Məhkəmə qərarları › İş №2(103)-2196/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2196/2024

06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2196/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(001)- 4140/2023 saylı qətnaməsi ilə İddiaçı Müslüm oğlunun Cavabdeh qarşı “cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivi, “Oba” marketin yanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna vaxt müəyyən olunmadan xitam verilməsi, cavabdehin himayəsində olan 07 sentyabr 2008-ci il təvəllüdlü X3 və 16 may 2011-ci il təvəllüdlü X2, habelə cavabdehə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmişdir. 05 dekabr 2023-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4140/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmamışdır. Cavabdeh qərardaddan şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət mübahisələndirilən qərardadın qanunsuz olması ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, qətnamə ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, qətnaməni qəbzə imza etməklə əldə edərkən ona bildirmişlər ki, o, apellyasiya şikayəti vermək üçün müddəti ötürmüşdür. O, qətnamənin surətini əldə etdikdən dərhal sonra apellyasiya şikayəti vermişdir. Bu səbəbdən müddəti keçirmədiyi halda o, apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş, guya ötürülmüş müddətin bərpası ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsi təmin edilmiş, lakin qarşı tərəf həmin qərardaddan şikayət verdiyindən yuxarı instansiya məhkəməsi qeyd edilən qərardadı ləğv edərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarmış, birinci instansiya məhkəməsi bu dəfə müddəti bərpa etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi 22 sentyabr 2023-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, habelə cavabdehin yaşadığı ünvana poçt vasitəsilə göndərilmişdir. Cavabdeh vaxtında apellyasiya şikayəti verməmiş, qanunla müəyyən olunmuş prosessual müddəti, yəni bir aylıq apellyasiya şikayəti vermə müddətini üzrsüz səbəbdən buraxmışdır. Buraxılmış müddətin bərpası üşün isə əsaslar müəyyən edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İşdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Eləcə də, qətnamənin surəti xx.xx.2023-cü il tarixdə rabitə müəssisəsi vasitəsilə cavabdehin ünvanına göndərilmişdir. Cavabdeh qətnamənin surətini almadığını əsas gətirərək xx.xx.2023-cü ildə məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini rəsmi qaydada qəbul etmişdir. İşdən göründüyü kimi, hazırkı apellyasiya şikayəti cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, həqiqətən də Cavabdeh tərəfindən nümayəndə Vəkil1 adına verilmiş etibarnamə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə əlavə edilmiş və etibarnamədə məhkəmə aktından şikayət vermək səlahiyyəti nəzərdə tutulmuşdur. MPM-in 68.3-cü maddəsinin tələbinə görə vəkilin məhkəmə aktından şikayət verməsi yalnız işdə iştirak edən şəxsin tapşırığı ilə vəkalət əsasında mümkündür. Məhkəmə kollegiyasının qənaətinə görə prosessual müddətin axımı xx.xx.2023-cü il tarixdən, yəni qətnamənin cavabdehin nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi gündən başlamış və MPM-in 129.1-ci maddəsinin tələbinə müvafiq olaraq növbəti ayın müvafiq günündə, yəni xx.xx.2023-cü ildə bitmişdir. Cavabdeh isə apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə, yəni müddətin bitməsindən 1 ay 12 gün sonra vermişdir. Məhkəmə kollegiyası tərəfindən buraxılmış müddətin bərpası üçün üzrlü sayıla biləcək hallar müəyyən edilməmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə müddətin üzürlü hesab olunaraq bərpa edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar