhkəmə azyaşlı uşaqları X3 və X5 ilə həmin mənzildən cıxarılması barədə qətnamə qəbul etməklə uşaqların da qanunla qorunan hüquq və mənafelərinə zidd qətnamə qəbul etmişdir, onların hüquqlarını pozmuşdur. İş materiallardan görünür ki, həmin mənzilə dair Departamentlə Cavabdeh1 arasında eyni məzmunlu xx.xx.2022-ci il tarixli 50.2/49 №-li müqavilə bağlanmış və arvadı Cavabdeh2, iki azyaşlı uşağı - X3 və X5 ilə birlikdə həmin mənzilə dair köçürülmələri üçün köçürülmə vərəqəsi verilmişdir. Sonradan mənzildə olan əşyalar məhkəmə prosesinin gedişatında MKİS-in əməkdaşları tərəfindən iddiaçıya təhvil verilmişdir (xx.xx.2022-ci il tarixli Akt). Hazırda iddiaçı cavabdehlə bağlanmış müqavilənin etibarsızlığını, mübahisəli sahənin cavabdehlərin istifadəsindən alınıb ona təhvil verilməsini istəməyinə baxmayaraq onun bu tələbləri tamamilə əsassızdır. Qətnamədən göründüyü kimi, məhkəmə iclasında iştirak edən Departamentin nümayəndəsi X7 iddianı qəbul etməyərək qeyd etdi ki, iddiaçı ilə bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən, kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. İddiaçı və onun ailə üzvləri başqa evə köçmüşdülər, bu əsasdan müqavilə ləğv edilmiş hesab olunmuşdur. İddiaçıya əşyaları təhvil verilmişdir. İddianın rədd edilməsini xahiş etsə də, məhkəmə nədənsə əsassız iddianı təmin etmişdir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Beləliklə, Departamentlə Cavabdeh1 arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edilməsinə heç bir əsas olmadığı halda məhkəmə həmin müqaviləni etibarsız hesab etmişdir. Lakin buna baxmayaraq məhkəmə iddianı qismən təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığı ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları X3 və X5 ilə həmin mənzildən qanuni əsaslarla istifadə edirlər və bağlanmış müqavilənin etibarsız hesab edilməsi yolverilməzdir. Lakin bu hallar ümumiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Bakı şəhəri Sabunçu rayon məhkəməsi onun xəbəri olmadan, iştirakı olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında cavabdeh Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz etməyərək təmin olunmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 33. İ hissə; Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Maddə 91.1 və 91.1.5. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri aiddir: Maddə 96.Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Maddə 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Maddə 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığına görə iddia haqlı sayılırdı.
20. Cavabdeh1 apellyasiya şikayətininin dəlilləri ilə bağlı qeyd olunur ki, iddiaçı da beş nəfər ailə üzvləri olaraq məcburi köçkün statusuna malik şəxslərdir və cavabdeh qətnaməni azyaşlı uşaqlarının hüquq və mənafelərinə zidd olan qətnamə hesab edirsə, demək iddiaçının da üç azyaşlı övladının mübahisəli mənzildən məhrum olmalarını onların da hüquq və mənafelərinə zidd hal hesab etməlidir. Başqa sözlə mübahisəli mənzil iddiaçıya beş nəfər ailə üzvü olduğu üçün verilmiş, cavabdehə isə dörd nəfər ailə üzvü olaraq sonradan verilmişdir. Ona görə də iddiaçının tələbi heç bir halda əsassız hesab edilə və təmin edilməyə bilməzdi. 21.İddiaçı ilə bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən, kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Bu müddəa Mənzil Məcəlləsinin 82.3-cü maddəsi ilə eyni məzmunlu olduğundan müqavilənin şərti kimi də nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 100.3-cü maddəsində isə kirayəçi və onununla birlikdə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Ancaq məhkəmə qaydasında ləğv edilib-edilməməsindən asılı olmayaraq ilk növbədə iddianın rədd edilməsi üçün müqavilənin 5.3-cü bəndində və Mənzil Məcəlləsinin 82.3-cü maddəsində nəzərdə tutulan əsasın yaranması tələb olunur. Cavabdeh qurumla digər cavabdeh arasında mübahisəli mənzilə dair yeni kirayə müqaviləsi bağlanmasına yeganə səbəb kimi iddiaçının ailə üzvləri ilə birlikdə başqa yaşayış yerinə köçmələri göstərilir. İddiaçı bu halla bağlı mövqeyini iddia ərizəsində konkret və aydın şəkildə göstərmiş, başqa sözlə ailə üzvləri ilə birlikdə başqa yaşayış yerinə köçmədiyini bəyan etmişdir. Daimi olaraq başqa yaşayış yerinə köçmüş olsaydı, yəqin ki, mənzildə hansısa əşyasını da saxlamazdı yaxud bu barədə ən azından cavabdeh quruma hansısa formada məlumat verə bilərdi. 22.Bununla yanaşı, iddiaçı və onunla yaşayan ailə üzvlərinin başqa yaşayış yerinə köçmələri sübuta yetirilməlidir. Bu halı sübut etmək yükü isə artıq cavabdehlərin üzərinə düşür. Çünki, cavabdehlər mübahisələndirilən müqaviləni öz aralarında bağlamışlar. Ancaq bu müqaviləni o zaman bağlaya bilərdilər ki, iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən yaşamaq üçün daimi olaraq başqa yaşayış yerinə köçmüş olsun. İddiaçı başqa yaşayış yerinə köçdüyünü etiraf etmir. Cavabdeh tərəf də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etmir. Əksinə iddiaçının iradəsinə zidd olaraq ona ayrılmış mənzilə qanunsuz daxil olarkən sonuncuya məxsus əşyaların da həmin mənzildə olduğu aşkar edilmişdir. Ona görə də xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisinin və onun ailə üzvlərinin müvəqqəti olaraq başqa yerdə yaşamaları onların daimi olaraq həmin mənzildən köçmələrini təsdiq edən hal kimi qəbul edilə bilməz. Mənzildən birdəfəlik köçmək üçün həmin mənzillə bütün sabit əlaqələr kəsilməli, o cümlədən köçən şəxslər əşyalarını aparmalı və bu barədə səlahiyyətli orqanlara məlumat vermək öhdəliyi daşımalı idi. Göründüyü kimi, iddia əsaslı olduğundan cavabdehlər arasında mübahisəli mənzilə dair yeni müqavilə bağlanması və cavabdehlərin orada yaşaması qanuni sayıla bilməzdi.
23. İşə apellyasiya şikayəti verən cavabdehin iştirakı olmadan baxılması da qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, işdən görünür ki, məhkəmə tərəfindən şikayət verən cavabdehə də məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və SMS bildiriş göndərilmişdir. Cavabdeh apellyasiya şikayətində də göstərir ki, “sonradan mənzildə olan əşyalar məhkəmə prosesinin gedişatında MKİS-in əməkdaşları tərəfindən iddiaçıya təhvil verilmişdir (xx.xx.2022-ci il tarixli Akt)”. Demək ki, şikayət verən cavabdeh də məhkəmə prosesinin getdiyindən məlumatlı olmuşdur. Ona görə də şikayət xatirinə bu cür dəlillərin göstərilməsi prosessual hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2274/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Çünki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2274/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.